Platformada Qalanlar — Simurq

Platformada Qalanlar — Simurq

Hər səhər eyni saatda eyni səhnə yaşanırdı. Qatar dayanacağa çatır, sərnişinlər axınla içəri dolurdu. Ayaqlar tələsir, başlar aşağı, gözlər yuxusuzdu. Qollar eyni ritmdə sallanır, əllərdə telefon, qulaqlarda musiqi, qəlblərdə susmuş xatirələr vardı. Sanki hər kəs  kimdənsə, nədənsə, bəlkə də özündən qaçırdı. Platforma o qədər dolu idi ki, çoxluq təşkil edən insanların bu qədər boşluğa necə sığışdığını anlamırdın. Heç kim bir-birinə baxmırdı. Baxsa belə görmürdü. Görsə belə, içində nə olduğunu soruşacaq cəsarəti yox idi. Çünki hamı bilirdi: cavab versələr, qarşı tərəfə öz içini də açmalı olacaqdı.

O gün qapının ağzında bir adam dayanmışdı. Geyimi köhnə deyildi, amma yad görünürdü. Sanki buraya aid deyildi. O, tam keçid nöqtəsində durmuşdu – nə qatara minirdi, nə də uzaqlaşırdı. Sadəcə dayanırdı. Əllərində bükülmüş bir tablo vardı. “Ulduzlu Gecə”  adlı əsəri bərk-bərk qucaqlayırdı. Elə bil orada nəfəs alırdı. Tablo onun sözsüz səsi, rənglərlə boğulmuş qışqırığıydı. O sadəcə tablonu tutmurdu ,əslində öz ruhunu parçalanmasın deyə saxlayırdı .Bədəni oradaydı, daxili isə illərlə tanınmadan keçmiş dar küçələrdə gizlənmişdi.

Yanından keçənlər üçün o sadəcə bir gölgəydi. Sanki orada belə deyildi. Bəziləri gözlərini qaçırır, bəziləri üzünə baxmadan yanından ötürdü. Heç kimin ağlına gəlmirdi ki, o adam hər səhər eyni vaxtda buraya gəlir. Hər səhər bu platformada dayanır, gözləyir. Qatara minməyə yox, bəlkə də görülməyə, fərq edilməyə. İçində susan bir sual dolaşırdı: “Bu qədər susduğum halda, nə vaxtsa kimsə məni eşidəcəkmi?” Gözlərini sıxır, amma içindəki bu cavabsızlıqla barışmağa çalışırdı. O qədər uzun zaman keçmişdi ki, artıq adının çəkilməməsinə öyrəşmişdi. Amma yenə də gözləyirdi – bəlkə bu dəfə fərqli olar deyə. 

Qarşısında bir adam dayanmışdı. Qəzet oxuyurdu. Qəzetdə qalın hərflərlə bir başlıq yazılmışdı: “Van Gogh sərgisi bu gün açılır.” Hər kəs o başlığa baxa bilərdi, amma heç kim başlığın qarşısında dayanmış adamı görmürdü. İnsanlar rəsmlərə bilet alırdı, amma o rəsmin arxasında gizlənmiş ağrını almağa cəsarət etmirdilər. Əsərlər maraqlıydı, sənətkar isə ağır. Varlığı həzm olunmurdu. Onlar hər zaman sevilən sonluğu istəyirdilər, yarı yolda qırılanları yox.

Qapılar hələ açıq idi. Qatar tərpənmək üzrəydi. Heç kim ona yol vermirdi. Amma o da yol istəmirdi. Sadəcə dayanırdı. Bəzən bir addım atmaq üçün səbəb gərəkmir.Dayanmaq, içində qırılan min cümlənin səssizliyinə qulaq asmaq daha çətin, daha cəsarətliydi.

Və qəfil bir hadisə baş verdi. Qəzet oxuyan adam başını qaldırdı. Gözləri onun gözlərinə dəyincə dünya susdu. Sanki bu iki baxışdan başqa heç nə yox idi. Nə səs, nə qatar, nə də ətraf. Sadəcə baxışlar danışdı. “Səni görürəm” dedi gözləri. “Bu tablonun arxasında kim olduğunu bilirəm.” O an heç nə demədilər, amma baxışları ilə hər şeyi aydınlığa qovuşdurdular. Gözlərdəki tanışlıq keçmişin içindən bir parça kimi gəldi. Elə bil bu iki nəfər heç vaxt görüşməmişdi, amma illərlə bir-birini gözləmişdi.Qapılar bağlandı. Qatar yavaşca hərəkətə keçdi. O içəri girmədi. Platformada qaldı. Amma ilk dəfə olaraq təkliyi boğmadı onu. Çünki bu dəfə biri onu görmüşdü. Həqiqətən görmüşdü. Nə tablosuna görə, nə geyiminə. Sadəcə özü olduğu üçün.

Uzaqdan bir uşaq yaxınlaşdı. Əlində köhnə bir dəftər. Söz demədən qarşısında dayandı. Sonra pıçıltıyla soruşdu: “Bu rəsmdəki sənin qəlbindi?” O güldü. Yumşaq, az qala eşidilməyəcək qədər bir tonda :“Bu rəsmi mən çəkməmişəm,” dedi. “Mən bu rəsmi yaşamışam.” Uşaq başını yellədi, sanki artıq cavabı bilirmiş kimi. Dəftərdən bir vərəq cırdı və ona uzatdı. Kağızda sadə bir cümlə yazılmışdı: “Bəzən qatara minməmək – öz yerində qalmaqdır.” O kağıza baxdı. Gözləri doldu. Sanki bu cümlə, illərlə qurulmamış cümlələrinin cəmi idi. Nə qədər səssiz, nə qədər doğru.

Qatar arxasında tozlu bir yel buraxıb uzaqlaşırdı. Tablosunu yenidən qucaqladı. Amma bu dəfə qorxudan yox. Sadəcə içindəki rənglərin sağ olduğunu hiss etdiyindən.O günü heç kim fərq etmədi. Amma o adam bir qatara minməməklə tanındı. Çünki bəzən getməmək, qalmaqla iz qoymaqdır. Sən özünü sübut etmədikdə belə səni kimsə səni görür. Bu kifayət edir.

Çünki sən o qatara minmədin deyə yox olmadın.O qatara minmədin deyə  sən yadda qaldın.

Bəs sizin hər an fərq edilmək üçün getdiyiniz bir qatar dayanacağı olsa hara olardı? 

Şərhlər (14)

  1. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 00:11

    Metro kimi yerlər həmişə vahiməli görünübdür gözümə. İstər-istəməz qəribə bir auraya bürünürəm orada keçirdiyim hər saniyə görə...

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 23:03

      Çünki qapalı yerlər insana daha çox yad emosiyalarla tanış edə bilir nəinki açıq havadakı bir mənzərəyə nəzərən. 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    01 iyul 25, 21:16

    Simurq xanım sizdən bir ricam.Çox istərdim ki hər hekayənizdə olmasa da, ən azından ara sıra hekayənizin sonunda belə gözəl möhtəşəm suallar olmağını arzu edərdim.Əgər mümkünsə.Amma belə dərin mənalı düşündürücü olsun ki, cavabı üçün beynimdə fikirləşib ürəyimdə danışam😊

    1. SİMURQ

      @SİMURQ

      01 iyul 25, 22:37

      Əslində yazdıqlarımın böyük əksəriyyətində siz oxuculara yönəlik suallar və ya fikirlərinizi öyrənmək məqsədilə bitən sonluq mövcuddur. Amma fərqliliklər edib ricanızı nəzərə alacam. 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        01 iyul 25, 22:55

        Çox sağ olun.Minnətdaram.🌹

        Hər bir hekayənizi oxumuş olan oxucu olaraq sizinlə razıyam.Onda ricama belə düzəliş edim.Bizə yönəlmiş sual və fikirlərləmizi öyrənə bilən hekayələriniz davamlı olsun💫✨🥰🧚

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    01 iyul 25, 19:59

    Əgər mənim də "fərq edilmək" üçün bir qatar dayanacağım olsaydı, 3 variantı seçərdim.Unudulmuş bir qatar stansiyası, keçmişim və yalnız özüm olan.


    Fərq edilmək üçün yox,bəlkə də var olduğumu bildirmək üçün unudulmuş qatar stansiyasına gedərdim.


    Keçmişim olan stansiyada isə orda dayanıb məni izləyən  xatirələrimi,unutduqlarımı,cavabsız suallarımı,yaşamaq istəyib də yaşaya bilmədiklərimi görmək üçün... 


    Özüm olan stansıyada isə yalnız və yalnız özüm özümün fərqinə varmaq üçün...

    1. SİMURQ

      @SİMURQ

      01 iyul 25, 20:26

      Fikirləriniz üçün təşəkkürlər. Amma bəzən keçmişdəki stansiyaları geridə qoymalıyıq ki yeni və daha gözəl məkanlar kəşf edə bilək. 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        01 iyul 25, 21:12

        Əlbəttə.

        Düzdü  bu karakterimi sevmirəm.Amma hərdən keçmişimə qayıdıram.Keçmişimlə yaşamağı sevməsəm də.

        Onsuz getmiş qatar geri qayıtmaz...

  4. Dərya Qasımova

    @Dərya Qasımova

    01 iyul 25, 18:23

    Bu hekayəni oxuyanda, sanki metroda keçirdiyim bütün hisslər bir anlıq gözümün önünə gəldi. Bütün baş verənləri yenidən yaşadım. Dediyiniz kimi insanlar hər gün eyni ritmdə işlərinin arxası ilə gedib gəlirlər. Ətrafa baxıb, ətrafında baş verənləri heç eşitmək görmək istəmirlər.

    Sualınız xüsusən mənə çox maraqlı gəldi. Bunu cavablandıran zaman bir qədər düşündüm... Bəlkə də, Səhv bir qatarın axırıncı dayanacağına gedərdim. Düşünürəm ki, çox zaman həyat bizi səhv qatarlara mindirib, doğru insanların yanına aparır.. Və o doğru insanların yanında fərq edildiyimi düşünərdim.

    1. SİMURQ

      @SİMURQ

      01 iyul 25, 18:47

      Bəlkə də o qatar səhv deyildə bizim ona minib, səyahət etmə zamanımız yalnışdır... 

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        01 iyul 25, 20:02

        Bəlkə də..

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    01 iyul 25, 17:28

    Hekayəni ilk başda oxuyanda anidən metrodakı keçirdiyim hal yadıma düşdü.Bakıda yaşamıram.Rayon yerində də metro yoxdu.Hər daim də gələn insan deyiləm.Ona görə də mən metroya minəndə sanki ölülər qatarında gedirmiş kimi hiss etmişəm özümü.İnsanlar nəfəs alır, hərəkət edir ,yaşayır amma canlı bir ölü kimi.İçim sıxılır onlara baxdıqca.

    İkinci hissəsidə çox maraqlı idi.Birinin kim tərəfindən hiss edilməsi görülməsi...

    Üçüncu hissə isə verdiyiniz sual.Bax o məni biraz düşündürdü.Ona da cavab yazacam...

    Hekayəni ilk başda oxuyanda anidən metrodakı keçirdiyim hal yadıma düşdü.Bakıda yaşamıram.Rayon yerində də metro yoxdu.Hər daim də gələn insan deyiləm.Ona görə də mən metroya minəndə sanki ölülər qatarında gedirmiş kimi hiss etmişəm özümü.İnsanlar nəfəs alır, hərəkət edir ,yaşayır amma canlı bir ölü kimi.İçim sıxılır onlara baxdıqca.

    İkinci hissəsidə çox maraqlı idi.Birinin kim tərəfindən hiss edilməsi görülməsi...

    Üçüncu hissə isə verdiyiniz sual.Bax o məni biraz düşündürdü.Ona da cavab yazacam...

    1. SİMURQ

      @SİMURQ

      01 iyul 25, 18:49

      Suala verəcəyiniz cavab mənim üçündə çox maraqlıdır. Gözləyəcəm. Təşəkkürlər. 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        01 iyul 25, 19:46

        Sizin qədər dərin düşüncəli cavab yaza bilməsəm də öz fikrimi yazmağa çalışıcam✨💫

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol