Qərib qadın


Sən qəribə qadınsan.

Nəfəsin od kimidir

Buz kimi görsənirsən

Sən öz dərdi bir yana

Hamının dərdin çəkən

Qız kimi görsənirsən


Sən qəribə qadınsan.

Gözlərində həqiqət

Dilində yalan yatır

Ürəyində məhəbbət

Qoynunda ilan yatır


Sən qəribə qadınsan

Yalandan dilin küsüb

Dodaqların öpüşmür.

Gözlərin açıq qalıb

Kirpiklərin görüşmür

Özünü danlamaqla,

Ağlamaqla ötüşmür.

Sən qəribə qadınsan

Əməlin arzularla

Bir gün üst-üstə düşmür



Kəpənək ömrü


Dolaşıqdı insan ömrü

Qəmi düşür dəm vaxtına

Dəmi düşür qəm vaxtına

Keşməkeşdi insan ömrü

Neçə-neçə gözlər düşür

Neçə-neçə gözdən düşür

Ən hikmətli sözlər düşür

Ən ağıldan kəm vaxtına



Yuxu

 

Yum gözünü, bəlkə hər şey düzəldi?

Bir yuxu ki gerçəyindən gözəldir,

Oyanma.

Oyandınsa, yuxulara inanma.

Bir yuxudur gerçək olan, bir həyat,

Aç gözünü, inanmasan, bir də yat.

Yubanma.

Yubandınsa, əbədi yat, oyanma.

Ölmüşəmmi ağlayasan, gözəlim?

Kim desə ki, ağlamaqla düzəlir,

İnanma.

İnandınsa, ağla qızım, utanma.

Bir eşqi ki, qurban verdik bir səhvə,

Yüz dəfə də "gəlmə" desəm, bir dəfə

Gəl, amma

Evdə səni gözləyirlər, yubanma.

 

Şeir qız

 

Eşqin qəzəlini yazan adamın

Yazdığın ən gözəl yazan adamın

Yaza bilmədiyi yeganə kəssən.

Addımın səridir, yerişin xəfif,

Dodağın qafiyə, kirpiyin rədif,

Sən özün şeirsən, sən mənə bəssən.

Sən ömür nuş edən, sən nifrət qusan,

Sən mənim qəlbimdə ömürlük susan,

Beynimin içində duyulan səssən.

 

Bir qarışlıq adam


Günəşi görmək üçün gecə baxırsan göyə...

Hamı sənə kor deyir, necə baxırsan göyə?

Çox qarışıq adamsan.

Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik

Ürəyin dünya boyda olsa da, biz bilirik -

Bir qarışlıq adamsan.

Saçında ağ tellərin qaralarla yarışır

Belə də davam elə, sənə də bu yaraşır -

Tam yarışlıq adamsan.

Gözlərindən axanlar gözünə bir də baxmır

Axı niyə baxanlar üzünə bir də baxmır?

Bir baxışlıq adamsan?

Ahın yerdən göylərə, heç çatmasın, əzizim

Səni qara buludlar aldatmasın, əzizim,

Bir yağışlıq adamsan.


***


Gedəndə bir "sağ ol" de,

Nə vaxtsa qarşılaşsaq,

Salamlaya biləsən.

Ay yarımçıq qalanım,

Məni tam anladın ki

Tamamlaya biləsən?

Biz ayrılan axşamı

Sən elə "hey gedirəm",

Mən isə boynu bükük,

Ancaq "qayıt" demişdim.

Yadındadır, gedəndə

Sən bir "sağ ol" demişdin,

Mən "sağ qayıt" demişdim...

 

Qadınsan

 

Yaman kövrək olmuşam, ürəyim dərd tapalı

Bir bəhanə tap qayıt, sən ki, gözü qapalı

İnandığım qadınsan

Heç kəsim yoxdur axı, dərdimi ovutmağa

Göz-gözə gəlmək nədi, əllərindən tutmağa

Utandığım qadınsan

Sən ayrısan əzizim, ifadə etmək olmur

Gözlərindən uzağa gördüm ki, getmək olmur

Dayandığım qadınsan

Səndə həqiqət tapıb, inanmışam sevgiyə

Hər doğulan günəşlə daha çox sevim deyə

Oyandığım qadınsan


***

 

Çalış göz-gözə gəlmə, vədə vermə axşama

Sənə alışmayıblar, girmə könül baxçama

Çiçəklər qısqanırlar

Ən gözəl rəssam mənəm, bu da əsərim deyib

Qurban olduğum Allah, elə gözəllik verib

Mələklər qısqanırlar

Üz çevirib gedirsən, getmə, qayıt deyəndə

Dağınıq saçlarını düzəltmək istəyəndə

Küləklər qısqanırlar.

 

Şeirlik adam


Xəyal qurma, Ay üzlüm,

Ömür icazə verməz.

Elə ömür demişkən,

Mənim nə ömrüm var ki?!

Dörd fəsillik adamam.

Ömür qısa, arzu çox,

Mən şeir müəllifi yox,

Tam şeirlik adamam.


Məni sevmə, əzizim,

Sən bir ömürlük qadın,

Mən bir illik adamam.