Məmməd İsmayıl – həyat və yaradıcılığı
Həyatı
Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan SSR-in Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. 1957-ci ildə doğma kənd orta məktəbini bitirib, 1964-cü ildə Azərbaycan Dövlət Universitetindən məzun olub. Sonradan Moskvada SSRİ Yazıçılar İttifaqının nəzdində fəaliyyət göstərən ikiillik Ali Ədəbiyyat kursunu başa vurub (1975). Elmi fəaliyyətini davam etdirərək 1998-ci ildə filologiya elmləri namizədi dərəcəsi alıb, 2013-cü ildə isə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor adına layiq görülüb.
Əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində başlayıb. Burada redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində çalışıb (1966–1973). Daha sonra “Ədəbiyyat və incəsənət” qəzetində müxbir (1975–1976), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Elmi-kütləvi sənədli filmlər birliyinin baş redaktoru (1976–1980), “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini (1980–1983), “İşıq” nəşriyyatının direktoru (1983–1987) kimi fəaliyyət göstərib.
O, həmçinin Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində yaradılan gənc yazıçıların “Gənclik Ədəbi Birliyi”nin rəhbəri (1983–1992), “Gənclik-Molodost” jurnallarının baş redaktoru (1988–1992) olub. 1989–1993-cü illərdə Xalq hərəkatında iştirak edib, “Demokratik Qüvvələr Birliyi”nin həmsədri kimi fəaliyyət göstərib. 1992–1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin idarə heyətinin sədri vəzifəsini icra edib.
1995–1996-cı illərdə Türkiyədə “TİKA” və “Türk Dil Qurumu”nun birgə lüğət layihəsində ekspert kimi çalışıb. 1996-cı ildən isə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor olaraq pedaqoji və elmi fəaliyyətini davam etdirib.
Məmməd İsmayıl 19 avqust 2025-ci ildə ağciyər xərçəngindən vəfat edib.
Ədəbi fəaliyyəti
Məmməd İsmayıl yaradıcılığa 14 yaşından başlamışdır. 1970-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, həmçinin Azərbaycan Jurnalistlər İttifaqının üzvü idi. O, Avrasiya Yazıçılar Birliyinin qurucu üzvlərindən biri olmuş, Moskvada çap olunan “Literaturnoe Znakomstvo” jurnalının redaksiya heyətində çalışmış, Türkiyə təmsilçisi və köşə yazarı kimi fəaliyyət göstərmişdir. Bununla yanaşı, Beynəlxalq Sənətçilər və Jurnalistlər Birliyinin Türkiyə nümayəndəsi, 2017-ci ildən isə Brüsseldə yerləşən “Bogdani” Beynəlxalq Yazıçılar Assosiasiyasının vitse-prezidenti seçilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin katibi seçilən M. İsmayıl dəfələrlə birliyin idarə və rəyasət heyətlərinin üzvü olmuşdur. Fransa “Elm, Sənət və Ədəbiyyat Akademiyası”nın, eləcə də Ukrayna Ali Təhsil Akademiyasının həqiqi üzvü idi. Ukrayna Ali Təhsil Akademiyası onu türk və slavyan ədəbiyyatına verdiyi töhfələrə görə fəxri doktor adı ilə təltif etmişdir.
Onun əsərləri 50-dən çox dilə tərcümə olunmuşdur. Eyni zamanda müxtəlif ölkələrin şair və yazıçılarının əsərlərini Azərbaycan və türk dilinə çevirmişdir. Türkiyə, Ukrayna, Moldova, Macarıstan və digər ölkələrin ədəbiyyat ensiklopediyalarında onun həyat və yaradıcılığı haqqında yazılar dərc edilmiş, həm Azərbaycanda, həm də Türkiyədə haqqında magistr və doktorluq dissertasiyaları yazılmışdır.
2018-ci ildə Rumıniyada yerləşən “Mixail Emunesku Akademiyası” Məmməd İsmayılın əsərlərini Nobel mükafatına təqdim etmişdir.
Şair dünyanın otuzdan çox ölkəsində keçirilən beynəlxalq konfrans və şeir festivallarında Azərbaycan və türk ədəbiyyatını layiqincə təmsil etmişdir. İtaliya və Rumıniyada dərc edilən “Dünya Şeir Antologiyası”nda, ABŞ-ın Kaliforniya ştatında buraxılan “Svyaz vremyon” antologiyasında onun əsərlərinə yer verilmişdir. Rus şairi Mixail Sinelnikov, Məmməd İsmayılın şeirlərinə yazdığı ön sözdə onun dünya ədəbiyyatındakı yerini xüsusi vurğulamışdır.
Türkiyədə “Mehmet İsmail Ədəbiyyat Ödülü” təsis olunmuş, 2023-cü ildən isə onun adına beynəlxalq şeir müsabiqəsi keçirilmişdir. Ümumilikdə 40-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap edilmiş, 50-dən çox şeirinə musiqi bəstələnmişdir.
Şərhlər (0)