Gecənin qaranlığı şəhəri bürümüşdü. Küçələr bomboş, işıqlar sönük, sərt külək hər küncü silkələyirdi. Amma o otaqda zaman başqa axır, həyatla ölüm arasında görünməz bir sərhəd buraxırdı. Qız divarın küncündə oturmuşdu, bədəni buz kimi soyuq, barmaqları hər an donmaq üzrəydi. Titrək öskürək ciyərlərini parçalayır, ruhunu sarsıdırdı. Gözlərində qorxu ilə ümid arasında titrəyən şamın işığı həyatın qısa və qiymətli olduğunu xatırladırdı. O, öz-özünə pıçıldadı:
– Nəfəsim ölümün yanında kiçik bir addımdır… amma hələ də bir ümid varsa, bunları düşünüb özümü yormaq üçün çox tezdir.
***
Bir anlıq otağın qoxusu onu xəstəliyinin ilk günlərinə qaytardı. Hələ vərəm olduğunu bilmirdi.
Bir gün metro ilə gedirdi: vaqon izdihamlı, hava boğuq idi. Ürəyi səbəbsiz çırpınır, qorxu ilə tər bir-birinə qarışırdı. Qapılar bağlanmaq üzrə idi ki, qarşıdakı pilləkənin kənarında ilişmiş bir çanta gördü.
“Kimsə çantasını unudub,” – deyə düşündü və tərəddüd etmədən irəli atıldı. Amma çantanın sahibi qapının o tərəfində dayanmış sərxoş bir kişi idi. Qız bunu sonradan anladı. Kişi qəzəblə qışqırdı, gözlərində sərxoşluqla qarışıq alov parıldadı. Elə həmin an bir qadın qəfil qızın qolundan yapışıb onu geri çəkdi. Qapılar bağlandı, metro yavaş-yavaş irəlilədi.
Qızın nəfəsi boğazında düyünləndi, zəif bədəni titrədi. Amma qəribə bir rahatlıq da hiss etdi – yaxşılıq etməyə cəhd etmişdi, geri çəkilməmişdi. Yol boyu donub qaldı: qorxu ilə başgicəllənmə bir-birinə qarışmışdı, nəfəsi sürətlənirdi, hər addımda sinəsi daha da daralırdı.
Metrodan çıxanda pilləkənlərin yanında dayanmış ağ saçlı bir nənə diqqətini çəkdi. Qız nəfəsini toparlayaraq ehtiyatla yaxınlaşıb soruşdu:
— Nənə, kömək edim, pilləkənləri qalxmaq çətin deyil ki?
Nənə başını qaldırdı, üzündə yorğun, amma işıqlı bir təbəssüm yarandı:
— Sağ ol, qadan alım… Mən burda bir az dincəlirəm, – səsi titrək, amma minnətdar bir ahəngli idi.
Bu sadə sözlər qızın ürəyinə yumşaq bir istilik kimi yayıldı. Bir az əvvəlki qorxunun yerini qəribə bir sakitlik aldı. Amma bədəni getdikcə ağırlaşırdı. Gün boyu həm fikirlərdən, həm də xəstəliyin gizli gücündən sümüyünə qədər əzildi. Sonrakı saatlarda müəlliməsinə kömək etməyə çalışdı, tər içində qaldı, əlləri gücsüzləşdi, nəfəsi daraldı, amma geri çəkilmədi.
Axşam evə dönəndə pəncərədən süzülən soyuq hava yanaqlarına toxundu. Qız dayanıb dərin nəfəs aldı. İçindəki boğucu qorxuya, xəstəliyə və gün boyu yaşadıqlarına baxmayaraq, beynində bir sual əks-səda verdi:
“Bəlkə də yaxşılıq heç vaxt qarşılıq üçün deyil. Bəlkə sadəcə etməli olduğun üçün edirsən.”
***
İndi, həmin xatirələrin kölgəsi otağa dolmuşdu. Maskalı adam qapını açıb içəri girdi. Hər addımı ehtiyatlı, məqsəd dolu idi. Maskasının altındakı gözlərdə həm qorxu, həm də qətiyyət dayanırdı. O, həkim deyildi, amma illərlə qızın xəstəliyini araşdırmış, gecələrini yalnız onun sağalması üçün qurban vermişdi.
– Dözəcəksən, – dedi o, titrək səsiylə amma qərarlı. – Biz dərmanı tapacağıq.
Qız zəif səslə cavab verdi:
– Hər kəs belə deyir… amma hamı gedir…
– Bu gecə mən ölsəm, hər şey dəyişəcək. Yol qısa ikən bəlkə geri dönək?
Maskalı adam masaya yaxınlaşdı, illərlə topladığı qarışıqları diqqətlə araşdırdı. Əlləri titrəsə də, hər hərəkətində qızın həyatını qorumaq üçün içində sonsuz ehtiyat vardı. Qızın öskürəyi qəflətən şiddətləndi, qan damcıları otaqda yayılmağa başladı. Maskalı adam dərmanı uzatdı. Hələ heç kəsdə sınanmamış olsa da bu, onun son ümid parçasıydı:
– Bu… ya səni sağaldacaq, ya da… – pıçıldadı.
Qız gözlərini yumdu, qəlbi hər titrək atışda ölümdən qorxurdu.
– Onsuz da hər nəfəs ölüm kimi gəlir… cəhd et.
– Yox… yox… – qışqırdı. – Mən səni itirə bilmərəm, oyan…
Qızın barmaqları yavaş-yavaş hərəkət etdi. Dodaqlarında zəif bir gülüş yayıldı. Maskalı adam inanmaq istəmirdi:
– Bu necə oldu? Mən bacardım?
Qız gözlərini açdı:
– Dərman işləyir…
O anda otaqda sükutun içindən bir səs kimi fraqment yüksəldi:
“Hər anın dəyəri, yalnız ölümlə yanaşı gəldikdə anlaşılır.”
Qız pəncərədən küçəyə baxdı. Bu gülüş onun üçün həyatın möcüzəsi idi. Maskalı adamın gözü qızın üzündə dolaşırdı. Hər hərəkətində həyatın dəyərini, qırılmayan ümidini görə bilirdi. Qorxular keçici, ümid isə əbədiydi. Günəş üfüqdən yüksəlirdi. Qız günlər sonra ilk addımlarını atdı, bədənində hələ zəiflik olsa da, ruhunda güc vardı. Metroda hiss etdiyi qorxu, nənənin “sağ ol, qadan alım” deyən səsi, qadının qoluna girərək onu qurtarması, gecəyarısı ölümlə üz-üzə gələn an – hamısı indi başqa mənaya çevrilmişdi. Hər addım bir dərs idi. Sanki ayaq izlərinin asta pıçıltısı onlara yönəlib:“Qorxuların arxasında ümid var, hər çətinlik bir fürsət və hər ölümsüz zənn edilən an yeni bir başlanğıcdır” – deyirdi.
Bəs sən əgər hər şeyi dəyişmək üçün yalnız bir fürsətin olsa idi, qorxularını arxada buraxıb həyatını tam yaşamağa cəsarət edərdin, yoxsa qorxularını bir kənara qoymadan, həqiqətən yaşadığını bir daha hiss etməməyi seçərdin?..
Şərhlər (10)