Qorxunun Akustikası - Simurq

Qorxunun Akustikası - Simurq

“Ən səssiz qırılma, içində səsi boğulmuş bir uşağın qışqırığıdır.”

İllər keçdikcə dünya dəyişir. Qapılar fərqli nömrələrə açılır, divarlar yeni rənglərlə boyanır, pəncərələr başqa səmtlərə baxır; amma bəzən elə səslər olur ki, bir dəfə ruhunun dərinliyində doğulub, heç vaxt sönmür. O səslər, sanki qaranlıq bir zindanın içində kilidlənmiş, səssizcə səni izləyən və heç vaxt buraxmayan bir kölgə kimi yaşayır. Bu səs dəyişmir, zaman keçdikcə daha da güclənir, nəfəsini boğur, ürəyini sıxır. Amma sən, qorxudan ona qulaq asmaqdan çəkinirsən, susursan. Hər dəfə susduqca, o səs daha da dərinləşir, ürəyinin ən qaranlıq küncünə hopur,  yoxluğunda danışmağa başlayır.

Gecənin dərin qaranlığında, evin köhnə divarları arasında sanki yalnız səssizlik yox, uzun illərdir yığılmış, qırılmış ümidlərin və susmuş çığlıqların akustikası duyulurdu. Otağın küncündə büzüşmüş balaca qız əllərində köhnə, rəngi solmuş ayısını sıxaraq, görünməz ağırlıqları daşıyırdı.Onun gözləri yaşla dolmuş, kədərdən səsi qısılmışdı.Qorxu onun səsi olmuş, susqunluq isə  sığınacaq isti qucağa çevrilmişdi.Valideynlərinin qəzəblə dolu səsi, qırılan şüşələrin kəskin xışıltısı və yüksələn təhqirlər onun ruhuna batırılan bıçaqlar kimi, ən incə telləri qırır, içdən parçalayıb kiçildir, hər dəfə sönməkdə olan işığını daha da zəiflədirdi. Evdə zaman sanki donmuşdu — divarlar soyuq, ağır və boğucu idi.Qadın və daxilindəki kiçik qız hələ də həmin divarların arasında, səssizliyə bürünmüş, gündən-günə tükənən qəlblə yaşayırdı.Hər bağırışda, hər hiddət anında o daha dərinlərə çəkilir, özünə aid olmayan qaranlıq kölgələrə sığınırdı. Qorxu onun ən yaxın kölgəsi, səssizlik isə yeganə sığınacağı idi. Sanki dünya onu tamamilə unudur, amma o öz içində hələ də sönməz bir alov kimi yanırdı.Qadının ruhunda hər gecə bir fırtına qopurdu.İllər öncə sönməli olan o atəş yenidən alovlanır, səssiz çığlıqların qapısını açırdı. Qəlbində titrəyən, qorxudan əsən o balaca qızın səsi, sükutun dərinliyindən qoparaq, bəzən boğulmuş, bəzən çaşqın bir fısıltı kimi yüksəlirdi. Amma qadın özünü susmağa məcbur edirdi .Bu susqunluq həm qorxudan, həm də ümidsizlikdən doğan bir tələdən başqa bir şey deyildi. Bu düşüncələrin ardından bir dəfə daha, evin sakitliyini pozan səs gəldi — stəkan qəzəblə yerə çırpıldı, qırılan şüşənin kəskin səsləri qadının uşaqlıqdan bəri eşitdiyi ən qorxunc qışqırıq kimi səsləndi. Onun beynində o səs dalğa-dalğa yayıldı — bacısının hıçqırıqla ağladığı anlar, anasının titrəyən əlləri, atanın hiddətlə dolu addımları hamısı bir anlıq canlandı, qadının ruhunu yenidən parçalandı.O səslər içində qadının qəlbində bir fırtına qopdu; qorxu, kədər və ümidsizlik bir arada onu darmadağın etdi. Hər qırıq şüşənin səsi onun uşaqlıq qorxuları ilə birləşərək, bədənində titrək, qəzəb dolu bir fırtına yaratdı.

Niyə yenə susursan? — səsi soyuq, qəzəblə dolu, amma bir o qədər də tanış idi. Qadın qulaq asmırdı; çünki içindəki balaca qız ona fısıldayırdı:

“Heç nə demə. Səsini çıxarmaq onları daha da qıcıqlandıracaq. Sus, bəlkə səni bu dəfə görməzlər. Sakitlik sənin xilasındır.”

Qadın otağa çəkildi, arxasında dağılan sözlərin və qırılan qabların səsləri səssizliyə qarışdı. Divara söykəndi, dizlərini bükdü, başını əllərinin arasına aldı. Artıq yanında sarılacaq bir ayısı yox idi, amma uşaqlıqdan gələn  amma hər an partlamağa hazır olan qorxu hələ də onun ən yaxın kölgəsi idi.O düşündü: neçə qadın var onun kimi? Neçə nəfər hər qırıq şüşədə, hər susqun baxışda, hər gizli ağrıda uşaqlığını tapır? Neçə nəfər öz içində yaşadığı qorxunu gizlətməyə çalışır, amma o qorxu hər dəfə yenidən üzə çıxır?

Susmaq bəzən qorxudan deyil, ümidin, sevgiyə olan inamın sönməsi, özünü tərk etməsidir. Bəzən danışmaq heç nəyi dəyişməz, amma susmaq ürəyin ən dərin yarasını artırar. Susqunluq görünməz, amma nəfəsi kəsən, hər dəfə daha da sıxan, hətta qırılmağa hazır bir zəncirdir. Bu zəncir insan ruhunu ən ağır şəkildə bağlayır.Pəncərədən uzaqdan uşaq səsləri eşidilirdi.Günəş buludların arxasında ilişib qalmışdı. O uşaq səsləri azadlığın, ümidin, həyatın simvolu idi. Amma buradakı qadının dünyası səssizlikdə, qorxuda, içində səs-küyü boğulmuş bir uşaqla kilidlənmişdi.Qadının baxışları pəncərədən uzaqda, səmada ilişib qalmış buludlara dikildi. Buludlar ağır, yaşlı idi, amma onları keçən günəşin işığı qaranlığı yarır, ümidlə dolu xətləri göyə çəkirdi. O işıq qadının ürəyinə dəydi; bəlkə də yenidən doğmaq, sönmüş alovunu yandırmaq üçün bir işarə idi.Gözlərində yüngül bir işıq, ürəyində gizli bir ümidlə, qadın dərin nəfəs aldı və öz-özünə dedi:

“Bəlkə də susqunluq qorxunu boğur, bəlkə də səsini tapmaq üçün güc lazımdır.”

Bütün bu qaranlıq, səssizlik, qorxu və sükutun içində doğan suallar,qadının ruhunu silkələyərək, oxucuya doğru yol alır:

“Bəs susmaq öz qorxunu böyüdür, yoxsa qorxu susqunluğu yaradır? Hər dəfə susduqda, sən səsini itirirsən, yoxsa səssizliyin dərinliyində daha qorxulu bir səs doğulur? Sən öz səssizliyində itirdiyin səsi yenidən tapmağa cəsarət edərsənmi, yoxsa qorxunun kölgəsində ömrünü sonsuz səssizliyə buraxarsan?”

Şərhlər (8)

  1. SİRİUS

    @SİRİUS

    31 avqust 25, 01:29

    Məncə susmaq öz qorxunu böyüdür. Mən bəzi gərəksiz qorxularımla uzləşirem. Daha çoxu ilə zaman keçdikcə üzləşəcəyəm . Hekayəde bir yerde özümü tapdım . O stəkan qırıqları deyil təkcə bir çox arzuların xəyyalarin paramparça oluşudur. Biz uşaqliqdan qorxduğumuz  anların şahidi olmuşuq.  Elə  ordan başlayib bütün qorxular travmalar. İçimizdəki uşaq səssizdir. Çünki o çox şey yaşayib. Hər şeydən nəticə çıxarıb. Hekayə çox maraqlı idi. 

    Uğurlar ✨ 💐 

    1. SİMURQ

      @SİMURQ

      31 avqust 25, 19:00

      Bəli, tamamilə doğrudur. Fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm✨

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    05 avqust 25, 23:18

    Susmaq bəzən özünü qorumaqdır, amma uzun sürdükdə insanın içindəki səsi də yavaş-yavaş boğur. Qorxu səssizliyə səbəb olur, səssizlik isə qorxunu bəsləyir. Hər dəfə susduqca, insan öz söz haqqından bir addım uzaqlaşır. Amma səssizliyin içində doğulan qorxulu səs  bəlkə də insanın içindəki qopmaq istəyən həqiqətdir.  Əgər cəsarətin varsa, səssizliyi yarıb səsini taparsan  və bu, azadlığın başlanğıcı olar.

    Həqiqətən də uşaqlıqda yaşadığımız bəzi sarsıdıcı trammalar, qorxular ,insanla yaşar onunla böyüyər.Nə qədər böyüsən də içindəki uşağın yaşanmışlıqları silinməz unudulmaz.

    1. SİMURQ

      @SİMURQ

      05 avqust 25, 23:32

      Çox doğru və dərin toxunmusunuz. Bəzən səssizlik özümüzü qorumaq cəhdi olsa da, içimizdəki səsi də susdurur, təkcə sözləri yox, həqiqətləri də itiririk. Və elə bu səbəbdən, uşaqlıqda yaşanan hər qorxu, hər travma içimizdəki uşağın səssiz fəryadı kimi böyüyür. Unudulmur... yalnız susdurulur. Amma siz bu səssizliyə söz verməyi bacarmısınız bu, həm cəsarət, həm də şəfa əlamətidir. Təşəkkür edirəm bu duyğuları dilləndirdiyiniz üçün✨

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        06 avqust 25, 00:08

        Mən təşəkkür edirəm ki hər hekayənizlə insanın ruhuna toxunmağı bacarırsız.Hətta bu hekayə xəyalı olsa belə həqiqətlərə toxuna bilir.

        Həyatınızda və işlərinizdə ilk öncə sizə şans sonra uğur arzu edirəm✨🌟💫

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    05 avqust 25, 14:24

    Sizin  yazdığınız o qadını oxuyanda, əslində bir uşaq gördüm qorxmuş, sakit, içinə qapanmış bir uşaq. Və düşündüm ki, bəzən susqunluq seçilmiş bir sakitlik deyil, məcbur edilən bir çarəsizlikdir. Həmin qadının içindəki uşaq danışa bilməmiş, çünki bəlkə də hər dəfə səsini çıxaranda susdurulmuşdu. Bəzən bir valideynin qışqırığı yox, səssiz baxışı belə uşağın ürəyində dərin iz buraxır.O uşaq indi böyüyüb qadına çevrilib, amma içindəki uşaq hələ də qorxur. Və bu, təkcə uşaqlıqda yaşanmış bir an deyil illərlə daşınan bir yükə çevrilib.
    1) “Bəs susmaq öz qorxunu böyüdür, yoxsa qorxu susqunluğu yaradır?”
     Əvvəlcə qorxu yaranır. Qorxu səni susmağa məcbur edir. Amma susduqca da o qorxu daha da böyüyür, səni daha çox sıxmağa başlayır. Əvvəli qorxudur, nəticəsi susqunluq. Amma susduqca o qorxu artıq daha güclü olur.


    2)“Hər dəfə susduqda, sən səsini itirirsən, yoxsa səssizliyin dərinliyində daha qorxulu bir səs doğulur?”
    İnsan səsini tam itirmir, amma səsi içə dönür. Və bəzən o səssizlikdə başqa bir səs yaranır qəzəb, peşmanlıq, ağrı, sükut içində səni sıxan duyğular. Bu səs daha qorxuludur, çünki onu heç kim eşitmir, amma sən daim içində eşidirsən.


    3) “Sən öz səssizliyində itirdiyin səsi yenidən tapmağa cəsarət edərsənmi, yoxsa qorxunun kölgəsində ömrünü sonsuz səssizliyə buraxarsan?”
    Çalışıram cəsarət edim. Çünki içimdəki səs hələ tam ölməyib. Atam itirdiyim gündən bəri, mən özümü itirməməyə çalışıram. Özümü öyrətməyə çalışıram ki, artıq atam yoxdur. Çünki həyat susqunluqla deyil, danışmaqla, özünü ifadə etməklə düzəlir. Qorxunu keçmək üçün bəzən səsini ucaldıb "mən burdayam" demək lazımdı..

    Uğurlar, maraqlı idi 🤍 

    1. SİMURQ

      @SİMURQ

      05 avqust 25, 15:41

      O qadının içində gizlənmiş qorxmuş uşağı görə bilmək  bu, hekayənin mövzusuna deyil ruhuna toxunmaqdır. Sizin sözlərinizdə səssizliyə çevrilmiş bir anlayış, içdən gələn bir şəfqət vardı. Oxuyarkən sanki yazıya bir nəfəs də siz verdiniz.Atanızla bağlı yazdıqlarınız çox toxundu… Allah rəhmət eləsin🙏🏿. Hiss olunur ki, siz içindəki boşluğu səssizliyə yox, gücə çevirmisiniz. Bu, böyük bir dirənişdir.Bəzən yazılar ünvanlanmadan yazılır, amma yolunu tapır. Bu yazının da bir ünvanı var imiş... görünür o ünvan siz idiniz.Minnətdaram  hiss etdiyiniz, danışdığınız və ruhla toxunduğunuz üçün ✨ 

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        05 avqust 25, 16:16

        Oxuyarkən düşündüm ki, bəzən insanı ən yaxşı anlayanlar onu heç görməyənlər olur.. Yazdıqlarımı belə dərinliklə hiss etməyiniz, hər kəlmədə ruhuma toxunmağınız çox dəyərlidir. Sizin kimi anlayışlı insanların varlığı böyük təsəllidir. Var olun, çox təşəkkür edirəm 🤍

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol