Ədəbiyyatın Dəcəl Uşağı: Meyxana

Yarandığı gündən etibarən meyxananın ciddi ədəbiyyat növü olub-olmaması, ümumiyyətlə, poeziya nümunəsi sayılıb-sayılmaması həmişə qızğın müzakirə mövzusu olub. O, bizə yad olduğu qədər də doğmadır. Yaddır, çünki ənənəvi klassik poeziyamızda indiki formatda meyxana anlayışı yoxdur və əsasən Əliağa Vahiddən bu yana daha sistemli şəkildə formalaşıb. Doğmadır, çünki Azərbaycan xalqı meyxananı öz milli folklorunun ayrılmaz parçası hesab edir və cəmiyyət, bir növ, öz səsini, daxili emosiyalarını bu sənətdə tapır.

Lakin meyxana cəmiyyətin intellektual kəsiminə, ziyalılara nə dərəcədə faydalı ola bilib? Məsələyə bu müstəvidən yanaşdıqda meyxana ciddi ədəbiyyata uduzur və əksər ədəbiyyatçılar onu qəbul etməkdən çəkinirlər. Çünki hazırkı mənzərədə meyxananın cəmiyyətə intellektual qatqısından çox, gətirdiyi fəsadlar gözə çarpır.

Bəs səbəb nədir? Niyə meyxana çox vaxt dayaz təfəkkürlü bir kütlə formalaşdırır? Niyə tipik meyxana dinləyicisinin intellektual səviyyəsi tez-tez tənqid hədəfinə çevrilir? Və ən acınacaqlısı, niyə bəzi meyxanaçılar zərərli vərdişlərə aludə olub, mənfi həyat tərzi ilə yadda qalırlar?

İlk növbədə bir sosioloji həqiqəti qəbul etməliyik: bu kütləni meyxanaçılar yaratmayıb, əksinə, tələbkar olmayan kütlə özünə uyğun, bəsit meyxananı formalaşdırıb. Meyxanaçılar isə sadəcə olaraq bu subkulturanın, mövcud ictimai mühitin aynasıdırlar.

Bütün bunlara baxmayaraq, meyxana sənətini ləyaqətlə yaşadan və ona ciddiyyət qatan şəxsiyyətlər də az deyil. Əliağa Vahid, Nizami Rəmzi, Baba Pünhan və günümüzdə Pünhan Azim kimi isimlər buna ən gözəl nümunədir. Onlar təmsil etdikləri sənətin əsl ustadlarıdır. Çünki kütləyə ancaq onun istədiyini deyil, cəmiyyətə həqiqətən lazım olanı – dərin mənalı, düşündürücü sözü verə biliblər.

Düzdür, bugünkü meyxana ciddi ədəbiyyat arxivi yaradacaq qədər zəngin irs qoymayıb. Dəyərli, qızıla bərabər misraları toplasaq, bəlkə də cəmi bir kitablıq xəzinə ortaya çıxar. Təəssüf ki, müasir deyişmələrdə belə ciddi sətirləri tapmaq, sözün əsl mənasında, arxeoloji qazıntı aparmağa bənzəyir. Halbuki, vaxtilə Əliağa Vahidin səs-küylü məclislərin birində bədahətən dediyi bu misralar meyxananın əsl potensialını göstərir:


Gəlmişəm məclisə mən könlünüzü şad eləyim,
Nə ki, bihudə yerə naleyi-fəryad eləyim?

Kimsə yox sakit otursun, qulaq assın sözümə, 
Qalmışam matu-məətəl, kimə irad eləyim?

Tutalım, əsrimizin Həzrəti İsası mənəm, 
Bu soxha-soxda nə möcüzə icad eləyim?


Vahidin şikayətləndiyi bu "soxha-sox" bu gün klassik toy təfəkküründə də özünü aydın göstərir. Yüksək desibelli, estetikadan uzaq musiqi və ifaçının sözünü kəsərək öz dəstəyini anlamsız qışqırıqlarla ifadə edən dinləyicilər... Belə bir xaosda mədəni, intellektual bir insan dərin söz eşitmək istəsə də, səs-küydən yorulub məclisi tərk etməyə məcbur olur. Lakin sənətkar toya gələn, məclisi bu cür aqressiv formada qızışdıran insanlara "sakit otur, sözümə qulaq as" deyə bilmir. Belə mühitdə fəlsəfi, dərin fikir söyləmək mümkünsüzdür, çünki kütlə bunu alqışlamayacaq. İfaçı məcbur qalıb Kərim Abi demiş "instinktiv, bəsit və yalnız rəqibini "vurmağa" hesablanmış deyişmələrə köklənir. Axı, cəmi 5 saniyə ərzində kütləni dərhal reaksiyaya vadar edəcək hansı fundamental fikri formalaşdırmaq olar?"

Əsas sənət faciəsi də elə burada başlayır: kütlənin anlıq alqışını qazanmaq və çörəyini çıxarmaq üçün sənətkar məcburən keyfiyyəti kəmiyyətə qurban verir. Kütləni öz arxanca aparmaq, cəmiyyətin qoyduğu bəsit tabuları qırmaq isə xüsusi bir istedad və fədakarlıq tələb edir. Bunun üçün yalnız iti ağıl deyil, həm də geniş dünyagörüşü lazımdır.

İşin kökündə dayanan əsas problem kütlə psixologiyasının səviyyəsidir. Əgər dinləyici oxunan bəsit meyxanaya "Bizə bunu yox, daha sanballı, daha məzmunlu söz ver" deyə tələb qoysaydı, meyxanaçı da mütaliə etməyə, səviyyəsini qaldırmağa ehtiyac hiss edərdi. Demirəm ki, meyxanaçılar heç kitab oxumurlar. Lakin çox vaxt bu mütaliə məhdud çərçivədə – klassik qəzəl kitabları səviyyəsində qalır, dünya ədəbiyyatının, fərqli fəlsəfi cərəyanların dərinliyinə nüfuz edə bilmir. Əlbəttə, dünyagörüşü geniş olan meyxanaçılar da var və bu, onların nitqində özünü dərhal büruzə verir. Lakin mədəniyyətli sənətkarlar belə çox vaxt kütləni yola vermək üçün bayağı deyişmələrə boyun əyməyə məcbur olurlar.

Bizim ən böyük xətalarımızdan biri də meyxananı yalnız "kim kimi sözlə vurdu" formatında, sırf rəqabət təfəkküründə qəbul etməyimizdir. Halbuki sənətkarlar bir-birini təhqirlə deyil, biliklərlə sorğulasalar, ədəbiyyatımıza möhtəşəm sətirlər qazandıra bilərlər. Məsələn:

Pərviz Bülbülə məclislərin birində Vüqar Biləcəridən soruşur:
Vüqar, de görüm hansı rəqs havasıdır,
Sevinc olur kədərnən eyni vaxtda?


Vüqar Biləcəri 5 saniyə belə çəkmədən möhtəşəm bir məntiqlə cavab verir:
Dediyin o hava sayılır Vağzalı,
Şərbəti var zəhərnən eyni vaxtda.

Bu cür deyişmələr həm sənətkarların iti zəkasını sınağa çəkir, həm də izləyicinin mənəvi inkişafına xidmət edir. Meyxananı birdəfəlik silib atmaq həm yanlışdır, həm də mümkünsüz. Çünki o, həqiqətən də ədəbiyyatımızın dəcəl uşağıdır. İçində böyük bir istedad var, lakin o, öz enerjisini çox vaxt faydasız, "dəcəl" işlərə sərf etməklə məşğuldur və böyüyə bilmir.

Bizim borcumuz onun yalnız mənfi cəhətlərini tənqid etmək yox, həm də gözəl nümunələrini önə çəkməkdir. Sənətkar görəndə ki, ona bayağılığa görə yox, sözünün dərinliyinə görə dəyər verirlər, o zaman kütləyə bəsit məhsul təqdim etməyə özü utanacaq və daha çox oxumağa ehtiyac duyacaq. Bu intellektuallıq onun dilinə o qədər təbii oturuşacaq ki, heç bir halda süni səslənməyəcək. Lakin bunu etmək böyük bir fədakarlıqdır.

Belə bir fədakarlığı nümayiş etdirə biləcək potensial isimlərdən biri məhz Rəşad Dağlı ola bilərdi. O, nə qədər səs-küylü mühitin içində olsa da, zəngin təfəkkürə malik insandır. Övladlarının ödənişli təhsil ilə oxutması bunun bariz sübutudur. O, savadın önəmini dərk edir və bəlkə də vaxtilə özü üçün yaradılmayan fürsətləri indi övladları üçün yaradır. Rəşad kütlənin içində olsa da, mənfi vərdişlərə qarşı mövqe tutmağın, insanlara faydalı olmağın məsuliyyətini hiss edirdi. Bu məsuliyyətə sadiq qalaraq zərərli vərdişlərə qarşı çıxmaq istəməsi isə, təəssüf ki, provokasiya və acı bir sonluqla nəticələndi. Günü bu gün Rəşad Dağlı həbsdədir və çoxları düşünür ki, qayıtdıqdan sonra yaş və yaşananlar onun əvvəlki qüdrətini əlindən alacaq. Mən isə inanıram ki, bu ağır dövr onun üçün həm də Tanrının sınağıdır. Əgər o, bu məhrumiyyət illərində daxili dünyasını klassiklərin işığı ilə zənginləşdirsə, Nizaminin, Füzulinin, Nəsiminin fəlsəfəsi ilə qidalansa, qayıdışında istəsə belə, bayağı bir şey ortaya qoya bilməyəcək.

Bu nümunə təkcə ona deyil, bu sənəti sevən və yaşadan bütün meyxanaçılara aiddir: mənən zənginləşən sənətkar heç vaxt ucuzlaşmaz.