Bölüm İyirmi Bir
Hədəf Kurslarında kitabımın nəşri üçün Şəmil Sadiqdən razılıq aldıqdan sonra yenidən ssenari müəllimimə yaxınlaşdım. Ona dedim ki, "İnsani Keyfiyyətlər" adlı kitabımı nəhayət çapa verə biləcəyəm. Üzündə sevincli bir təbəssüm yarandı. Amma dərhal əlavə etdi:
— Kitabının adı çox sadə və sıradandı. Oxucuya maraqlı gəlməyəcək. Fərqli bir ad seçməlisən.
— Necə fərqli? – deyə soruşdum.
O isə kompüterini açıb bir film göstərdi: "City of God" – "Allah Şəhəri".
— Bu film çox şey deyir, – dedi. – Əgər Allah varsa, bu qədər haqsızlıq niyə var? Bu qədər körpə niyə ölür? Ədalət hardadır?
"Allah Şəhəri" adı ilk baxışdan çəkici idi. Amma filmin mahiyyətinə bələd olanlar anlayacaqdılar ki, bu ironiya ilə seçilmiş bir addır. Mən də "Instagram"da bir anket paylaşıb izləyicilərimə sual verdim: "Allah Şəhəri" adını bəyənirsinizmi?
Bir çoxu bu adı dini kitab adı kimi yozdu. Oxucuların əksəriyyəti adın onlarda hədis kitabı təsiri yaratdığını yazdı. Həqiqətən də bu ad insanlara istədiyim mesajı ötürmürdü.
Bu zaman düşündüm:
Əgər yaşadığımız dünya haqsızlıqlarla, zorakılıqla və ədalətsizliklə doludursa, bu kitab üçün ən doğru ad "Allahsızlar Şəhəri" olacaq.* Mən "Allah yoxdur" demirdim. Əksinə, bu kitabda Allahsız insanları tənqid edirdim. Çünki bir yerdə haqsızlıq varsa, orada Allahdan əsər-əlamət qalmamışdır. Məsələ ondadır ki, insan o Allahsızlığın içində belə Allahı axtara və tapa bilirmi?
Ayxan Ayvaz haqqında yazdığım məqaləyə görə Yazıçılar Birliyindən aldığım dəvət məni çox sevindirdi. İçimdə bir inam doğmuşdu – düşünürdüm ki, nəhayət, gördüyüm işlər qiymətləndirilib.
Yazıçılar Birliyinə çatanda məni qarşılayan yazıçı məqaləmi çox bəyəndiyini dedi. Lakin ardınca gələn cümlə məni bir qədər sarsıtdı:
— Yazıçılığı burax, sən elə tənqidlər yaz. Əsl yerin tənqidçilikdir.
— Axı mən yazıçı olmaq istəyirəm, – deyə etiraz etməyə çalışdım.
Amma o israrla, lap ciddi bir təklif kimi, məni tənqidi yazılar yazmağa səsləyirdi. Sözünü kəsmədim, səbrlə qulaq asdım. Sonda isə öz kitablarından birini mənə hədiyyə etdi və dedi:
— Bu kitab mənə həsr olunub. Sən də belə yaz, səni də çap edək.
Təşəkkür edib sağollaşdım.
Evdə kitabı açıb oxumağa başladım. Səhifələri çevirdikcə sətirlərin içindən bu cür təriflər yazılmışdı:
"Ey ulu, qüdrətli yazıçı, şairimiz. Səndən yoxdur. Sən bir dənəsən. Sən böyüksən, sən qüdrətlisən..."
Sözlər boş və içi mənasız təriflərlə dolu idi. Düşündüm və başa düşdüm:
Onların məntiqi budur — bizi tərifləyən, bizi ucaldan yazarın qarşısında qapılar açıqdır. Amma sən həqiqəti deyirsənsə, o zaman bu qapılar əzabla açılır...
Kitabı bağladım və sakitcə kənara qoydum.
Şərhlər (0)