Son Səhnə — Simurq

Son Səhnə — Simurq

Səhnədə tək otururdu. Bütün tamaşalar bitmiş, bütün rollar bir-bir səhnədən keçmişdi. Qaranlıq salon boş idi, nə tamaşaçı vardı, nə alqış. Səssizlik hər yeri bürümüşdü. Amma o, yenə də həmin böyük səhnənin ortasında idi, gözlərini qarşıdakı boşluğa dikmişdi. Pərdə yenidən açıla bilərdi, yenidən o öz rolunu oynamalı, həyatını davam etdirməliydi. Amma indi hər şey tamamilə fərqliydi. Bu, son səhnə idi.  Artıq ssenaridə  heç bir təkrar olmayacaq, heç bir rol oynamayacaqdı. Yalnızca onun özü vardı — heç kimdən, heç nə üçün gözləmədən dayanmışdı bu böyük boşluqda. 

Vaxtın harada itib-getdiyini bilmirdi. Hər addımında, hər sözündə məğlub olan məhz özüydü. Hər hansı bir dialoqda susduğunu, səhnədə özünü itirdiyini xatırlamırdı. Sadəcə bilirdi ki, baş rolda artıq o yox idi. Səhnənin ortasında oturan qadın onun kölgəsi kimiydi, amma eyni zamanda bambaşqa biri. Görünməz bir məsafə vardı aralarında, ən dərin uçurumlardan da dərindi bu. O qadın artıq o qadın deyildi. İllər boyu başqalarının ssenarilərində oynayan, başqalarının gözləntilərini daşıyan, özünü unudan bir qadın olmuşdu.

Güzgülər susurdu , heç bir söz demirdi artıq. Hətta onun kölgəsi belə arxaya çəkilmişdi, yavaş-yavaş yox olurdu. İllərlə sığındığı qəliblər yavaş-yavaş qırılırdı. "Sakit ol", "onları əvvəlcə düşün", "çox hiss etmə", "bir az da sus".Bu sözlər onun daxili dünyasını bıçaq kimi doğramış, ruhunu biçmişdi. İndi isə, həmin sözlərdən geriyə yalnız bir kabus qalmışdı. Həyatın ona diktə etdiyi, hiss etmədən öldürən, reallıqdan uzaq kimi görünən gerçəklər sonunu yazmışdı artıq. 

Bir zamanlar gözlərinə dolan parıltı vardı .İndi isə qorxunun, yorğunluğun kirpiklərinə dolduğu izlər kimi qalmışdı. Səsini belə unutmuşdu, sanki illərdir susmuşdu. Hər dəfə kiminsə adına cavab verəndə, öz adını itirmişdi. Dərin yuxudan hafizəsini itirərək oyanan xəstə insanlar kimiydi. İllərlə söylədiyi bütün sözlər ya başqasına aid idi, ya da başqasının istəyi üçün seçilmişdi.Sanki bir insan deyildə cansız bir heykəl kimi davranılmışdı ona... 

Amma bu son səhnədə ,artıq danışmaq məcburiyyəti yox idi. İlk dəfə susmağın necə azadlıq olduğunu duydu o anda. Tək bir kəlimə belə çıxmırdı ağzından. Buna baxmayaraq qəlbi ilə danışmağa dəvam edirdi. Sükutun axınına tutuldu, artıq ruhu azad oldu.

Bir anda ayağa qalxdı. Ayaqları səhnədə əks-səda verdi .Hər addım keçmişdən qopmuş bir parça kimi idi. Bir az qorxu, bir az qərarlılıq vardı hər addımında. İşıqlar hələ də yanmırdı, tamaşaçı yox idi. Bir anda ani alqış səsləndi  — öz içindən, öz ruhundan.

O, səhnənin tam ortasında dayandı, hər şeyi buraxdı. Əlini havaya qaldırdı, sanki görünməyən bir pərdəni araladı.Bu, artıq öncədən planlanmış bir qurma deyildi. İllərlə məhkum olduğu oyunun son mərhələsiydi.Bu, onun həqiqi səsi,  doğma nəfəsi idi. Onun öz hekayəsi, öz azadlığı idi.

Yavaşca pıçıldadı:

“Bu dəfə heç kimin deyil, yalnız özümün tamaşasındayam.”

Salon boş idi, heç kim yox idi. Amma divarlar hər bir sözü dəqiqliklə eşitdi . Sanki sükut belə bu sözləri qucaqladı.Və pərdə enmədi.Sadəcə, öz-özünə yox oldu.

Çünki bu səhnə artıq bağlanmayacaqdı. Bu səhnə onun doğulduğu yer idi. Yenidən başlamağın, yenidən var olmağın ilk pilləsiydi.Susmaq, danışmaq, itirmək, tapmaq — hamısı bu səhnədə bitib, yenidən başlayırdı.Təməli qoyulmuş yol isə sadəcə addım atacaq qədər cəsarətli bir ruh axtarırdı. 

Çünki bəzən, ən böyük azadlıq sükutda gizlənir.Və  ən dərin hekayə, səssizliklə cəsarətə toxunan ruhdan doğur.

Bu son səhnədir, amma sənin üçün yeni bir başlanğıc.... səhnə artıq onun deyildi.

Amma o da artıq ruhunun əksi deyildi.

Minlərlə üz içindən bir səs yüksəldi:

Başla!

Səhnənin arxasından tanımadığı bir uşaq səsləndi:

Başla...

Boş bir kreslodan eşidildi:

Sıra səndədir...

O, gözlərini salonun ən qaranlıq nöqtəsinə zilləmişdi. Sanki kiminsə orada olduğunu bilirdi. Kiminsə  illər əvvəl danışmaq istədiyi, amma heç vaxt səsini çıxarmayan birinin.Ayaqları yavaşca hərəkət etdi. Addım-addım o boşluğa yaxınlaşdı. Hər addımda salon daha da dərinləşir, səhnə daralır, dünya dəyişirdi. İşıqlar sönmürdü artıq  öz içində yanırdı. Və ilk dəfə nə danışacağını bilmədən dilini açdı:

Mən sussam belə, bu səhnə danışacaq.

Hər şey dayandı.

Divarlar titrədi. Tavan çökəcəkmiş kimi sarsıldı. Güzgülər cingildədi, kölgələr qaçdı. Alqış səsləri yox oldu. Təkcə ürək döyüntüsü qaldı.Sonra bir səs eşidildi. Amma kimsə deməmişdi onu.

Bu səhnə heç vaxt mövcud olmayıb...”

O dondu. Birdən yaddaşında partlayan bir xatirə onun nəfəsini kəsdi:

Uşaqlıqda bir kağız səhnə düzəltmişdi. Kartonu formaya salmışdı kiçik əlləri ilə. Kuklalarla oynayırdı. Hər obrazın bir səsi, bir taleyi vardı. Və o gün… bir səhnə partlamışdı. Evin içindəki kiçik yanğını xatırladı. Kuklalar kül olmuşdu. Anası ağlamışdı.

O isə bircə cümlə demişdi:

"Heç nə olmadı. Onlar mənim xəyalim idi."

...və illər keçmişdi. İndi isə anlayırdı:

O gündən bəri səhnə yox idi. Hər şey yalnız bir xəyal idi.

Bütün rollar, bütün ssenarilər, bütün alqışlar — onun uşaq ruhunun qorumaq üçün yaratdığı yalanlar idi. O heç vaxt səhnədə olmamışdı. O heç vaxt danışmamışdı. Hətta bu son səhnə belə sadəcə bir xatirənin içində gizlənmiş başqa bir xatirə idi.

Salondakı bütün üzlər buxarlanmağa başladı. Pərdə yox oldu. İşıqlar sönmədi — çünki heç yanmamışdı. Və o an, ruhunun dərinliyindən gələn o qorxulu, amma sakit səs dedi:

Yuxudan ayılmağa hazırsanmı?”

O gülümsədi.Gözlərini yumdu.

Bir uşağın səsi eşidildi:

Artıq heç nə oynamaq istəmirəm.”

...və səhnə partladı. Kağızdan, xatirədən, qorxudan, göz yaşından ibarət olan bütün illüziyalar bir külə çevrildi.Sonda bircə kağız parçası qaldı.

Üstündə bir cümlə yazılmışdı:


✦ “Səhnə həyat deyil. Amma bəzən həyat, səhnədən ibarət sanılır.”

Bəlkə sən də... hələ də bir səhnədəsən? 🎭

Şərhlər (10)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    20 iyun 25, 09:01

    İlk daxil olub oxuyanlardanam bu hekayəni amma musiqi onda açmırdı.İndi isə hekayəni yoxda musiqinin abu havası məni Valeh etdi.Təşəkkürlər.Çox qəşəydi🥹

  2. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    19 iyun 25, 17:16

    Musiqi çox gözəl hava qatıb. Cümlələr qəlbə toxunur. Oxuduqca özümü teatr salonunda kimi his etdim. 

  3. ramil

    @ramil

    19 iyun 25, 13:11

    Əsər tamamilə möhdəşəmdir musiqidə ayrı bir abu hava qatır )

  4. Asuela

    @Asuela

    19 iyun 25, 13:04

    vayyy.. bu hekaye meni psixoloji olaraq sarsıtdı(

    insan travmaları ile üzleşmekden qorxduğu üçün bezen xeyallara sığınır

    bu hekayede çox derin bir hiss çatdırılıb

    sonda verilen mesaj isə ürek ağrıdıcıdır🥹

  5. Fatimə Bayramova

    @Fatimə Bayramova

    19 iyun 25, 12:48

    Tək kəlimə ilə möhtəşəm. Musiqi seçimi isə əsərlə inanılmaz uyğunlaşıb. Biz özümüz də səhnədə rol almış aktyorlarıq 🙏🏻

  6. Fatima

    @Fatima

    19 iyun 25, 12:41

    Bu yazını oxuyarkən sanki bir teatr salonunda idim — amma bu dəfə səhnədə nə aktyor vardı, nə də səhnə işıqları. Səhnədə yalnız bir ruhun parçalanmış hekayəsi, illərlə susan bir qadının daxili monoloqu vardı. Yazı boyu sadəcə oxumadım, nəfəs almadım demək olar. Çünki hər bir cümlə içimə toxundu, hər səhnə öz həyatımda gördüyüm və ya yaşadığım bir hissə çevrildi.Hekayənin dili son dərəcə bədii, lakin bir o qədər də realdır. "Səhnə" metaforu o qədər ustalıqla qurulub ki, oxucu tez bir zamanda anlayır: bu, bir teatr yox, həyat səhnəsidir. Və biz — hər birimiz — bəzən öz səsimizi itirib başqalarının ssenarilərində oynamağa məcbur oluruq. Öz istəklərimizi, hisslərimizi susdurur, yalnız "rolumuzu oynayırıq".

    Xüsusilə bu cümlə məni dərin-dərin düşündürdü:

     “Bu dəfə heç kimin deyil, yalnız özümün tamaşasındayam.”

    Bu cümlədə həm üsyan var, həm azadlıq. Həm bir son, həm bir başlanğıc. İnsan bəzən ən böyük azadlığı susmaqda, heç nə deməməkdə tapır. Hətta o susqunluğun içində illərlə deyə bilmədikləri haray kimi səslənir.

    Final isə yazının zirvəsidir. Uşaqlıqda qurulan o kağız səhnənin partlaması ilə həyat illüziyalarının da bir-bir çökdüyü hissə həm simvolik, həm də metafizik bir dərinlik daşıyır. Oxucuya göstərilir ki, bəzən bütün həyatımız – uşaqlıq travmalarımızı örtmək üçün yaratdığımız illüziyalardan ibarət olur. Və gün gəlir, bütün o illüziyalar kül olur. Sadəcə bir kağız parçası qalır — və üstündə yazılmış tək bir həqiqət:

    “Səhnə həyat deyil. Amma bəzən həyat, səhnədən ibarət sanılır.”Bu cümlə yazının ruhunu əks etdirən bir fəlsəfədir. Hər bir insan öz həyatında bir dəfə də olsa bu hissi yaşayır: nə vaxtsa yaratdığı "səhnə"nin içində itir, rollar oynayır, amma nəhayət anlayır ki, bu onun deyilmiş.

    "Bəlkə sən də... hələ də bir səhnədəsən?"

    Bu sual təkcə qəhrəman üçün deyil, oxucu üçün də güzgüdür. Hər birimiz bu yazını oxuduqdan sonra öz həyatımıza, öz səhnəmizə başqa cür baxmağa başlayırıq.

    Bu hekayə yalnız oxumaq üçün deyil, hiss etmək üçündür. Ruhumuzun dərin qatlarına enir, bizi susqunluğumuzla tanış edir. Qəlbi ilə yazılmış, qəlbə toxunan nadir əsərlərdən biridir.

  7. Feride

    @Feride

    19 iyun 25, 12:40

    Bu çox içdən idi , şairi indiyə kimi o görünmüyən bizə gerçək kimi verilmiş rolların sadəcə qabığ olduğunu və heç vaxt bizim özümüz olmayacağımı yazıb ✨ , Axı meyvənin dadını qabığından yox onun içindən ,özündən , dadından tanıyırsan . Bu meyvəni yanlız sən bilirən , başqalarının qoyduğu o rollar içinə baxsan sadəcə qabıqdı sən olan o həqiqət deyil . Öz həqiqətini qoruyaraq qabığını qır onda hamı heyran olacaq və başa düşəcək ki , masqa taxıb gösdərdiyimiz o səhnəmiz içizdəki o səsin yanında kül olub , havaya qarışır 

  8. Şahbazlı

    @Şahbazlı

    19 iyun 25, 12:28

    "Bəlkə sən də hələdə bir səhnədəsən.."👏🏻

    1. Feride

      @Feride

      19 iyun 25, 12:41

      Ola bilər , səhnədən çıxmaq asan deyil ☺️

  9. Aynur Yusifova

    @Aynur Yusifova

    19 iyun 25, 05:00

    Bu yazını gecə 03:36 oxudum və rəy bölməsinə də qeyd edirəm ki bu da bir xatirə olaraq qalsın.

    Mövzuya gəldikdə hələlik çox gözəl duyğularla yazılıb deyə susuram.

    Səhnə həyat deyil...

    Səhnədə yaşanılan anlar sevinc istərsə də kədər elə o səhnədəcə yaşanar bitər.Adı üstündə səhnə və səndə bir oyuncu.Əsas məsələ səhnəarxası həyatı yaşaya bilməkdi.

    Əmim  rəhmətlik.(Rafiq Yunusov aktyor)həmişə deyərdiki səhnəni oynamaq mənim üçün o qədərdə ağır deyil.Qrim altında kədərimi gizlədər səhnədə isə gülə bilərəm.Əsas məsələ o səhnəarxasını yaşaya bilməkdi.Bu sözləri eşidən də uşaq olduğum üçün o qədərdə dərk etmirdim...

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol