Roland Topor kimdir? — R.N. İrukin

Roland Topor kimdir? — R.N. İrukin

illüstrasiya: R.N. İrukin

Fransalı İllüstrator, karikaturuçu, dramaturq, rəssam, animator, fantastika yazıçısı və ssenaristi. Söhbət Rolan Topordan gedir. Parisdə, 7 yanvar 1938-ci ildə yəhudi ailədə anadan olmuş Toporun atası o hələ 3-4 yaşınaykən həbs olunaraq Pitivyedəki həbs düşərgəsinə göndərilir. Bura göndərilən məhbuslar adətən digər düşərgələrə, ələlxüsus Auşvitzə aparılmaq üçün orda saxlanılırdılar. Pitivyeyə aparılan minlərlə yəhudidən yalnız 159-u sağ qalmışdı. Xoşbəxtlikdən Toporun atası Pitivyedən qaçıb Parisin cənubunda gizlənməyi bacarmışdı.

Atası gizlənən vaxt Toporgillə - Topor və bacısı ilə - qarşılaşan ev sahibəsi onların başını aldadaraq atalarının yerini öyrənməyə çalışsa da istəyinə nail ola bilməmişdi.

Topor ailəsi 1941-ci ildə bir qonşu sayəsində bütün binanın polislər tərəfindən axtarılacağından xəbər tutub Vişi Fransaya* qaçırlar.

Roland Topor orda fransız bir ailəyə, başqa - saxta adla, katolik uşaq şəxsiyyətilə yerləşdirilir.

1946-cı ildə müharibə ilə birlikdə ailənin ağrıları da sona çatır, sağ qalırlar. Və maraqlıdır ki, daha sonra ev sahibələrini köhnə mebellərini qaytarsın deyə məhkəməyə verirlər. Burda əyləncəli olan isə, məhkəməni qazanıb mebellərini geri alandan sonra yenidən müharibə dövründə onları tutdurmağa çalışan sahibənin evində kirayə qalırlar.

Travmatik uşaqlıq keçirən Rolan Topor ilk abzasda qeyd etdiyim kimi geniş yaradıcılıq sahələrində uğurlar əldə etmiş, töhfələr vermişdir. Kiçik yaşlarından məcburən məruz qaldığı belə hadisələr Toporun yaradıcılığında qrotesklik və absurdluq olaraq əks olunmuşdur.

Sənət karyerasına illüstrasiyaları ilə başlayan Topor qəribə, eyni zamanda narahatedici üslubu ilə diqqət çəkmişdir. Yazıçılığa isə ilk dəfə insanın cəmiyyətdəki yerini itirmə qorxusu, eyni zamanda dünyaya yadlaşan insan mövzusunu - qısaca, kafkaesk** tərzdə bir romandır - ələ alan əsəri “Kirayənişin” ilə başlayır. Qeyd edim ki, yaxın zamanda romanın Başla Hərəkatı tərəfindən Azərbaycan oxucularına qazandırılması planlanır. 

1976-cı ildə “Kirayənişin” Roman Polanski tərəfindən ekranlaşdırılır.

Roland Topor 1973-cü ildə çəkilmiş, fantastik, distopik dünyadan bəhs edən “Fantastik Planet”*** adlı animasiya filminə ssenaristlik etmişdir.

Fərqli, qəribə işləri ilə düşündürən, erotizmin sürrealist ustası Topor müasir sənət dünyasında belə öz diqqət çəkiciliyini itirməmişdir.

Toporu beyin qanamasından vəfat etməzdən əvvəlki gecə yuxu tutmamış, o da bunun əvəzinə gecəni Paris kafelərində siqar çəkib şərab içərək keçirmişdir. Topor kafeyə çatanda gördüyü bir kabusdan və onun növbəti əsərinə ilham ola biləcəyindən danışır. 

“Birdən yaxınlaşmaqda olan fəlakət hissi ilə ayıldım. Mələfəni çevirəndə çarpayımda balacaboy, amma kök və yaşıdım olduğunu düşündüyüm bir kişi cəsədi ilə qarşılaşdım. Həmən dəqiqə polisə zəng vurmaq üçün telefona tərəf atılsam da, tərəddüd etdim; çarpayımda çürüyən bu cəsədin varlığı utancverici idi. Məndən cavablaya bilməyəcəyim açıqlamalar tələb olunacaq. Bu iyrənc qətl üçün məndən şüphələnəcəklər.”


*II Dünya Müharibəsi dövründə, Fransanın cənubunda, Almanyanın işğal etmədiyi ərazidə qurulan dövlət. Bu dövlət Almanyaya qarşı çıxmaq əvəzinə onunla iş birliyi etdiyi və nasist rejimi qəbul etdiyi üçün ayaq üstdə qala bilmişdi.

**Kafkaesk Franz Kafka adlı yazıçının əsərlərinin təsiri ilə ədəbiyyata qazandırılmış termindir. Termin insanın məntiqlə uyğunlaşmayan, absurd, qorxulu hadisələrlə qarşılaşmasını və hadisənin onda yaratdığı çaşqınlıq, yadlaşma hisslərini ifadə edir 

***La Planète Sauvage

Şərhlər (10)

  1. Aliye semedova

    @Aliye semedova

    29 iyun 25, 00:03

    Çox sağ olun

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 23:08

    Maraqlı məlumat idi tanımırdım tanımağım yaxşı oldu

  3. Fatimə Bayramova

    @Fatimə Bayramova

    27 iyun 25, 00:12

    Topor haqqında elə də çox məlumatım yox idi,lakin sizin sayənizdə bu gün də yeni bir şey öyrəndik. Təşəkkürlər 🤗🙏🏻

  4. Emil qızı Xumar

    @Emil qızı Xumar

    26 iyun 25, 18:59

    Maraqlı və faydalı məlumat üçün çox sağolun 

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    26 iyun 25, 17:08

    Heç bir məlumatım yox idi

    Nə görmüşdüm nə oxumuşdum.İndi isə həm oxudum həmdə məlumatım oldu.

  6. Musayeva Aydan

    @Musayeva Aydan

    26 iyun 25, 16:17

    Topor haqqında məlumatım az idi, maraqlı oldu daha çox məlumatlanmaq

  7. Fatima

    @Fatima

    26 iyun 25, 10:49

    Topor haqqında bu qədər məlumatım yox idi. Uşaqlıqda yaşadığı travma onun yaradıcılığına təsir etməsi məni təsirləndirdi.

  8. Sunay Məmmədova

    @Sunay Məmmədova

    26 iyun 25, 10:31

    Maraqlı və faydalı yeni bir məlumat daha. Tanımırdım, qısa da olsa çox gözəl tanıdım və bunuda bildirim ki, olduğu illərdə mən olmasam da doğum günümüz üst-üstə düşür🙃

  9. Dərya Qasımova

    @Dərya Qasımova

    26 iyun 25, 10:24

    Düzünü desəm, ilk dəfə di eşidirdim adını. Amma oxumaq çox maraqlı oldu. Həyatın da nə yaşayır yaşasın bütün çətinliklərə rəğmən, yoluna davam edir. Bacarığını istedadını daha təkmilləşdirir. Böyük uğurlar qazanır. Bundan ilhamlanaraq deyə bilərik ki, həyat da nə olur olsun mübarizə aparmalıyıq..

  10. Feride

    @Feride

    26 iyun 25, 10:18

    Burda Kafqanı tanıyıram , əsərlərində özünü bir böcək kimi qələmə vermiş və həyatında özünü həmişə elə gördüyünü demişdi , zamanında cəmiyyət onu tanımamış və cəmiyyətdən uzaqlaşmışdı , əsərlər ölümündən sonra başa düşülmüşdü , Atasının basqısı altında yaşayan kafqa yaşadıqlarıyla özünü dərin sevgisizlik və dəyərsizliyə düşmüşdü 😔

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol