“Ən saf xoşbəxtlik bəzən ən çirkli yerdə doğulur.”
O gün hava qəribə idi. Sanki göy üzündə, sonsuz mavilikdə gizlənən bir sirr vardı .İzahı mümkün olmayan, qaranlıq bir yuxunun içində itmiş bir səs kimi. Buludlar səssiz danışırdı, amma heç kim bu pıçıltını eşitmirdi.Külək isə nəfəsini tutmuşdu, elə bil təbiət öz içində böyük bir sirri saxlayırdı. Hər şey elə dondurulmuşdu ki, zaman öz axarını itirmiş, anın içində dayanmışdı. Nə günəş vardı, nə də tam yağış, amma göydə qərarsızlıqla dolu bir gərginlik vardı. Sanki təbiət bir addım atmaq istəyirdi, amma öz içindəki mübarizədə qalib gəlmək üçün dayanmışdı. İnsanlar evlərinin pəncərələrindən çölə baxıb, bu qəribə havanın sakit və tutqun sehrini izləyirdilər. Hər kəsin gözündə eyni düşüncə vardı – “çöl çirklidir, təhlükəlidir, soyuqdur və qorxuncdur.” Hər nəfəsdə bir ehtiyat, hər addımda bir tərəddüd vardı.
Onlardan fərqli olaraq kiçik bir qız bütün bu qorxuların, qaranlığın və soyuğun içindən çıxan bir işıq kimi parlayırdı. Palçığın ortasında, sanki dünyadan təcrid olunmuş bir adada dayanmışdı o qız. Səliqəli geyimləri artıq rəngsizləşmiş, dizlərinə qədər soyuq suyun içindəydi. Amma baxışları... O baxışlarda nə qorxu, nə təlaş, nə də narahatlıq vardı. Onun gözləri sərhədsiz bir azadlığın, həqiqi sevincin dərinliyini daşıyırdı. Sanki dünya onun üçün yalnız bir oyun meydanı idi. Hər damla yağışda, hər palçıq ləkəsində onun ruhu bir az daha açılır, bir az daha azad olurdu. Hər addımı ilə palçıq ona yox, o palçıqa həyat verirdi.O, sanki yağışın çağırışını eşitmişdi. Səmadan gələn hər damla ona “oyna”, “azad ol”, “boş ver” deyirdi. O, yağışı yalnız islanmaq üçün deyil, ürəyindəki hər qapalı qapını açmaq üçün sevirdi. Suda əks olunan özünü görürdü – həm kirlənmiş, həm də təmizlənmiş, həyatın iki tərəfini qucaqlayan bir mələk kimi. Hər su damlası onun ruhunu yuyur, ona yenidən doğulmaq imkanı verirdi.Əllərini palçığın içində çırpırdı, son gücüylə suyu göyə atırdı. Gülüşü suya qarışır, su damcıları göyə sıçrayırdı, göy isə sanki bu səslərə cavab verirmiş kimi daha güclü, ehtirasla yağırdı. O, təbiətlə danışırdı – sözsüz, sadə, amma ən dərin və səmimi dildə. Saçlarından süzülən su damcıları çənəsindən aşağı axır, üzündə palçıq izləri görünürdü; amma onun gülümsəməsi o izlərin heç birini vecinə almırdı, əksinə onlarla daha da parıldayırdı. O gülüşdə həm azadlıq, həm də dözüm vardı, həm qızğın həyat eşqi, həm də sakit bir təmkin...
Ətrafdakılar bir-bir pəncərədən ona baxır, pıçıltılarla danışırdılar: “Bax, bu uşaq nə gündədir, xəstələnəcək axı,” “Valideynləri haradadır görəsən?”, “Yazıq, palçıq içində batıb...” Amma heç biri onun içindəki işığı görə bilmirdi. Onlar yalnız çirki, palçığın ləkəsini görürdülər. Amma o qız... O, orada çirklənmirdi – əksinə, təmizlənirdi. O an onun ruhu palçığın soyuq qucağında yenidən dir çəkirdi. O qız o anda böyümürdü – həm də, uşaq olaraq qalırdı:saf, azad və dəyişməz bir qız uşağı.O digərlərindən fərqlənir, gerçək həyat yaşayırdı – ürəyin ən səmimi, ən xalis anını.Sonra, yaşlı bir qadın küçədən keçərkən dayandı və sərt səslə soruşdu:
– Ay bala, əynin nə gündədir axı?
O qız qadına baxdı. Baxışları təkcə qadına deyil, bütün dünyaya dikildi. Nə utandı, nə də qorxdu. Çünki o, həmin an dünya ilə barışmışdı. Gülümsədi, əllərindəki suyu yavaşca yerə buraxdı və dedi:
– Elə xoşbəxtəm ki, əynim nədi ki?
Bu sözlər qadının ayaqları altındakı torpağı sarsıtdı. Bu cavab pəncərələr arxasındakı qayda sevərlərin qəlbinə damcı kimi düşdü və içində gizlənən səsini oyatdı.Çünki o qız bir şeyi anlatdı: Xoşbəxtlik tərtəmiz paltarda, susqun otaqlarda, narahat pəncərə kənarlarında gizlənmir. Xoşbəxtlik bəzən palçığın içində, saçın islananda, azad olanda, qaydaları görməzdən gələndə doğulur.
O, palçıqda batmadı yüksəldi.Çirklənmədi əksinə işıldadı.O, soyuqda donmadı ,içindəki günəşi səmaya çıxardı. O, yağış altında üşümədi ,çünki hər damla onu azadlığa yaxınlaşdırdı.Bütün hadisələrin baş verdiyi zaman küçədə sadəcə bir uşaq oynamırdı. O uşaq bizi unutduğumuz azadlığa qaytarırdı. Bizim bacarmadığımızı etdi , qorxusuz sevinci yaşadı. Bizim itirdiyimizi tapdı ,uşaqca gülüşün təmizliyini öyrətdi. Heç kim onu anlamadı. Çünki böyüklər hər şeyi çirklə ölçür. Geyimlə, qayda ilə, başqalarının nə deyəcəyini düşünərək. Onlar palçıqda oynayan bir qız gördülər. Amma onun içində doğan günəşi görə bilmədilər...
Bəs sən son dəfə nə vaxt bütün qaydaları unutdun və sadəcə gülümsədin?..
Şərhlər (9)