- Dayan! Gözlə! Hələ söndürmə, qoy beləcə qalsın - dedi doktor Makkarti, onun üzündə təşviş və həyəcan hissinin qarışığından yaranan qəribə bir ifadə vardı. Köməkçisi Anna da onun dediyinə əməl edib əlini düymələrin üzərindən çəkdi. Ekranda hələ də görüntü yox idi, qaranlıq idi. Amma elə o anda Anna da işin fərqinə vardı. Müəmmalı olsa da, proses hələ də davam edirdi, görüntü geriyə doğru hərəkətdə idi. Qaranlıq olmasının səbəbi isə gözlərin bağlı olması idi. Bütün bədəninə yayılan istilik və titrəmə hissinin təsiri altında yıxılmamaq üçün stola tutunan Anna gözlərini ekrandan bir anlıq ayırıb ətrafdakıları - Doktoru Makkarti və onun yaxın dostu, iş yoldaşı professor Kennedinin də eyni vəziyyətdə olduğunu gördü. Hazırda bu üçlük tarixin, bəşəriyyət ən vacib anına tanıqlıq edirdilər. Doğumdan əvvəlki həyatın varlığına... O dünyanın sübutuna... və bəlkə də Tanrının var olmasının dəlilinə tanıqlıq edirdilər...

                                       ***

9 ay əvvəl. Vaşinqton. Göydələnlərdən birinin 35-ci mərtəbəsi.

   Professor Kennedi katibəsinin onu təcili görmək istəyən birinin olduğunu deyəndə çaşıb qalmışdı, çünki əksər hallarda onun işləri, həyatı planlı - proqramlı olurdu. Bu gözlənilməz qonağın kimliyini biləndə isə çaşqınlıq hissi öz yerini şən əhval-ruhiyyəyə verdi. Çünki Makkarti soyadı onun sevdiyi, hörmət etdiyi insanlar siyahısında ilk sıralarda idi. Təxminən beş, ya altı il əvvəl elmi konfransların birində tanış olmuş, daha sonra təsadüf nəticəsində təyyarədə də birgə uçmaq qismət olmuşdu. Elə ilk görüşdən sözləri - söhbətləri tutan bu iki elm adamının ( Dr. Makkarti neyrologiya üzrə, Prof. Kennedi isə kibernetika üzrə mütəxəssis idi) məşğul olduqları sahə də demək olar ki, bir-birinə yaxın idi. Nəticədə insan beyni də mükəmməl bir kompüter idi, yəni ən azı onların hər ikisi də belə düşünürdü.  

  İki yaxın dost mehribancasına salamlaşıb görüşdülər. Doktor Makkarti prof. Kennedinin yer göstərməyinə imkan vermədən özü ev sahibi kimi oturacağın birinə əyləşib üzündəki qəribə bir gülümsəmə ilə dostuna baxdı. Ən son dörd, ya da beş ay əvvəl İsveçrədə birgə iştirak etdikləri bir elmi sərgi onların axırıncı görüşü idi. Bugünkü gözlənilməz görüş isə hər ikisinin də könlünü şad etsə də, bu görüşün bir məğzi, məqsədi olduğu hər ikisinə də bəlli idi. Dr. Makkarti sözü çox uzatmadan mətləbə keçdi:

- Mənə sənin köməyin lazımdır, dostum.

- Bunu artıq üzündəki ifadədən bilirəm, mənə bilmədiyim bir şey söylə, dok...

- Heç Avstraliyada olmusan? - deyə gəlişi kimi gözlənilməz bir sual verdi Dr. Makkarti.

- Düzü, yox. Amma Sidneydə olmağı həmişə arzulamışam. Amma iş-güc imkan vermir, dostum, özün bilirsən də...

- Hə , hə bilirəm, biz axı çox məşğul adamlarıq... Amma bu gün sən şanslı günündəsən. Hazırlaş sabah Avstraliyaya uçuruq. Bu sözlər Prof. Kennedini heyrətləndirdi. Bir söz demək istəsə də, katibəsinin içəri girməsi fikirləri yayındırdı. İki fincan qəhvə gətirmişdi. Fincandakı son damla bitənə qədər səssizlik hökm sürdü. Hər iki dost beynində götür-qoy edirdi. Prof. Kennedi qabaqdakı bir neçə gün ərzində elə də vacib işləri olmadığını, bir-iki günlük istirahətin faydalı ola biləcəyini düşündü. Dr. Makkarti isə probleminin həllinin bircə nəfərdə, dostuda olduğunu düşünür və buna inanırdı. Beləliklə, getməyə hazırlaşan Dr. Makkarti detalları təyyarədə bölüşəcəyini və görüş yerini, saatını deyib ofisdən çıxdı. Prof. Kennedi katibəsini səfəri barədə xəbərdar edib yarım qoyduğu işini tamamlamaq üçün masa başına keçdi, klaviatura düymələrini döyəcləməyə başladı.

                                      ***

   Bir neçə saatlıq yorucu uçuşdan sonra, nəhayət, hava limanındakı mülayim havanı ciyərlərində çəkən professor Kennedi gülümsəyərək dostunu süzdü. Dostunun da üzündəki gülüşdən bu səfərin onların həyatını dəyişəcəyi, indiyə qədər kariyera pillələrini müəyyən qədər çıxmış olsalar da, bu səfərin onları ən zirvəyə qaldıracağı bəlli idi. Hələ Amerikada olarkən professor beynində çoxlu suallarla təyyarəyə minmiş, masasında iki qədəh əla növ şərabla onu gözləyən Dr. Makkartidən tezliklə suallarına cavab alacağı ümidi ilə salamlaşıb qarşısında oturmuşdu. Doktor da onun sual dolu baxışları altında özü kimi səbirsiz dostunu daha da intizarda saxlamayıb keçdi məsələnin açıqlamasına:

- Kennedi, əziz dost, bilirsən ki, mən heç vaxt boş və lazımsız bir iş üçün sənə bu qədər əziyyət vermərəm. Həm də sən güvəndiyim, etibarlı yeganə dostumsam. Və üstəgəl mənim üzləşdiyim məsələni həll edə biləcək potensiala sahib ikinci bir kiberdahi hələ dünyaya gəlməyib ... - sonuncu mübaliğəli sözlər ilə hər ikisinin üzündə gülüş şüalarının parıltısı göründü. 

- Mənim uzun müddətdir ki, üzərində işlədiyim bir iş var, Ken. Bu çox gizli bir layihə olduğu üçün hətta ən yaxınlarıma da bu barədə bir məlumat verməmişəm. Bir elm adamı kimi məni anladığını bilirəm. Bu işin, araşdırmanın əsası, məğzi budur: insan beyninə - ən mükəmməl kompüterə giriş etmək, bağlantı tapmaq! Beynin fiziologiyasından az-çox sən də xəbərdarsan. Eynən kompüterlərdə olduğu kimi insanların da beyni - prosessoru deyək - elektrik siqnalları ilə işləyir. Fərq isə ondadır ki, insan beynindəki bu siqnallar zəifdir və naqillər ilə ötürülmür. Əgər elə olsaydı, başımızın arxa tərəfində bir USB giriş portu olardı... - bunu deyib ürəkdən gülməyə başlayan Doktor Makkarti dostunu da güldürməyi bacarmışdı. Bir xeyli gülüşdülər, daha sonra doktor şərabdan bir qurtum alıb boğazını yaşladı. Sözünə davam etdi:

- Və, deyəsən, mən həmin portu tapmışam...

                                     ***

-Tanış ol, bu Annadır, mənim köməkçim, sağ əlim. Mükəmməl biridir - deyə Doktor Makkarti çəlimsiz kimi görünən, amma diqqət etdikdə fit bir bədənə sahib olduğu bəlli olan, iyirmili yaşlarının sonlarında, qaranın qəribə bir tonunda saçları və çilli burnunun üzərindən tez-tez düşən böyük yuvarlaq eynəyi olan bir qızı dostuna təqdim etdi. İlk baxışda adi məktəbliyə oxşayan bu qızın Doktor Makkartinin qısa təqdimatına görə çox savadlı, yüksək İQ sahibi və çox kəskin bir yaddaşı olduğu, güclü analitik qabiliyyətli olduğu aydınlaşdı. Doktor bu qıza işlədiyi universitetdə rast gəlmiş, onun mükəmməl savadı Doktoru heyran etmişdi. Doktor Makkarti rahat bir oturacaq çəkib əyləşdi, dostunun da əyləşməyini gözləyib sözə başladı. Professor Kennedi gözlərini gedən qızın dalğalanan saçlarından ayırıb dostuna dikdi, amma niyəsə qızın renessans tablolarındakı kimi ilahi bir cəzbediciliyə malik siması onun xəyalından getmirdi. 

- Dediyim kimi, Ken, bilirsən ki, insan beyni kompüter kimidir, demək olar ki ... Ya da kompüteri insan beyninə baxıb yaratmışıq da demək olar. Onsuz da, Adəm övladı yaratdığı hər şeyi ya özünə bənzər yaradıb, ya da təbiətə istinadən yaradıb. Necə ki, Allahın Bizi öz sürətində yaratdığı söylənilən dini rəvayətlər kimi biz - Adəm övladları da robotları, təyyarələri, gəmiləri və s. müəyyən bir istinad nöqtəsi ilə yaratmışıq. Nə dediyimi başa düşdün də... Nəysə, mövzudan çox kənarlaşmaq istəmirəm, ancaq insan beyninin və insan yaddaşının nə qədər qüdrətli, böyük, nəhəng bir yaradılış xariqəsi olduğunu təsəvvürünə gətirməyin üçün belə bir bənzətmə edəcəm. Təsəvvür elə ki, bir dostunun evinə getməlisən, məsələn elə götürək mənim, amma ünvanı dəqiq bilmirsən. Mən də yaşayıram, Nyu-York kimi bir şəhərdə. Lakin bu şəhərin ərazisi bütün dünyanı əhatə edir, yəni təxminən 510 milyon kvadrat kilometr... (Son sözləri deyəndə əllərini kənara açıb gözlərini bərəldərək bir şeyin böyüklüyünü imitasiya etməyə çalışdı, üzündə də heyrət ifadəsi vardı. Həqiqətən də, insan beyni üzərində işlədikcə, onun heyrətamizliyi qarşısında heyrətlənməmək mümkün deyildi. Bəlkə də, bütün kainat beynimizin bir küncünə sığardı, əgər bunu etmək mümkün olsaydı...) Bir neçə saniyə sükutdan sonra Doktor Makkarti davam etdi:

- Və bir planeti əhatə edən belə nəhəng bir şəhərdə sən cəmi bir mənzil, bir ünvan axtarırsan, səncə bunu tapmaq şansın nə qədərdir? Milyardda bir? Trilyonda bir? Bax mən də o mənzili axtarırdım, insan yaddaşının yaşadığı mənzil, daha da dəqiq desək, o mənzilin giriş qapısını...

- Və sonda tapdın o qapını? - deyə Prof. Kennedi qəribə bir maraqla soruşdu. Arada onlara içki və məzələr gətirən Annanın professora yönələn donuq, soyuq baxışlarının ardındakı alovlu ehtiras vulkanı belə onun bu marağının qarşısını ala bilmədi. Bir anlıq Annaya göz atıb yenidən baxışını Doktor Makkartiyə çevirdi. Doktor davam etdi:

- Elədir ki, var. Tapmışam o girişi, artıq insan yaddaşına gedən yolu, ora necə girəcəyimi bilirəm. Ancaq bir məsələ var ki, insan beynindəki məlumatlar sənin təbirincə desək, şifrələnib. Səni də məhz ona görə çağırmışam. İçkini götür, gedək laboratoriyama. Orada daha dəqiq başa salacam səni. 

Hər iki dost əlində içki qədəhləri ilə binanın aşağı qatındakı bəmbəyaz və sterilizə edilmiş laboratoriya otağına tərəf yollandılar. Onları orda Anna qarşıladı. 

Kompüter simulyasiyasında göstərilən insan beyni üzərində Doktor Makkarti dostuna izahlar verir, beynin hissələrini və onların funksiyalarını dostunun başa düşəcəyi tərzdə kompüter hissələri ilə müqayisə edir. Sonda insan beyninin yaddaş hissəsini göstərib ora daxil olan və oradan çıxan elektrik axımının yönünü tapdığını və həmin axımı kompüterə yönləndirə bildiyini iddia etdi. Lakin bunu dəstəkləyən və həmin axımı verbal və ya vizual məlumata çevirəcək proqram lazım olduğunu dedi. Annanın isə bu zamanda gözü professor Kennedidə idi. Kennedi isə böyük bir diqqətlə dinləyirdi. Görünür, dostunun işi onu həqiqətən maraqlandırmış və diqqətini cəlb etmişdi. Həqiqətən də bu layihəni reallaşdırmaq mümkün olsa, bu bəşəriyyət tarixində bir inqilab olacaq. Və ən əsası da Kennedi dostunun "bu işi həll edəcək başqa bir kiberdahi hələ dünyaya gəlməyib" deyəndə haqlı olduğunu, bu məsələni həll edə biləcək bir potensialının olduğunu hiss edirdi. Birdən professor Kennedi daha bir nüansa fikir verib soruşdu:

- Bəs təcrübələri nəyin üzərində aparıbsan? 

- Nəyin yox, kimin deməli idin. Bax dostum, bu məsələdə bir şeyi də diqqətinə çatdırım ki, apardığım təcrübələrin insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Risk sıfırdır, bir növ damardan bir neçə qram qan almaq kimidir. Beynindən bir miqdar elektrik axımı alıram sadəcə. 

Professor Kennedi yenə beynində dərin düşüncələrə dalmış, nəyisə götür-qoy edirdi. Bu əsnada Doktor Makkarti Annaya işarə etdi, Anna bir neçə düyməyə basdı. Sağdakı şüşə səffaflaşdı, şüşə arxasındakı otaqda təxminən 18-20 yaşlı bir qız oturmuşdu, başına bağlanan bir neçə naqil uzanıb yaxınlığındakı kompüterə birləşirdi.

Könüllü şəkildə bu təcrübədə iştirak edən bu universitet tələbəsi həyatı üçün heç bir riskin olmadığını və üstəlik Doktor Makkartidən imtahanlar zamanı müəyyən güzəştlər əldə edə biləcəyini düşünürdü. Professor Kennedi bunu onun gözlərində oxuyurdu. Təcrübənin mahiyyəti ilə heç maraqlanmırdı da. Beləliklə Professor Kennedi burada hər hansı qeyri-insani təcrübələr aparılmadığına əmin olduqdan sonra ( onsuz da dostuna güvənirdi bu barədə) kompüterə yönləndirilən elektrik axımının kompüter dilinə neçə çevrilib məlumat şəklinə salınması üzərində işləməyə başladı. Belə bir proqram yaratmaq elə də asan məsələ deyildi. Adi elektrik axımı ilə iş çox asan olardı. Amma beyindən alınan və çox zəif olan bu axım tamam başqa idi. Elə bil şifrələnmiş bir məlumat idi, sadəcə elektrik axımı formasında... 

İki-üç ay sonra..

Qapını hövlnak açan professor Kennedinin gözlərindəki həyəcan və təlaşı görən Doktor Makkarti gözlədiyi anın gəldiyini anlamışdı. Bir söz demədən iri gövdəsinə rəğmən cəld bir sıçrayışla yerindən qalxdı. Professorun iş otağına daxil olanda Annanın da burada olduğunu gördü. Təcrübəçı qız qarşı otaqda idi və yenə başına naqillər qoşulmuşdu. Professorun baş işarəsi ilə Anna klaviaturada bir neçə düyməyə basdı və uzun müddətlik əziyyətinin bəhrəsini Doktor Makkartiyə göstərməsini istədi. Professor Kennedi bu işi ilə həqiqətən özünün kiberdahi olduğu qənaətini özlüyündə təsdiq etmişdi. Onun yaratdığı xüsusi alqoritmlər, süni simbiotik bir dil vasitəsilə kompüter beyindən gələn elektrik axımının insan dilinə, hətta videomateriala çevirməyi bacarmışdı. İndi bu üç nəfər, üzərində təcrübə aparılan qız heç nə görmürdü, insan yaddaşının, insan beyninin dərinliklərini ətraflı şəkildə görə biləcək, tədqiqatlar apara biləcəkdilər. Və ən əsası da, bunu edən ilk elm adamları olacaqdılar. Anna son düyməni basmamışdan əvvəl Doktor Makkartiyə, daha sonra isə alışıb yanan qürurlu gözlərlə Professor Kennediyə baxdı və düyməni basdı. Ekranda təcrübə aparılan qızın gözləri ilə gördüyü görüntülər canlandı. Sanki hansısa bir film lentinə tamaşa edirmiş kimi qızın yaşadığı, gördüyü şeylərə, bir sözlə, qızın gözündən onun həyatına, daha doğrusu keçmiş həyatına (çünki video bu gündən keçmişə doğru gedirdi) tamaşa edirdilər. Bu, həqiqətən, heyrətamiz bir kəşf idi. Bu kəşfin bəşəriyyət tarixində hansı yeniliklərə, dəyişikliklərə səbəb olacağını düşünmək belə insanı həyəcana salırdı. Bir neçə düyməyə basan Anna videonu bir neçə il daha geriyə apardı. İndi qızın orta məktəb illərinə baxırdılar. Video yazı o qədər geri, keçmişə getdi ki, artıq qızın körpəlik dövrü gördükləri ekranda canlanırdı. Üç ya beş aylıq bir körpənin gözlərindən dünyaya baxmaq da bir qəribə duyğu idi. Hər üç nəfərin içini bürüyən əcaib bir hiss burulğanı vardı. Və ən sonda doğum anına yaxınlaşdıqca görüntü bulanıqlaşmağa başladı və sonda ekran qaraldı. Bu da o demək idi ki, qızın həyatının ən əvvəlinə, doğulduğu günə gəlib çatmışdılar. Artıq ekran tam qaranlıq idi, çünki qız ana bətnində idi. Anna əlini atıb video yazını dayandırmaq istədi. Bu halda Doktor Makkartinin içinə bir hiss doğdu, sanki beynində bir qığılcım çaxdı. 

- Dayan! Gözlə! Hələ söndürmə, qoy beləcə qalsın - dedi doktor Makkarti, onun üzündə təşviş və həyəcan hissinin qarışığından yaranan qəribə bir ifadə vardı. Köməkçisi Anna da onun dediyinə əməl edib əlini düymələrin üzərindən çəkdi. Ekranda hələ də görüntü yox idi, qaranlıq idi. Amma elə o anda Anna da işin fərqinə vardı. Müəmmalı olsa da, proses hələ də davam edirdi, görüntü geriyə doğru hərəkətdə idi. Qaranlıq olmasının səbəbi isə gözlərin bağlı olması idi. Bütün bədəninə yayılan istilik və titrəmə hissinin təsiri altında yıxılmamaq üçün stola tutunan Anna gözlərini ekrandan bir anlıq ayırıb ətrafdakıları - Doktoru Makkarti və onun yaxın dostu professor Kennedinin də eyni vəziyyətdə olduğunu gördü. Video yazı sürətləndirilmiş şəkildə geriyə gedirdi deyə, burada keçən bir neçə saniyə real həyatdakı bir günə, həftəyə bərabər idi. Bir müddət sonra, təxminən real həyatdakı 9 aya bərabər bir zaman ötəndə hələ də ekrandakı video yazı prosesi davam edirdi. Halbuki Doktor Makkartiyə görə bu qeyri-mümkün idi. Bunun necə mümkün ola biləcəyi ilə bağlı beynində götür-qoy edən, müxtəlif mülahizələr irəli sürməyə çalışan Doktor Makkarti ağzını açıb bir neçə kəlmə söz deməyə hazırlaşırdı ki, ekranda yaranan görüntü onu susmağa məcbur etdi. Ekranda canlanan görüntünün təsirindən həmin üç şəxsin üzərinə ilahi bir səssizlik çökdü. Hərəkət etmək iqtidarında olsaydılar, özləri - özlərini çimdikləyib yuxuda olub-olmadıqlarını yoxlayardılar. Hər üçünün dizləri, ürəkləri əsir, gözlərində yaş gilələnirdi. Onlar üçün zaman dayanmış, məkan öz mənasını itirmişdi. Onlar indi kainatın mərkəzində idilər. Hazırda bu üçlük tarixin, bəşəriyyət ən vacib anına tanıqlıq edirdilər. Doğumdan əvvəlki həyatın varlığına... O dünyanın sübutuna... və bəlkə də Tanrının var olmasının dəlilinə tanıqlıq edirdilər..