“Bizim eradan əvvəl” nə deməkdir? Zaman necə sayılmağa başladı?
Tarix kitablarında tez-tez belə ifadələrlə qarşılaşırıq: “eramızdan əvvəl 783-cü il”, “eramızdan əvvəl 135-ci il” və s. Bu ifadələr bu gün bizə adi və təbii görünür. Lakin maraqlı bir sual yaranır: həmin dövrdə yaşayan insanlar doğrudanmı bu tarixləri belə adlandırırdılar?
Əlbəttə, yox.
“Bizim era” anlayışı İsa Məsihin doğumu əsas götürülərək formalaşdırılmış zaman sistemidir. Bu sistemə görə, İsanın doğumundan sonrakı illər “bizim era”, ondan əvvəlki illər isə “eramızdan əvvəl” kimi qəbul edilir. Lakin bu bölgü hadisələrin baş verdiyi dövrdə mövcud deyildi. Bu tarix sistemi təxminən VI əsrdə yaşamış rahib Dionysius Exiguus tərəfindən təklif olunmuş, daha sonrakı əsrlərdə isə geniş yayılmışdır.
Yəni “eramızdan əvvəl” ifadəsi qədim insanların öz zamanlarını adlandırmaq üçün işlətdiyi anlayış deyildi. Bu, sonrakı dövrlərdə keçmişi daha rahat sistemləşdirmək üçün yaradılmış ölçü vahididir.
Qədim insanlar zamanı tamam başqa cür hesablayırdılar. Romalılar illəri imperatorların hakimiyyət dövrünə görə, misirlilər fironların taxta çıxmasına əsasən, yunanlar Olimpiya oyunlarına görə, babillilər isə padşahların hakimiyyət illəri ilə ölçürdülər. Məsələn, bu gün bizim “eramızdan əvvəl 135-ci il” dediyimiz tarixdə yaşayan bir insan həmin ili “filan hökmdarın hakimiyyətinin 19-cu ili” kimi adlandıra bilərdi.
Bəs bu qədər qədim tarixləri bu gün necə dəqiq bilirik?
Tarixçilər qədim mətnləri, hökmdar siyahılarını, müharibə qeydlərini, dövlət sənədlərini, günəş və ay tutulmaları kimi astronomik hadisələri müqayisə edərək həmin tarixləri vahid zaman xəttinə yerləşdiriblər. Beləliklə, qədimdə “padşahın hakimiyyətinin yeddinci ili” kimi qeyd olunan bir hadisə bu gün bizə “eramızdan əvvəl 783-cü il” kimi təqdim olunur.
Deməli, “eramızdan əvvəl” qədim insanların dili deyil, müasir dünyanın keçmişi anlamaq üçün yaratdığı zaman xəritəsidir.
Keçmişdə insanlar zamanı yaşayırdılar.
Bu gün isə biz zamanı hesablayırıq.
Şərhlər (2)