Külün içindəki İşıq - XeYka

Külün içindəki İşıq - XeYka

Külün İçindəki İşıq

Soyuq noyabr ayı idi. Soyuq şəhərin qaranlığında havanın bərk soyuq olmasına baxmayaraq, mən üşümürdüm. İçimdə sanki bir od yanırdı… elə bil həmin od yüz illərdir sönməyən bir yanar dağa aid idi. İçimdəki qaranlıq alov. Qaşlarımı çatmış halda ətrafa baxırdım. Şəhərin hər küncündə bir hekayə, bir xatirə gizlənmişdi. Mən isə içimdəki alovu söndürəcək həmin xatirə damlasını axtarırdım.

Bu şəhər dillərdəki “boz şəhər” deyildi — indi həqiqətən də boz idi. Burada yaşayan heç kəs gülümsəmirdi. Sanki sevgini, xoşbəxtliyi, gülümsəməni uzun illər əvvəl yandırmışdılar.

Boş küçələrdə sağa-sola baxa-baxa addımlayırdım. Binaların pəncərələrindən mənə baxan yorğun gözlərin ağırlığını hiss edirdim. Sanki bu baxışlar deyirdi: “Hamı yorğun işdən gəlib yatdığı vaxtda, bu axmaq niyə çöldə sağa-sola baxaraq gəzir?”

Şəhər Emin A.-nın kitabındakı kimi “Allahsızlar şəhəri” idi. Buradakı insanların hamısı bütün inanclarını itirmişdi. Heç kim, ehtiyacı olanda, Tanrıya əl açıb “Ey Tanrım, səndən bunu istəyirik” demirdi. Onlar artıq qoyun sürüsü kimi hər gün səhər saat 8-də işə gedir, axşam 6-da evlərinə qayıdırdılar. Sanki başlarındakı çoban bütün günü onları sağa-sola qovur, günün sonunda isə yenidən dörd divarlı bir qəfəsə salırdı.

Mən isə özümü bu insanlar içində Qaraqan’ın “Son” adlı trekindəki personaj kimi hiss edirdim. Bəli… bu şəhərdə Tanrı yox idi. Və heç kəs yox idi. Tanrı ona inananların və ibadət edənlərin yanındadır. Bu, tərəfkeşlik deyil — Tanrı insanları ayırd etmir. Lakin sən içində bir varlığa inanmırsansa, demək ki, o sənin üçün mövcud deyil. Bu şəhərdə də eynən belə idi.

“-stan” ilə bitən bu ölkədə artıq sevgi, məhəbbət, arzu, xoşbəxtlik kimi hisslər yox olmuşdu. Hər kəs robotlaşmışdı — hər gün eyni işi görür, sonra batareyalarını doldurmaq üçün yataqlarına girirdilər.

Mən bu şəhərdə uzun bir yol qət etdim. Nəhayət, köhnə qaldığım evin həyətinə gəlib çıxdım. Uşaq vaxtı gülüb əyləndiyim, ağladığım, qorxduğum, cəsarət topladığım bu işıqlı ev indi qaranlığa həbs olmuşdu. Həyətdən nə anamın, nə də atamın səsi gəlirdi. Artıq onlar uzun illər idi ki, yox idilər. Bəlkə də dünyalarını dəyişməklə Tanrı dərgahına — həqiqət dünyasına getmişdilər, amma məni Allahsızlar şəhərində tək qoymuşdular.

Həyətin qapısından içəri addımladım. Addım atdıqca hər küncdə bir xatirə canlanırdı. Bir neçə addımdan sonra həyətin ortasında böyük bir kül yığını gördüm. Onun burada nə üçün olduğunu bilmirdim, lakin bu qədər geniş və hündür kül yığını varsa, burada çox şeyin yandırıldığına əmin idim.

Bir stul gətirib kül yığınının qarşısında əyləşdim. Əlimə bir çubuq alıb qarışdırmağa başladım. Bir neçə saniyə sonra çubuq bərk bir şeyə ilişdi. Tez stuldan qalxıb əlimlə qazmağa başladım. Kül barmaqlarımı qaraltdı, amma sərin və möhkəm bir səth hiss etdim.

Gözlərimə inana bilmirdim… Bu, Tanrının bizə bəxş etdiyi o üç kitab idi — Tövrat, İncil və Qurani-Kərim. Kitabları stulun üstünə qoyub qonşunun həyətinə keçdim. Orada da küll yığını vardı və eyni mənzərə ilə qarşılaşdım. Bir neçə qonşunun həyətini də yoxladım — yenə eyni nəticə.

Sanki kimlərsə bizi ümidimizdən, həyatımızdan, insanlığı öyrədən o kitablarımızdan uzaqlaşdırmışdı.

Amma mən bilirdim ki, işıq hələ sönməyib. Mən bütün dünyanı yenidən qurtara bilərdim… Çünki bizim işığımız külün içində idi!

Şərhlər (6)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    12 avqust 25, 00:50


    Mən anlayıram ki, hər şey bitmiş kimi görünsə də, son deyil. İşıq tamam sönməyib, o, sadəcə gizlənib. Əgər bir az inam qalsa, o köz yenidən alışa bilər. Çünki bəzən qurtuluş, tam da külün altındakı o görünməyən işıqda gizlənir. Hər şey tükənsə belə, içimizdəki o son ümid dünyanı yenidən dəyişməyə bəs edər.

    Son cümlənizi belə sözlərlə tamamlamaq istədim...😊

    1. XeYka

      @XeYka

      13 avqust 25, 02:27

      Hekayəyə Çox Gözəl bir sonluq əlavə etdiniz🙂 

      Fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 🫡 

  2. N.O

    @N.O

    10 avqust 25, 19:21

    Biz insanlar ateyisə qarışıyıq.Səbəbi isə onların allahı yoxdu,allaha qarşıdılar.Amma bizim içimizdə ölmüş insanlıqdan xəbərimiz yoxdu.Onu biz ancaq uşaq olanda yaratdıq.Böyüdükcədə yavaş yavaş öldürdük və onu allahsız elədik.Niyə belə yazıram.Səbəbi:bəzən dara düşəndə canınızı qutarmaq üçün nə edirsiz? Yalan danışırıq,yalandan tanrının müqqədəslərinə and bilirik,şər atırıq,özümüzdən zəifi əyirik.Bu bizim böyüdükcə formalaşdırdığımız allahdan dönmüş insanın xarakteridi.Allah müqqədəs kitabında bizə bunu buyurmuyub.Bəs siz mənlə razısız?

    1. XeYka

      @XeYka

      11 avqust 25, 02:56

      Fikrinizlə Razıyam. Əlbəttə elədir. Dara düşəndə Tanrını Xatırlayırıq lakin yoxdur heç bir şükür.   Bizim içimizdə ölən insanlıq.....🥲

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 🫡 

  3. SİRİUS

    @SİRİUS

    09 avqust 25, 16:17

    Bəzən insan soyuq qışda üşümür , havalar istikəşdikce soyuqdan donmağı yaşayanlar anlar . Bəli gözümüzlə görmədiyiniz bir şeyin var olmasını sadəcə hiss ede bilərik. Əyər bir şeyin varliğina inanirsansa o senin üçün artıq mövcuddur. Ümid bizim içimizdedir,ve o heç vaxt tam yox olmur. Hekayə çox şeyi anlatir. Uğurlar ✨

    1. XeYka

      @XeYka

      09 avqust 25, 16:26

      Təşəkkür edirəm 🖤 🫡 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol