Yuxunun Səssiz Çağırışı — Simurq

Yuxunun Səssiz Çağırışı — Simurq

“Yuxular heç vaxt yatan bədənin otağına daxil olmur... Onlar ruhun ən dərin qapılarını döyürlər.Qapılar açıldıqda, geriyə dönüş ya yoxdur, ya da heç vaxt tam olmur. Hər oyanış həm də yeni bir düşüşdür.”

Gecənin ən dərin anlarında, insan bədəni yorğunluğun sərhədində səssizcə təslim olur, göz qapaqları yavaş-yavaş ağırlaşır, nəfəs dalğaları səssiz bir nəbzə çevrilir. Lakin o gecə  adi gecələrdən fərqliydi. Sadəcə bədən yox, ruh da yuxuya çəkilmişdi, illərlə susdurulmuş, basdırılmış çağırışlara cavab vermək üçün sərhədi keçmişdi. Bu sərhəd incə bir ip, nazik bir xətt idi; biri keçəndə geri dönmək artıq çətin olur.Qız yataqda uzanmış, üzündə zamanın qəlbinə qoyduğu ağır sakitliklə idi. İçində daha əvvəl hiss etmədiyi, ruhunu sıxan qəribə bir ağırlıq var idi , sanki gecə özü nəfəsini saxlamışdı. Pəncərədən gələn soyuq hava otağa yox, ruhun ən incə tellərinə toxunur, hər hərəkəti bərkidirdi. Gözləri yavaş-yavaş bağlandı .O an  bədənlə ruh arasında açılan qapı yavaşca yox oldu. Bədənindəki gərginlik yavaş-yavaş yüngülləşdi. Əlləri, ayaqları, ürəyi — hər biri yerində idi, amma ruh artıq onlardan ayrılmışdı. Ağ, şəffaf, duman kimi incə bir varlıq  tavanın üzərində yuxarı qalxır, otağın divarlarından keçir, pəncərədən çıxmaq üçün yol axtarırdı.O artıq bu dünyanın sərhədlərinə tabe deyildi. Azad və sərbəst idi, öz varlığının sonsuzluğuna doğru uçurdu.

Dünya kiçildi, otaq kiçildi, bədəni uzaqda, soyuq və hissiz qaldı. Bu adi yuxu deyildi, adını bilmədiyi bir çağırışa verdiyi cavab idi.Ruh boşluqda süzülürdü — vaxtın, məkanın, rənglərin və formaların olmadığı sonsuz bir yerdə. Bu əkslikdə qəribə şəkildə hər şey tanış idi. Səssizlik o qədər dərin idi ki, o səssizliyin içində ürəyinin döyüntüsünü eşidirdi , fiziki çağırış deyil, ruhun nəfəsi idi.Daxilindəki suallar anidən ortaya çıxdı — heç vaxt səsli soruşmadığı, amma hər zaman cavabını gözləyən suallar:

Nə vaxt susmağa başladın, və bu susqunluq içində ən böyük qorxu nə idi?

— Sonuncu dəfə, nə vaxt qorxmadan, sərbəst ağladın? 

— Özünü nə vaxt unudub, hansı hisslərini basdırdın ki, indi səssizlik səni boğur?

Bu suallar cavab yox, ruhun dərinliyindəki son imtahana görə idi. Cavablar yalnız keçmişin kölgələrini təkrar edərdi, amma bu suallar ruhu oyanışa çağıran pəncərə idi.Gözlərinin önündə qapı açıldı — rəngsiz, formasız, sadəcə hisslə görünən bir qapı. Qapının arxasında illər əvvəl başlayıb yarımçıq qalmış yuxular canlanırdı — qorxudan gizlədilmiş, unutdulmuş arzular, itkilər, susqunluqlar.Birinci yuxuda uşaqlıq canlandı. Küçənin küncündə tək qalmış uşaq, əlində oyuncaqla dayanmışdı. Amma o oyuncağı deyil, susqun baxışlarıyla ruhu silkələyirdi.

— Niyə məni tək buraxdın? —deyə— uşaq pıçıldayırdı.

Ruh cavab vermirdi, çünki o uşaq susqunluğun başlanğıcı idi. Bu susqunluq ruhu sarsdırır, qırırdı.İkinci yuxuda isə tanış bir qadın göründü. O gələcəkdən ya da unudulmuş keçmişdən bir səsi təmsil edirdi. 

Hələ çatmamısan, — qadın söylədi sakitcə. — Mən səni hər gecə burda gözləyirəm. Mən getməmişəm, sən isə Hələ də geri dönməmisən.

Üçüncü yuxuda isə güzgü qarşısındaydı. Ruh ona doğru yaxınlaşdı, özünü görmək istədi. Amma güzgü boş idi. Bu an anladı: ən böyük qorxusu özünü görməkdən qaçmaq idi.Yuxu daha da dərinləşdikcə, o səyahət sadəcə addım-addım irəliləyişdən ibarət olmadığını anladı. Bu, ruhun ən gizli qatlarına təkbaşına düşmək, hər addımda qorxu, sükut və həqiqətlə üzləşmək idi.Birdən qarşısında ikinci bir ruh peyda oldu . Bu ruh ona bənzəsə də fərqli idi.Baxışları dolu ,yaşanmış kədər və danışılmamış sirrlə gizlənmişdi.Bu, onun görməzdən gəldiyi özü idi.

— Mən sənin oyaq halda gizlətdiyin səssizliyəm.— dedi o ruh. — Mən sənin gizlətdiyin kədər və ümidəm. İndi məni dinləməsən, sükut sənin son sığınacağın olacaq.

Söhbət başlamadı, amma anlaşma həll oldu. Hər baxış bir qırıq ürəyin pərdəsini aralayır, hər susqunluq sarsıntının sədası idi.Ruh diz çökdü. Bu çöküş yenidən qalxmaq üçün ilk addım idi.Bir işıq doğdu — ruhun ən dərin qatlarından gələn saf, təmiz bir nəfəs.Uzaqdan aydın bir səs eşidildi:

— Qayıt. Bu dünya səni gözləyir. Hələ nəfəs alırsan. Səni sevənlər var. Sənin yerin buradadır.

Ruh susdu, amma bu sükut  dönüşün dərinliyi idi.Seçimini etdi və son sual gəldi .Kainat ondan soruşdu:

“Əgər yuxuda özünü tapırsansa, oyanmaqla onu yenidən itirmiş olmursan ki?”

Cavab yox idi. Ruh bədəni seçmişdi. Otağa qayıtdı. Bədən orada idi — tənha, sakit, amma artıq heç vaxt əvvəlki kimi olmayacaqdı.Səhər açıldı. Qız gözlərini açdı. Otaq eyniydi, amma o, artıq eyni deyildi. Gözlərində min illik sükut vardı, sinəsində ruhun yüngül izləri.İçindən səssiz bir sual gəldi:

“Əgər bu yuxu mənə hər şeyi göstərdisə, o zaman gerçək nədir? Həyat, yuxu, yoxsa itirilmiş hisslərdən ibarətdir?”

Birdən, qızın gözləri yumuldu — bu dəfə tam fərqli, sakit, amma qəti bir qərarla.Qapı yenidən açıldı, amma bu dəfə qız özü qapıdan addım-addım içəri girdi .Artıq yuxu yox, həyatın sərhədi idi o.Gecə tamamlanmışdı, amma qız hələ də yataqda idi. Birdən onun əlindən yavaş-yavaş ruh kimi bir duman süzülüb otağı tərk etdi... Amma qız yuxuda deyildi. O, heç vaxt oyanmamışdı.Bədəninə baxdı — hər şey sakit, dəyişməz idi. Ruhu artıq onunla deyildi. Yuxu, gerçəkləri önünə sərmiş,susqunluq bir-birinə qarışmışdı.

Qız özünə pıçıldadı:

“Bəlkə də mən artıq bir yuxuyam...”

✨ Bütün həqiqətlər səssizdir, yalnız ruhun ən dərin qatlarında eşidilir...


Bəs sizcə, insan yuxuda tapdığı həqiqəti oyandıqda da daşıya bilir, yoxsa oyanmaqla onu itirir?

Şərhlər (8)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyul 25, 23:53

    İnsanın yuxuda keçirdiyi hissləri həyacanı yaşada bilmisiz hekayənizdə.

    İnsan bəzən yuxuda tapdığı həqiqəti oyandıqda itirir.Hərdən elə yuxular görursən ki ayılanda kaş ki gerçək ola deyə üzülürsən.Bilirsın ki gprdüyün yalnızca bir yuxudan ibarətdi.Oyandın oldu bitdi.Bəzən də elə yuxu görərsən ki,heç yadına belə salmaq istəməzsən.Çunki həyatda yaşadığın realıqlar yuxularına da hakim olar.O yuxunu oyanmaqla itirmək ən gözəli.

    Əsl güc isə yuxuda hiss etdiyini oyandıqdan sonra da hissin özü ilə yaşada bilməkdir.Bu isə hər kəsin bacara biləcəyi bir şey deyil

    1. SİMURQ

      @SİMURQ

      19 iyul 25, 00:44

      Yuxu ilə gerçəklik arasındakı qaranlıq səssizlikdə, hisslər daim ayıq qalır. Onları qorumaq, xatırlamaq  sükutun ən dərin dilidir. Sözləriniz üçün təşəkkürlər.

  2. SİRİUS

    @SİRİUS

    14 iyul 25, 09:40

    Məncə elə bu həyat özü bir yuxudur . İnsan övladı yatınca oyanacaq. O suallara öz içimde cavablar axtradım.Nə vaxt susmağa başlamışam bilirəm. İnsanların sözlərdən anlamdiğini bildiyimdə. Və bu susqunluğun içindeki ən böyük qorxum yalnız qalamğ idi. İndi isə yalnız qalmağdan qorxmuram. Əksinə özümlə baş başa qalmaq istəyirəm bəzən. Elə sonuncu dəfə qorxmadan ağlamışam. Birini sevməyə başlayanda unutdum ən çox özümü , içimde en çox sevgini boğdum. Onun sessizliyi məni boğur . Sanki ən gözəl hisslərimi qətlə yetirdim. Hansıki bir zamanlar ən sevdiyim hisslər idi. Bu hekayə insanın öz içindəki suallara cavab tapması üçün yazılıb sanki . Əlinizə əməyinizə sağliq . Hekayədə sualları verir,ama cavabları söyləmir. Çünki cavabları oxucunun tapmasını istəyir. Teşekkür edirəm 🔮💫🫶

    1. SİMURQ

      @SİMURQ

      14 iyul 25, 10:46

      Qorxularınızın üzərinə gedib, cəsarətlə irəliləməniz çox böyük bir inkişaf göstəricisidir. Bəli,sondakı sual siz oxucuların fikirlərini ifadə etməsi üçündür.Xoş fikir və dolğun, aydın cavaba görə təşəkkürlər. Hekayəyi çox diqqətlə oxuyub analiz edibsiniz ✨. 

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    14 iyul 25, 09:15

    Öncəliklə qeyd edim ki, yazdıqlarınız həqiqətən maraqlı idi. Bir insanın yuxusu çox təsirli şəkildə təsvir olunub – həm o yuxunun özü, həm də oyandıqdan sonra yaşananlar…

    Əslində, bu sualın iki fərqli cavabı ola bilər. Bəzən insan oyandıqda yuxusunu tam şəkildə xatırlayır. Əgər yuxuda tapdığı həqiqət barədə düşünə bilirsə, deməli, o hələ də onun içində yaşayır — bir iz kimi. Səssiz, amma dərin bir iz kimi...

    Bəzən isə oyanmaqla həmin həqiqət də itib gedir. Çünki o, yalnız yuxunun içində var idi və yalnız o vəziyyətdə mümkün idi. Amma istənilən halda, insanın içində bir iz qalır.Bəzən bir xatirə olur, bəzən də dərin bir duyğu...

    Vəəə məncə, istər yadda qalsın, istər yox olsun, belə yuxular insanda iz buraxır. Həqiqətin özü yox, amma onun toxunduğu hiss qalır.

    Uğurlar 🤍

    1. SİMURQ

      @SİMURQ

      14 iyul 25, 10:50

      Suala 2 perspektivdən baxmaqla çox doğru bir nəticəyə yönəlibsiniz.Bəli, istərsə yuxuyu unudub, istərsə də xatırlayıb oyansaq da o bizdə dərin iz buraxacaq. Bu hisslər Elə başlıca danılmaz bir həqiqətdir. Xoş fikir və cavablarınıza görə təşəkkürlər ✨

  4. XIII

    @XIII

    14 iyul 25, 08:51

    Maraqlı mövzudur,qələminiz əladır.Uğurlar.

    1. SİMURQ

      @SİMURQ

      14 iyul 25, 10:50

      Bəyəndinizsə nə xoş mənə. Təşəkkürlər 🙏🏿. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol