"Bəzən həyatın ən böyük hədiyyələri, ən gözlənilməz yerlərdə tapılır."
- Roy T. Bennett
Bölüm On Altı
*Hərbidən Qeydlər* satışa çıxdı və çox sevildi. Amma özüm də yaxşı bilirdim ki, tək bir kitabın uğuruna arxalanmaq olmaz. Yazıçı olmaq - dayanmamaqdır.
Günlərin birində bir dostumla şəhərdə dolaşırdıq. Nizami metrosunun yaxınlığından, Şahmat məktəbinin arxa küçəsindən keçərkən qəribə və diqqətçəkici bir qapı gördüm. O qapının üzərindəki əl izləri, rəngləri və quruluşu hərbi xidmətdə yazdığım bloknotun üz qabığına bənzəyirdi. Həmin bloknotun üzərində müxtəlif rəngli əl izləri vardı - elə bu qapıda da olduğu kimi.
Bu təsadüf mənim üçün çox təsirli idi. Elə bil, bloknotun özü məni ora gətirib çıxarmışdı. Dostuma "gəl qayıdaq" dedim və həmin qapının zəngini basdım.
Qapını uzun saçlı, sakit, amma parlaq gözlü bir kişi açdı.
- Salam.
- Salam.
- Bağışlayın, bura haradır?
O, gülümsədi. Bir anlıq susdu, sonra çox aramla cavab verdi:
- Bura?.. Teatrdır.
Şərhlər (0)