BİR MİLYON DOLLARIN SAHİBİ - XeYka

BİR MİLYON DOLLARIN SAHİBİ - XeYka

BİR MİLYON DOLLARIN SAHİBİ


Yenə küçədə siqaretimi çəkə-çəkə gəzirdim. İçim bomboş, beynim qarışıq. Kağız üzərində milyonçuyam… Amma necə bir milyonçu? Bir kasıba bir çamadan milyon dollar versəm, bu elə bil marketdəki uşağa bir ədəd saqqız hədiyyə etməyim kimidir. Pul məni xoşbəxt etmirdi. Çünki oğlum mərkəzi xəstəxanada xərçəngdən əziyyət çəkirdi. Həkim isə altı ay ömrü qaldığını demişdi…


Bir yarımçıq tikili binanın qarşısından keçirdim. Əlimdə isə bir milyon dollar olan çamadan. Çamadanı binanın qarşısına qoydum. Fikrimdə düşündüm ki, sabah burdan keçən ustalardan biri onu görəcək, götürəcək… Bəlkə də Maldivlərə gedəcək, bəlkə də yeni bir həyat quracaq. Mən isə yoluma davam etdim. Amma içimdəki boşluq azalmadı. Necə azalsın ki? Oğlum ölümə yaxınlaşır, mən isə siqaret tüstüsündə boğuluram, əlimdən heç nə gəlmir…


Ertəsi gün yenə həmin binanın qarşısından keçdim. Çamadan yox idi. Yəqin ki, kimsə götürmüşdü. Bu məni azacıq gülümsətdi… amma gülüşüm yarım saniyədən çox çəkmədi. Yoluma davam etdim.


Xəstəxanaya, oğlumun yanına gedirdim. Qapının ağzında həkim qarşımı kəsdi:

— Bəsdir bu qədər pul tökürsünüz. Aparın oğlunuzu gəzdirməyə çıxarın. Onsuz da bir neçə aya halı pisləşəcək… Bu qədər əziyyətə dəyməz.


Sözün beynimdə qırmızı kimi yanıb-söndü.

— Nə danışırsan sən?! Həkim deyilsən?! Saxalt oğlumu! Əclaf, sənə nə mənim pulumdan! İstəsəm bu xəstəxananı da, səni də alaram!


— Xeyr, siz məni səhv anladınız, — dedi o, başını aşağı salaraq.


— Mən çox yaxşı anladım! Rədd ol buradan, oğlum səsimizi eşitməsin! O sağalacaq!


Otağa girəndə oğlumun üzündəki sevinc məni kövrəltdi. Mənə baxıb soruşdu:

— Ata… həkim qapıda sağalacağımı deyirdi, eləmi?


Bir anlıq boğazımda sözlər ilişdi. Çünki o da bilirdi… sağalmayacağını. Amma hələ də ümid edirdi. Mən sadəcə susdum… və onu qucaqladım.


(İki ay sonra)


Səhərimi həyat yoldaşımın boğuq ağlama səsi ilə açdım. Oğlumuz üçün hər gün yanıb kül olurdu. Həmin gün axşama qədər evdən çıxmadım. Axşam isə dostumun restoranına getdim… viski içməyə.


Həmişəki kimi pəncərə kənarında əyləşdim. Jack Daniels-imin hər qurtumunu boğazımdan ağır-ağır endirirdim. Siqaretim közərirdi… aşağıda qarışqa kimi axışan insanlara baxırdım.


Birdən bir səs… silah səsi.


Hər kəs pəncərənin altında toplaşmışdı. Yerdə qanlar içində yaşlı bir kişi uzanmışdı. Bir əlində çamadan… digər əlində isə silah.


O an telefonum zəng çaldı. Ekranda oğlumun həkiminin adı yazılmışdı. Açdım.


— Salam, həkim.

— (Hıçqırıqlar…) Ba… başınız sağ olsun, Xəyal bəy…



(Qeyd: Yazılanlar Qaraqanın (E. Zeynallı) "Bir milyon dollarım olsaydı" romanından ilhamlanaraq yazılmış bir hissədi. ) :(






Şərhlər (6)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    30 iyul 25, 11:10

    Bəzən milyonlarla dollar, heçnəyi ifadə etməz. Oğul itkisi, ümidsiz bir ata, və insanı silkələyən bir həyat..

    Möhtəşəm yazılıb, uğurlar 

    1. XeYka

      @XeYka

      30 iyul 25, 11:14

      Təşəkkürlər 🖤

  2. Gülay Mirzəzadə

    @Gülay Mirzəzadə

    30 iyul 25, 10:57

    Qaraqanın "bir milyon dollarım olsaydı" romanını oxumuşdum, bu parçadan isə belə nəticəyə gəlmək olurki, ömrümüzün çox hissəsini əziyyət çəkib gecə- gündüz pul qazanıb milyonçu olsaqda pulla alına bilməyən sağlamlığımızda var...)Pul hər şeyi həll etmir. Ata sevgisi, ümid və itki bu hekayədə çox dərin şəkildə hiss olunur. Təsirli və düşündürücüdür.

    1. XeYka

      @XeYka

      30 iyul 25, 11:13

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🫡 🖤 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    30 iyul 25, 09:39

    Qaraqanın romanını oxumamışam.Amma sizin hekayənizi oxudum.Diqqət etmişəm də yazdıqlarınıza dadı damağında saxlayırsız.Ya həyəcanım yarımçıq qalır ya sevimcim ya kədərim.Həmkinin bu hekayəniz kimi.Heç bitməsini istəməzdim.Çox təsirli bir hekayə olub.Qələminizə sağlıq😊✨💫🌟😊

    1. XeYka

      @XeYka

      30 iyul 25, 10:33

      Çox təşəkkür edirəm. Fikir bildirdiyiniz üçün 🖤🫡

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol