Qəfəsdən Sonra — Simurq

Qəfəsdən Sonra — Simurq

Qaranlığın içində, sözün əsl mənasında səssizliyin tam ortasında, hər şey anidən dayandı.Sanki zaman dondu, hər bir anın ağırlığı ruhuma çökmüşdü. Bu səssizlikdən doğulan  bəsid bir sükut deyildi, o, varlığımı silkələyən, adını verə bilmədiyim bir titrəyiş idi. Bədənimin ən dərin qatlarından, sümüklərimin ən qaranlıq guşələrindən qalxan bu hiss, heç bir lüğətdə təsvir edilə bilməyəcək qədər dərin və qorxuducu idi. O, həm azad, həm yad, həm də doğma idi — məni məhv etmədən əvvəl sarsıdan bir varlıqdı sanki. 

İçimdə nəsə yox olurdu. Ancaq yox olmaqdan daha mürəkkəb, daha acı bir prosesdi bu. Sanki qəlbim uzaqlaşan bir qaranlıq deyil də,  yerini donmuş və soyumuş bir boşluğa buraxırdı. Varlığımın bir hissəsi tədricən ayrılırdı.Elə bil görünməz əl ilə zehnimin bir parçası aram-aram ələnirdi. Onun arxasında qara və sonsuz bir boşluq qalmışdı — sadəcə məkan yox, zamanın belə durduğu, ruhun belə nəfəs almadığı bir boşluq. Hər şeyin başladığı o andan fərqli idi. İndi orda həyat yox, yalnız yoxluğun sərt soyuqluğu vardı. Bu boşluqda sevgiyə oxşayan yad bir hiss yer almışdı. İllərlə nəfəs aldırdığımı sandığım, amma əslində məni boğan yadlıq məni əsir almışdı.O gəldi və işığı yandırıb getdi, amma özü ilə qəlbimi aparmadı, çünki artıq yox idi. Mənim bədənimdə sümüklərin arasında yalnız səssiz, quru bir boşluq yaranmışdı tərk edilmiş bir ev kimi; içində heç kim yox, yalnız keçmişin küskün xatirələri, yarımçıq qalmış hekayələr dolaşırdı. Bu evdə hər künc donub, sükutla nəfəs alırdı, amma kimsə bunu eşitmir,hiss etmirdi.

Bir gün, o donmuş evdə zəif bir hərəkət hiss etdim.Əvvəlcə donuq bir kölgə idi, sonra inadkar, hər an böyüyən, özünü göstərmək istəyən varlığa çevrildi. İllərlə gizlənmiş, susmuş, unudulmuş və artıq azadlıq istəyən bir varlıq. İçimdə qanad çırpan bir quş var idi. Uçmaqdan qorxan, amma yenədə səmada süzülmək istəyən bir quş. Mən onu qorumaq adı ilə sükutla saxlamışdım,zərif bədəni sınmasın deyə. Amma o artıq dayana bilmirdi. Ağ qanadlarını sümük qəfəsimdən çıxarmağa çalışırdı. Hər çırpınışda bədənim parçalanırdı, amma bu parçalanma mənim susqunluğumun tək cavabı idi. İlk dəfə bu ağrı ilə birlikdə özümü canlı hiss etdim. Bu ağrı, boğduğum bütün sözlərin, gizlətdiyim duyğuların qapısını açırdı.

Həyat tərsinə dönmüşdü; əvvəllər nəfəs almaq üçün sevgiyə möhtac idim, indi isə sevgidən xilas olmaq üçün nəfəs axtarırdım. Bu nəfəs artıq mənim deyildi. Öz bədənimdə yad biri kimi hiss edirdim. Toxunduğum yerlər mənə aid deyildi. Mən orda yox idim. Ruhum qəfəsdəki quş kimi tələsirdi, amma qəfəs göründüyündən daha möhkəm idi.O qayıtdı, sanki heç nə olmamış kimi, sanki illərlə içimi sındırmamış kimi. Gözlərində peşmanlıq yox, yalnız bir sual vardı: "Hələ də mənimləsən?" Cavab vermədim. Mən artıq o deyildim. İndi isə yalnız içində çarəsizlik və çırpınış daşıyan boşluqdan ibarət olmağı seçmişdim.

O quş məni sağaltmışdı və sonra uçmuşdu. Mən onu qoruduğumu düşünsəm də, əslində o məni qoruyurdu. İndi yox idi. Tək qalmışdım. Azad, amma tənha. O an özümə bir sual verdim — tək bir sual. O sual bütün həyatımı alt-üst etdi. Bütün cavablar, o sualın yanında mənasız qaldı. Mən qəfəsdə olarkən gözləməyin nə olduğunu unutmuşdum. İndi isə, qəfəsdən sonra, başqa bir hiss çökmüşdü içimə. Sonsuz azadlıq içində donmuş tənha bir ruhun qalıqlarıyla birlikdəydim.Çünki azadlıq bəzən içindən parçalanaraq çıxan tək bir quşun uçuşu deməkdir. O uçuşdan sonra nə qalır? Qanad səslərinin xatirəsi, sükutun içində eşidilən çırpınış, heç kimin görməyəcəyi bir göy üzü və səssiz  fısıltı kimi qalan bir sual...

Əgər içimizdəki quş bizi xilas etmək üçün varsa, niyə onun azadlığı bizim məhkumluğumuz olur?..


Şərhlər (12)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    03 iyul 25, 23:58

    Əgər içimizdəki quş bizi xilas etmək üçün varsa, niyə onun azadlığı bizim məhkumluğumuz olur?..

    Bəzən elə hiss edirəm ki,içimdə bir quş var.Sakit səslə danışır,amma dedikləri içimi çalxalayır,düşüncələrimi dərinləşdirir.Uçmaq istəyir,getmək istəyir uzaqlara.Öz səsini,mənliyini varlığını tapmaq üçün.Sanki mənə deyir ki gəl gedək.Amma mən onu hər dəfəsində saxlayıram.Getməsinə imkan vermirəm.Çünki onun azadlığı uçub getməyi mənim yaşayacaqlarımla,qorxularımla üz-üzə qalmağım kimi hiss edirəm.Onu buraxsam elə bilirəm əvvəlki mən olmayacam...

    Sondakı musiqini də dinlədim.Çox sağ olun.Həyatımın 6 dəqiqəsi göz oxşayan ruhum dincələn oldu🥰

    1. SİMURQ

      @SİMURQ

      04 iyul 25, 00:19

      Bəlkə də qorxularınızla üzləşib, onları məğlub edib yeniliklərə qanad açma zamanı gəlmişdir. Məncə içinizdə çırpınan o səslərə qulaq verib bir dəfə belə sınayın, nəticə sizi qane etməsə belə heç olmasa nə qədər cəsarətli davrandığınızı görüb özünüzlə qürur duyma ehtimalınız çox yüksəkdir. Sadəcə özünüzə daxili hiss və səsinizə inanın bu kifayətdir.Xoş anlar yaşada bildimsə nə xoş mənə.Fikirləriniz üçün təşəkkürlər🙏🏿. 

  2. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 19:29

    Bir də içimizdəki azad etdiyimiz quş məşəli mənə "Kəpənək"-də Jalənin kəpənəyi buraxdığı səhnəni xatırlatdı

    1. SİMURQ

      @SİMURQ

      04 iyul 25, 00:21

      Bu məqamı siz yazdıqdan sonra fərqinə vardım. Bəli oxşar məqamlar var ,çünki hər ikisidə azadlıq üçün acı çəkməyə razı olan obrazlar idi. 

  3. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 19:27

    Salamlar,Əziz Simurq! Ümid varam,yaxşınız.İlk öncə diqqətimi cəlb edən məqamları vurğulamaq istəyirəm. Gün ərzində alınsa,başqa diqqət yetirdiyini hissələr haqqında da yazaram. Amma onu bildirməliyik ki,əsər üçün yerləşdirdiyiniz şəkil məni bir tərəfdən həyacanlandırır,digər tərəfdən isə vahimə bürüyür. Səbəbini mən də bilmirəm. Yazılarınızda da bu rəsmi təsvir eləmisiniz əslində. Haradasa,elə bir duyğu içində olduğumdan da o hissləri yaşamış ola bilərəm. Diqqətiniz üçün sizə təşəkkür edirəm 🙏🏻

    1. SİMURQ

      @SİMURQ

      04 iyul 25, 00:24

      Bu hekayə sizə iki təzadlı duyğuyu eyni anda yaşada bilirsə, demək ki bu hadisələrə bənzər məqamlar həyatınızın bir süjetinə rol verib.Fikirləriniz məni sevindirdi. Siz oxucularda belə duyğulara toxuna bilirəmsə nə xoş mənə. 

  4. Dərya Qasımova

    @Dərya Qasımova

    03 iyul 25, 15:08

    Bu sual düzü mənə də maraqlı gəlirdi. Hər zaman bu sual ətrafında fikirləşmişəm. Əgər içimizdə ki, quş bizi xilas edirsə, onun azadlığı niyə bizə əzab verir?) O bizi həyatın yalanlarındın, bütün çirkinliklərindən uzaq tutur. Lakin biz onu azad buraxanda həqiqi öz kimliyimizi tapanda, özümüzü tənha, yad kimi hiss edirik. Bəlkə də, bu azadlıq əslində sənə bir cəza kimi gəlir. Daxilində fırtınalar baş verir. Ən əsası deyərdim ki, azad olmaq sakitlik, rahatlıq deyil, sənin öz kimliyini "özünü" tapmağın uğrunda başlatdığın bir savaşıdır.

    Uğurlar 🤍

    1. SİMURQ

      @SİMURQ

      03 iyul 25, 16:12

      Öncəliklə xoş fikir və cavabınız üçün təşəkkürlər. Bəli,bu eyni gül dərməklə, ona aid olduğu yerdən yəni torpaqda əkilmiş şəkildə baxmaq kimidir. Hər kəs gülü dərmək onun xoş ətrini duymaq istəyir lakin çox az insan onu olduğu yerdən müşahidə edir. 

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        03 iyul 25, 16:43

        Bəli doğrudur..🫠

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    03 iyul 25, 08:03

    Salam Simurq xanım sabahınız xeyr olsun.Çox sağ olun ki buranı hekayəsiz qoymursuz.Hələlik yalnız hekayənin varlığından və adından xəbərim oldu.Oxuyacam gün ərzində.😍😍😍🥰🥰Əziyyətiniz danılmazdı.

    1. SİMURQ

      @SİMURQ

      03 iyul 25, 16:13

      Hər vaxtınız xeyir. Fikirlərinizi gözləyəcəm. 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        03 iyul 25, 23:45

        Hekayəniz həmişəki kimi möhtəşəm idi.Təhlil etmək istəmirəm.İstəsəm belə bacara bilmərəm.Çünki hardan başlayıb harda bitəcəyimi bilmərəm.O qədər dərin düşüncəli sözlər var ki içərisində...Amma sualınıza cavab verəcəm.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol