Bir gün, min sınaq— Simurq

Bir gün, min sınaq— Simurq

Yaşanmış gerçəkliklərdən doğan bir hekayə

(Bəzən bir nəfəs, bütün imtahandan ağır gəlir...)


Səhər günəşi o gün pəncərəyə vuranda, oyanışım adi günlərdən fərqliydi. Saat çalırdı, yeni gün başlanırdı, amma içimdəki səssiz gərginlik sanki dərinliyimə kök salmışdı. Qəlbimə sığmayan bir duyğu vardı — tanıdıq, amma izahsız. Elə bil ruhum nəyisə hiss edir, amma ağılım o duyğunu hələ dərk edə bilmirdi. Sanki nəsə yolunda deyildi, lakin adı yox idi bu hissin. Bu, heç kimə danışa bilmədiyin, amma içində çırpınan bir sıxıntı idi — görünməz, lakin ağırlığı ilə nəfəsini alan bir sıxıntı...

İmtahan günü idi. Semestrin sonu. Aylarla davam edən dərslərin, yuxusuz gecələrin, əzbərlərin, vərəqlərə yazılan qaydaların, oxunan onlarla kitabın yekun sınağı. Bu sadəcə bir qiymət deyildi — bu, illərlə qurduğum məqsədlərin kiçik bir həlqəsi, özümə verdiyim sözün cavabı idi. Daxilimdə bir səs: “Hazırsan!” — deyirdi. Yorğun idim, amma eyni zamanda əzmli. Qorxurdum, amma özümə inamımı itirmirdim.

Çantamı yığdım. Tələbə biletimi və şəxsiyyət vəsiqəmi bir neçə dəfə yoxlayıb yerinə qoydum. Su, qələm, bir az ümid, bir az da içimdə gizlənən narahatlıq da əlavə etdim sanki. Öz-özümə dedim: “Bu dəfə hər şey qaydasında olacaq. Bu dəfə nəzarət əlimdədir.”

Ancaq həyatında baş verəcək hadisələrin gedişatı bəzən sənin planladığın kimi olmur...

Metroya daxil olanda içimdəki gərginlik daha da artdı. Nəfəsim daraldı, ürəyimgöynəyirmiş kimi sıxıldı. Sanki metro təkcə insanlarla yox, mənim kimi titrəyən ruhlarla dolu idi. Addımlarım sabit olsa da, içimdə addım atmağa gücü qalmayan bir başqa mən vardı. Hər stansiya keçdikcə sanki ürəyim daha sürətlə döyünür, boğazımda quruluq artırdı. Əllərimə soyuq tər hopmuşdu. Düşüncələrim qarışmışdı. Özümü sakitləşdirməyə çalışdıqca, daha da dərinə batırdım. O anlar insanın öz bədəni ilə içində apardığı mübarizənin ən real nümunəsi idi.

Nəhayət, universitetin qapısından içəri keçdim və gözlənilməz bir sarsıntı ilə qarşılaşdım.

Tələbə biletim yox idi.

Çantamın hər hissəsini yoxladım. Əllərim çarəsizlik içində əsir, gözlərim bəlkə bir möcüzə baş verər ümidi ilə dərinliyə baxırdı. Amma yox idi. Deyəsən, mənim üçün zaman həmin an dayandı. Bütün zəhmətimin bir sənədin yoxluğu ilə puç ola biləcəyi fikri sinəmi sıxdı. İçimdə qopan fırtına bir anda hər şeyi dağıtdı: inamı, səbirli gözləntiləri, sakit düşüncəni... Qorxu, təşviş və çaşqınlıq — hər biri eyni anda hücum çəkmişdi.

O anda bir oğlan uzaqdan yaxınlaşdı, halımı gördü və sakitcə dedi:

Tələbə biletinizi tapmışdım, dekanlığa təhvil verdim. Oradan götürə bilərsiniz. Narahat olmayın.

O, “siz” deyərək danışdı və bu, qəribə bir sakitlik gətirdi. Lakin daxilimdəki panika tam dayanmadı. Hələ də ürəyimdə o “girdə qara boşluq” vardı. Hələ də beynim imtahana gecikmək ehtimalını qurur, qorxu ssenarilərini oynayırdı. Günlərlə çəkilmiş zəhmətin bir neçə dəqiqəyə məğlub olması düşüncəsi sarsıdıcı idi.Bədənim özümə tabe deyildi. Əllərim öz istəyi ilə titrəyir, dizlərim taqətsiz idi. Nəfəs almaq belə zəhmət tələb edirdi. Hər addımda sanki vücudumun da, ruhumun da yükü artırdı. Amma dayanmırdım. Çünki bu sadəcə imtahan deyildi. Bu, həyatda ilk dəfə “tam sınandığım” gündü.

Zala daxil oldum. Addımlarım yavaş, nəfəsim qısaydı. Gözlərim ətrafı dumanlı görürdü. Hər şey donmuşdu. Qəlbimdə qəribə bir fırtına vardı — səssiz, amma güclü. Ekranda ilk sual göründü. Kompüterin siçanını əlimə aldım və o anda barmaqlarım titrəməyə başladı. Sanki beynimin içindəki bütün qorxular əlimin titrəyişində cəmlənmişdi...

Ancaq... o titrək əllə yazdığım ilk cavab məni dəyişdirdi. Bütün həyatım gözümün önündən keçdi: yata bilmədiyim gecələr, tək-tənha hazırlaşdığım günlər, göz yaşlarımı içinə çəkdiyim səhifələr... Və içimdə bir alov yandı. Qorxu, səssizcə yerini əzmkarlığa verdi.

Cavablarımın düzgün olub-olmaması vacib deyildi artıq. Vacib olan, imtahandan yox, özümə qarşı apardığım döyüşdən qalib çıxmağımdı. 

İmtahan bitdi. Zal boşaldı. İnsanlar çıxdı. Mən isə bir neçə dəqiqə yerimdə oturub nəfəs aldım. Qalib bir nəfəs.Bədənim hələ də titrəyirdi. Amma bu dəfə qorxudan yox.Bu dəfə o titrək vücudun içində gizlənən böyük bir ruh vardı — sınmış, sarsılmış, amma ayaqda qalmışdı.O gün mən yalnız bir testdən keçmədim. Həm də qorxudan, xaosdan, çaşqınlıqdan və panikadan keçdim. Və sonda qaranlığın içində öz işığımı tapdım.

Həyat mənə min sınaq gətirə bilər. Amma mən artıq bir sınaqdan yox, bir doğuluşdan keçmişdim.


Bəzən bir sənəd yox olur, amma sən özünü tapırsan.

Bəzən əllərin titrəyir, amma qəlbin möhkəmlənir.

Bəzən nəfəsin çatmır, amma səsin içində ucalır.

Çünki bəzən — bir nəfəs, bütün imtahandan ağır gəlir.



Şərhlər (8)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    01 avqust 25, 09:41

    İmtahan yalnız xarici bir sınaq deyil, eyni zamanda daxildə yaşanan qorxu və panikanın üstündən gəlməkdir. Titrəyən bədənə baxmayaraq, ruhun sarsılmadığını və əksinə, möhkəmləndiyini vurğulayır. Yazı həm də onu göstərir ki, həyatdakı ən böyük qalibiyyətlər xarici hadisələrdə deyil, insanın özünü tapmasında, içindəki işığı kəşf etməsindədir. 

    Uğurlar, maraqlı idi 🤍

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 10:38

      İmtahanın sarsıntısı bəzən səssiz olur, ürəyin dərinliyində keçir. Hər titrək an, ruhun sınmaması üçün atılan bir addımdır. Həyatın ən böyük mübarizəsi, xarici sınaqlardan çox, içimizdə baş verir . Öz qorxularımızla, şübhələrimizlə üz-üzə.O işığı kəşf etmək, sükutla nəfəs almaq, yenidən dirçəlməkdir. Bu, sanki qaranlıqda yanan  itirməməli olduğumuz kiçik bir alovdur. Bəzən ən böyük qalibiyyətlər səssiz olur. Görünməz, amma qəlbimizdə dərin izlər buraxan... Xoş fikir və cavabınız üçün minnətdaram 💫

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    29 iyun 25, 00:37

    Sizin haqqınızdı biz sizə borcluyuq 

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 10:39

      Belə deməyin, qarşılıqlı bir yolumuz var. Sözlərinizə, baxışınıza görə təşəkkür edirəm✨.

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    20 iyun 25, 08:54

    Bu sayta hər daxil olanda sizin bizlərlə nə bölüşdüyünüzü nə yazacağınızı gözlərim elə axtarır ki...Yazdığınız mövzular mənə elə toxunur ki,özümdən aslı olmayaraq göz yaşlarım süzülüb gedir.Bunu etmək üçün hər hekayənizdə bir bəhanə tapıram.Hansısa bir sözünüz,cümləniz yetərli olur.

    Bir tələbənin imtahanda yaşaya biləcəyi duyğuları elə dərin düşüncələrlə oxucuya çatdırmısız ki əhsən deyirəm.Ürəkdən alqışlayıram👏👏💫✨

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 10:42

      Sizin kimi oxucular olduqca yazmaq mənim üçün həm vəzifə, həm də sükutda daxili dünyamı paylaşmaqdır. Hər sözün ürəyinizdə iz buraxması yazının ən böyük məğzi budur. Duyğularınızı hiss edib paylaşmanız isə mənə ilham verir.İmtahanların iç dünyasını dərinliklərində hiss etdiyinizi oxumaq  ən böyük mükafatdır. Təşəkkür edirəm✨💫

  4. Fatimə Bayramova

    @Fatimə Bayramova

    19 iyun 25, 22:52

    Siz daha çoxunu həqq eləyirsiniz. Qələminizə qüvvət. Əlinizdə heç vaxt düşməsin. Uğurlar 🙏🏻🫠

    Bir də ki,bu hekayə mənə nədənsə "Şərikli çörək" filmində öz kartını itirən baş qəhrəman-ı xatırlatdı

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 10:44

      Düşüncəniz hekayənin sükutunda yeni bir səs açdı. Qələmin gücü, bəlkə də, belə baxışlarda gizlidir.“Şərikli çörək”dən gətirdiyiniz xatirə, yazıya başqa bir pəncərə açdı. Paylaşdığınız üçün təşəkkür edirəm💫

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol