Ruhu Gənc" Yalanı və ya Niyə Mən Pinqvinləri Seçirəm?

Ruhu Gənc" Yalanı və ya Niyə Mən Pinqvinləri Seçirəm?


​Bu gün təqvimdə qırmızıyla işarələnməyən, amma efirlərdə qırmızı xalı sərilən günlərdən biridir: Beynəlxalq Gənclər Günü. Gənclərin və ya özünü zorla "gənc" hiss etdirilənlərin bayramı. Düzü, bu cür zorakı nikbinliklə dolu "əlamətdar günlər" məni hər zaman yorub, bu gün isə lap bezdirdi.

​Səhər televizoru açan kimi üzümə saxta bir pafos çırpıldı. Aparıcı əvvəl 20 yaşlı tələbəni təbrik etdi – bu, başadüşüləndir. Amma dərhal sonra 70 yaşlı bir ağsaqqala dönüb, dişlərini ağarda-ağarda "Sizi də təbrik edirik, əsas odur ki, ruhunuz gəncdir!" dedi. Məni dəli edən, cəmiyyətin şüuraltına yeridilən məhz bu gizli təhqirdir. Niyə 70 illik bir ömür yolu keçmiş insana verilə biləcək ən böyük tərif "hələ də 20 yaşındakı kimi olması"dır? Bu, insanın keçdiyi yola, qazandığı təcrübəyə hörmətsizlik deyilmi? Sanki qocalıq bir qüsurdur və biz yaşlılara "narahat olma, ruhun hələ çürüməyib" deyərək təsəlli veririk.

​Cəmiyyətimizdə qəribə bir "təzəlik kultu" var. Gənclik avtomatik olaraq "yaxşı", qocalıq isə "pis" və ya "yararsız" kimi kodlaşdırılıb. Xüsusilə qadınlar üçün bu, bir kabusa çevrilib. Bir çoxu yaşlanmağı bioloji proses yox, faciə kimi qəbul edir. Qırışlardan qaçmaq, rəqəmləri gizlətmək, zamanı dondurmağa çalışmaq... Çünki qocalmaq onlara zülm kimi görünür. Halbuki zülm zamanın özündə yox, baxış bucağımızdadır.

​Sən yaşlanmağı çürümək kimi görürsən, mən isə onu şərab kimi dəyərlənirəm; illər keçdikcə dəyəri artan, dadı oturuşan bir müdriklik rəmzi. Amma bizim istehlakçı cəmiyyətimiz insanı bir məhsul kimi görür: "Gənclik" əyləncədir, vitrindir, enerjidir. "Qocalıq" isə istismar müddətinin bitməsidir, ölümün ön sözüdür.

​Məhz buna görə də günümüzdə hər şey, hətta insanlar da bir şam kimi istifadə olunub tükətilir. Yanır, əriyir və bitir. Əslində isə yaşlılardan şam kimi yox, məşəl kimi istifadə etmək lazımdır. Şam öz dibinə işıq salıb əriyər, məşəl isə qaranlıq yolları aydınladar, gələcəyə yol göstərər. Təəssüf ki, biz məşəli əldə tutmaq əvəzinə, onu söndürüb "gənc şamlar" yandırmağa üstünlük veririk.

​Amma bu fəlsəfi çıxışlarıma aldanıb elə bilməyin ki, mən 1 oktyabrda "Beynəlxalq Yaşlılar Günü"nü bayraq edib gəzəcəm. Qətiyyən. İnsanların özləri üçün uydurduğu bu süni təqvimlərdən uzağam. Mənim favoritim başqadır: 25 aprel – Beynəlxalq Pinqvinlər Günü. Nə yaş kompleksləri var, nə "ruhum gəncdir" təsəllisi. Sadəcə buzun üstündə sürüşürlər vəssalam.

Şərhlər (4)

  1. Qonaq Fəridə

    @Qonaq Fəridə

    21 fevral 26, 15:53

    Başkıq yaxşıdır , mən özümü yaşıdlarımdan daha yaşlı hiss edirəm elə bil bundan da utanmıyar ya da ki yaşından daha anlayışlı və ağır başlı yaşıdlarından insan niyə utansın ki , bu ağırbaşlılığın altına kim bilir nələr yaşayıb 😌 , bəzi insanlara həyat  acıyla nəsə öyrədir və məncə bu ağırbaşlı gənclərin çoxusunun kim bilir nə hekayələr var✨

  2. Nigar Piriyeva

    @Nigar Piriyeva

    04 fevral 26, 11:31

    Gənclik üstün sayıldığına görə də,bəzi yaşlılar  özünü gənc kimi aparmağa başlayıb,ya geyimlə,ya hərəkətlə,ya da TikTok-da aktivliklə🤦🏻‍♀️

  3. Mədiş🥰

    @Mədiş🥰

    03 fevral 26, 07:58

    Salam uşaq vaxtı radioda maraqlı veriliş gedirdi verilişin sonunda  aparıcı dinləyicilərə " qocalmanız ümidiylə" sağollaşdı. Sizin yazını oxuyanda  həmin söz yadıma düşdü. Əslində.qocalmaq utanclıq deyil ətək ətək pul töküb qırışları, ağ saçları gizlətmək lazım deyil, çünki  onların hər birini zəhmətlə əziyyətlə qazanmışıq. Necə deyərlər "uca dağların başı qar olar".

  4. Minayə

    @Minayə

    03 fevral 26, 00:17

    Gənclər millətin geleceyidir amma xeyirli genclerimiz!

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol