Ədalətin Rəngi Qan Olanda — Simurq

Ədalətin Rəngi Qan Olanda — Simurq

Bütün zal susmuşdu. Havada bir qəribə gərginlik vardı; nə səs, nə nəfəs, yalnız soyuq divarlardan əks-səda kimi qayıdan iç səslər var idi. Sanki kimsə içində qışqırır, amma kənardan heç kim eşitmirdi. Zalın ortasında, həmişəki kimi ədalət tanrıçası dayanırdı — mərmərdən yonulmuş, gözləri parlaq qırmızı parçayla bağlı, başı dik, bir əlində tərəzi, digərində qəlpələnmiş konstitusiya vərəqi. Tərəzinin bir gözündə pul yığınları, digər gözü isə sadəcə boşluqdan ibarətdi. Hər iki tərəzidən də yavaş-yavaş, sakit-sakit qan damlayırdı.Sanki illərlə susdurulmuş bir haqqın göz yaşları kimi. Pul artıq qan içində idi qurumaq bilmirdi. Çünki bu zal qan qurutmağa çalışanlardan yox, qanla sistem quranlardan ibarətdi. İçəri girən hər kəsin baxışlarında bir sual var idi: bu dəfə kimin haqqı satın alınacaq? Hər bir küncdə vəzifəsini unudan insanlar oturmuşdu. Əllərində qovluqlar tutan katiblər, səssiz müşahidəçilər, kirayə mütəxəssislər və hər şeyin “qaydada” olduğunu sübut etməyə çalışanlarda həmçinin.Bu zal bir məhkəmə zalı deyil, susdurulmuşluqların muzeyi idi. Burada danışmaq qanunsuz deyildi, amma əksi halda səsini ucaldanıar susqunluğa məhkum olunurdu. Qanun var idi, amma işləmir, işləmiş kimi göstərilirdi. Burada ədalət adlanan bir heykəl vardı, amma doğruları görmürdü, çünki görmək istəmirdi. Ya da gördüklərindən qorxurdu.

Zalın tavanındakı işıqlar altında oturan hakim bir neçə dəfə saatına baxdı. Ona görə vaxt keçdikcə ədalətli bir məhkəmə yox, sadəcə iştirak müddəti tamamlanmalı idi. Taxtında oturan adam uzun illərdir eyni kürsüdə idi. Hər gün yeni iş, yeni qərar, yeni sübut, yeni pul görüb, şahid olurdu. Gözlərində dərin bir yuxusuzluq və nigaranlığın əksinə o qədər rahat idi ki, sanki qarşısında duran insanlar insan deyildi. Onun gözündən insanlar sadəcə rəqəmlər,sənədin alt hissəsindəki adlar, sistemin içində sıralanmış kodlardan ibarət idi. O, ədalət axtarmırdı, sadəcə tərəzidəki tarazlığı saxlamağa çalışırdı. Lakin tərəzi adlandırdıqları ədalətdən başqa hər şeyi düzgün göstərirdi. Əllərindəki puldan ağır gələn ikinci yük isə susqunluq idi. İnsanların susqunluğu artıq sistemin özü olmuşdu. Çünki danışmaq yalnız bir cəsarət deyildi, danışmaq həm də onlar üçün itkiylə dolu bir sonluq idi. Burada həqiqət səslə deyil, qiymətlə ölçülürdü. Ədalət satılırdı və hər kəs bu alverin bir parçası olmuşdu.

Zalın ən arxa sırasında oturan bir qız vardı. Gözləri dolu, baxışları olduqca sərt idi. O bu zala ilk dəfə iştirak edirmiş kimi görünsə də, atasının haqqını sübut etmək üçün bütün qarşıdurmalara gəlirdi.Hər dəfə gəldikcə bir detala nəzər yetirirdi. Məqsədi məsum atasını xilas etmək idi,amma hər dəfə masanın bir üzündəki sənəd, o biri üzündəki pul gözünün önünə gəldikcə bu istəyinin daha da qəlizləşdiyini anlayırdı. Hər dəfə ona deyirdilər:“Sübut yoxdur”, “Fakt kifayət etmir”, “Qarşı tərəf daha inandırıcıdır.” O isə bilirdi ki, burada inandırıcı olan sübutlar yox, onların arxasında dayanan adamlar idi. Onun atasını səhv yerə məhkum etmişdilər, çünki həqiqəti danışmağa çalışmışdı. Amma bu sistem həqiqəti sevmirdi. O gündən bəri hər səhər o zalın qarşısında dayanırdı, içəri girir, gözləri qırmızıyla bağlanmış heykələ baxır və sakitcə pıçıldayırdı: “Görürsənmi, məni?” Heç vaxt cavab almamışdı. Çünki bu heykəlin gözləri bağlı deyil, qapalı idi. Açıq aşkar olanları görmək istəməyən bir sistemin rəmzi idi o.

Zalın qapısı bu dəfə ağır şəkildə açıldı. İçəri yeni bir iş üçün sənədlər gətirildi. Hamı zehnindəki adam deyə yoxlamaq üçün o yönə baxdı, amma bu dəfə təqsirləndirilən gənc bir müəllim idi. Tələbələrini pulsuz hazırlaşdırdığı üçün ona qarşı saxta ittiham irəli sürülmüşdü — çünki bu sistemdə yaxşılıq şübhəli idi, səmimiyyət isə təhlükəli. Qızın baxışları dondu. Bu, onun keçmişində atasına edilən oyunun yeni surəti idi. Hər şey təkrarlanırdı. Yeganə dəyişən adlar idi. Ssenari eyni qalırdı.O gün hökm oxundu. Günahsız bir adam məhkum edildi. Zalda kiminsə alnından tər süzüldü. Amma heç kim danışmadı. Çünki burada hər kəs sistemin “necə işlədiyini” bilirdi. Qız ayağa qalxdı,sakitcə zaldan çıxdı. Göz yaşları yox olmuş, artıq çoxdan qurumuşdu. Yalnız içində bir cümlə vardı: “Əgər ədalət qanla yazılırsa, o qanla da silinəcək.”

O gün ilk dəfə ədalət heykəlinin qarşısında dayanıb,gözündəki parçasını çəkdi. Heykəlin gözləri boş və içində heç nə yox idi. Sadəcə soyuq daşdan ibarətdi. O axşam xəbər yayıldı. Zalın ortasında olan tərəzi yerə düşmüşdü. Pul yığınının altından bir not tapılmışdı: “Ədalət satılarsa, onu alan heç vaxt rahat yatmaz.” Səhəri gün heykəlin gözlərindəki parça yox olmuş, qan izləri isə getməmişdi. Çünki bu qan sadəcə bir rəng deyildi. Bu qan kirli sistemini sübut edən əsl göstərici idi. Artıq kimsə susmurdu,amma hər şey üçün çox gec idi. Çünki nə tərəzi vardı, nə də onu tərpədəcək bir ədalət.Ədalət bir daş heykəlin əlində yox, onu izləyən gözlərin içində olmalıdır. Əgər o gözlər qorxudan yumulursa, heç bir tərəzi bərabər dayanmaz.


Və indi... sənə sual:

"Əgər sabah bu hekayənin yeni bir səhnəsi açılsa və sən o zalda otursan baxışınla tərəzini dəyişəcək qədər güclümü görünərdin, yoxsa sadəcə növbəti susqun tamaşaçımı olardın?"


Şərhlər (9)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    05 iyul 25, 09:54

    Əgər sabah bu hekayənin yeni bir səhnəsi açılsa və sən o zalda otursan baxışınla tərəzini dəyişəcək qədər güclümü görünərdin, yoxsa sadəcə növbəti susqun tamaşaçımı olardın?

    Bəlkə də illər öncə bu sualla qarşılaşmış olsaydım səssiz qalardım.Amma içimdə fırtınalar qopardı.Tərəzinim gözünü dəyişmək üçün.Gücüm çatmasa belə baxışlarımla onu dəyişmək istəyirəm deyə üsyan edərdim.

    İndi isə belə bir səhnə açılmış olsa.Heç vaxtı səssiz qalmaram.Əgər ədalət varsa hər şeyi dəyişərəm.Əsasda səhnəni izlərkən öz hekayəmi görsəm ayağa qalxaram.Tərəzinin gözünü dəyişmək üçün nəyi var mücadilə edərəm.

    Və o tərəzinin gözünü dəyişən bir nəfər mən olardım...

    1. SİMURQ

      @SİMURQ

      05 iyul 25, 11:42

      Cavabınızda keçmişdə haqsızlığa uğrayıb acı çəkmiş lakin o ağrılara zamanla alışıb gücə çevirən bir ruh təsvir edilib sanki. Amma bəzi hadisələr olur ki biz özümüzü hazırlasaq da anidən baş verir. Donub qalır, reaksiya Belə verə bilmirik.Nə qədər çırpınsaqda daha çox zərər görürük.Mövzu insanın özü olarkən belə bəzən ədalətsizliyə uğramaq qaçınılmaz olur. Əslində bu yalnızca mənfi deyil, həm də yeni təcrübələrə işarədir. Diqqətinizə görə minnətdaram 🙏🏿. 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        05 iyul 25, 14:30

        Yazardan əlavə sanki bir psixoloqsuz kimi gəldiniz mənə.Əslində elədi.Mövzu həyatım olsa belə bu yaxınlarda elə bir hadisə yaşamışam ki, haqqımı belə tələb edə bilmədim.Göz görə görə ədalətsizliyə göz yumdum.Susdum.Çünki hansı tərəfdən baxsam yenə də əzab çəkən mən olacam.Ədalətsizlikdən qaçınılmaz oldum sizin də dediyiniz kimi.Sanki siz məni illərdi tanıyırmış kimi danışırsız🥺

        1. SİMURQ

          @SİMURQ

          05 iyul 25, 15:09

          İnsanlar bəzən fərqində olmadan oxşar hadisələr yaşayır və ya empatiya hissi qüvvətlidir. Psixoloq deyiləm amma bu sahəyə marağım var. Yaxşı təəssürat yarada bildimsə nə xoş mənə🙏🏿. 

          1. Aynur Yusifova

            @Aynur Yusifova

            05 iyul 25, 16:07

            Hər zaman yaradırsız.Çox sağ olun.Təşəkkür edirəm🕊️🤍❤️🌹

  2. Feride

    @Feride

    04 iyul 25, 22:37

    Axırdaki sual çox düşündürücü idi və təbiki hamı cavabı bilir , qələminiz xoşuma gəldi Sabir kimi heç kimdən çəkinmirsiz 💪, nə düşünürsüz yazırsız

    1. SİMURQ

      @SİMURQ

      05 iyul 25, 11:43

      Bəs sizin perspektivinizdən cavabın izahı necədir? 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    04 iyul 25, 21:54

    Salam Simurq xanım axşamınız xeyr olsun.Hekayənizi oxudum həmdə iki dəfə.Özümə düşən tərəfləri xüsusi olaraq təkrar təkrar oxudum.Yazarlığınızı yaxud hekayənizi tərifləməycəm.Ehtiyyac duymuram.Çunki hər şey göz önündədir.Sualınıza isə cavab verəcəm.Dərin və düşüncəli sual vermisiz.Təşəkkür edirəm.

    1. SİMURQ

      @SİMURQ

      05 iyul 25, 11:47

      Əslində bu mövzuda heç məlumat verməmiş olsam belə  təriflərdən çox yazdıqlarımın analiz edilməsi ,oradakı mənanı oxucunun öz daxili dünyasından gələn fikirləri ilə bildirməsi məndə daha xoş təəssürat yaradır.Anlayışınız üçün təşəkkürlər. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol