"Müvəffəqiyyət, nə qədər yüksəyə qalxdığınız deyil,
yıxıldıqdan sonra nə qədər tez ayağa qalxdığınızdır."
- Vince Lombardi
Bölüm 11
Seminar günü gəlib çatdı. Öz-özümə düşünürdüm: ya birinci çıxmalıyam, ya da ən axırda. Çünki insanlar ya birinciləri yadda saxlayır, ya da sonuncuları. Axıra qalmaq riskli idi, yerimə başqası çıxarıla bilərdi. Birinci olmaq da mənə imkan verilmədi. Qismətimə ikinci çıxmaq yazılmışdı.
Səhnəyə çıxanda bir az özümü diktor kimi hiss edirdim. Ən səlis şəkildə danışmağa çalışdım. Nəfəsimi, səs tonumu, cümlələrimi nəzarətdə saxlamağa çalışaraq auditoriyaya özümü təqdim etdim.
Hədəf Kurslarının rəhbəri Şəmil Sadiq futbol hakimi olduğumu eşidəndə gözləri parladı. Gülümsəyərək dedi:
- Biz də futbol çempionatı keçirmək istəyirdik.
Bu söz məni bir qədər rahatlatdı. Hiss etdim ki, ilk təəssürat pis alınmayıb. Daha sonra "Hərbidən Qeydlər" kitabım haqqında bir neçə cümləlik məlumat verdim. O an sanki onun qəlbinə bir yol tapdım. Son cümləmi qətiyyətlə dedim:
- Əsgərlik vaxtı çox kitab oxuduğumu görən komandirlər bütün kitabları yığdılar. Əlimdə kitab qalmayanda, başladım öz kitabımı yazmağa.
Bu söz onu güldürdü. "Bizə tam da belə adam lazımdır," - dedi. Amma sonra qəfil başını aşağı salıb telefonla nəsə etməyə başladı. İçimdə bir tərəf dedi: Görəsən, nəyisə səhv dedim? Şansımı itirdim?
Amma bu fikrə çox qapılmadım. Mənim məqsədim təkcə onun diqqətini çəkmək deyildi. Mən orada olan hər kəsin yaddaşında iz buraxmaq istəyirdim.
Səhəri gün Facebookda adımın işarələndiyi bir postla qarşılaşdım. Açıb baxanda heyrətləndim...
Mən artıq işə qəbul olunmuşdum.
Şərhlər (1)