Sənə Göstərilməyənlər — Simurq

Sənə Göstərilməyənlər — Simurq

"Göz, ruhun pəncərəsidir." – Leonardo da Vinci

Uşaq vaxtı məndən "Həyat nədir?" deyə soruşdular. O an  tikanlı, qurumuş, əyilmiş bir çiçəyə baxırdım. Hər kəs onun bitdiyini deyirdi, amma mən orada bir rəqs gördüm. Sanki torpaqla göy arasında ilişib qalmış son nota kimi vurnuxurdu. O gün anladım ki, həyatı başqa cür görürəm. Mənə görə bu istedad deyil,  yük idi. Hər yerdə kəşf edilmək üçün bir sirr varmış kimi yaşayırdım. İnsanların arxasında qırıq sözlər, səslərin altında gizli fikirlər, baxışların içində söylənməmiş cümlələr... Dünya yalnız mənə danışırdı, mən isə susurdum.Bir dəfə məktəbdə müəllim sinifə çiçək gətirmişdi. Hamı ondan rəngləri öyrənmişdi. Mən isə səssizliyi gördüm. Hər yarpaq sanki danışılmamış bir sirri daşıyırdı. Rəsm dərsində göy üzünü qaranlıq, qırmızı çəkəndə müəllim üzümə baxıb soruşdu:

– "Niyə həmişə şəkilləri fərqli çəkirsən?"

Bütün sinif güldü. O gün "görmək" istedadımı ayıb kimi cibimə qoydum.Zaman keçdikcə insanlar danışır, mən isə baxırdım. Onlar ekrana, vitrindəki qiymətə, saatın tıqqıltısına baxırdı. Mən isə bir qadının ayaqqabısının palçığını, bir kişinin üzündəki yarı təbəssümü, bir qapının çox yavaş örtülməsini izləyirdim. Hər detalda danışmayan, ağlayan ,acı reallığı büruzə verən həyat vardı. Heç kim onu görmürdü,və ya görmək istəmirdi. Bir müddət özümü günahlandırdım. "Bəlkə də hər şeyi hiss etmək xəstəlikdir" dedim. Rənglərin içində boğulmaq təhlükəlidir. Susdum,artıq ətrafıma eyni diqqətlə baxmadım, içimə çəkildim. Amma heç vaxt unuda bilmədim. Çünki mənə göstərilənlər başqalarına göstərilmirdi.Sonra o eynəyi tapdım.Tozlu sandıqda, qədim dəftərlərin arasında idi. Nə alıcı, nə satıcı kimi görünürdü. Onu mənə heç kim verməsə də, mənə aid imiş kimi orada gözləyirdi. Sanki illərlə gecikdiyim bir görüş kimi...Əllərim titrəyə-titrəyə qapağı açanda içindən kül kimi bir nəfəs çıxdı. İllərlə danışmayan ruh nəhayət nəfəs almağa icazə aldı. O eynəyin içində zaman gizlənmişdi. Şüşələri dumanlıydı, amma içində donmuş bir nəfəs vardı. Sanki illərlə heç kim ona baxmamışdı. Bu eynək unudulmuş həyatların yaddaşı idi. Hər insan ruhu fərqində olmadan bir dəfə belə eynək düzəldir, amma hamı onu itirir...Eynəyi taxan anda həyat dəyişmədi. Amma ilk dəfə başqaları da mənim gördüklərimi görə bildi.Bir qadın eynəyi taxdı, qəhqəhə çəkdi, sonra ağladı:

– "İllərlə bu divarın arxasında nələr olduğunu düşünürdüm, indi fərqinə varıram ki mən heç vaxt bu yanından baxmamışam..."

Bir uşaq taxdı və dərhal soruşdu:

– "Ana, göy üzü nəfəs alır sanki, niyə əvvəllər almırdı?"

Anası cavab vermədi. Çünki o da cavabını bilmirdi. Bu qədər diqqətlə baxıb,fərqinə varmamışdı. Əslində heç vaxt belə səssiz qalmamışdı. O sükut, danışmaqdan daha yüksək bir səslə çırpılırdı otaqda.Bir kişi eynəyi taxdı və yalnız bir cümlə dedi:

– "Mən bütün ömrüm boyu bu qədər kor olduğumu bilməmişdim."

Sussa belə sükutu danışmağa davam edirdi. Gördüklərindən sonra indi yaşadığı həyat ona yad gəlirdi. İllərlə eyni pəncərədən baxmışdı, amma ilk dəfə nə gördüyünü anlaya bilirdi. Bu onu qorxudurdu. Çünki görmək həm də cəsarət istəyirdi.İnsanlar növbəyə düzülürdü. Kimisi eşqini, kimisi xəyalını, kimisi unudulmuş xatirəni axtarırdı eynəyin içində. Bəziləri gülürdü, bəziləri qaçırdı. Eynək gözəllik deyil, həqiqət göstərirdi.Kimisi yalnız zülmət gördü,kimisi isə özünün unutduğu daxili səsini. Onlar titrəyərək eynəyi çıxarır, geri vermək istəyirdi.

– "Bunu daşımaq mümkün deyil," deyirdilər.

Bir qadın dedi:

– "Bu mənim həyatım idisə, mən indiyə kimi kim idim bəs?"

Bəzən də insanlar məni günahlandırırdı.

– "Sən bizi dəyişdin. Biz əvvəl xoşbəxt idik."

Mən susurdum. Çünki bilirdim ki, xoşbəxt deyildilər. Onlar sadəcə baxır, amma həqiqəti görmürdülər.Mənim bu olanlardan sonra arzum vardı: Biri gəlib mənə desin ki,

– "Sən gördüklərinə görə yox, görə bildiklərinə görə sevilirsən."

Amma heç kim demədi. O sözlər susduqları qədər içimdə böyüdü. Sonra özümə dedim:

– "Olsun. Mən səni belə sevirəm."

Amma etiraf edim: Mən həqiqətən hər kəsin realda baş verənləri görməsini istədim...Bəzən özüm də qorxdum gördüklərimdən. Həqiqət göz qamaşdırırdı. Sonra... bir gün eynək mənim üçün işləməz hala gəldi. Bu hadisəni öyrəndikdən sonra insanlar daha yanıma gəlməz oldu.Tək yalqız halda yoluma davam etməli oldum.Sadəcə mən və eynək. Onu yenidən taxmağı sınadım. Bu dəfə başqalarının həyatı yox... mənim həyatım göründü. Unutduğum səsim, məni tərk etmiş baxış... içimdə bir uşaq ağlayırdı. O gün ilk dəfə özümə baxdım.Sonra yenə taxdım , bu dəfə heç nə görünmədi. Sükutun ardından  bir ağac, tozlu pəncərə, ayağımın altındakı quru yarpaqlar gözümə göründü. Daha heç nə dəyişmirdi, çünki əsl dəyişən mən idim. Mənə göstərilənlər artıq içimdəydi. Eynəksiz də görürdüm. Eyni öncədən olduğu  kimi.Daha qəribəsi  digərləri də görməyə başlamışdı. Mənim baxışım bulaşıcı idi.İnsanlar artıq ətrafında olanların fərqinə varmışdı. Bir-birlərinin içini, səmanın alt qatını, susanların səslərini hiss edirdilər.Bəlkə sən də bir gün küçədən keçib, divarın kölgəsində susan birini gördün. Səssizdi, amma içində bir fəryad vardı. Bax, o an – sənin üçün eynək artıq oradaydı.Bu, qələbə olmasa da,göstərilməyənlərin görünməsi demək idi. Eynəyi ehmalca çəmənliyə qoydum,çünki tən–tənə çıxarmaq kimi bir niyətim yox idi.Buna baxmayaraq qəlbim qəribə bir hüzurla dolmuşdu.Barmaqlarımda  daşıdığım yükü torpağa buraxmağa bənzəyirdi. Onu yerə qoyanda şüşəsinə gün işığı düşdü. İçində kiçik bir göy qurşağı yarandı. Sanki bütün dünya hələ də oradaydı, amma bu dəfə mən baxmırdım, buraxırdım.Əllərimi üzümə tutdum, gözlərimi yumdum. İçimdə qopan sükutun səsi bütün səslərdən yüksək idi. Elə bil dünya da nəfəsini tutmuşdu.

O gündən sonra daha heç kim məndən "Bu eynək nə üçündür?" deyə soruşmadı. Çünki artıq özləri görə bilirdilər.

Şərhlər (13)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyul 25, 21:26


    Bəli, eynəyi taxardım. Çünki saxta xoşbəxtlikdən daha çox, acı da olsa, gerçəyi bilməyə üstünlük verərdim. Həqiqət bəzən ruhumuzu sarsıdır, amma nəticədə bizi azad edir. Xoşbəxtlik aldadıcı ola bilər, amma həqiqət insanın daxilində sükunət yarada bilər çünki artıq bilmədiyin şeyin qorxusu yoxdu

    Həqiqəti seçərək gərkək xoşbəxtliyi tapmış olaram 

    Həqiqətlə yaşamaq nə qədər ağır acı olsa da insanın özünə və həyatına ən sadiq halıdır...

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 10:49

      Həqiqətin ağırlığı bəzən ruhu sarsıtsa da, onun içində gizlənən sükunət hər yalanın yaratdığı səs-küydən daha dərin və davamlıdır. Saxta xoşbəxtlik anlıq bir aldanışdır, amma həqiqət insanı özü ilə üz-üzə qoyur, qorxuların kölgəsini aradan qaldırır.Seçdiyiniz yol  acı da olsa, özünə və həyatın gerçəyinə ən sədaqətli yoldur. Çünki insanın azadlığı, özünü tanıması və qəbulunda gizlidir. Bəlkə də ən böyük qüvvət budur: acı ilə barışmaq və həqiqətin içində öz sükutunu tapmaq.Təşəkkür edirəm ,cavabınız üçün ✨

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyul 25, 01:56

    Salam Simurq xanım.Sonunculardan 3,4 hekayənizi oxumamışam.Oxuyacam. zehnimdə ruhumda tam sakit vəziyyətdə olan vaxtı ki,yorğunluğum sizin hekayənizlə çıxsın və suallarınıza tam sərbəst cavab verə biləm.Bilirəm ki hər biri çox qəşəy hekayələrdi.Oxumadıqlarımın hər birinin son cümlələrini yəni sizin bizə vurğuladığınız sual yerlərini oxumuşam😊

    1. SİMURQ

      @SİMURQ

      17 iyul 25, 08:54

      Ümid edirəm, daxili sakitliyinizi ən tez zamanda tapıb oxuyacaqsınız. Fikirlərinizi gözləyəcəm. Təşəkkürlər ✨

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        18 iyul 25, 21:27

        Çox sağ olun diqqətiniz üçün minmətdaram.Sizi şəxsən tanımasam da ruhən çox sevirəm.İşlərinizdə uğur şans arzu edirəm

        1. SİMURQ

          @SİMURQ

          18 iyul 25, 22:46

          Sözləriniz qəlbimdə işıq yandırdı. Tanımadan sevilmək  ən saf bağdır. Minnətdaram, yolunuz hər zaman işıqlı olsun✨

  3. ramil

    @ramil

    16 iyul 25, 22:06

    İnsanlar xoşbəxt yaşayır,həqiqəti görmədikləri üçün...

    Həqiqəti gördükdə isə, artıq xoşbəxt olmurlar…ancaq bunu həyatın öz,sərt qanunu olduğunu anladıqları an, xoşbəxtsizlik sona catır ...

    "İnsanlar bu dünyaya xoşbəxt olmağa gəlmədiklərini öyrəndikləri an artıq xoşbəxt olmağa başlayırlar "

    "Charles Bukovski "

    "Uğurlar 🌟"

    1. SİMURQ

      @SİMURQ

      16 iyul 25, 22:15

      Bəlkə də xoşbəxtlik həqiqətdən qaçmaq deyil, onu qəbul etdikdən sonra belə yaşamağa davam edə bilməkdir. İnsan gözlərini açdığı gün dünyaya deyil, öz içinə baxmağı öyrənir. Və orada xoşbəxtlikdən daha çox  sükutla barışıq var. Xoş fikirlər və analiz üçün təşəkkürlər✨

      1. ramil

        @ramil

        22 iyul 25, 19:36

        Çox sağolun 🙏 

  4. SİRİUS

    @SİRİUS

    16 iyul 25, 20:27

    Bu hekayə insanı iç dünyasına aparır. Orada ən gözəl gülüşünü ən gözəl xəyyallarıni , itirdiyini , her zaman danışan səsini boğduğun,ama sonra hər kəs öz səsini eşitməyə başladi. Öncə sən onlara göstərdin ,sonra onlar özləri görmək istədilər....çox gözəl və dərin  yazmısız. Teşekkür edirəm. 💝💐

    1. SİMURQ

      @SİMURQ

      16 iyul 25, 20:30

      Bəyəndinizsə nə xoş mənə. Xoş fikir və cavabınıza görə əsl mən sizə təşəkkür edirəm ✨. 

  5. Asuela

    @Asuela

    16 iyul 25, 20:08

    eslinde heqiqet heç vaxt gizlenmeyib biz gözümüzü gizletmişik..
    teşekkürler gösterilmeyenleri gösterdiniz❤️

    1. SİMURQ

      @SİMURQ

      16 iyul 25, 20:21

      Diqqətiniz və cavabınız üçün təşəkkürlər 🙏🏿

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol