Pul Yox, Düşüncə Problemi

Pul Yox, Düşüncə Problemi

Hərdən mənə yazırlar: “Mən şəhidin yaxın qohumuyam, ailə üzvüyəm, ödənişli qrupunuza pulsuz qatıla bilərəmmi?”

Ən çətin sözü bəzən elə ən əvvəl demək lazım gəlir: xeyr. Bu “xeyr”in səbəbi hörmətsizlik deyil. Mənim də şəhidlərimizə dərin hörmətim var, onların qarşısında baş əyirəm. Amma bəzi şeylərin məsuliyyətini dərk etməkdə fayda var.

Biz dövlət müəssisəsi deyilik ki, hansısa büdcədən maliyyələşək və hər kəsə pulsuz xidmət göstərə bilək. Burada hər kəsin qatqısı, ödədiyi haqqın arxasında əməyimiz, vaxtımız və zəhmətimiz dayanır. Əgər bu əməyin dəyəri silinərsə, onda sistemin özü çökər.

Dükana gedəndə "mən şəhid oğluyam, bu snikersi, bu siqareti, dönəri mənə pulsuz ver" deyirsinizmi? Heç kim bunu etmir, çünki bilirik ki, bu artıq şəhid adından sui-istifadədir. Qəlbinizdəki ağrı, daşıdığınız yük böyükdür, amma bu yük sizə başqalarının haqqını tapdalamaq imtiyazı vermir.

Şəhid adını ucaltmaq – onu maddi güzəştlərlə ölçmək deyil. Əksinə, o adı ucaltmağın yolu hər kəsin əməyinə hörmət göstərməkdən keçir. Hər kəsin haqqı dəyərlidir və bu dəyərləri qorumaq – elə şəhidin yadigarı olan bu torpağa sahib çıxmağın başqa bir yoludur.

------------------------------------------------------------------------------

“Mənim yaşım azdır, qrupa ödənişsiz qoşula bilərəmmi?”

Cavabım: xeyr.

Niyə? Çünki dükana girəndə ən azı, bir snikers alırsınız. Sonra da yanına bir fanta. İmkan olsa, dönər də üstündən yeyirsiniz ki, qarnınız ac qalmasın. Pis uşaqlar siqaret də alır, amma sizə məsləhətim – siqaret almayın, gedin qrupa qoşulun.

Snikersdən imtina edin – şirindir, amma bir dəqiqəyə bitir. Qrup isə bir ay boyunca fayda verir. Fantadan keçin – qazlı içki sağlamlığa ziyandır, amma qrup sizə beyniniz üçün vitamin olacaq. Dönərdən bir dəfə az yeyin – həm mədəniz rahat qalar, həm də yığdığınız pulla gələcəyinizə sərmayə qoyarsınız.

Pulunuz azdırsa, qorxmayın. Hətta sizin üçün minimal məbləğ də təyin edəcəyik. Yəni əsas məsələ – istəkdəyəri anlamaqdır. İstəsəniz, hər kəs yolunu tapır.

----------------------------------------------------------------------------------------------------------------------------------------------

“İmkanım yoxdur, qrupa qoşula bilərəmmi?”

Cavab: xeyr.

Bu məsələ mənim üçün ən üzücü məsələlərdən biridir. Çünki bilirəm – bəzən insan həqiqətən istədiyi şeyə çatmaq üçün maddi çətinlik yaşayır. Amma bir məsələni unutmayaq: qrupa qoşulmaq həyati vacib deyil. Yəni bu, çörək deyil, su deyil, dərman deyil. Ona görə də “imkanım yoxdur” cavabı qətiyyən sizi həyati bir şeydən məhrum etmir.

Əgər maddi vəziyyətiniz çətindirsə, pulsuz qrupumuz var – oradan faydalana bilərsiniz. Burada əsas məsələ düşüncədir: “Niyə mənim pulum yoxdur?” sualını özünüzə vermək. Cavabı tapmaq isə təkcə qrupa qoşulmaq üçün deyil, ümumiyyətlə həyatınız üçün əhəmiyyətlidir.

Amma heç vaxt belə düşünməyin: “Mən borc alım, təkcə bu qrupa qoşulum.” Bu doğru deyil. Çünki bu, sizi daha da ağır vəziyyətə sala bilər. Əsas odur ki, normal, sabit gəliriniz olsun. Əlinizdə sabit gəlir olanda nə ödəniş narahatlıq yaradar, nə də kiçik məbləğlər sizi sarsıdar.

Bu, təkcə bu gün üçün yox, gələcəkdə də cəmiyyətdə necə formalaşacağınız üçün vacibdir. Maddi sabitlik, planlı xərcləmə və məsuliyyət – bunlar insanı gücləndirir.

Unutmayın: qrup sadəcə bir fürsətdir. Əsas hədəf isə sizin öz həyatınızı qurmağınızdır.

-------------------------------------------------------------------------------------------------------------

Cəmiyyət olaraq niyə bu gündəyik? Çünki ədəbiyyata, kitaba pul ayırmaq istəmirik. Teatr üçün, musiqi üçün, bəzən əyləncə üçün pul tapılır, amma kitab məsələsinə gələndə hamımızın dilində eyni cümlə var: “Yazıçı pul qazanmaq haqqında düşünməməlidir.”

Elə bil yazıçı acından ölməlidir, amma bircə kəlmə də pul sözünü dilinə gətirməməlidir. Digər bir düşüncə də var: “Yazıçıya biz yox, dövlət dəstək olmalıdır.” Halbuki artıq sovet rejimində yaşamırıq. Mənim dövlətə yaltaqlanmaqla, hansısa quruma baş əyməklə pul qazanmaq fikrim yoxdur. Ədəbiyyat dövlət sifarişi ilə yox, oxucu dəstəyi ilə yaşamalıdır.

Nəticə? Azərbaycan ədəbiyyatı olaraq dünyaya uduzuruq. Niyə? Çünki bu yanlış düşüncələri normal hesab edən insanlar çoxdur. Yazıçıya dəstək olmaq istəyən oxucu qrupu isə demək olar ki, yoxdur. Biz uduzuruq, amma uduzmağımızın səbəbi yalnız yazıçı deyil – yazıçıya sahib çıxmayan cəmiyyətdir.

Mənim öhdəmə düşən məsələ isə başqadır. Əgər Azərbaycanda oxucu dəstək qrupu yoxdursa – deməli, özüm yaratmalıyam. Çünki bu gün bir nəfərin atdığı addım sabah bütöv bir yolun başlanğıcı ola bilər. Gələcəkdə qurduğum bu sistemin faydasını yalnız mən görməyəcəyəm. Həm siz – oxucular, həm də gələcəkdə bu yolla gedəcək bütün yazıçılar faydalanacaq. Uşaq atasına deyəndə ki, mən yazıçı, şair olmaq istəirəm, atası onun sözünü kəsib o işdə pul yoxdur, get özünə pullu sahə tap deməyəcək. Onda heç kim “yazıçı acından ölməlidir” kimi qəddar və köhnəlmiş bir fikir səsləndirməyəcək.

Ədəbiyyata dəyər verən cəmiyyət – gələcəyini qoruyan cəmiyyətdir.

Şərhlər (13)

  1. Təranə

    @Təranə

    08 mart 26, 20:33

    Xeyr sözünü yerində və vaxtında demək lazımdır,necə ki siz bunu etmisiz . Sizinlə razıyam insanlar üçün çox faydalı və inkişaf etdirici bir işlə məşğul olursunuz və bu Dəyərləndirilməlidir!!! Birmənalı olaraq . Uğurlar olsun 

  2. Qonaq Sevda

    @Qonaq Sevda

    08 mart 26, 20:21

    Dediyiniz bütün sözlərdə haqlısınız.Bəzən məktəbdə kitab oxuyarkən deyirlər niyə oxuyursan və bunu anlamırlar ki niyə oxuyuram.Sizə yolunuzda sonsuz uğur arzulayıram🤍

  3. Mədinə

    @Mədinə

    08 mart 26, 20:14

    Salam bu gün 8 martdır...kimsə kimisə təbrik edir...bə'ziləri statusda uşaqlarının aldığı tortu, gülü paylaşır... iftarımı açdım namazımı qıldım çay içib yatacam Alah sizində orucunu qəbul eləsin övladsız olmaq çətindir daha doğrusu ağırdır...amma neyləmək olar gözəl Allahın məsləhətidir qəbullanmalıyıq

  4. Hevva

    @Hevva

    08 mart 26, 20:06

    Haqlısınız🤝🏻

  5. Feride

    @Feride

    30 sentyabr 25, 13:23

    Kaş insanlar 1500 manatlıq🤳 Ayfon almaq yerinə adi bir telefonu  alıb , kitab kimi faydalı şeylərə daha çox pul ayırsa , nədi nədi kamerası yaxşıdır elə bil ki fotoqrafıq ki bizə yaxşı kameralı telefon lazımdır necə ki Türkiyət imtahanda birinci olan uşağın bircə 30 , 40 manatlıq düyməli telefonu var , biz də gərək telefona deyil özümüzə yatırım edək . Axı insta 300 manatlıq telefonda da  eynidi 15000 manatlıq telefonda da eynidir , həmin instaqram həmin tiktok

  6. maya

    @maya

    11 sentyabr 25, 23:54

    Uğurlar 

  7. Xəyalpərəst

    @Xəyalpərəst

    11 sentyabr 25, 22:55

    Çox doğru bir məqama toxunmusunuz. Cəmiyyətimiz kitaba boş vaxt itkisi və boşa pul xərcləmək kimi baxırlar. Mən kitab oxuyanda mənə çox adam deyir ki "get dərslərini oxu, imtahanda sənə o kitabdan sual düşməyəcək" deyirlər. İnsanların düşüncələrinə əhəmiyyət vermədən hələ də kitab oxuyuram PDF formasında belə olsa. 

    Qruplara gəldikdə isə mənim mütəmadi gəlirim olmadığı üçün qoşula bilmirəm,ama yenədə digər pulsuz qrupa qoşulmuşam. Ordanda faydalı və maraqlı məlumatlar öyrənirəm. Yəni istəyən ödənişli qrupa qoşula bilməsədə digər qrupa qoşula bilər.

  8. Aynur Yusifova

    @Aynur Yusifova

    11 sentyabr 25, 22:26

    Yazınızı oxudum.Çox doğru söyləmisiz hər bir fikrinizi.Əsas da oxucuların azılığını.Niyə sırf bu sual üzərindən fikrimi bildirəm yazacam indi.50 baxış olmuş sadəcə 4 şəhr yazılmış.6 da bəyənmə olmuş. Yəni insanları başa düşə bilmirəm.Niyə əməyə dəyər verilmir.Ən azından bir kəlmə Uğurlar deyə yazmaq olardı.

    Əgər yazmırlarsa deməli baxıb keçirlər.Heç oxumurlarda.Amma mənasız şeylərə saatlarla sosial şəbəkələrdə vaxt keçirirlər.İnternetləri olsun deyə pul xərcləyirlər.Nə deyim valah.Bəlkə də sərt danışdım.Amma söz azadlığı deyilən bir şey var.Fikrimi,düşündüklərimi yazdım.Hər kəsə uğurlar...

    Uraqan müəllim sizə isə bolluca şans arzu edirəm ki ,istədiyinizə nail ola biləsiz❤️🤍

  9. SİRİUS

    @SİRİUS

    11 sentyabr 25, 22:22

    Bu gün çox mühüm bir mövzuya toxundunuz. Ədəbiyyati dövlət deyil oxucular yaşadir. Tutaq ki bir kitabı öz cibində pul qoyaraq çap etdirirsən ,sonra da satışa çixarirsan . İnsanlar alır oxuyur . Ama dəyərini pulu ilə ölçur. Məsəlçun 5 manatlıq kitabdır nə gözləyəsən deyir. Təbikide bu həm yazarı həm də onun düşüncələrini təhqir etmək kimidir. 

    Günümüzde hər kəsdə telefon var . Kimi kredit götürüb ,kimi bir dəfə odeniş edib alıb. Kimi illərdir ödəyir hələ də bitmir. Ama bir nəfər çixib dəmirli bu telefonda heç ne yoxdur. Gedim bir kitab alim oxuyum. Burda Uraqanın bir sözü yadıma düşür: Bəziləri əlləri bağli bəziləri beyni qandallı. Yəni insanlar sadəcə elektron əşyalardan yapişib. Ama heç kim beyninin kitab oxuyarkən rahatladiğini ,ruhunun dincəldiyi dərk edə bilmir. Herbirimiz  böyüklərdən örnək alırıq . Onların əlində telefon görürük maraqlı gəlir deyir ki bizde alaq görək necə  bir şeydi. Bu gün bizim valideynlərimiz ,ama sabahın valideynləri biz olacağiq. Əyər gələcək nəsil bizim əlimizdə kitab görsə oda alıb oxumaq istəyəcək. Dunyaya baxışı deyişəcək,həyatı dəyişəcak ,kitabların möcüzələr yatdığını anlayacaqlar. Yəni gələcək bizim əlimizdədir. Onu istədiyimiz hala gətirə bilərik. Sadəcə ağilla çalismaq lazımdır. Bu günkü müsabiqə uçun təşəkkür edirəm. 🙏❤️

  10. SİMURQ

    @SİMURQ

    11 sentyabr 25, 21:50

    Yazınızı oxuyanda gördüm ki, “xeyr” cavabı sərt görünə bilər, amma əslində insanı gücləndirir. Hər kəsin əməyinə hörmət etmək, öz imkanını dərk etmək və məsuliyyət daşımaq təkcə qrup üçün deyil, həyatın özü üçün vacibdir.Kiçik seçimlər və məsuliyyət gələcəkdə kim olacağımızı müəyyən edir. Hər kəs haqqını qoruduqda, yalnız özünü deyil, gələcəyi də qorumuş olur.Təşəkkür edirəm🙏🏿

  11. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    11 sentyabr 25, 21:48

    Mən öz adıma deyim ki, şəxsən sizin yazılarınız mənə, özümü inkişafda çox kömək olub..
    Ona görədə özümə görə bu kanala qoşuldum😊

    Uğurlar Uraqan bəy İnşAllah istədiyniz uğurlara nail olasız 🤲

  12. Məleykə

    @Məleykə

    11 sentyabr 25, 21:28

    Məncə də haqlısınız. Mən gündə 50 ( bəzən çox) səhifə kitab oxuyuram, amma bəzən kitab oxumağa vaxt xərci kimi baxırlar. Həmin insanlar əyləncə mərkəzinə getdikdə, sosial mediada səviyyəsiz verilişlərə baxdıqda, video oyun oynadıqda bunu vaxt itkisi saymır. Belə insanların dedikləri ilə başınızı ağartmağa dəyməz. Onlar bunu anlayacaq düşüncə formasına sahib deyil.

  13. Leyla nuriyeva

    @Leyla nuriyeva

    11 sentyabr 25, 21:28

    Çox doğru fikirlərdi tamamilə razıyam 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol