Çingiz Abdullayev – Azərbaycanın detektiv ustadı

Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, dördüncü nəsil hüquqşünaslar nəslinin davamçısıdır. Ulu babası hələ XIX əsrin sonunda Bakıda vəkil köməkçisi kimi fəaliyyət göstərib. Atası Akif Abdullayev Böyük Vətən müharibəsində döyüşüb, sonralar Naxçıvanda prokuror, Bakıda prokuror müavini, həmçinin Azərbaycan Vəkillər Kollegiyasının sədri olub.

Orta təhsilini Bakının 189 saylı məktəbində başa vuran Çingiz Abdullayev, 1976–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. Hüquq elmləri doktoru dərəcəsini alıb, Polşanın Krakov Universitetinin fəxri professoru seçilib. 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının katibi, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Əmək fəaliyyətinə hüquq məsləhətçisi kimi başlayan yazıçı, Afrika, Asiya və Avropada ezamiyyətlərdə olub. Dövlət strukturlarında müxtəlif vəzifələrdə çalışıb, 1989-cu ildən isə tamamilə ədəbi mühitə keçib.

Çingiz Abdullayev tələbəlik illərindən yazmağa başlayıb. İlk böyük əsəri – "Mavi mələklər" romanı 1988-ci ildə çap olunub. Daha sonra "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı" trilogiyası oxucuların marağını qazanıb. Onun əsərləri əsasən rus dilində yazılıb və dünyanın 32 dilinə tərcümə olunub. 27 milyondan çox nüsxəsi satılan 600-dən artıq kitabı ilə o, Azərbaycan ədəbiyyatının ən çox oxunan müəlliflərindən biridir. İngilis və italyan dillərində sərbəst danışır.

Yazıçı həm də ictimai fəaliyyətlə məşğuldur: H.Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan PEN klubunun vitse-prezidenti, 2014-cü ildən İnterpolun fəxri səfiridir. 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasına rəhbərlik edir. Ədəbiyyata verdiyi töhfələrinə görə “Qırmızı əmək bayrağı” ordeni, müxtəlif medallar və 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Çingiz Abdullayev — Azərbaycan ədəbiyyatında psixoloji və siyasi detektiv janrının yeganə ustasıdır. Onun yaratdığı obrazlar, qurduğu intriqalar və süjet xətti oxucunu ilk səhifədən son səhifəyə qədər gərginlikdə saxlayır.


Əsərləri: