Yaxşı Qız-XIII

Yaxşı Qız-XIII



"Yaxşı Qız"

Küçənin o başından gələndə bütün baxışlar ona dönürdü. Yox, bu baxışlar nə şəhvət dolu idi, nə də heyranlıq. Bu, qəribə bir "nə yaxşı qızdı" baxışı idi — əxlaqla, tərbiyə ilə, sözlə deyil, baxışla deyilən.
Zəhra yaxşı qız idi. Bunu hamı deyirdi. Bunu anası da deyirdi, qonşular da, müəllimlər də, tanımadıqları belə deyirdi:
— Yaxşı qızdı, sakitdi… başıaşağıdı… üzündə gülüş, sözündə çəkincə var.

Amma heç kim bilmir ki, Zəhra evə qayıdanda ayaqqabılarını sakitcə çıxarıb qapı arxasında içini boşaldırdı. Bəzən pəncərədən baxıb ağlayırdı, bəzən isə aynanın qarşısında üzünə baxıb pıçıldayırdı:
— Axı mən kiməm?

O, başqalarının yaratdığı obrazın içində yox olurdu. Sevgisini deməmişdi. Qorxmuşdu. Axı "yaxşı qız" belə etməzdi. Gözləməzdi küçədə oğlan, yazmazdı gecə mesaj, gülməzdi açıq-aydın.
Beləcə sevdiyini belə itirdi.


Zəhra 22 yaşına qədər heç nə etməmişdi. Nə səs qaldırmışdı, nə çərçivəni pozmuşdu. Ən böyük üsyanı — gecə otağında yazdığı amma heç vaxt göndərmədiyi mesajlar idi.

"Kaş sənə 'hə' deyə biləydim… amma yaxşı qız 'hə' deməz birinci."
"Kaş məni sevdiyin kimi deyil, olduğum kimi görəydin."
"Kaş bu şəhər yaxşı olmaqla insan olmaq arasındakı fərqi başa düşəydi…"


Bir gün universitetin qarşısında yenə onu gördü — Əli. O, Zəhranı sevməmişdi, sadəcə hörmət etmişdi. “Yaxşı qızdı axı” deyib keçmişdi. Amma Zəhra sevməyə cəsarət etməmişdi.
Əli indi başqa bir qızla idi. Saçları açıq, gülüşü sərbəst, danışığı cəsur. Onun haqqında isə başqa cür danışırdılar:
— O bir az "azaddı", yəni başıaşağı deyil…

Zəhra həmin axşam ilk dəfə ağladı, amma sükutla yox, hayqıra-hayqıra. Güzgünün qarşısında göz yaşlarını silmədən baxdı özünə. Sonra saçlarını açdı, dodaqlarına azca boya çəkdi. Elə çox yox, bir az — içindəki qıza "xoş gəldin" demək üçün.


İllər keçdi. Zəhra indi yazıçı idi. Ən çox oxunan hekayələrindən biri "Yaxşı Qız" adlanırdı. O hekayədəki qəhrəman — cəmiyyətin qəliblərinə sığmayan, amma heç kimə də zərər verməyən bir qız idi. Onu hər kəs “yaxşı qız” sanırdı, amma o sadəcə öz olmaq istəyirdi.

Bir müsahibəsində ona soruşdular:
— Sizcə, yaxşı qız kimdir?
Zəhra gülümsədi, gözlərində köhnə bir kölgə titrədi və cavab verdi:
— Yaxşı qız, başqalarının gözləntilərinə yox, öz vicdanına sadiq olandır.



Şərhlər (6)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    09 iyul 25, 14:56

    Bu hekayəni dinləyən hər bir qadın bilməlidir ki,səssiz qalmaqla yox,səsinin eşidilməsi ilə başlayar bir dıyişiklik.Yaxşı qız olmaqdansa xoşbəxt insan olmağa çalışmaq lazımdır.

    Hər bir insanın içində azad,cəsarətli özü olmaq istəyən biri var...

    1. XIII

      @XIII

      14 iyul 25, 08:30

      Razıyam.

      Rəy üçün təşəkkürlər.

  2. Şahmalı Hasan

    @Şahmalı Hasan

    09 iyul 25, 10:26

    Cəmiyyətdə çərçivələr, sərhədlər həmişə olur, az-çox. Bu sərhədləri aşmaq çox çətindir, bəziləri onsuz da aşılmamalıdır. Amma yersiz çərçivələri, insanın azadlıq və hüquqlarını pozan çərçivələri mütləq dağıtmaq lazımdır. Həm şəxsin, həm də gələcək cəmiyyət fərdlərinin daha rahat yaşaması üçün... Qələminizə qüvvət! Çox maraqlı bir mövzuya toxunubsunuz 👍

    1. XIII

      @XIII

      14 iyul 25, 08:29

      Cəmiyyəti dəyişmək lazımdır.Təşəkkürlər..

  3. NezrinM

    @NezrinM

    09 iyul 25, 10:01

    Bəliiii, bu streotip ! "Yaxşı qız" ...

    Cəmiyyətimizdə hələ də "yaxşı qız" streotipi qalmaqdadır. Çox qız "yaxşı qız" olmaq üçün özlərini itirirlər, kimliklərini unuturlar, özləri olmaq çıxırlar. Orxan Zeynallının dediyi kimi "Qoy hamı desin ki, o yaxşı qızdır" 

    Çox maraqlı hekayə idi, reallıqları əks edən və təsirli. Uğurlarrr⭐️

    1. XIII

      @XIII

      14 iyul 25, 08:28

      Cəmiyyət anlamır,təssüf ki.Rəy bildirdiyiniz üçün təşəkkürlər.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol