Bölüm İyirmi Dörd
Kəpənək — mənim ilk eşq kitabım idi. İlk sevgim, ilk həsrətim və ilk dəfə kiməsə ürəkdən həsr etdiyim kitab.
Amma düşünməyin ki, balaca cib kitabı ölçüsündə olan 96 səhifəlik bu yazını rahatlıqla tamamladım. Əksinə, bu balaca kitaba iki ilimi verdim. İndi geriyə baxıb düşünürəm: görəsən, mən o qızı çox sevdiyim üçünmü bu kitabı yazdım, yoxsa bu kitabı yazdığım üçünmü onu bu qədər çox sevdim?
Çünki biz adətən o insanlara daha çox bağlanırıq ki, onlar üçün nəsə edirik. Onların uğruna nəsə yaratmaq, nəsə qurban vermək... sevgini içimizdə dərinləşdirir. Mən də bu kitabla gözümü kor etdim — eşqin yolu görünməz oldu. Və bu korluq, uzun müddət heç kimi sevə bilməməyimə səbəb oldu.
Ondan sonra özümə bir söz verdim: bir daha heç kimə kitab həsr etməyəcəyəm.
Bu kitabın yazılma mərhələsində mən tırtıl idim. Sürünürdüm. Səssiz, acılı, tək. İçimdəki duyğularla döyüşə-döyüşə irəliləyirdim. Amma bilirsiniz ki, kəpənəyin ömrü cəmi bir neçə gün, bəzən bircə həftədir.
*Kəpənək* kitabı çap olundu və sevildi. Oxucular onun səmimiyyətini, gözəlliyini dərhal hiss etdilər. Amma bu kitab — fərqinə varılan, seçilən bir kitab olmadı. Ədəbiyyat dünyasında sakitcə, gözəlcə uçub getdi. Bəlkə də elə həyat budur: axtardığımız ən dəyərli şeylər, fərqinə varmadığımız nəsnələrin içində gizlənir.
Bu kitabla birlikdə o qıza olan sevgim də bitdi. Çünki uzun bir ayrılığı, həsrətlə yazılmış bir kitab belə geri qaytara bilməzdi.
Kəpənək öldü.
Amma... küllərindən bir Simurq doğuldu.
Sevdiyim qızdan ayrıldıqdan sonra başa düşdüm ki, belə davam edə bilməz. Yazıçılıqda uğurlu olsam da, emosionallığıma görə özümdən tez çıxan, ani qərarlar verən biriydim. Bu səbəbdən münasibətlərim uzunömürlü olmurdu. Daxilimdə bir dönüş nöqtəsi yaranmışdı – dəyişməliydim. Və bu dəyişiklik təkcə şəxsi həyatımda yox, peşəkar istiqamətdə də mənə təsir etməliydi.
Özümə yeni bir iş tapmaq qərarına gəldim. Elə bir iş ki, sabah yazıçılıq yolumda da mənə güclü təkan verə bilsin. Çünki bizim ölkədə oxucu yoxdur, gərək öz oxucu kütləni özün yaradasan. Kitabı yazmaq bəs etmir, gərək satışını da təşkil etməyi bacarasan.
Beləliklə, Fərid Novruzinin rəhbərlik etdiyi "Novco" şirkətində işə başladım. Qəribə sistem idi. Maaşın yanında əlavə "planka" təyin olunurdu – yəni müəyyən satış həcmini keçsən, 2% artıq maaş alırsan. Məsələn, bu ay sənə 12 min manatlıq satış planı verirdilərsə və onu yerinə yetirirdinsə, növbəti ay bu rəqəm artırılırdı – 15 min, 18 min... və bu artımın qarşılığında sadəcə 150-200 manatlıq fərq qazanırdın.
Elə bil hamster çarxı idi – nə qədər qaçsan, çarx bir o qədər sürətlənirdi. Bu hal məni yorurdu. Amma bir şeyi də anlayırdım: insan bu eyni mexanizmi sevdiyi işə tətbiq etsə, nəticə fərqli olar. Gələcək illərdə bu sistemin prinsipini alıb öz yaradıcılığıma tətbiq etdim – özüm üçün "yaradıcılıq plankası" qurmağa başladım. Bu planka söhbəti mənim məhsuldarlığımı çox-çox artırdı.
Eyni zamanda burada satışı öyrənirdim. Amma öyrəndiklərim soxuşdurmaq yox, təqdim etmək idi. Satışı zərifliklə, mədəniyyətlə, maraq oyadaraq etmək. Bilmədiyim qədər incəliklər vardı – məhsulun materialını, formasını, istifadəsini izah etmək. Satdığın paltar olmasa da, insanlara "nəyi niyə təklif etdiyini" anlatmaq.
Zaman keçdikcə bir şeyi də anladım: insanlar sənə məhsula görə yox, səndən aldıqları enerjiyə görə bağlanırlar. Danışdıqca onları heyrətləndirmirsənsə, məhsul haqqında dediklərinin heç bir dəyəri qalmır. Amma sən danışdıqca onlar özlərini dəyərli hiss edirlərsə – bax onda sənə dönüb-dönüb gələcəklər.
Və mən bu enerjini sonradan təkcə satışda yox, yazıçılıqda da istifadə etməyə başladım.
Şərhlər (0)