Yuxuda Qalan Yelləncək — Simurq

Yuxuda Qalan Yelləncək — Simurq

Hər yelləncək yalnızca fırlanmır...

(Bəziləri ətrafında dövr edən xatirələri, buraxılmış əlləri, deyilməmiş sözləri, cavabsız sualları da özüylə aparır.Və bəzən... o yelləncək xəbərsizcə məhz sən özün olursan. Bəzən sənin içində fırlanan bir vicdandır, amma sən onun nə vaxt dayanacağını hesaba qatmırsan..) 

Gecə işıqları şəhərə yayılmış, sanki ulduzlar yerə enmişdi.Bütün parıltıların, bütün səslərin, bütün gülüşlərin içində bir susqunluq var idi.Bu susqunluq elə bir səssizlik idi ki, insanın içini oyur, yandırır, danışmadan qışqırırdı.Və heç kim fərqində deyildi.Oğlan lunaparkın ortasında dayanmışdı.

Ətrafı dövr edən qəhqəhələr, şirin qoxular, parlayan gözlər onun üçün sadəcə dekor idi.

O, heç kimə bənzəmirdi.

O, bir qərarın kölgəsində yaşayırdı – illərdir dəyişməyən, hər gecə eyni yuxuda boğulan bir qərarın...Yanında bir qız dayanmışdı. Qızın gülümsəməsi günəş işığına bənzəyirdi,amma içində gizlədiyi kölgə heç də az deyildi.Elə bil onun özü də bir sirr daşıyırdı. Həm tanış, həm yad idi...

– “Gəl, yelləncəyə minək.”

– “Yox... Mənlik deyil.”

– “Əslində... səninlikdi. Sadəcə içindəki qorxunu yelləmək istəmirsən.”

Bu sözlər... yad deyildi.O, bu cümlələri hardasa eşitmişdi.Bəlkə də... bir vaxtlar özü deyib, sonra unutmuşdu.Amma yaddaş heç nəyi unutmur. Sadəcə susur.Lazım olan anda isə qışqırmağa başlayır.

Yelləncəyə mindilər. Kəmərlər bağlandı. Barmaqları metalın soyuqluğunda titrədi.Yavaş-yavaş havaya qalxdılar. Sükut da onlarla birgə yüksəldi.Aşağıda şəhər kiçilir, insanlar ləkəyə çevrilirdi.Yuxarıda isə hər şey daha aydın, daha yaxın və daha sərt görünürdü.

– “Yüksəklikdən qorxursan?” – soruşdu qız.

– “Qərarlardan...” dedi oğlan. “Ən çox... öz verdiyim qərarlardan qorxuram.”

Bu cümlə onu silkələdi.

Çünki bütün həyatını verə bilmədiyi bir qərarın altında keçirmişdi.Və bu qərar bir dəfəlik deyildi ,hər gün onu təkrarlamışdı.Hava soyudu. Rüzgar saçları yelləyirdi.Fırlanma artdıqca, xatirələr də ona uyğunlaşmağa başladı.Gözünün qabağında bir səhnə canlandı :

(Uşaqlıq.Bir yelləncək.Yanında əlini sıx tutan bir dost.Qorxma deyən,inan deyən.Və o... qorxmuşdu.Əlini buraxmışdı.Sonra isə o əl bir daha geri dönməmişdi.) 

– “Səni bağışladım.” dedi qız.

Səsi güclü, amma ilıq idi.Oğlan dondu. Qanı beyninə sıçradı. Sinəsində nəsə qırıldı.

– “Nəyə görə?”

– “O günü... o buraxdığın əli. Özünü içində neçə dəfə cəzalandırdın?”

– “Sən... sən bunu necə bilirsən?”

Qız susdu. Sonra yavaşca gülümsədi.O gülümsəmənin içində tanış bir baxış, unudulmuş bir söz, itirilmiş bir insan vardı.

“Çünki mən  idim. Buraxdığın amma xatırlamadığın o əl mən idim.. "

Oğlan nəfəsini çəkdi. Dodaqları titrədi. Bədəni sanki yelləncəklə birgə fırlanırdı.İndi o, sadəcə hündürlükdə deyil... vicdanında fırlanırdı.

Qarşısında bir məhkəmə vardı.

Hakim özü idi.

Məhkum özü idi.

Cəza... susqunluq idi.

“Sən... bəs indi niyə burdasan?”

– “Səni geri qaytarmaq üçün.”

– “Bəs mümkündürmü?”

– “Keçmiş geri dönməz. Amma sən dəyişə bilərsən.”

Bu cümlə onu sarsıtdı. Bəlkə də illərdir gözlədiyi bağışlanma sadəcə bu qədər sadə idi.

Heç kim deməzdi.

Amma o dedi.

Oğlan ağladı. Səsli yox, içində.

Gözlərini yumdu. Əllərini titrədərək tutdu.

Yelləncək endi.

Gözlərini açanda qız yox idi.

Sanki heç olmamışdı.

Oturacaq boş idi. Hər şey əvvəlki kimi idi, amma... o artıq heç nəyin əvvəlki kimi olmayacağını bilirdi. 

Ayağa qalxdı. Yavaşca addımladı. Sükutun içindən keçdi.

Qarşısına bir kağız gəldi. Qopub yelləncəkdən düşmüşdü.

Kağızda bir cümlə yazılmışdı:

“Hər kəs bir gün buraxdığı əlin geri dönməyəcəyini anlayar. O zaman ya yelləncəkdən düşər, ya da sonsuzadək fırlanmağa məhkum qalar.”

Səhəri gün xəbər portallarında belə bir başlıq yayıldı:

 “Lunaparkda tək yelləncəyə minən gənc huşsuz vəziyyətdə tapılıb. Yanındakı oturacaq boş olub. Kamera görüntülərinə əsasən, onunla birgə heç kim minməyib.”

Altında isə bir şahid şərhi var idi:

 “Oğlum dedi ki, ‘ana, o dayının yanında qırmızı kapüşonlu biri vardı.’ Amma mən heç kimi görmədim.”

Bəs səncə sən kiminlə yelləncəyə minmisən?

Bəlkə də çoxdan unudulmuş birinin ruhu hələ də vicdanının oturacağında oturub...

səni dinləyir.

Səni gözləyir.

Və sən hələ də fırlanırsan...


Şərhlər (10)

  1. ramil

    @ramil

    01 avqust 25, 23:48

    Həqiqətən də təsirləndirici hekayəydi. Hekayənin sonunda bu cümlələr yer alırdı:

    “Lunaparkda tək yelləncəyə minən gənc huşsuz vəziyyətdə tapılıb. Yanındakı oturacaq boş olub. Kamera görüntülərinə əsasən, onunla birgə heç kim minməyib.”

    Altında isə bir şahid şərhi var idi:

    “Oğlum dedi ki, ‘ana, o dayının yanında qırmızı kapüşonlu biri vardı.’ Amma mən heç kimi görmədim.”

    Bu hissədə dərimin necə bim-biz olduğuna şahid oldum...

    Hekayədə susmayan vicdanın, keçmişdə baş vermiş yaxşı və ya pis xatirələrin hələ də insanların yaxasını buraxmadığı açıq-aşkar təsvir edilib.

    Ancaq unutmamalıyıq ki, həyatımız da bizim yazdığımız kiçik hekayələr kimidir.

    Hər hekayədə kiçik səhvlər edirik. Əsas olan odur ki, o səhvi görüb, ikinci hekayədə təkrarlamayaq...

    Nə qədər səhv etsək də, başımızın ucalığı — o səhvi başa düşüb, gələcək həyatımıza doğru hərəkət etməkdir.

    Uğurlar! 🌟

    1. SİMURQ

      @SİMURQ

      02 avqust 25, 10:47

      Bəzən bir cümlə, bir səssizlik və ya görünməyən bir varlıq keçmişin bizə necə yaxın dayandığını xatırladır. Vicdanın səsi heç vaxt tam susmur ,sadəcə bizi ən gözlənilməz anda çağırır. Sizin sözləriniz də göstərir ki, hər səhv bir xəbərdarlıq, hər keçmiş iz bir dərsdir.Həyat doğrudan da hekayələr toplusudur və siz onu oxumaqla kifayətlənmirsiniz ,onu anlamağı seçirsiniz.Təşəkkür edirəm bu dərin düşüncəyə səs verdiyiniz üçün✨. 

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    01 avqust 25, 13:34

    Bu hekayə keçmişin yükü ilə necə yaşamağın, içimizdəki qorxu və vicdanla üzləşməyin çox incə təsviridir. Yelləncək yalnız əyləncə deyil, ruhumuzun da fırlanan hissələrini daşıyır. Mən də anlayıram ki, keçmişdən qaçmaq yox, onu qəbul edib irəliyə addımlamaq lazımdır.

    Uğurlar, maraqlı idi 🤍

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 13:58

      Keçmiş bəzən içimizdə susur, bəzən isə yelləncək kimi içimizdə gah geriyə, gah irəliyə hərəkət edir. Onunla üzləşmək  qorxudan çox, azadlığa doğru bir addımdır. Sizin bu baxışınız hekayənin sakitcə toxunduğu yerə işarə edir.Fikirlərinizi paylaşdığınız üçün təşəkkür edirəm💫

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 23:20

    Keçmiş unudulmur hər zaman yanındadı həmən adam sənlə olmasada xatirələri sənlədi .. bir əli tutmaəa cəsarətin yoxdusa tutma tutursansa buraxma. 

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 13:59

      Keçmiş, doğrudan da, getməz  sadəcə səssizcə yanımızda qalar, bəzən bir baxışda, bəzən bir sükutda xatırlanır. Bir əli tutmaq məsuliyyətdir… tutmaq cəsarət istəyir, buraxmaq isə iz buraxır. Sözləriniz dərin bir həqiqəti xatırladır.Paylaşdığınız üçün təşəkkür edirəm✨

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    25 iyun 25, 17:38

    Keçmiş geri dönməz. Amma sən dəyişə bilərsən

    Bəzən keçmişin dönməsini istəyərəm.İstəyibdə edə bilmədiklərim üçün.Amma bu mümkünsüzdü çox yaxşı anlayır və dərk edirəm.Dəyişməyə gəlincə təbii ki bu insanın öz əlində və iradə gücündədir.Nə qədər dəyişsən də bəzən yelləncəkdə tək qalınca keçmişin izləri səni orda tapar və sənlə fırlanar...

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 14:00

      Keçmişin dönməyəcəyini bilmək onu unutmaq deyil , sadəcə onunla barışmaqdır. Dəyişmək isə, dediyiniz kimi, öz əlimizdədir, amma bəzi izlər var ki, zamanla silinmir, sadəcə susur. Yelləncəkdə tək qaldığınız anlarda o izlər yenidən nəfəs alır və səssizcə yanınıza oturur.Paylaşdığınız bu hiss, o səssiz fırlanmanın səmimi bir əks-sədasıdır.Təşəkkür edirəm💫✨

  5. Spiritus

    @Spiritus

    24 iyun 25, 14:57

    Bəzən keçmişin izləri yaxamızı buraxmır, eyniylə o qırmızı kapşonlu qız kimi, hər addımda bəzi səhvlərimiz qarabaqara izləyir bizi, ta ki, özümüz özümüzü bağışlayana qədər. Bu bəlkədə dünyada ən çətin şeydi amma çətin qərarları yalnız güclü iradələr verə bilir

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 14:03

      Bəzən keçmişdən qaçmaq olmur, çünki o, bizim içimizdə susmuş, amma tam unudulmamış bir səsdir. Özünü bağışlamaq isə elə həmin səsi sakitcə dinləmək və daha onu gizlətməməkdir. Siz o mərhələyə çatdığınızı anlayırsınız və bu, iradənin ən səssiz, amma ən güclü təzahürüdür.Fikirlərinizi paylaşdığınız üçün təşəkkür edirəm✨. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol