“Bəzən ən qorxulu şeytan  səssizcə səninlə eyni masada oturandır.”

Külək bu gün sanki təkcə havanı yox, insanların içindəki rahatlığı da sovururdu. Şəhər nəfəs almağı unutmuşdu. Səslər yersiz, rənglər solğun, addımlar çaşqın idi. İnsanlar yollarda tələsir, amma heç kim hara getdiyindən əmin deyildi .Sanki hamı bir şeydən qaçırdı, amma qaçdıqları  elə öz içlərində olduğundan xəbərsizdilər.Ayaqları irəliləyirdi,amma ruhları eyni nöqtədə ilişib qalmışdı. Hər kəs özünü yaşam içində göstərsə də, əslində yalnız var olmaqla məşğul idi. Hər üzün arxasında gizlənmiş bir başqa hekayə, hər baxışda açılmamış bir sirr vardı. Səssizlik bu şəhərin ən çox danışan səsi idi.Bu təkərrür və hissizlik içində, heç gözə batmayan, diqqətdən kənarda qalan köhnə bir kafe vardı. Dəfələrlə yanından keçilib içəri baxılmamış, amma içində vaxtı dayandıran bir yer. Masaları köhnə idi,  sanki hər biri bir sirrin daşıyıcısıydı. İçəridə musiqi səssiz çalınırdı, elə bir səslə ki, xatirələrdən gəlib keçirdi. Hava qəhvə ilə dolu idi, amma bu qoxu istilik yox, qəribə bir narahatlıq doğururdu.Bu kafenin pəncərəyə yaxın masasında iki qadın oturmuşdu. Göz-gözə gəlmirdilər. Aralarında səssizlik vardı, amma bu səssizlik susmaq üçün seçilməmişdi  danışmaq mümkün deyildi. Hər kəsin içində boğduğu cümlələr vardı, amma heç biri səslə deyil, baxışlarla deyilməli idi.Qara geyimli qadın masanın üstündəki fincana baxaraq dedi:

Mən... onun səninlə olduğunu çoxdan bilirdim. Amma inanmaq istəmirdim. Özümü inandırırdım ki, sən belə bir şey etməzsən. Mən sənə güvəndim. Çünki sən mənim ən yaxın bildiyim idin.

Sarı donlu qadın gözlərini qaçırdı. Gülümsədi. Qəribə, donuq bir gülüş. Bu gülüşdə nə peşmanlıq, nə də təəssüf vardı. Sanki deməkistəyirdi: “Bəli, düz bilirdin... amma çox gecdir.”

Əslində bu, onların ilk belə söhbəti deyildi. İllərlə içlərində susub dayanan, “bəlkə də səhv düşünürəm” deyə susdurduqları suallar bu gün masaya çıxmışdı. Hər ikisi bu gün bir nöqtəyə çatmışdı. Üzr istəmək yox, üz-üzə qalmaq vaxtıydı.Elə bu an kafenin qapısı açıldı. İçəri girən kişi sanki bir romanın səhifəsindən çıxmış kimi idi. Qalstuku qırmızı, üzü tanış, baxışı isə dəyişmişdi. Qapı arxasında qalan külək bir anlıq içəri doldu və o an hər şey sanki donduruldu. O masaya doğru yaxınlaşdı. Əlindəki fincanı ehtiyatla yerə qoydu, oturdu. Onunla birlikdə masada üçüncü fincan da tamamlandı.Heç kim danışmırdı. Amma hər kəs hər şeyi bilirdi. Gözlərdə gizli qırğın, ürəklərdə susan qışqırtı vardı. Kişi gözlərini ikisinə də zillədi və sakitcə dedi:

— Çox səssizsiniz. Bu qədər gözəl bir sükut içində danışmağa ehtiyac qalmır.

Qara geyimli qadın başını qaldırdı. Baxışları sərt, amma qırılmış idi:

— Sən nə vaxt dəyişdin? Nə vaxt belə birinə çevrildin?

Kişi gülümsədi. Amma bu gülüşdə nə istilik vardı, nə də aydınlıq. İçində uzun illər gizlədilmiş bir həqiqətin rahatlığı vardı:

— Mən heç vaxt dəyişmədim. Mən həmişə beləydim. Sadəcə siz  baxmaq istəmirdiniz. Həqiqət göz önündə olanda, ona inanmaq daha çətin olur.

Sarı donlu qadın asta səslə:

— Biz sənə güvəndik... hər şeydən əvvəl mədəni bir insan kimi etibar etdik. 

Kişi fincanı qaldırdı, bir qurtum içdi və dedi:

— Güvən bir dəvətnamədir. Mən sadəcə çağırıldığım yerdə oldum. Sizin qapınızı döymədim, siz özünüz açdınız.

Onun baxışları qadınların ruhuna qədər nüfuz edirdi. Sözləri az idi, amma hər biri sanki bir keçmişi üzə çıxarırdı. Masada buxarlanan üçüncü fincan heç də təsadüfi deyildi. O fincan  uzun zamandır burada idi. Sadəcə onu heç kim görmək istəməmişdi.

— Bəzən şeytan uzaqdan gəlmir. O, səninlə çiyin-çiyinə dayanır. Sən sınanda “yanındayam” deyir. Amma səni dayanmadan içindən yeyir. Səssiz olur, anlayışlı olur, hətta “səni qoruyuram” deyir. Və sən bu qədər yaxın olanın, əslində sənə ən uzaq zərbəni vurduğunu çox gec anlayırsan.

Qara geyimli qadın ayağa qalxdı. Səsində titrəmə vardı:

— Sən bizim dostumuz ola bilməzsən...

Kişi də ayağa qalxdı. Gülümsədi. Artıq gizlənmirdi. Gizlənmiş buynuzları görünürdü. Qaranlıq da, yalan da, həqiqət də artıq açıq idi.

— Mən düşməniniz də olmamışam. Sadəcə çox tanış gəlmişəm sizə. Elə tanış ki, ayırd edə bilməmisiniz. Elə içərinizdə olmuşam ki, şübhələnməmisiniz. Ən təhlükəli yer də oradır:zehniniz içi... 

O, qapıya doğru getdi. Son anda dayandı, dönüb arxaya baxdı. Baxışı dərin, səsi sakit idi:

— Masadakı üçüncü fincan  heç vaxt təsadüfən olmur. O, ya susmaqdan bezmiş bir ruhun yeridir, ya da artıq hər şeyi görüb danışmayan bir şahidin. Sual budur: onu siz özünüzmü qoymusunuz ora, yoxsa kiminsə yavaşca gətirib sizə hiss etdirmədən təqdim etdiyi bir fincandımı o?Qapı səssizcə örtüldü. Qadınlar donub qaldı. Masada üç fincan vardı.Biri içilmişdi.Biri yarımçıq qalmışdı.Biri  hələ də buxarlanırdı...

Bəs sənin masandakı üçüncü fincan  hələ də kiminsə yerini gözləyir, yoxsa çoxdan masadakı yerini doldurub?Sadəcə sən onu görməyə qorxursan...