Çiçək Açan Addımlar — Simurq

Çiçək Açan Addımlar — Simurq

✨ "Bəzən sadəcə gedilən yol deyil, buraxdığın iz danışar səndən...”

Bu şəhərin küçələri səssiz fısıltılarla dolu ,insanları əhatə edən hava elə ağır və donuq idi ki, hər nəfəs sanki uzun sürən susqunluğun içindən keçirdi. İnsanlar sürətlə irəliləyir və tələsirdilər.Addımları qarışıq, ruhları isə itkin düşmüşdü. Onlar olduqları yerdən uzaqlaşdıqlarını düşünürdülər, amma əslində görünməz zəncirlərlə bağlanmış, dəyişməz bir labirintdə dolaşırdılar. Heç kim haraya getdiyini bilmirdi, sadəcə öz varlığını isbat etmək üçün ayaqlarını sürüyüb addımlamağa davam edirdi. Bu tələsik ayaq izlərinin içində boğulan səs-küy insanları ruhən yorur, daxildən zəiflədirdi.Qəlblərində görünməz, amma dərin boşluq yaranırdı. Hər kəs özünü böyük bir meydanın ortasında tək başına qalmış kimi hiss edirdi.Sanki görünməz divarlar arasındakı səssiz qışqırıq kimiydi, ancaq səsini heç kəs eşitmirdi.Səssiz, soyuq və səthi həyatların hökm sürdüyü bu şəhərdə heç kim arxaya baxmaz, heç kim iz buraxmaz, heç kim soruşmazdı: “Mən hara gedirəm və nə üçün?” – çünki insanlar artıq bu yolda yerimirdilər ,sadəcə ayaqlarını sürüyür, həyat dedikləri səhnəni sonsuz bir təkrarla dolandırırdılar. Əslində, onlar əllərindən tutan bir möcüzəni görməzdən gəlir, ruhlarını boşluğa buraxırdılar. Sözlər artıq mənasını itirmiş, duyğular donmuşdu. İnsanlar arasında ünsiyyətin, içdən gələn təmasların yoxluğu böyük bir uçurum yaradırdı.Hər kəs sanki öz içindəki tələyə düşmüşdü, qaranlıqda əks-səda ilə danışırdı.

Hər səhər eyni küçə, eyni simalar, eyni mimikalar, eyni suallar, amma heç bir cavabla qarşılaşmırdıq.Həyat özünü təkrar edən səssiz bir filmin içində ilişib qalmışdı, və bu filmə baxanlar artıq izlədiklərini belə hiss etmirdilər. Hər kəs özünü kənara çəkmiş, ürəyində sönmüş, dondurulmuş bir səhnədə rəqs edirdi. Bu səhnənin səssizliyi, həyatın içində yaşayan hər kəsin qəlbini dərin bir boşluqla doldururdu. Sözlər artıq mənasızlaşmış, baxışlar yalnız vərdişlərin kölgəsi olmuşdu. Həyatın əsl mənası yavaş-yavaş unudulmuş, varlığın dəyəri yoxa çıxmağa başlamışdı. İnsanlar ətrafında baş verən hadisələri yaşamaqdan uzaqlaşır, soyuq və donmuş dünyalarının içində əriyirdilər. O, isə bu dünyanın içindəki çoxunluğuna rəğmən istisnalara qatılmağı bacarmışdı.Addımları səssizdi, amma sükutu yarırdı. Sanki ayaqlarının altından doğan bir sirr vardı və hər kəs fərqində olmadan o sirrin içinə çəkilirdi. Varlığı ilə şəhərin ritmini dəyişdirir, zamanın ağır axarını kəsir, qaranlığın içində bir işıq kimi parlayırdı. Hər addımında gizli bir nağıl toxuyur, baxışlardan uzaq, ruhlara toxunan sirli tellərlə şəhəri bəzəyirdi. Sanki gələcəyin rəsmini çəkirdi, hər izdə isə həyatın yenidən başladığına dair dərin bir söz vardı. İnsanlara susqunluğun içində belə bir ümidin yaşaya biləcəyini göstərirdi. Ayaqqabılarının altı köhnəlmişdi, amma bu köhnəlik yaşanmışlıqdan doğurdu, yırtıqlar səssiz savaşların izlərini daşıyırdı, tozlar yıxılmaların yadigarı idi.  Asfalt yolda iz buraxmaq mümkün deyil deyərlər, amma o hər addımında asfaltı yarır, yerin altındakı yazı səthə çıxarırdı. Yeridikcə torpaq oyanır, sükut danışır, rənglər doğulurdu.  Eyniylə həyatın özü kimi, keçmişin yükü bəzən insanı əzər, amma doğru addımla  üstündən yeni yollara çıxmaq mümkündür. Oda bu həqiqətləri göstərməyə çalışırdı.İlk dəfə gözlər bunu qavrayanda inanmadılar. “Sadəcə təsadüfdür,” – deyə düşündülər.Düşüncələrinin əksinə bu təsadüf deyildi. Hər addımın altında yeni həyat, hər izdə yeni ümid vardı. Hər kəsin qəlbinə toxunan, onu silkələyən görünməz bir möcüzə. Sükutun içində gizlənmiş  həyəcan  cansız küçələri çiçəkləndirirdi. İnsanların gözlərində əvvəlcə çaşqınlıq, sonra  özlərinə qarşı gizli bir inam doğurdu bu izlər. Elə bir sirli enerji idi ki, onu gizlətmək mümkün deyildi. Hər addım yeni bir səhifə açır, hər iz isə qədim bir nağılı yenidən dirildirdi.

Əvvəlcə heç kim yeniliklərin fərqinə varmadı. İnsanlar sadəcə onun keçdiyi yerdə qəribə bir qoxu hiss etdilər – torpaq, yağış və çiçək qoxusunun qarışığı təravətli bir qoxu. Sonra bir uşaq əyilib onun izi boyunca əlini yerə uzatdı və barmaqlarının ucunda bir çoban yastığı toxumu tapdı. Sanki ayaqqabısının altı təkcə iz yox, həm də yeni bir dirçəliş buraxırdı. Bu toxum sanki şəhərin donmuş ruhuna həyat gətirən bir işarə idi. Gələcəyin kilidini açan qapısı, unudulmuş həyatın yenidən toxunan qanadı idi. İnsanlar o an anladılar ki, əsl güc təkcə addımlarda deyil, onların arxasında qalan izlərdədir.Bu toxum təkcə torpağa deyil, insanların ruhuna da səpildi. Kimsə dayanıb o yola baxdı, düşündü: “Bəlkə də mənim də ayaqqabılarımda belə izi buraxmalıdır”.O izlər yalnız torpağa deyil, insanın qəlbinə də yazılırdı. Hər kəs zamanla öz izini axtarmağa başladı. Axtardıqları müddətdə baş verənlər uzun müddət susqun qalmış ruhlarına  yeni bir nəbz oldu. O isə son addımlarını atmağa getdikcə yaxınlaşır, arxasında asfalt üzərində gül-çiçəkli bir cığır açılırdı. Əvvəlcə bu nağıl kimi göründü insanlara. Sonra bu nağıl gözlərinin önündə gerçəyə çevriləndə qorxdular. Çünki qəlbləri gözəlliyə alışmayan insanlarda ilk olaraq şübhə duyğusu baş qaldırır. Bu səbəb onu danışmadan, izah vermədən davam etməsinə mane ola bilmədi. Yolunu dəyişmək yerinə zamanın ritmini dəyişdirərək,  şəhərin ortasında yaşamağın başqa bir üslubunu yazdı. Onun hər addımı şübhələrə meydan oxuyur, ruhlara ümid əkirdi. Getdikcə arxasında buraxdığı cığır dərinləşib gözəlləşirdi Sarı çoban yastıqları, qırmızı qərənfillər, mavi bənövşələr, bənzərsiz naxışlarla bəzənmiş çiçəkli bir yol... Bu yol göründüyü qədər sadə deyildi.O, hər addımda insanlara izah edirdi ki, gerçək həyat yalnız tələsik addımlardan, sayıq baxışlardan və səthi görünüşlərdən ibarət deyil. Daha dərin, daha həssas və daha insanidir. O yol, sükutun içində danışan bir nağıl, ruhların qayıdışı idi. Hər addımda yenidən doğan bir sevgi, hər izdə təzələnən bir ümid var idi.Buna baxmayaraq yolun sonu görünmürdü. O, hələ də yol getməyə davam edirdi. İnsanlar isə dayanıb baxdılar və düşündülər:

“Bu izlər niyə mənə aid deyil? Niyə mənim ayaqqabılarım altında da belə bahar olmur?”


Bəs sən ayaqqabılarının altında bahar yaratmaq üçün nə etməlisən?


Şərhlər (18)

  1. Fatima

    @Fatima

    22 iyul 25, 15:37

    Ən çox mənə "asfaltda iz qalmaz deyirlər,amma o qaldı" təsir etdi. Həqiqətən də bəzən insanın susaraq qoyduğu iz, sözlərlə izah edilə bilməyəcək qədər dərin olur. Məncə insan ayaqlarının altında bahar yaratmaq üçün əvvəlcə içindəki səs-küyü susdurmaq üçün dayanmalıdır.Tələsməməlidir. Əgər içimizdə sevgi varsa, iz buraxırıq. İnsan seçdiyi yolu hiss etməlidir. Hekayə üçün təşəkkürlər.

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 11:02

      İzlər bəzən görünməz olur, amma qəlbdə dərin iz buraxır. İçimizdəki sükutu dinləmək, hər addımın bahar olmasına imkan yaradır. Sevgiylə seçilən yolun özü ən dəyərli hekayədir.Düşüncələrinizi bölüşdüyünüz üçün təşəkkürlər✨

  2. Sunay Məmmədova

    @Sunay Məmmədova

    13 iyul 25, 22:30

    Bu sual sanki özünlə qarşılaşmadır. Məncə bunun üçün yalnız “addımlamaq” yox, addım atdığın yeri hiss etmək, nəfəs aldığın anı yaşamaq, həyatı tələsik bir təkrara yola vermək əvəzinə, hər anı mənalandırmaq lazımdır. Yıxılsan da qalxmağı bacarmalısan. Ətrafa deyil, içinə yönəlməlisən. Bax o zaman ayaqlarının altında baharı hiss edə bilərsən.

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 11:04

      Özünüzlə qarşılaşmaq, yalnız addımlamaq deyil, addımlarınızı hiss etməkdir. İçinizə dönmək və qalxmağı bacarmaq  həyatdakı ən böyük gücdür. Beləcə, bahar ayaqlarınızın altında başlayır.Düşüncələrinizi paylaşdığınız üçün təşəkkür edirəm✨

  3. Əminə

    @Əminə

    12 iyul 25, 18:58

    çox gözəl  və möhtəşəm uğurlar 

    1. SİMURQ

      @SİMURQ

      12 iyul 25, 19:16

      Təşəkkürlər 🙏🏿

  4. SİRİUS

    @SİRİUS

    11 iyul 25, 22:43

    Özünden sonra baharı bəxş etmək əslində insanlara gözəl şeyləri yazıb onlara ümidin hələ də tam ölmədiyini sübut etmək lazımdır. Elə bir kitab yazmaq lazımdır ki insanda sevgi hissini oyatsın . Ona yalnız olmadiğini ,her şeyin insanın özü ile başladiğini bu həyatda varsa yaşanmaga deyər ən müqəddəs hissin sevgi olduğunu anlatmaq lazımdır kitablarda. Bax o zaman sən özündən sonra bir bahar qoyursan oxuyan her kese. Ümüdlər heç vaxt olmur ,ama bəzən onlar bizi tərk edir. 

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 22:50

      Ən böyük məqsədlərimdən biri də elə bir kitab çıxarmaqdır. Lakin nəşrə çıxarana qədər siz oxuculara hələki belə kiçik hekayələrlə ümid olmağa, ipucularıyla bilavasitə təqdim etmə niyətindəyəm🙏🏿. 

  5. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    10 iyul 25, 14:34

    Mən ayaqqabılarımın altında bahar yaratmaq üçün ilk öz qəlbimdə baharı gətirməliyəm. Bəzən bahar sadəcə ağaclardan, güllərdən ibarət deyil. İnsanın gəlbinə bahar gəlməyəndə çöl dünyaya kor olur. Ha ora ən gözəl rənglərlə bəzənsin biz onda dünyaya ağ qara baxırıq 

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 22:47

      Bəli, tamamilə doğrudur. Ağ qara hətta boz emosiyalarla dolu bir qəlb yalnızca zəhərli tikana malik çiçəklər açdıra bilər. 

  6. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    10 iyul 25, 00:12

    Maraqlı idi.. uğurlar 🌷

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 22:46

      Təşəkkürlər 🙏🏿

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    09 iyul 25, 20:17

    Bəzən bahar gəlmək üçün gecişir.

    Amma gələndə bütün soyuqluqlara dəyər.Bahar yaratmaq üçün əvvəl içindəki qışı qəbul etməlisən.Sonra öz yolunu seçmılisən.Özünə xas olan yolda adımlamalısan.Qorxmadan çəkinmədən.Bəlkə də yanlış addımlar torpağa iz buraxacaq.Amma bunun öhtəsindən də gələ bilmək özü bir bahar kimi çiçək açmaqdır məncə...

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 22:45

      Bəli çiçək açan bir ruh uçuruma düşsə belə addımlarıyla oranı belə bağçaya çevirə bilər. 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        12 iyul 25, 01:04

        Həm hekayələrinzlə məni valeh edirsiz həmdə verdiyiniz suallara yazdığım cavaba cavab vermənizlə.

        Çox sağ olun.Minnətdaram.Bir oxucuya bu qədər diqqətlə yanaşdığınız üçün🕊️🕊️🕊️🕊️😊😊😊🥰🥰✨✨✨

        1. SİMURQ

          @SİMURQ

          12 iyul 25, 01:16

          Yazıçının dəyəri yazdıqlarıyla deyil oxucunun ona qatdıqlarıyla dəyərlənir. Əsl siz sağ olun. Hər birinizin fikri və baxış bucağı sayəsində yeni dünyalar kəşf  edə bilirəm ✨

  8. Dərya Qasımova

    @Dərya Qasımova

    09 iyul 25, 00:29

    Öncəliklə deyərdim ki, bəyəndim. Maraqlı idi. "Doğru addımla yeni yollara çıxmaq mümkündür" İnsan da bəzən nə qədər keçmişin ağırlığı olsa belə, nə qədər çətinliyi olsa belə hər zaman bir günəş kimi parlamağı bacarmalıdır. Seçimlərimizi düzgün etməklə gələcəyə addımlamalıyıq. Suala gəldikdə isə.. Məncə, insan birinci öz iç dünyasda bahar yaşamaldır. Əgər qəlbini gözəlləşdirsən buna nail ola bilərsən. İnsanlarla münasibətdə bir gülümsəmə, onlara edilmiş kiçik də olsa dəstək bunlar belə bəs edər.. Ayaqlarımızın altında bahar yaratmalıyıqsa, özümüzlə hər yerə gözəllik, sevgi də aparmalıyıq.

    Uğurlar 🤍

    1. SİMURQ

      @SİMURQ

      09 iyul 25, 10:15

      İlk olaraq xoş fikir və cavabınıza görə təşəkkürlər. Bəli, doğru vurğuladınız.İnsan öz daxili ruhunu çiçəkləndirmədən qaranlıq asfaltı təravətli izlərlə doldura bilməz. Bahar yaratmaq isə göründüyü qədər çətin deyil. Sadəcə addım atanın bu barədə istək, marağı olub başlaması kifayətdir. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol