Fırtına Başlayanda — Simurq

Fırtına Başlayanda — Simurq

Küləklər şəhəri Bakı bu gün yenə fırtınalı hava şəraiti ilə yay aylarını yanıltmağı bacarmışdı. Bu həyəcan və qorxu dolu bir günün başlanğıcı olacağının xəbərcisi idi əslində. Ya da düşüncələr qaradəlik kimi içinə çəkir, getdikcə tükədirdi  daxildəki ümidlə sevinc hissinin qırıntılarını. Hər nə qədər çabalayıb, çalışsaq da istisna hallar vardır ki, bir-birinə zidd, tərs mütənasib maqnitlər kimi bizi məqsədimizdən uzaqlaşdırır. Baş verənlər isə eyniylə belə olacaq, bir kəpənək effekti kimi cəfasını görünməz bir şəkildə çəkdirəcəkdi. Ətrafınızda  minlərlə insan var ikən ölümə saniyələrdən daha yaxınmış kimi  hiss edirsinizsə, təəssüf ki siz də o effektin qurbanlarındasınız. Hələ ki saniyələr günü-gündən azalırsa...

O gün hava təkcə çöldə deyil, içində də çırpınırdı. Sükut danışırdı, zaman isə dayanmış kimi hiss edilirdi. Evdən çıxarkən heç kimlə danışmadı. Sadəcə baxışlar vardı — başa düşən, amma izah etməyən baxışlar. Ayaqqabısını geyinərkən ürəyi  olduğundan daha sürətli döyünməyə başladı. Hər bir addım, hər bir nəfəs sanki bir imtahan sualına çevrilirdi. Bu gün  özünü sübut etmənin son şansı idi.Metroya enərkən pillələr sonsuz görünürdü. Ətrafdakı insanlar tələsikdi, amma o tələsə bilmirdi ya da tələsmək istəmirdi. Bəzən ayaqlar getmək istəmir, çünki içində nəyinsə qopacağını hiss edirsən. Vaqon zehnindəki itkilər kimi doluydu. Hamı bir istiqamətə gedir, amma heç kim bir-birini tanımırdı.O isə bu yad insanların içində özünü ən yaxşı tanıyan biri olaraq susmağı seçmişdi. 

Qatarda oturmadı. Dayaq borusundan tutub gözlərini yumdu. Bəlkə də dua edirdi. Amma bu dua səsli deyildi. Qəlbinin içində, sözsüz, amma duyanlar üçün bəs edən bir yalvarış kimi idi . “İçimdə dağılmış hissələrimi bu gün toplamağa gücüm çatsın...” deyib son cümləsini  bitirdi. Hər stansiya bir hissəni geridə qoyurdu. Uşaq vaxtı oynadığı həyətlər, illərlə keçib getdiyi eyni küçələr indi yad idi. Çünki insan içindən uzaq düşəndə, tanıdığı hər yer soyuq görünür.Universitetin həyətinə girəndə külək yenidən üzünə çırpıldı. Bu, adi bir əsinti deyildi. Sanki həyat onunla danışmaq istəyirdi. “Hazırsan?” deyə sual verdi.O isə cavab vermədi. Səs-küylə dolu zala daxil olarkən səssizliyə bürünmüşdü. Masaya oturdu,hər şey sadə görünsədə  heç nə sadə deyildi. Sual bəzən “neçədir?” deyil, “necə yaşadın?” olur. İmtahan sadəcə yaddaş deyil, həyat testi idi.İllərlə içində basdırdığı qorxular, cavab vermədiyi suallar indi buradaydı. Və heç birindən qaçmaq olmurdu. Ətrafdakılardan bəzisi əmin, bəzisi çaşqın halda yazıb sona çatdırırdı. O, isə əksinə hər cavabdan əvvəl susurdu. Çünki bəzən sualın özü ilə üzləşmək, cavab verməkdən daha çətindir.

İmtahan başa çatdı,amma içində nə baş verdiyi, hansı addımlarla ilərliyəcəyini öyrənəcəyi yol daha yeni başlayırdı. Kağızı təhvil verəndə əlləri boş olsa da qəlbində yüzlərlə ağırlıq vardı. Qapıdan çıxanda nəfəsi çatmadı və dayandı bir anlıq. Dərin nəfəs aldı. Həyətdə tanış səslər vardı, amma o heç kimin səsini eşitmək istəmədi. Bu gün başqa bir səs daha yüksəkdən danışırdı. “Bitdi?” – deyirdi. Cavab yox idi. Bəzən bitməz dediyin şey, sadəcə başqa bir başlanğıcdır.Yolda addımlayarkən telefon vibrasiyasına gözü sataşsada  baxmadı. Əslində heç kimə cavab borclu deyildi. Bu gün cavab verməli olduğu tək yer vardı oda yalnızca özü ruhu idi. Metroya mindi. Yenə bənzər insanlarla birgə  eyni səssizliklə keçən anların sona çatmağını gözləyirdi.  Bəzən insan o qədər dolur ki, içində nə varsa axır və sonra geriyə heç nə qalmır. O da içindəki hər şeyi o zalda qoymuşdu.

Evə çatanda ev geyiminə bürünmədən pəncərəyə yaxınlaşdı. Külək hələ də əsirdi. Şəhər sanki heç nə olmamış kimi həyata davam edirdi. O isə əksinə çox dəyişmişdi.İnsanlar bəzən sakit görünür,amma  içlərində saysız hesabsız fırtınalar yatır. Bir gün o fırtına sükuta çevriləndə, bu sükutun qarşısında heç kim dayana bilmir. O sükut indi otaqda idi. Dörd divarın arasında, pəncərənin qarşısında, dodaqları qımıldamayan bir qadının qəlbində. Əlində telefon,  gözlərində isə cavabsız sual vardı.

O sual, qapalı qalan hər şeyin büruzə verilməsi  kimi səsləndi:

“Əgər bu qədər susduqdan sonra da içində hələ də kömək istəyən bir səs qalırsa... sonda səni hansı səs xilas edəcək?”


Şərhlər (5)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    10 iyul 25, 00:51

    Əgər bu qədər susduqdan sonra da içində hələ də kömək istəyən bir səs qalırsa... sonda səni hansı səs xilas edəcək?”

    Belə bir deyim var.Sağ əli sol əlimə möhtac eyləmə...Nə olur olsun insanı özündən başqası xilas edən olmayacaq...

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 22:52

      Çünki insanı özündən daha yaxşı heç kim tanıya bilməz. Tanısa belə onun probleminin tam həllini anlaya bilməz. 

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    05 iyul 25, 17:00

    Bu yazını isə sanki oxumadım. Hal hazırda belə, imtahana hazırlaşan biri kimi, bütün olanları yaşadım. Bütün keçirdiyi hissləri başa düşdüm. Deyərdim ki, bəzən susmaq bir qorxu deyil, bütün səsləri içində daşıyan bir cəsarətdir. Sualın cavabına gəldikdə isə.. Məncə, bizi öz səsimiz xilas edəcək. Bəzən bizi heç kəs anlamayanda, başa düşməyəndə biz sadəcə öz səsimizi eşidirik. O xilas bizə heç vaxt çöldən yox bizim öz içimiz dən gələcək. 

    Uğurlar🤍

    1. SİMURQ

      @SİMURQ

      05 iyul 25, 18:23

      Sükut bəzən daxili səsimizi inkişaf etdirib, kəşf etməmiz üçün verilən şanslardan biridir.Baş verən hadisələrə görə çox dəyişikliklər göstərir.İnsanlar tərəfindən bəsid görülsədə sükut və səssizliyin məna çalarıda böyükdür. Eyni zamanda bir sınaq fəaliyyətini görür. Bizi həqiqətən dəyər verən, anlayan insanları fərqləndirə bilirik. İç səsinizin sizi daim xilas etməsi diləyi ilə xoş cavab və fikirləriniz üçün təşəkkürlər 🙏🏿. 

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        05 iyul 25, 20:26

        Bəli, tamamilə doğrudur. Çox sağ olun 🤍

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol