Hüseyn Cavid — romantik ədəbiyyatın görkəmli nümayəndəsi..
Həyatı
Hüseyn Cavid (əsl adı: Hüseyn Abdulla oğlu Rasizadə) — 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində anadan olmuşdur. Atası Abdulla 1877-ci ildə Naxçıvana Şahtaxtı kəndindən köçmüşdü.
Təhsili
Cavid ilkin təhsilini Naxçıvanda beş il molla məktəbində alsa da, sonradan Qurbanəli Şərifovun tövsiyəsi ilə atasından gizli şəkildə Məhəmməd Tağı Sidqinin yeni üsullü
“Məktəbi-tərbiyə”sində təhsilini davam etdirmişdir.
1899–1903-cü illərdə Cənubi Azərbaycanda, qardaşının yanında yaşayaraq Təbrizin "Talibiyyə" mədrəsəsində oxumuş, burada ərəb və fars dillərinə dərindən yiyələnmişdir. Göz xəstəliyi səbəbindən təhsilini yarımçıq qoyaraq bir müddət ticarətlə məşğul olmuş, sonra Urmiyada yaşamışdır. 1904-cü ildə Gürcüstana gedərək orada mühasib kimi çalışmış, 1906-cı ildə isə qardaşı Məhəmmədin təşəbbüsü ilə İstanbula oxumağa göndərilmişdir.
İstanbulda təhsil aldığı illər Hüseyn Cavidin yaradıcılığında dönüş nöqtəsi olmuşdur. Burada o, türk poeziyasını dərindən öyrənmiş, yazdığı “Rəqs”, “Pəmbə çarşav”, “Uyuyur”, “Ah yalnız sən” kimi şeirlərdə Anadolu şivəsinə məxsus ifadələrdən istifadə etmişdir. Bu şeirlər daha sonra 1913-cü ildə Tiflisdə çap olunan “Keçmiş günlər” adlı ilk şeir kitabında toplanmışdır. Lakin sonralar Anadolu şivəsinin əlamətləri onun dilindən yavaş-yavaş çəkilmişdir.
Yaradıldığı
Yaradıcılığının ilk mərhələsində Cavid həm klassik lirika, həm də xalq-aşıq poeziyası üslublarında əsərlər yazmışdır. Qəzəl, qoşma, gəraylı formalarında qələmə aldığı “Get”, “Könlümü”, “Xuraman-xuraman”, “Hər yer səfalı, nəşəli” kimi şeirlər onun ədəbi axtarışlarının nümunəsidir. Türkiyədə yazdığı “Yadi-mazi”, “Bir ahı-məzlumanə” kimi əsərlərdə klassik və xalq poetik üslubunun sintezi hiss olunur.
Bununla belə, Hüseyn Cavidi Azərbaycan ədəbiyyatında ən çox tanıdan və məşhurlaşdıran onun dramaturgiyası olmuşdur. O, Azərbaycan romantik mənzum dramaturgiyasının banisi və ən güclü nümayəndəsidir. Onun “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər” kimi dramları yalnız ədəbiyyatın deyil, fəlsəfənin də böyük nümunələri hesab olunur.
Sürgünlər təqiblərə məruz qalması
Sovet totalitarizminin hökm sürdüyü dövrdə Hüseyn Cavid ideoloji təriflərdən, Stalin və sosialist rejimin "nailiyyətləri"ndən yazmaqdan qətiyyətlə imtina etmiş, bu prinsipial mövqeyinə görə təqib edilmişdir. 1937-ci ildə repressiyaya məruz qalan şair Sibirə – Maqadana sürgün edilmiş, ağır şəraitdə yaşadığı illərdən sonra 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir.
Nəticə
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizmin ən parlaq simalarından biridir. Onun həm poeziyada, həm də dramaturgiyada yaratdığı əsərlər milli düşüncəni, bəşəri idealları və azadlıq duyğusunu ehtiva edir. Cavidin sənət yolunda səmimiyyət, ədalətə bağlılıq və ideoloji müstəqillik əsas prinsiplər olub. O, rejimin təzyiqlərinə boyun əyməyərək sənət və vicdan yolunu seçmişdir. Məhz bu səbəbdən onun adı bu gün də hörmət və ehtiramla anılır..
Şərhlər (13)