Susmayan Alov — Simurq

Susmayan Alov — Simurq

✨ “Ədalət deyə bağıranlar çox vaxt susqunluqlarının içində birini yandıraraq rahat nəfəs alırlar.”

Ətraf sükuta qərq olmuşdu... Amma bu dəfə həmişəki kimi deyil.Damarlarında qan yerinə axan, nəfəs yerinə içinə dolan, insanın boğazına düyün kimi ilişən, bir millətin dilinə tərcümə olunmamış  kimi ağır bir səssizlik...Meydan danışmırdı, amma hər daş, hər kölgə, hər nəfəs susqunluğu ilə qışqırırdı.İnsanlar ayaq üstə, bəzisi qürurla,  qorxa-qorxa, çoxu isə sadəcə “çox da əlaqəm yoxdur” düşüncəsi ilə yenədə buradaydı. Əslində, hamısı bir ortaq duyğunu bölüşürdü :bağırmaq istədiklərini udacaq, baxmaq və qalmaq istədikləri halda qaçacaq qədər ağır bir narahatlığı.Külək həzn bir sədayla əsirdi .Təkcə meydanı deyil, insanların içini də qarışdırırdı.Bir qoxu vardı havada – nə təzə biçilmiş ot, nə yağışdan sonra torpaq... Bu qoxu vicdanın hələ ölməmiş halı idi.Yavaşca gəzirdi insanların arasında. Biri anidən hiss etdi, amma üzünü çevirdi. Digəri ürpəndi, amma gizləndi.Və bəziləri... sadəcə gözlərini yumdu ki, duyduğu həqiqəti bir kabusa bənzədə bilsin.Dirək meydanın ortasında , susqunluğun özəyində yerini almışdı. Bütün baxışlar onun ətrafında dövrə vururdu, amma heç kim tam ona fokuslana bilmirdi.Çünki orda, o dirəyə bağlanmış sadəcə bir qadın deyildi.O, onların yandırmaq istədiyi, amma içlərində həmişə yaşamaqdan qorxduqları bir səs idi.Onlar onu yox etmək istəyirdilər, çünki o  səssizliyi pozacaq qədər cəsur, həqiqəti daşıyacaq qədər güclü, susqunluğu qıracaq qədər sağ idi.Cadugər deyirdilər ona.Çünki o, hər kəsin gizlədiyi sirləri açıqca deyirdi.O qadın  insanların yalanlarını, cəmiyyətin qorxaq qanunlarını, saxta adalət sistemini, kişilərin səsini yığışdırıb qadınlara “sükut yaraşır” deməklərini – hamısını sadəcə varlığı ilə gün üzünə çıxarırdı.O, boyun əymədi. Əlləri bağlı olsa da, ruhunun sərbəstliyi hər kəsi qıcıqlandırırdı.Çünki ən təhlükəli azadlıq əsla susmayandır.Kütlə çox idi , amma heç kim bir-birinə baxa, göz –gözə gələ bilmirdi.Kimsə bir şey desəydi, bəlkə də od sönərdi. Amma hamı susurdu.Çünki sükut, cavab vermək məcburiyyətindən azad edirdi.Hər kəsin gözündə “əgər o yoxdursa, mən varam” qorxusu vardı.Bütün məsum baxışlar bir anda yanan gözlərə çevrilə bilərdi.Çünki bu meydanda yalnız bir qadın yandırılmırdı ,hamı öz qaranlığını oda təhvil verirdi.Birinci məşəl alovlandı.Heç kim “Mən başladım” demədi. Amma o məşəli daşımayan da olmadı.Hər kəs əl dəyişdirdi sükut içində.Alov qadına yaxınlaşdıqca, ətrafın səsi daha da dərinləşdi. Buna baxmayaraq qadın gözlərini qırpmadı.Sanki od onun üçün əzab yox, azadlıq idi.O, bu dünyadan qorxaraq yox, dünyanı qorxudaraq gedirdi.Çünki bəziləri susur, bəziləri susdurulur, amma bir qadın var ki... alovda belə susmaqdan imtina edir.İlk çatlaq odun səsi gələndə, insanların bədənindən titrəmə keçdi.Onlar alışqanı tutmadılar, amma könüllərindən bir razılıq ötürdülər.O razılıq  ölümə səbəb olmadı.Sadəcə göstərdi ki, ən böyük tonqal özünü təmiz sananların içində gizlənən səssiz icazədir.Qadının gözlərində bilinməz bir ifadə vardı – sözsüz, amma sözün özündən ağır.Baxışı deyirdi: “Siz məni yandırırsınız deyə xilas olduğunuzu sanırsınız. Amma siz  artıq yandırılmısınız. Mən sizdən fərqli olaraq bunları görə bilirəm.”O qadın susaraq öldü. Amma bu sükut  bütün səslərdən  yüksək danışdı.Ətrafa kül yayıldı  kiminsə saçına, kiminsə qollarına, kiminsə ürəyinə...Ən çox da, gözlərə.Çünki göz  o günahın ilk daşıyıcısıdır.Və o gündən sonra kim bu qadının adını unutsa da, gözləri onu heç vaxt unutmayacaqdı... 

🌑 Bəs siz  içinizdəki bir cadugəri yandırardınız,yoxsa illərlə gizlətdiyiniz qorxularınızı ört-basdır etmək üçün bir qadının cəsarətini susdurmağa cəhd edib buna ədalət adını verərdiniz?Əslində cavab məlumdur. Hətta ilk baxışdan görmək mümkündür, lakin əsas müddəa fərqli baxışlardan necə göründüyüdür. 

Şərhlər (12)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    14 iyul 25, 01:27

    Hər zaman ədalət düzdü indiki dövrdə qeyri mümkündür ama olsun. Gözəl idi əlləriniz dərd görməsin 

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 10:53

      Ədalət bəzən uzaqda görünür, amma onun üçün inamı itirməmək önəmlidir. Sözləriniz üçün təşəkkür edirəm, sağlam və rahat olmanız ümidi ilə 💫✨

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    12 iyul 25, 00:54

    Mən içimdəki cadugəri qorumağa çalışardım.Fikrimcə azadlıq başqasını yandırmadan özün olaraq yaşamaqdır.

    İçimdəki cadugər fərqliliyim cəsarətim iç səsimdi.Amma çox zaman onu susdurur yandırır cəmiyyətin normalarına uyğun yaşayırıq.

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 10:54

      İçinizdəki cadugəri qorumaq  bəlkə də ən böyük mübarizədir. Azadlıq, həqiqətən də, başqalarını yandırmadan öz səsinə sadiq qalmaqdır. Cəmiyyətin səs-küyündə o fərqli iç səsi susdurmaq asandır, amma susmaq heç vaxt həll deyil.Paylaşdığınız düşüncə, bu mübarizənin səssizliyini açır.Təşəkkür edirəm ✨

  3. XIII

    @XIII

    11 iyul 25, 12:26

    Ədaləti hər zaman təbliğ etməliyik.
    Qələminiz çox gözəldir,uğurlar.

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 12:53

      Bəli, çünki ədalət azadlıq adlı qapını açan tək açardır. Təşəkkürlər 🙏🏿. 

  4. Şahmalı Hasan

    @Şahmalı Hasan

    10 iyul 25, 22:47

    Cahillər içində Aqil olmaq həmişə Aqillər içində cahil olmaqdan təhlükəli olub. İnsan qorxduğu şeydən ya qaçar, ya onu məhv edər, bu həqiqət olsa belə... Qələminizə qüvvət! Çox bəyəndim!

    1. SİMURQ

      @SİMURQ

      10 iyul 25, 23:17

      Hər kəsin qorxuları var, amma ən güclü olanlar onları gözlərinə dik baxıb, susmaq yerinə döyüşü seçənlərdir. Çünki məğlub olan səs deyil, döyüşməkdən vaz keçəndir. Təşəkkürlər 🙏🏿. 

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    10 iyul 25, 20:32

    Qədim dövrlərdən indiyə qədər olmuş, hətta müasir dövrdə də rast gəldiyimiz ən aktual prablemlərdən biri.. 

    Hər zaman cəsarətli olan, haqqın yanında olan qadınlarımız "cadugar" damğası alıb. Buna misal Janna Darkıda götürə bilərik. Vətənini qorumaq üçün hər cür qəhrəmanlıq etdi, axır da cadugarlıqla günahlandırılaraq, öldürüldü. Əgər qorxuların səndən güclüdürsə, sən buna qalib gəlmək istəyirsənsə başqasının cəsarətini susdumaq "ədalət" deyil, zalımlıqdır. Haqqın yanında olanları hər zaman susdurmağa çalışıblar. 

    Deyərdim ki, bir qadının cəsarəti onları qorxudursa, prablem onların qorxaqlığındadır...

    Uğurlar

    1. SİMURQ

      @SİMURQ

      10 iyul 25, 20:39

      Bu zalımlığa susanlar isə yandırılarkən küllərinin belə iz buraxmayacaqlarından xəbərsizdirlər. Bu qəddarlığa qarşı razılaşanlarda elə cinayətdə payı olanlar deyilmi?

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        10 iyul 25, 21:28

        Bəli. Ya cinayəti sən törətdin, ya da ki törədənlərin etdiyi hərəkətə göz yumdun. Bunların bir fərqi yoxdu Susmaq bəzən elə şərik olmaqdır.

        1. SİMURQ

          @SİMURQ

          01 avqust 25, 10:57

          Sizinlə razıyam. Susqunluq  küləyin gətirdiyi səssiz fısıltı kimi olur  görünməz, amma varlığı hiss edilir. O fısıltıda bəzən razılıq gizlənir, bəzən isə qorxunun sarsıdan səssizliyi. Amma hər halda, susmaq da bir yol seçməkdir və seçimin ağırlığını ruhun daşıyır.Təşəkkürlər✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol