Göyün üzü tər-təmiz, mavi səmada parıldayan günəş tam zenitdə idi. Günəşin şüaları göz qamaşdırsa da, isti yaxud yandırıcı təsiri o qədər də çox deyildi, bədənə yayılan xoş bir istilik verirdi. Ətraf göz işlədikcə uzanan taxıl sahəsi idi. Yetişmiş sapsarı taxıl tarlası ara-sıra əsən xəfif mehlə yellənir və qəribə bir təəssürat yaradırdı. Elə bil dalğalanan qızılı sarı rəngli bir dənizin ortasındaydı. Şeylanın əli bu qızıl dənizin ortasında dalğalanan sünbüllərə sığal çəkir, özü də asta-asta irəliyə hərəkət etdikcə ayağının altında xışıldayan quru taxılın səsi qulaqlarında təbiətin ifa etdiyi harmonik bir musiqi kimi səslənirdi. Hava çox təmiz və başının üstündə işıldayan günəşə rəğmən çox da sərin idi. Dərindən nəfəs aldıqca ciyərlərində yay günü içilən buz kimi bulaq suyunun insana bəxş etdiyi gözəl duyğular yaranırdı. Bir müddət barmaqlarının arasından sürünüb keçən sünbüllərə və ovucunu qıdıqlayan sünbülün qılçıqlarına baxdıqdan sonra içindən gələn bir hiss, bir fəhmlə başını qaldırıb düz irəli baxdı. Uzaqlarda, taxıl dənizinin ortalarında gözünə sataşan bir qaraltı Şeylanı ayaq saxlmağa məcbur etdi. Nə edəcəyini bilməyərək tərəddüd keçirməyə başladı. Görünən nə idi? Quş? İnsan? Ya taxıllığa girmiş at? Bəlkə bu sadəcə bir dirək ya da çoxdan qurumuş ağac kötüyüdür?! Şeyla beyninin saniyələr içində ortaya atdığı bu variantlardan hər hansı birinə inanmağı çox istəsə də, içindən gələn bir səs buna mane olurdu. Tərəddüd və təşviş hisslərinin qarışığı bədənini və beynini çuğlasa da, qeyri-iradi olaraq irəli, qaraltıya tərəf getməyə başladı. Bu dəfə addımları daha ürkək və asta idi. Get-gedə yaxınlaşsa da, hələ də ayırd edə bilmirdi gördüyünün nə olduğu, ancaq ehtimallar azalmağa doğru gedirdi. Bu ya insan, ya da hansısa heyvan idi. Daş kimi yerindən tərpənməməsi isə canlı olduğu fikrini şübhə altına alırdı. Birdən Şeyla ayaq saxladı. Qaraltı hərəkət etmişdi. İndi onun insan olduğuna daha çox inanmağa başladı, çünki qaraldı insan silueti kimi geri döndü. Elə bil indiyə qədər arxası Şeylaya dönük dayanıbmış və anidən geri döndü. Şeylanın keçirdiyi hisslər qorxuya çevrilməyə başladı. Qaraltı ona tərəf hərəkət edirdi, deyəsən. Ölü bir sükunət içində yaxınlaşmaqda olan qaraltıya zillənmiş Şeyla birdən özünə gəldi, gəldisə də, gözlərinə inanmağa çətinlik çəkirdi. Ona tərəf gələn bostanlarda quşları qorxutmaq üçün qoyulan taxta və köhnə paltara doldurulmuş samandan düzəldilən insan fiquru - bostan qorxuluğu idi. İnsan olmadığı isə dəqiq idi. Bu əcayib şey - bostan fiquru çiyninə sancılan orağı çıxarıb hücum pozası alaraq qaçmağa başlayanda Şeyla da anladı ki, qorxudan əsən ayaqlarını hərəkətə gətirməlidir. Geri dönüb var gücü ilə qaçmağa başladı. Bir az əvvəlki sərin və mülayim havadan əsər əlamət qalmamışdı. Boğucu bürkü və yandırıcı günəşə baxmayaraq Şeyla qorxu anında beyində ifraz olan adrenalin sayəsində normaldan daha sürətli qaçırdı, alnından axan tər göz çuxuruna dolduqca görmə dairəsi daha da daralırdı. Tez-tez əli ilə gözlərini, üzünü silir və arxaya baxmamağa çalışırdı. Nəvbəti cəhddə əli ilə bir anlıq gözünə dolan gözyaşı və tər qarışığını silərkən ayağına ilişən budağı hiss etsə də, artıq gec idi. Şeyla ağzı üstə yıxılıb bir neçə metr taxılın üstündə sürüşdü və cəld özünü toparlayıb sıyrılan əlimə, qoluna fikir vermədən geriyə baxdı. Ürəyi normaldan iki, bəlkə də üç dəfə daha sürətlə çırpınır, kəsik-kəsik nəfəs alırdı. Axraya baxanda isə sarı taxıllıq və qaçarkən arxasında qalan cığırdan başqa bir şey görmədi. Nəfəsini tənzimləməyə çalışaraq əllərini dizlərinə dayaq verib əyildi, sonra üzünün tərini silib belini dikəltdi və dərindən nəfəs aldı. Bəlkə də halüsinasiya görmüşdü. Amma əmin deyildi. Tam sakinləşib azca gülümsədi, bu özünə qarşı ironik bir gülüş idi. Geri dönüb burdan uzaqlaşmaq istəyi ilə hərəkətə gəldi. Elə geri döndüyü anda paslı orağın güclü zərbəsi ilə sifətində açılan dərin yaranın və gördüyü dəhşətin təsirindən qan donduran bir bağırtı ilə əlini üzünə tutub dizüstə yıxıldı...

   Qan-tər içində bağırıb yuxudan ayılan Şeyla divandan döşəməyə yıxıldı və sinəsi üstündə olan planşeti yerə düşüb taqqıldadı. Dəhşət və qorxu içində qalxıb çabalayan, ətrafa baxınan və bir əli ilə də üzünü yoxlayan Şeyla yuxu gördüyünü anladıqdan sonra sakinləşməyə başladı. Divanın yanında çöküb bir müddət səssiz qaldı, başını qaldırıb jurnal masasındakı qabdan bir stəkan su süzdü və içdi. Stəkanı yerinə qoyarkən gözü yerə düşən planşetə sataşdı. Götürüb yandırdı planşeti. Çatlamış qoruyucu ekran örtüyünün altında mavi səma və parlaq günəşli fonda sapsarı, ucsuz bucaqsız taxıl sahəsi rəsmi vardı. Ekranın özündə, taxıllıq sahəsinin ortasında kiçicik qara bir ləkə əmələ gəlmişdi, eynən Şeylanın yuxuda uzaqdan gördüyü qaraltı kimi. Ekranda saat günorta üç tamamı göstərirdi.