Sirrə Baxan, Səssizcə Yoxa Çıxar - Simurq

Sirrə Baxan, Səssizcə Yoxa Çıxar - Simurq

“Baxan gözün qaranlığında, itən ruhun izi gizlidir.”

Gecə, yavaş-yavaş hər şeyi bürüyür, meşənin qaranlığına sirli pərdə kimi yayılırdı. Hər budaq və yarpaq, sanki nəfəsini saxlamış, dərin bir sükuta qərq olmuşdu. Hava donmuş, zaman da qaranlığın içində ilişib qalmış kimi idi.Bu susqunluq, soyuq və ağır, ürək döyüntüsünü hiss etdirən bir səssizliyə işarə edirdi. Meşənin içində hər şey dayanıqlıq və gözləmə hissi ilə dolmuşdu. Qaranlığın bürüdüyü ağacların uzun kölgələri, sanki əllərini uzadıb, hər şeyi tutub saxlayırdı, ay isə artıq işıq saçmırdı. Göy üzündəki laqeyd və donuq ay, səmanın soyuq gözlərinə bənzəyirdi; sanki bütün varlığını itirmiş, yalnız müşahidəçi olaraq dayanmışdı. Bu gecə ay, ancaq  hökmranlıq etmədən, özündən kənar şəkildə olanları müşahidə edirdi. Qaranlıq, ayın yoxluğunda daha da dərinləşirdi, sanki dünya tamamilə başqa bir dimenziyaya çevrilmişdi. Gecənin sərinliyi ruhları uzaqlaşdırır, qəlblərə yavaş-yavaş soyuq bir əl toxunurdu. 

Qədim əfsanəyə görə, hər yüz ildən bir dəfə, ayla yer arasında görünməz, yalnız seçilmişlərin keçə biləcəyi bir dəhliz açılırdı. Bu dəhlizdə zaman və məkan sərhədləri yox olurdu, ruhlar və yaddaşlar qarışırdı. Dəhlizə girənlərdən heç kim geri qayıtmırdı. Geri dönənlərin isə ruhları yarımçıq, zədələnmiş və dərin sükuta qərq olmuşdu. Onların gözləri artıq dünyaya baxmır, boşluğa zillənmişdi. Hər kəs onların arxasında itmiş sirrin ağırlığını hiss edirdi.Bu gecə, həmin o əsrarəngiz gecə idi.Əllərdə köhnə, tozlu bir şəkil var idi. Şəkil meşənin yuxarıdan çəkilmiş qaranlıq mənzərəsini göstərirdi; havada asılı altı süpürgə və odun ətrafında dayanmış kölgə fiqurlar var idi. Heç bir üz görünmürdü , yalnızca kölgələrdən ibarətdi. Lakin ortadakı kölgənin formasında qəribə, tanış bir işarə vardı. Sanki zamanın dərinliyindən gələn yad bir yaddaş peyda olmuşdu. Şəkilin üstündəki xətlərin arasından soyuq nəfəs, unudulmuş hekayələr fısıldayırdı.Odun sükutdakı yeganə səs kimi çartıldayırdı.Bu, qırılmış susqunluğun ilk nəğməsi idi. Süpürgələr havada donmuş, hərəkəti dayanmışdı, sanki onları oyadacaq, görəcək biri gəlməsini gözləyirdi. Amma nə üçün? Niyə? Bu sirli  anının cavabı havada asılı qalmışdı.Kölgələr yavaş-yavaş titrəyərək həyat tapdı. Onların hər birinin hərəkəti təmkinlə, amma qaçılmaz olaraq baş verirdi. Bir kölgə tədricən qarşıya çevrildi. Sifəti yox idi — duman və qaranlıqdan ibarət idi. Buna baxmayaraq gözlərində, qaranlığın dərinliyində itmiş  həyatın acı və qorxusunu daşıyan bir işıq yanırdı. Qəflətən beynində  səssiz  fısıltı yayıldı — bu sözlər deyil, ruhun dilində olan bir çağırış idi:

“Burdan geri qayıtmaq olmur.”

Bu xəbərdarlıq sanki havadan asılmış, danışılmamış, amma daim orada olan bir hədiyyə idi. Ayaqlar torpağa yapışmışdı. Geri çəkilmək istəyi vardı, amma hər addım ağırlıqla dolmuşdu. Meşə onu udurdu, nəfəs almaq çətinləşirdi, hərəkət məhdudlaşırdı. Görünməz bir ip kimi torpaq və kölgələrlə bağlanmışdı.Seçim qarşısında idi — ya qorxu ilə baxıb sirrin dərinliyinə daxil olmaq, ya da susub, sükutda, qaranlığın içində itmək məcburiyyətində idi.Birdən odun ətrafında dayanan kölgələrdən biri, digərindən fərqli olaraq, daha aydın və canlı bir siluet aldı. Uzun, köhnə paltarlı, başında ucu sivri papaq olan cadugər, əllərində qədim bir süpürgə tuturdu. Onun gözləri qaranlıqdan parlayan iki kiçik işıq kimi titrəyirdi. Cadugərin mövcudluğu meşəyə əlavə bir ağırlıq və mistik bir sükut gətirdi. O, sanki zaman ilə qarışmış əsrlərin yükünü daşıyan bir varlıq kimi görünürdü.Cadugər səssizcə, amma möhkəm addımlarla yaxınlaşdı. Hər addımı torpağı titrədirdi, odun çırağı isə daha da alovlanmış kimi parıldayırdı.“Bax,” — cadugərin səsi qaranlıq və qısqanclıq dolu fısıltı kimi gəldi, — “burdan çıxmaq istəyən sirrin dərinliyinə baxmalıdır. Amma diqqətli ol. Sirr, gözlə görünən deyil, hisslə tapılan və ruhla daşınandır.”Bu sözlər havada əks-səda doğurdu, meşə cadugərin sözlərini qəbul etdi.Gözlər yenidən kölgələrə qayıtdı. O an hər şey dondu.Odun çırağı sönmədi, amma ətraf qaranlıq bir boşluğa qərq oldu. Zamanın axışı kəsildi; dünya bir an əridilərək yox oldu.Bədəni ilə səsi yox oldu, yalnız geriyə nə sağ, nə ölü varlığı qalmış, sirrin dərinliyində ilişmişdi.Səhər açıldı. Meşə yenə susqun, soyuq və sirr dolu idi. Artıq nə kölgələr,nə cadugər var idi. Yalnız torpaqda yanmış bir şəkil qalmışdı. Eyni şəkil olsa da  indi üzərində yeni bir fiqur var idi — yeddinci kölgə. O izahı mümkün olmayan, amma  qaranlığın özündən yaranan yeni bir sirrin parçası idi.Torpaq dumanlı, unudulmuş arzuların və yuxuların qoxusu ilə dolmuşdu. Kölgələr yavaş-yavaş hərəkətə gəldi, sirri bağlayan qapıların ağır ağır bağlanmasını izləyirdi.Gecə, meşə və sirr bir-birinə qarışaraq yoxluğun ən dərin qatına çevrildi. O, an havadan zəif bir fısıltı gəldi:

“Sirri görənlər artıq yola davam edir...”

Sirr nə idi? Baxan gözün içinə girib yox olmaq, yoxsa sirrin özünün yoxluğu?Yoxa çıxan artıq yox idi. Amma sual havada asılı qaldı:

“Bu gecə baxışınla sirr dəyişdimi, yoxsa sirr səni dəyişdi?”

Şərhlər (13)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    31 iyul 25, 16:38

    Hekayəni oxuduqca gözümdə həm film izlərmiş kimi oldum. həmdə uşaqlıqda teatrda rəhmətlik əmimim cadugər rolunda getdiyi bir hadisə yadıma düşdü.Kişi olmasına ramən qadın qılığında elə gözəl rol almışdıkı o vaxtlar qorxmuşdum izlərkən.

    Hekayənin sonundakı suala gəldikdə isə belə cavab verərdim.


    Sirr bəzən bir göz baxışında, bir sükutda gizlənir. Onu açmağa çalışdıqca, içimizdə nəsə qopur, dəyişir.


    Bu gecə baxışınla sirr dəyişdimi, yoxsa sirr səni? – əslində bu, həyatın bizi necə formalaşdırdığını göstərən düşündürücü sualdır. Bəzən cavab axtararkən özümüz cavaba çevrilirik. Sirri anlamırıq, sadəcə hiss edirik. O hiss də bizi səssiz-səmirsiz dəyişdirir.


    Yəni, bəlkə də sirr budur.axtarışın özü…

    Siz mənim düşüncələrimi gözlədiyiniz kimi məndə sizin hekayələrinizi səbirsizliklə gözləyirəm.Sakit və hüzurlu ortamda🥰😊

    1. SİMURQ

      @SİMURQ

      01 avqust 25, 10:33

      Sözlərinizdə bir keçid var . Yaddaşdan hekayəyə, səhnədən baxışa... Verdiyiniz cavabda bir həqiqət gizlidir: sirr bəzən açıqlanmaq üçün deyil, dəyişmək üçün var olur. Onu anlamağa çalışdıqca, içimizdə qopan o səssiz dəyişiklik əsl cavabın özü olur.Yazının nəyə çevrildiyi oxucu baxışında gizlidir. Sizin baxışınız isə sanki hekayəyə bir sual əlavə etdi: bəzən bizmi sirrə baxırıq, yoxsa sirrmi bizi seçir?Hekayəni gözlədiyinizi bilmək kifayətdir... çünki hər gözləyən, əslində içində cavab daşıyır.Təşəkkürlər✨

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    31 iyul 25, 13:59

    Elə bilməyin ki paylaşımınız diqqətimdən yayınıb.Əsla bu belə deyil.Sadəcə olaraq sizin hekayələri həm səsli oxuyuram həmdə sakit bir ortamda oxumağı sevirəm.Buna görə də o fürsətim olan kimi oxuyub fikirlərimi bildirəcəm😊Bəlkə də bunu kimsə oxuyub kimsə yanlış anlayar.Yanlış anlamayın burda paylaşılan hər bir hekayə şeirə diqqət və hörmətlə yanaşıram. 

    1. SİMURQ

      @SİMURQ

      31 iyul 25, 15:01

      Çox təşəkkür edirəm. Əslində, heç vaxt paylaşımımın diqqətinizdən yayındığını düşünməmişdim. Sadəcə fikirlərinizi bölüşəcəyiniz anı gözləyirdim. Belə həssas yanaşma göstərməyiniz çox dəyərlidir. Var olun✨💫

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        31 iyul 25, 15:32

        Fikirlərimi gözləməyiniz məni çox sevindirdi.🥰😘Əlbəttə ki,oxuyub yazacam.

  3. SİRİUS

    @SİRİUS

    30 iyul 25, 22:20

    Hekayəni oxuyarkən bir an elə bildim süpürgeli cadı geldi. Biraz vahiməli biraz sirr dolu idi. Gecə de özünde çox şeyi həps edir. Baxişimla sirr deyişmir ,ama her sirr bizim dəyişir. Uğurlar.🎉💐

    1. SİMURQ

      @SİMURQ

      30 iyul 25, 22:58

      Hər sirr bir az da Sizi dəyişir...O baxışla onu duymanız çox dəyərlidir. Təşəkkür edirəm ✨

  4. Dərya Qasımova

    @Dərya Qasımova

    30 iyul 25, 19:57

    Oxuduğum bu mətn sadəcə bir hekayə deyil, sanki qaranlığın içində gizlənmiş bir ruh sınağı kimidir. Qorxu, seçim, itki və sirr... Hamısı bir yerdə. Sanki meşə bir insanın iç dünyasıdır sirli, səssiz. Odun ətrafında dayanmış kölgələr keçmişin izləri, unutduğumuz xatirələr, ya da içimizdə gizlətdiyimiz qorxulardır.Bəs mən bu sirrə baxsam, yox olarammı? Yoxsa içimdəki kölgələrə bir ad verib, onlarla barışmağa çalışaram? Sonda yeddinci kölgə... Bəlkə də o bizik. Bəlkə də sirri görən, onun içində dəyişən və geri dönməyən təkcə o yox, biz hamımızıq. Bu mətni oxuyarkən hər birimizik.

    “Bu gecə baxışınla sirr dəyişdimi, yoxsa sirr səni dəyişdi?” Deyərdim ki, sirr dəyişməz. Amma ona baxan dəyişir. Və bəlkə də, sirrin özü elə bu dəyişimdir.

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      30 iyul 25, 19:59

      Qeyd etməyi, unutdum. Hər zaman ki, kimi maraqlı idi. Uğurlar 🤍

      1. SİMURQ

        @SİMURQ

        30 iyul 25, 20:15

        Təşəkkür edirəm, Sizdən gələn sözlər  dərin mənalar daşıyır. Hər zaman olduğu kimi, bu dəfə də baxışınız maraqlı və səmimidir. Məndə sizə uğurlar arzulayıram 🤍

        1. Dərya Qasımova

          @Dərya Qasımova

          30 iyul 25, 20:21

          Bunları eşitmək çox xoşdu. Çox təşəkkür edirəm, diqqətiniz üçün 🤍

    2. SİMURQ

      @SİMURQ

      30 iyul 25, 20:13

      Bəli, tamamilə doğrudur. Sirr heç vaxt dəyişmir, amma ona baxan insanın dünyası tamam başqa olur. Hər kölgənin içində bir parça biz varıq  qorxu, itki, ümid və sükutla yoğrulan. Sirrə baxmaq, öz içindəki səsi dinləməkdir. Bəlkə də, o yeddinci kölgə məhz bizim dəyişən ruhumuzdur.Dərin  fikirləriniz, cavabınıza görə təşəkkürlər. Xoş oldu✨

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        30 iyul 25, 20:21

        Bəli, elədir ☺️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol