İnsanlar çətin zamanlarında hiss etdikləri kədəri, içlərini yandıran qəzəbi, gecələr rahat yatmalarına imkan verməyən narahatlıqları, ruhlarını dinc qoymayan o tükürpərdici qorxuları və başqa bir çox mənfi duyğunu həyatlarından kənarda saxlamağa çalışırlar. Bu duyğular bir gün partlayacaq təhlükəli bir silah kimi görünür onlara, ona görə də onları içlərində susdururlar, dərinliklərə basdırırlar. Onlar həmin silahı gözəgörünməz bir sandığın içində gizləyirlər ki, heç kimin toxunmağa cəsarəti çatmasın. Özlərini qorumaq üçün bunu edirlər, çünki hisslərini göstərmək çox zaman zəiflik kimi anlaşılır. Amma bütün səbrlərin bir sonu var. Hər təbəssümün altında bir az daha azalan güc, hər susqunluğun arxasında bir az daha boğulan ruh yatır.
Səbrinin son damlası axdığı an, insanın içindəki sel daşıb onu idarəsindən çıxarır. Bu daşqın ani olur, amma hazırlığı illər çəkir. Səbr bitdiyi anda, o illərlə gizlədilən duyğular sakit görünən, amma qaranlıqda böyüyən, buz kimi soyuq və zərif bir mexanizmlə qəfil yerindən oynayan mina kimi partlayır. İnsan istəsə belə onu dayandıra bilmir. O partlayış anında, artıq nə özünü qorumaq, nə də başqasını düşünmək mümkün olur. Hər şey bir anda yanır, külə dönür, amma səs çıxmır. Çünki bu partlayış səsli deyil. Bu, ruhun içində səssizcə qopan, bədənin hər hüceyrəsinə yayılıb yandıran bir partlayışdır.Eyniylə torpağın altında, görünməyən dərin qatlarda illərlə gizlənmiş, öz yerini belə unutmuş minalar kimi. O minalar ki, üstündən yüz dəfə keçsən də susar, amma yüz birinci dəfə — bir nəfəs, baxışla, bəlkə də sadə bir sözlə birdən partlayar. Və artıq geri dönüş yoxdur. Sakitliyin sonu, təbəssümün ölümü, gözlərin arxasında gizlədilmiş fırtınanın başlanğıcı olur o an. Bəzən, o mina yalnızca ətrafı deyil, sahibinin özünü də yandırar, onu içindən söküb aparar.
Ən önəmlisi isə çoxu zaman qəzanı törədən yalnız bir şəxs olmur. Həmin qəzanın arxasında görünməyən, amma əməldə orada olan daha çox insan olur. Onlar birbaşa deyil, dolayı yollarla, bəzən səssiz qalaraq, görməməzlikdən gələrək, hətta heç nə etməyərək həmin qəzanın şəriki olurlar. Nəticədə o mina partlayanda, təkcə içində daşıyan deyil, ətrafda kim varsa təsirlənir. Biri yanır, digərləri küllə nəfəs alır.Bu partlayışın kökündə isə sadə bir səbəb dayanır. Təkəbbür və yersiz eqo. İnsan nə qədər az hiss edirsə başqasını, bir o qədər uzaqlaşır. Biri səsini çıxarmır deyə, artıq ağrımır sanırlar. Biri qışqırmır deyə, xoşbəxt bilir, biri "mənə nə" demir deyə, artıq başqaları tərəfindən hədəf sayılır. Ən böyük səhvlər də elə burada doğulur. İnsanların ilk yol verdiyi səhv qəza olur, ikincisi yanlış, üçüncüsü isə artıq seçim. Seçimlər məhvə yol açacaq nəticəyə çevrilir. İnsanlar bəzən istəmədən, bəzən bilərəkdən qarşısındakını itirirlər və sonra itirdiklərinə ağlayırlar. Amma o zaman da artıq çox gec olur.
İnsan öz əcəlini özü yaradır. Hər susduğumuz söz, hər unutduğumuz baxış, hər anlamadığımız qırıq cümlə, hər vaxtında demədiyimiz "necə hiss edirsən özünü?" sualı — bir az da yaxınlaşdırır o sonu. Əcəl yalnız fiziki yoxluq deyil. İnsan içindəki hisslərini, güvənini, səsini və hətta varlığını itirərək yaşayır. Əsl ölümlər də məhz bu şəkildə, səssiz baş verir.Ətrafda hər kəs sağ görünür, amma nə qədər insan içində ölüdür heç kim bilmir.Ya da bilməməzlikdən gəlib "kar, kor, lal meymun" roluna bürünür. Onlar elə bilirlər ki, partlayış səsli olur. Onlar bilmirlər ki, ən təhlükəlisi səssiz ,hiss edilməz amma təsiri dağdan ağır olandır. Elə bilirlər ki, mina sadəcə torpaqda olar. Bilmirlər ki, bəzi minalar ruhun dərinliyində yerləşir.
Əgər bir gün birini sükut içində yox olmuş görsən, bil ki, o çoxdan partlamışdır. Sən sadəcə son mərhələsini gördün. Və o partlayışın haradan başladığını, nə vaxt formalaşdığını heç zaman anlaya bilməzsən. Çünki o, bir gündə deyil — illərlə susaraq yaranmışdır. Hər səbr, hər boğulan nəfəs, hər udulan söz, hər təbəssümün altındakı ağrı bir addım daha yaxınlaşdırır o partlayışa. Və gün gəlir ki... O susqun insan arxasına baxmadan, izah etmədən səni tək buraxaraq sadəcə gedir. Sənin "çox da ciddi deyil" dediyin o qədər hadisənin nəticəsində arxasında sadəcə bir iz qoyur. Nə səs, nə kölgə, nə bir xəbər. Eyni divarda yazılmış, sanki zamanın özünə ünvanlanmış bir cümlə kimi:
“Səssiz partlayışların dağıtdığı təkcə ruh olmur.”
Və bu cümlənin altında izah ,şikayət yox, yalnız bir sual dayanır. Dəyişməz, sakit, lakin ürəyə toxunan sirlərlə dolu bir sual:
“Sən öz içindəki minaları zərərsizləşdirə bildinmi, yoxsa hələ də başqasının ayağına toxunmasını gözləyirsən?..”
Şərhlər (6)