Bu günün qeyri-adi olacağını lap əvvəldən hiss etmişdim; yaşayacağım hadisələri təxmin etdiyimə görə yox, havanın — bir quşun yerdə ən sevdiyi yemi görsə belə kölgəlik tapmayınca qonmayacağı qədər — dözülməz istisinə görə. Bütün günü evdə, kondisionerin altında keçirməyi planlayırdım. Əslində bir az elə də oldu; ikindi vaxtına qədər kondisioner soyuq havasını düz ağzımın içinə üfürürdü, lakin qəfil gəlib diksinməyimə səbəb olan zəng tez-tələsik bayıra, ordan da avtobusa atılmağıma bais oldu. Sizə nə zəngdən, nə də zəngdəki məsələnin axırından danışacağam, çünki zəng də, həmən məsələ də danışacağım hadisələrin yanında əhəmiyyətini itirir.
Axşama qədər avtobusda gah yatdım, gah fikirlərə daldım, axırda da təkmərtəbəli bir moteli, yanındakı mağaza, yanacaq doldurma məntəqəsi və bir neçə evi nəzərə almasaq issız bir yerdə düşdüm. Axşamayaxın hava sərinləşməyə başlamış, amma qaranlıq düşməmişdi; buna rəğmən bayaq ən sevdiyi yemdən olan quşlar artıq yerə enə bilirdilər. Mənim avtobusdan enməyimin səbəbi isə yolun davamında başqa motelin olmamağı idi, odur ki, gecəni burda keçirməli idim. Bu issız bölgədə görülməli bir yer olmadığından vaxt itirməyib bir gecəlik motel otağı götürdüm. Bölgəyə uyğun şəkildə çox köhnə və baxımsız görünən motel birmərtəbəli olmağına baxmayaraq olduqca uzun idi; on beşə yaxın yanbayan otağı var idi.
Mən kiçik çamadanımla birlikdə beşinci otağa yerləşdim. Qonşum, yəni altıncı otaqda qalan əyyaş düz mənim otağımın yanına — qeyd edim ki, ümumiyyətlə qapılar bir-birinə çox yaxın, otaqlar da sıx idi — plastmas ayaqları hər an qırılacaqmış kimi görünən əyri stul qoyub oturmuşdu. Başının üst hissəsinin ağ qalmağı üzünü örtərək mürgülədiyi cırıq-cırıq olan göy kepkanı gün boyu başından çıxarmadığının, eyni şəkildə saralmış maykasından gələn içki iyi ilə əlindəki içki şüşəsi də əyyaşlığının göstəricisi idi. Buna baxmayaraq, təəccüblü şəkildə saqqalı seyrək idi. Digər heyrətləndirici şey isə qucağında yatan xoruz idi. Bir müddət nəzərə çarpacaq qədər sısqa olan içki düşkününü müşahidə etdikdən sonra içəri keçəndə:
— Salam, — dedim əyyaşa bilaixtiyar. Lakin gözlədiyimdən fərqli olaraq üzündəki kepkanı hövlnak başına taxaraq:
— Əleyki Salam, bacıoğlu, — deyə göy köynəyinin döş cibindəki əzik-üzük qutuda qalan son siqareti dodaqları arasına yerləşdirib kibritlə bir təhər yandıraraq xırıltılı, amma sakit səsi ilə cavabladı. Əlindəki üzərində xətlər və bir sıra yazılar olan, olduqca köhnə olduğu görünən piramida döyməsinin fərqinə indi vardım. — Burda qalacaqsan?
— Yox-yox, bir gecəlik qonşunuz olacağam, sabah günorta yola çıxacağam, — avtobusda saatlarla səyahətdən sonra əyyaş belə olsa kiminləsə söhbət etmək istədiyimi anlayıb çamadanımı yerə qoyaraq dilləndim.
— Adım Qabildir, görürsən, yazıq, əyyaşın biriyəm, evim-eşiyim yoxdur. Bu motel də bir qohumundu, otaqlardan birin verib ki, yaşayım, — siqaretdən bir qullab, içkidən də bir qurtum alıb əlavə etdi, — bu da yaşamaqdı ki?! Yeddinci otaqdakı dılğır qoyur ki, yaşayaq?! Başında çatmır, o qədər içki içir ki, başı gedib. Mən də içirəm də; adam içər ey, o qədər də yox da da.
Bu vaxt Qabilin qonşu otağından — yeddinci otaqdan yekəpər, qarnı az qala burnuna dəyən, elə özü kimi əyyaş bir kişi çıxıb var-gücü ilə qışqıra-qışqıra:
— Ay xiyar, — dedi uzun dırnaqları az qala Qabilin gözünə girənə qədər yaxın gələrək. Amma Qabil ardını gətirməyə qoymayıb dilləndi:
— Xiyar sənin atan idi ki, hər gün mədəsinə on iki bakal pivə ötürməsə, gecə yuxuya gedə bilmirdi, — aranın qızışmağından istifadə edib ağ qapını ehtiyatla açaraq xəlvət içəri girdim.
Bu bapbalaca: bir yataq, stol-stul, tualet və xırda soyuducudan ibarət otaqda qəribə iylə yanaşı nəmişlik də hiss olunurdu. Çamadanı yatağın qırağına qoyub stula yanaşdım, çünki üstündə bənövşəyi, üzərində sarı çiçəklər və kiçik, qəhvəyi nöqtələr olan matruşka dəymişdi gözümə. Götürüb açmağa başladım, lakin ikincini də açandan sonra davam edə bilmədim; qalanları qırıq-qırıq, hətta deyərdim, iri toz halında idilər. Stolda bununla yanaşı su dolu stəkan var idi. Qeyri-iradi olaraq stəkanı burnuma aparmışdım ki, əlimdən sürüşüb stola düşdü; su taxta stolun "göyərtəsindəki" çatlaqların arasına dolub rəqs edə-edə "göyərtə" boyu axaraq "bortdan"* süzülüb nəm zəmində öz kefində olan sərgərdanın — qarışqanın başına sakit-sakit, şəlalətək töküldü. Heç qarışqanın ölümü də səs-küylü olmamışdı. Göydən dünyaya nəinki bir daş, elə bircə damla su da düşsəydi, həmən yetim sərgərdanın təpəsinə rast gələrdi. Amma taxta yerdə həyatını itirən qarışqanın ölümü məni sadəcə bir neçə saniyəlik maraqlandırmış, ardınca çamadanımdan gecə köynəyimi çıxarıb yatağıma uzanmışdım. Qarışqanın ölümünün, görəsən, niyə mənə təsiri olmamışdı? Həmən vaxt olmasa da, sonralar bu barədə çox düşünüb hər şeyin canlının həcmi ilə əlaqəli olduğu qənaətinə gəldim. Yəni nə qədər kiçik olsa, o qədər az vecimizə alırıq.
Mürgüləməyə başlamamış əyyaş qonşumun evindən qulaqbatırıcı drel səsi gəlməyə başladı. Əvvəl otaqdakı bərbad iyə baxmayaraq yorğunluğumu nəzərə alanda rahatlıqla yuxuya gedəcəyimi düşünürdüm, lakin bu dözülməz səs yerimdə qıvranaraq mümkün qədər gec yatmağıma səbəb oldu.
***
Gecə yenə həmən drelin səsinə görə ayıldım; elə bil daha da şiddətlənmişdi. Bircə sol tərəfdəki pəncərədən vuran ay işığı otağı azacıq aydınladırdı. Drelin səsi isə get-gedə artmaqda idi. Artıq dözə bilməyib Qabilə demək üçün ayağa duranda səs o qədər artdı ki, elə bil yatağın altından gəlirdi. Sonra birdən-birə kəsildi. Mən də yatağımda dikəlib öndəki divara nəzər yetirəndə ordakı bir deşikdən sarı işığın içəri süzüldüyünü gördüm. Ardınca bir tappıltı gəldi və işığın önü digər tərəfdən kəsildi. Yenidən yerimə uzandım, nəhayət səs-küysüz, rahat yata biləcəyimə sevinirdim, lakin içimə elə bil bir qurd düşdü; bilmirəm niyə. Yenidən sıx yatağımda dikəldim və deşiyin olduğu hissəyə fikrimi cəmlədim… Orda bir göz var idi, mənə zillənən, domba göz. Hövlnak yataqdan yerə atladım və deşiyə tərəf getdim, ancaq nə qədər tələsdimsə də, mən çatanadək göz yoxa çıxdı. Sözsüz ki, Qabilin gözü idi, amma niyə? Hallüsinasiya idi, yoxsa qarabasma? Bəs səslər? Bu sualların müşahidəsilə özüm drellə açılmış deşiyə yaxınlaşıb içəri baxmaq üçün istidən qızarmış yanağımı divara sıxdım. Qabilin otağı da mənimkindən fərqlənmirdi; əvvəl gözümə stol və üzərindəki güldana qoyulan solmuş inciçiçəyi sataşdı, ardınca yataq və yatan Qabil. Bilmədim nə edim. Gözümə göründüyü qənaətinə gəlib çamadanda gətirdiyim, anamın hədiyyəsi olan kiçik bir dəsmalı deşiyə tıxayaraq yatağa yollandım. Kaş həmən qulaqbatırıcı drel səsi davam edər, ancaq bu hadisə baş verməzdi. Elə bil içim burulur, yumulu gözümə nələrsə görünürdü. Niyəsə yatağın çox kiçik, sıx, həm də hündür olduğunu düşünməyə başladım. Hər an ordan yıxılacaqmış kimi hiss edir, qorxurdum. Yatağın ortasında büzüşdüm, əllərimi qarnıma sıxdım. Bir az sonra isə otağın da daraldığını sezdim, sanki məni sıxaraq öldürmək üçün əlbir olmuş stol, stullar və divarlar yavaş-yavaş yaxınlaşır, nəhs planlarını həyata keçirmək üçün alışıb yanırdılar. Matruşka da plana daxil idi, üzü deformasiyaya uğramış, özü böyümüş, hətta elə bil canlanmışdı.
***
Gecə baş verənlərin qəribəliyi səhər məni onların yuxudan ibarət olduğunu düşünməyə vadar etdi. Lakin deşik yerində idi. Artıq bu otaqdan qorxsam, ən tez zamanda çıxıb getmək istəsəm də, dostum gələnə qədər gözləmək məcburiyyətində idim. Bu gün bu moteldə görüşüb birlikdə getmək üçün razılaşmışıq. Odur ki, çölə çıxıb başımı qatmaq qərarına gəldim. Qabil ilk gələndə gördüyüm vəziyyətdə idi; plastmas stulda, əlində içki şüşəsi, üzündə kepka, yerdə — yanında isə anteni az qala iki metr yuxarı qaldırılmış, mahnı oxuyan radio:
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Qoy mən tox olum, özgələr ilə nədir karım?
Qoy mən tox olum, özgələr ilə nədir karım?
Dünyavü cahan ac olur olsun, nə işim var?
Dünyavü cahan ac olur olsun, nə işim var?
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın.
Yatmışları razı deyiləm kimsə oyatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın.
Mən salim olum, cümlə cahan batsa da, batsın,
Mən salim olum, cümlə cahan batsa da, batsın.**
Xoruz isə bu dəfə qucağında deyil, bir az aralıda — ağacın altında sərilmişdi. Ən sonda da Qabilin mavi rəngli şəpiyinin üzərindən keçərək gedən qarışqa sürüsü gözümə sataşdı.
— Qabil, — deyə qorxutmamağa çalışaraq pıçıldadım.
— O! Sabahın xeyir, bir gecəlik qonşu, nə var nə yox? — dedi şadyanalıqla və cavablamağa imkan verməyib əlavə etdi, — evimin içi sənə belə maraqlıdırsa, — deyə ayağa durub qapını əliylə göstərdi, — buyur, keç, bax. Amma deşikdən gizlin-gizlin baxmaq yaxşı hərəkət deyil. Heç olmasa dəsmalı yerinə qoyardın, səhər xəbərim olmazdı, — aranı sakitləşdirmək məqsədilə olduğu kəskin şəkildə hiss olunan süni gülüşünün ardınca yerinə oturdu.
— Deşik həmişə orda idi? — Təəccübdən gözlərim bərəlmişdi; bilmirdim nə deyim.
— Əlbəttə orda idi, nə dəxli var?
Əslində bunları ona mən deməliydim, ancaq qabaqdangəlmişlik elədi. Artıq danışmağa da qorxur, sözləri diqqətlə seçirdim. Sonralar bütün qorxumun dəli olaraq damğalanmaqdan ibarət olduğunu başa düşdüm. Bəlkə, həqiqətən dəli idim; gözümə görünmüşdü?
— Bu gün 1 May Beynəlxalq Əmək günüdür, bütün əməkçiləri təbrik edirik! — dedi bir qadın radiodakı mahnı kəsilən kimi.
— Əh, bu nə nağıl danışır ey, ə?! İşçinin də, işverənin də üzünə nəhlət! — deyə başlayan yeni verilişi eşidən Qabil radionun antenasından tutub vızıldatdı bir qırağa. Xoruzun başına düşməsin, hürkütməsin deyə xüsusi çaba sərf etmişdi, hətta əlini xoruza uzadaraq: — qorxma. — dedi.
Ya bu özü başdanxarabdır, ya da məni gic yerinə qoyub.
Qabil birdən ayağa qalxdı. Şalvarının arxa cibindən əzilmiş kağıza bükük tütünü çıxarıb ağzına qoydu. Digər cibindən kibrit qutusunu çıxardısa da, boş olduğunu görüb tütünlə birlikdə kənara tulladı. Qalxdığı yerdə qarışqa sürüsü pərən-pərən düşmüşdü, üstəlik bir xeyli qarışqa ölüsü var idi. Çox güman, mürgüləyərkən ayağını ora-bura tərpədəndə xəbəri olmadan öldürmüşdü onları. Görəsən, xəbər tutsaydı, kədərlənərdimi ki?
— Hə, bacıoğlu, nə vaxt getmək fikrindəsən? Yoxsa bu gün də evimi güdmək keçir ürəyindən? — bunu deyib arıq, amma uzun barmaqları ilə stulunun digər tərəfində yerə qoyduğu bıçağı götürdü. Düzü, qorxdum, hətta bir addım geri çəkildim, amma,— ə, qorxma e, ə! Səni kəsmirəm, — deyə yenə süni bir qəhqəhə çəkib köks ötürməyimə səbəb olaraq xoruza tərəf getdiyini görəndə əsl niyyətini anladım.
— O biriləri kəsə-kəsə gəldim, amma bunu axıra saxlamışdım. Çünki… — fikirə getdi Qabil. Bir müddət xoruza baxaraq düşünəndən sonra titrək səsi ilə pəsdən dedi: — Çünki onu çox istəyirəm.
Xoruz özü rahat yerindən durub Qabilə tərəf getdi. Qabil sürətli davranırdı; xoruzu qucağına aldı və heç əzizləmədən bıçağı boynuna sıxıb gözlədi.
— Qabil, — dedim, — bəlkə, kəsməyəs…
— Nə deyirsən? — deyə sözümü kəsdi. Əslində özüm-öz sözümü kəsmişdim. Fikrimdən daşınmışdım, heç nə deməyəcəkdim. Əlimi yelləyib bir müddət xoruzu izlədim: bıçaq boğazına girəndə belə tərpəşmədi, elə bil xoruz da başa düşürdü işçini.
Heyvana yazığım gəldi, baxmadım, içəri girdim.
Həqiqətən də dəsmal deşikdən çıxarılaraq bir tərəfə atılmışdı. Gecə mənə dar görünən normal yatağa uzandım. Əllərimi başımın arxasında birləşdirib düşünməyə başladım. Boğazım düyünlənmişdi. Çox düşündüm, dəqiqələr, ardınca, bəlkə, saatlar keçdi; bilmirəm.
Axır dostum gəlib çatdı. Dalğalı, uzun saçları özündən qabaq girdi otağa, dalınca da ağappaq bənizini — yox, əslində dərisi bu qədər solğun deyildi, çaşqın, donuq üz ifadəsi də normal olmayan nəyinsə əlaməti idi — və rəngbərəng libasını gördüm. Təngnəfəs halda:
— H-hamlet, — kəkələyərək adımı hayqırıb, — tez bura gəl, — deyə bayıra çıxdı, mən də düşünmədən yerimdən atlayıb arxasınca getdim. Qabil həyətdə deyildi, onun yerinə ağacın altında xoruzun kəsilmiş, tənha başı və onu didişdirən bir qarğa var idi.
Dostum Qabilin otağını işarə edib mənə yol verdi. Otağın ortasında yerə stul qoyulmuş, tavandan da qalın bir kəndir asılmışdı. Artıq mənə tanış olan arıq, uzun barmaqlara sahib əl kəndirdən yapışıb onu sısqa bədənin cılız boğazına keçirməyə hazırlaşırdı. İri addımlarla yaxın gəlib var gücümlə ətsiz biləyi tutdum; bəlkə də, bir az da sıxmağa qüvvətim olsaydı, sümükləri qırılardı.
— Qabil! Neynirsən?! — kəndiri də boynundan dartıb çıxardım.
— Görmürsən bəyəm?! — məzlum-məzlum baxan gözlərini mənə zilləyərək məyus bir səslə soruşdu.
— Nolub? Niyə?
— Xoruzum öldü…
— Axı onu, — qeyri-ixtiyari qapıdan çölə baxdım, — özün öldürdün.
— Acından ölməliydim?! Mən bacardığımı elədim! — artıq səsi yüksəlmiş, baxışları da kəskinləşmişdi. — Ac qaldım! — tükləri biz-biz olmuş cılız qolları ilə üzünü örtüb hönkürtü ilə ağlamağa başladı. — O yaşasın deyə günlərlə ac qaldım, — göz yaşlarınızı sildi, anidən sakitləşdi və əlavə etdi, — əvvəl o biriləri kəsdim, onu axıra saxladım… Ümidim var idi çünki. Amma xoruzla bir yerdə o da öldü. İndi onunla bir yerdə mən də ölməliyəm.
***
Moteldə olduğum qısa müddət ərzində də, ondan sonra da baş verənləri düşünəndə çox şey öyrəndim; çox şeyi öyrətdi. Qabilin taleyindən isə bixəbərəm.
*Bort — gəminin yan divarı, böyrü.
**Mirzə Ələkbər Sabirin “Millət necə tarac olur olsun, nə işim var?!” şeirinin Mirzə Babayev tərəfindən səsləndirilən eyniadlı musiqi adaptasiyası.
Şərhlər (3)