Məmməd Araz — Vətənin səsi, xalqın şairi
Həyatı
Məmməd Araz (əsl adı: Məmməd İnfil oğlu İbrahimov) 14 oktyabr 1933-cü ildə Naxçıvan MSSR-in Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə başa vurmuş, daha sonra 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirmişdir. Tələbəlik illərində yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyində fəal iştirak etmiş, ilk şeirlərindən biri olan "Yanın, işıqlarım" 1952-ci ildə çap olunmuşdur.
Təhsili fəaliyyət
Əmək fəaliyyətinə doğma kəndində müəllimliklə başlayan Məmməd Araz sonralar Bakıya köçərək müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil olmuş, 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarında təhsil almışdır. Sonralar "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət" qəzetində, eləcə də Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışmışdır.
Yaradıcılığı
Məmməd Arazın yaradıcılığı Azərbaycan poeziyasında milli və vətənpərvərlik ruhunun daşıyıcısı kimi önəmli yer tutur. Onun poeziyası xalqın taleyinə, millətin ağrı-acısına bədii sözlə körpü salan bir çağırışdır. Şairin yaradıcılığında təbiət təsvirləri, ana torpağa bağlılıq, insan amili və dövrün ictimai-siyasi problemləri xüsusi yer tutur.Əsərlərində emosionallıqla düşüncə dərinliyini, lirika ilə publisistikanı birləşdirən Məmməd Araz həm də publisist şeir janrının ustası kimi tanınır. “Araz axır”, “Daş harayı”, “Dünya düzəlmir”, “Oxucuya məktub” kimi kitabları poeziyamızda həm bədii dəyəri, həm də vətəndaşlıq mövqeyi ilə seçilmişdir.
Əsərləri (seçmə)
Sevgi nəğməsi (1959)
Mən səni taparam (1963)
Araz axır (1964)
Ömür karvanı (1967)
Qanadlı qayalar (1973)
Oxucuya məktub (1978)
Dünya sənin, dünya mənim (1983)
Dünya düzəlmir (1992)
Daş harayı (1993)
Sənətdə son mənzil olmur (2001)
Ağlayan qayalar (2002)
və digər şeir və publisistik toplular.
Mükafat və fəxri adlar:
Azərbaycan Respublikasının Xalq şairi – 7 dekabr 1991
"İstiqlal" ordeni – 15 aprel 1995
Azərbaycan SSR Dövlət mükafatı – 1988
Azərbaycan SSR əməkdar incəsənət xadimi – 1984
Əməkdar mədəniyyət işçisi – 1979
Əməkdar təbiəti mühafizə işçisi – 1992
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları – 1975, 1982
Prezidentin fərdi təqaüdü – 11 iyun 2002
Vəfatı
Məmməd Araz 1 dekabr 2004-cü ildə Bakıda vəfat etmişdir.
Nəticə
Məmməd Araz Azərbaycan ədəbiyyatının milli təfəkkürlü, yüksək vətəndaş mövqeli, dərin mənalı poeziya nümunələri ilə seçilən görkəmli şairlərindən biridir. Onun şeirlərində xalqın ruhu, torpağın nəfəsi, zamanın ağrısı duyulur. Xalqının dərdini öz dərdi bilən Araz poeziyası nəsillər üçün bir məktəb, bir ilham mənbəyi olmuşdur.
Şərhlər (2)