*Həyat bir oyundur. Onu öz qaydalarınla oyna."

-Anonymous

Bölüm On

Əsgərlik başa çatdı, amma bizi birinci partiyada buraxmadılar. Onun əvəzinə, "yuxarılarda day-dayı olan" əsgərlər bizdən əvvəl tərxis oldular. Bu haqsızlığa görə içimdə yaranan qırğınlığı *"Tikanlı Məftillər"* adlı şeirimdə yazıya çevirmişdim. Şeir sahəsində özümü o qədər də istedadlı hesab etmədiyim üçün burada özümü yalandan tərifləyəsi deyiləm.

Əsgərlikdən qayıtdıqdan sonra gündəlik həyata qayıtdım, amma sanki içimdə yeni biri doğulmuşdu - yazıçı ruhu. Öz-özümə düşündüm: dövlət işinə düzəlsəm, bəli, maaşım olacaq. Amma hər gün 8-10 saatlıq iş rejimi içində mən özüm olmayacağam. Pulum olacaq, amma enerjim və vaxtım olmayacaq. Nəsə yaratmaq üçün nəfəs ala bilməyəcəyəm.

Ona görə də, maaşdan imtina edib, yazıçılıq yolunu seçdim.

"Musiqinin səsini eşitməyənlər, rəqs edənləri dəli sanarlar."

- Friedrich Nietzsche

Bunu dərk etmişdim: başqa sahədə işləsəm, ədəbiyyatla vidalaşmalı olacağam. Ya yazı ilə bağlı bir sahədə işləməliydim, ya da ümumiyyətlə işləməməliydim. Əlimdən gələn tək sahə futbol hakimliyi idi. Günü bu gün də bu peşədəyəm. Bəli, pul çox deyil, amma yetərincə vaxtım var. Bu vaxtı da bekarçılıqla deyil, özümü inkişaf etdirərək, yeni bacarıqlar öyrənərək dəyərləndirirəm.

Bəzən fərqli sahələrdə çalışırdım - sadəcə pul üçün yox, xalqı daha yaxından tanımaq, həyatın fərqli qatlarını müşahidə etmək üçün. Liftçi operator oldum, geyim dükanında satıcı, dəniz kənarında restoranlarda və ya şadlıq saraylarında ofisiant işlədim. Gələcək bölümlərdə bu təcrübələrin hər birindən necə dərs aldığımı bölüşəcəyəm.
***
Əsgərlikdən qayıtdıqdan sonra mənə dedilər ki, Hədəfdə işçi vakansiyası var. Dedim nəyimə gərəkdir hədəfdə işə düzəlmək, mən yazıçılığın bir yolunu axtarıram ki, çap olunum. Dedilər söhbət nəşriyyatdan gedir. Hədəfə işə düzəl, özünü doğrult və çap olunarsan.

Amma işə düzəlmək o qədər də asan olmadı. 3 ay pulsuz seminardan sonra ən sonda bir seminar hazırlayıb çıxış etməli idim. Amma yaxşı bilirdim - bir az həyəcan yetər ki, dilim tutulsun, sözlər düyünə düşsün. Öz-özümə sual verdim: bu kekələmə haradan gəlir? Fiziki yox, bu psixoloji idi. Əgər içimdə zərrə qədər inamsızlıq olsaydı, sözlərə ilişəcəkdim. İnsanların içindəki şübhəni hiss etsəm, danışa bilməyəcəkdim.

Bu qorxunu sındırmaq üçün 28 May metrosunun yaxınlığındakı Səməd Vurğun parkına getdim. Skamyanın qarşısında dayanıb yüksək səslə danışmağa başladım. Əvvəlcə sözlər boğazımda düyünləndi. Amma dayanmadım. Eyni nitqi ikinci dəfə daha sərbəst səsləndirdim. Baxdım ki, əvvəlkindən yaxşı alındı. Bir də cəhd etdim və bu dəfə sözlər sel kimi axmağa başladı.

Təsəvvür edin: bir adam küçənin ortasında dayanıqlı şəkildə özü-özünə danışır, ətrafdakılar isə onu qəribə baxışlarla süzür. Balaca bir uşaq yaxınlaşıb anasına soruşdu:

- Mama, o əmi niyə öz-özünə danışır?

Anası cavab verdi:

- Gəl, balam... dəlidi, başı çatmır.

Gülümsədim. Həqiqətən güldüm. Çünki həmin anda başa düşdüm ki, bu illər ərzində qorxduğum şey insanlar yox, onların haqqımda nə deyəcəyidir. Mən insanlardan qorxmurmuşam. Mən onların dediklərindən doğan susqunluqdan qorxurmuşam.

Və əslində onlar heç nə deyə bilməzdilər. Çünki səsləri eşidə bilməyənlər, rəqs edənləri həmişə dəli zənn ediblər...