Dejavu: Gördüyüm Yad An - Simurq

Dejavu: Gördüyüm Yad An - Simurq

Həyatımın ən qəribə, ən əsrarəngiz günü sabahın ilk işıqları ilə başladı. Hələ havanın nə tam qaranlıq, nə də tam işıqlı olduğu o qəribə anı xatırlayıram. Küçələr sükut içindəydi, hətta ən kiçik səs belə böyük bir səssizliklə əks-səda verirdi. Hər şey yavaşlamışdı, sanki zaman  özüylə mübarizə aparır, hara getdiyini unutmuşdu. Mən isə,  addımlarımı tanımadan irəli gedirdim. Hər addımda sanki əvvəllər də orada olmuşdum; amma harda, nə vaxt, niyə – heç bir şey aydın deyildi. Hər şey həm yad, həm tanış idi; yaddaşımın ən dərin qatlarından gələn bu tanışlıq məni həm çaşdırır, həm də dərin  həyəcanla doldururdu.

Ətrafdakı hər detal, hər nəfəs həm yad, həm də tanış idi. Mənə elə gəlirdi ki, zamanın çox qatlarından birində qəribə  pəncərə açılıb, mən o pəncərədən baxıram. İşıqla qaranlığın sərhədində dayanan dünyanın yuxu ilə gerçəkliyin kəsişməsində həqiqətlərin səsini eşidirdim. Bu an,  heç fərqinə varmadığımız, lakin ruhumuzun dərinliklərində gizlənən yad və tanış anların dənizində sərin dalğa kimi gəlmişdi.Addımlarımın ardınca arxamda yüngül, lakin davamlı addımlar eşidildi. Sanki mənimlə birlikdə görünməz bir varlıq addımlayırdı. Çevrilib baxdım, amma küçə bomboz, heç kim yox idi. Yenidən irəli getdim, amma addımların səsi yenə arxamdakı boşluqdan gəlirdi, elə bil o görünməz qonaq məni izləyir, amma qarşıma çıxmağa cəsarət etmir. Səslər sanki mənim ürəyimlə sinxron döyünürdü, hər titrəyişi bədənimdə iz buraxırdı. Bu görünməz müşahidəçi mənim qəribə aləmimə daxil olmuşdu və onun varlığı məni həm qorxudurdu, həm də maraqlandırırdı.

Birdən qarşımda qəribə bir adam peyda oldu. Gözləri sanki həyatla ölüm arasında yanan iki alov kimi parıldayırdı. Onun baxışları çox dərin idi, sanki keçmişlə gələcək arasında bir körpü qurur, məni  özünə bağlayırdı. Baxışları mənim unudulmuş və ya heç vaxt tam tanımadığım hisslərimi oyadırdı. Mənə elə gəlirdi ki, o, yaddaşımın unudulmuş bir parçası, ruhumun əks-sədasıdır. "Bunu əvvəl yaşamısan" - dedi səsi havada asılı qalırdı, zaman isə öz axarını dəyişir, dəyişən qatlarında sürükləyirdi.Sual vermək istədim, ancaq sözlərim boğazımda ilişdi, dilim tutulmuşdu. O adam addım-addım mənimlə gedirdi, amma heç vaxt yaxınlaşmırdı. Aramızda görünməz məsafə var idi. Hər dəfə qarşılaşdığımız anlarda dünya ətrafımızda bükülür, zaman yavaş-yavaş qırılır, hər şey parçalanır, yenidən qurulurdu. Mən o anların içində qalır, amma eyni zamanda onları izləyən yad məxluq kimi hiss edirdim özümü. Hər görüşümüzdə yeni təzadlar, qarışıqlıqlar yaranır,  sanki öz taleyimin mətniylə oynayan bir oyunçu kimi hiss edirdim.Bir dəfə o, məni şəhərin kənarında, çoxdan unudulmuş, susqun bir parka apardı. Havanın təravəti ağacların yarpaqlarına toxunur, küləyin səsi yüngülcə ətrafda səslənirdi. Parkda unudulmuş, taxta körpü dururdu. O, köhnə, çürüyən, hər hissəsi zamanın təsiri ilə zəifləyən bir körpü idi. “Bu körpü yaddaşla ruhun, keçmişlə gələcəyin qovuşduğu yerdir,” dedi o adam. Sözləri mənə ağırlıq kimi çökmüşdür. Körpüyə diqqətlə baxanda suyun səthində yüzlərlə fərqli an əks olunurdu — bir anda uşaqlıq, başqa bir anda gənclik, sonralar isə gələcəkdən gələn xatirələr. Bu anlar bir-birinə qarışır, sanki vaxtın özündə yaşayan qatı qat-qat anlardan ibarət idi.

Ürəyimdə qəribə bir narahatlıq başladı. Körpüyə addım atdıqca, hər addım keçmişdən gələn xatirələri yenidən yaşatdı. Zaman əriyib yox olur, mən isə bu anların içində itirdim, sanki yuxunun dərinliyində sürüklənirdim. Hər addım yaddaşın qat-qat sirlərini ortaya çıxarır,  onlardan qorxu ilə yanaşı ümid də hiss edirdim.“Dejavu sadəcə yad hiss deyil,” dedi o adam. “Bu, yaddaşın unudulmuş qapısını açmaqdır. Zaman qat-qatdır və biz onun yalnız birində yaşayırıq. Dejavu isə o qatlar arasında səyahətdir.”O sözlər ürəyimdə həm qorxu, həm də azadlıq doğurdu. Anlamağa başladım ki, zamanın axarından daha çox qatları var, hər qatda yaşananlar fərqlidir, amma hamısı bir-biri ilə bağlıdır. Hər qat yaddaşımızın bir səhifəsi, ruhumuzun başqa bir səviyyəsidir.Birdən hər şey dəyişdi. Mən yenidən öz küçəmdə idim. Hər şey əvvəldəkindən fərqli görünürdü, amma çox incə və dərin fərqlərlə. O adam yox idi, amma onun dediyi sözlər hələ də qulağımda əks-səda verirdi. Gördüyüm hər şey normal görünürdü, amma bilirdim ki, bu “normal” həyat başqa bir zaman qatının içində gizlənir. Hər künc, hər detal artıq başqa bir reallığa işarə edirdi, sanki mən bu dünya ilə bağlı, amma eyni zamanda ondan kənarda idim.Son anda anladım — o adam mən idim. Zamanın bütün qatlarında yayılmış bir kölgədən ibarətdim. Mənim bütün anlarım, bütün zamanlarım birləşmişdi və  bu birliyin içində itirdim.Ən böyük sürpriz sonradan gəldi. Mənim bu sirri anlamamla zaman yenidən qırıldı. Öz kölgəmdən qopub, sonsuzluğun içində yoxa çıxdım. Dünyada artıq yerim yox idi. Yalnız yad anlar, yad bir həyat kimi yaddaşlarda qaldım, görünməz bir xatirə kimi.Bir anlıq qaranlıqda itdim. Sonra gözlərimi açdığımda öz yatağımda idim. Buna baxmayaraq hər şey fərqliydi. Otaq soyuq, qaranlıq və qəribə səssiz idi. Telefonuma baxdım: tarix və saat göstərilmirdi. Sanki zaman özünü silmişdi.Qapı açıldı. O adam yenidən gəldi, amma bu dəfə onun əvəzinə bir cüt göz mənə baxırdı — məhz mənim öz gözlərim. Səsim qulağımda əks-səda verdi: “Sən həqiqətən varsan, yoxsa mən yalnız sənin yuxunam?”İndi başa düşdüm ki, bütün bu anlar, bütün bu səyahət bəlkə də sadəcə bir yuxu, yoxsa qaranlıqdan gələn səs-küydür? Həyatın özü bir deja vu, yoxsa deja vu həyatdırBu an, zamanın dərin qatlarında mənimlə birlikdə səyahət edən kölgələrdən biri olaraq qaldım — bəlkə də heç vaxt qayıtmayacağam.

Şərhlər (8)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    27 iyul 25, 23:57

    Hekayəniz həmişəki kimi maraqlı və qeyri adi idi.Təşəkkürlər.🌹Sualınıza gəldikdə isə...


    Bəlkə də biz heç biri deyilik… nə kölgə, nə də unudulmuşluq. Bəlkə biz hər an yenidən yaranan izik kiminsə qəlbində yaşayan bir hiss, kiminsə həyatına toxunan bir nəfəs… Yaddaş da, zaman da bizi deyil, biz onları daşıyırıq içimizdə...

    1. SİMURQ

      @SİMURQ

      28 iyul 25, 00:48

      Təşəkkür edirəm, çox gözəl fikirlərdir. Siz dediyiniz kimi, biz nə kölgəyik, nə unudulmuşluq  biz zamanla yaddaşı daşıyan, içimizdə yaşayan varlıqlarıq. Bu düşüncə hər şeyi daha mənalı edir.

      Təşəkkür edirəm, çox gözəl fikirlərdir. Siz dediyiniz kimi, biz nə kölgəyik, nə unudulmuşluq  biz zamanla yaddaşı daşıyan, içimizdə yaşayan varlıqlarıq. Bu düşüncə hər şeyi daha mənalı edir.

  2. Asuela

    @Asuela

    25 iyul 25, 22:38

    bezen axtardığımız da,itirdiyimiz de ele özümüzük.. kim bilir,belke de hamımız öz güzgümüzün içinde itmişik..
    Uğurlar❤️

    1. SİMURQ

      @SİMURQ

      25 iyul 25, 23:31

      Bəlkə də elə ona görə yoruluruq…Çünki özümüzü tapa-tapa daha da itiririk.Güzgülər çoxdur, amma heç birində tanış üz yoxdur.Diqqətinizə görə təşəkkürlər ✨

      Bəlkə də elə ona görə yoruluruq…Çünki özümüzü tapa-tapa daha da itiririk.Güzgülər çoxdur, amma heç birində tanış üz yoxdur.Diqqətinizə görə təşəkkürlər ✨

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    25 iyul 25, 20:16

    Hər kəsin həyatında məncə, dejavu baş verir. Sanki ətrafında hər şey tanışdır, amma izah edə bilməyəcəyin qədər qəribə. Eşitdiyimiz səslər, gördüyümüz yerlər " bu anı artıq yaşamısan" deyə, pıçıldayır. Bu hissi çox gözəl izah etmirsiniz. Suala gəldikdə isə.. Bəlkə də, biz elə hər ikisiyik. Sadəcə bunları bir birindən ayırmaq da çətinlik çəkirik. Bir tərəfimiz keçmişdən gələn, xatirələrlə doludur. Bu bizim həyatımız da bir kölgə kimi qalır. O kölgə zaman- zaman özünü bizə xatırladır. Bunu dejavu olaraq, qəbul edirik. Digər tərəfdən, tozlu yaddaş dedikdə, beynimizin dərin qatlarında qalmış hələ tam silinməmiş xatirələrdi. Unutduğumuzu düşünürük, amma hələ də içimizdə bir hiss olaraq qalır.

    Maraqlı idi, uğurlar🤍

    1. SİMURQ

      @SİMURQ

      25 iyul 25, 20:28

      Bəli, doğrudur. Keçmişdən gələn, amma hələ də tam getməmiş bir anın geri dönüşüdür.Siz dediniz: “bir tərəfimiz keçmişdən gəlir” bəlkə də o tərəf heç vaxt getməyib.Sadəcə sükuta çəkilib, zamanla səssiz danışmağı öyrənib. Və bəlkə də, yaddaş heç zaman tam silinmir…Sadəcə biz baxmırıq o dərinliyə.Sizin fikirləriniz də elə bir xatirə kimidir unudulmur, iz qoyur… və pıçıltı kimi dönür.Təşəkkür edirəm bu gözəl sətirlər üçün.Bəzən bir şərh bir əsərin ruhuna çevrilir...🤍

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        25 iyul 25, 21:53

        Bu cür hiss etməniz, doğrudan da, mənim üçün çox xoşdur. Diqqətiniz üçün, minnətdaram🤍

        1. SİMURQ

          @SİMURQ

          25 iyul 25, 22:37

          Təşəkkürlər, məndə həmçinin ✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol