Liftin Qaranlığında - Simurq

Liftin Qaranlığında - Simurq

Şəhərin isti yay günlərindən biri idi. Günəş elə yandırırdı ki, sanki hər daş, hər asfalt parçası nəfəs alan canlıya çevrilmişdi. Hava ağır, küləksiz və boğucu idi. Hər addımda istinin basqısı hiss olunurdu.Küçələrdən gələn maşın səsləri, uzaqdan siqnallar və insanların yorğun addımları qəribə bir səs-küy fonu yaradırdı.Ana ilə qız bütün bu gərginliyin içində mağazadan evə qayıdırdılar. Əllərində yüngül paketlər olsa da, sanki həmin an o ağırlıq bütün varlıqlarına çökmüşdü. Qız yolboyu içində narahatlıq hiss edirdi. Havanın ağırlığı, günün gərginliyi və içindəki narahatlıq onu sakit buraxmırdı. Hər nəfəsdə ürəyinin ritmi sürətlənir, boynundakı və sinəsindəki gərginliyi hiss edirdi.Nəhayət, yaşadıqları binanın qarşısına çatdılar. Qız hələ də içindəki sıxıntını duyur, ürəyi elə bil səbəbsiz sürətlə döyünürdü. Liftin köhnə qapısı cırıldayaraq açıldı. Ana içəri addımladı, qız isə tərəddüd etdi. Çox vaxt belə anlarda liftdən çəkinirdi – sanki içində bir güvən çatışmazlığı vardı. Həmin an instinktiv olaraq içəri girmədi.Qapılar qapanar-qapanmaz birdən lift titrədi, zəif bir səs çıxdı və hər şey dayandı. Dəmir qapıların arasından gələn boğucu səssizlik binaya yayıldı. Ana içəridə qaldı. İşıqlar sönmüş, dar bir qaranlıq içi bürümüşdü. Havasızlıq dərhal hiss olunurdu. Divarlar sanki üstünə yıxılır, nəfəsi sıxırdı. O, instinktiv olaraq əllərini dəmir divarlara söykədi, dərin nəfəs almağa çalışdı, amma havanın içindəki ağırlıq boğazına düyünlənirdi.

Ana? – Qızın səsi titrədi. – Ana, eşidirsən məni?

Mən… buradayam, – ananın səsi zəif gəldi, nəfəsi sürətlənmişdi. – Çıxmaq istəyirəm… çox darısqaldı…

Qızın ürəyi sinəsindən çıxacaq kimi çırpınırdı. Dodaqları titrəyir, göz yaşları özündən asılı olmadan yanaqlarına süzülürdü. Səsini zorla düzəldib dedi:

Ana, qorxma… mən buradayam… kömək çağıracağam…

Ana isə qızını sakitləşdirmək üçün pıçıldadı:

Özünü ələ al… sən də qorxma…

Tam bu anda binanın dəhlizindən qonşu göründü. Əlində açarlarını oynada-oynada evinə qalxmaq istəyirdi ki, qızın həyəcanlı baxışlarını gördü.

Nə olub? – soruşdu təəccüblə. – Lift işləmir?

Qızın səsi ağlamaqla qarışıq titrədi:

Ana liftdə qalıb… xahiş edirəm, kömək edin!

Qonşu dərhal həyəcana düşdü, səsini qaldırıb başqa qonşuları da çağırdı. Az sonra binadan daha iki nəfər çıxdı. Bir qədər sonra isə ustaya da xəbər verdilər. Lift ustası, əlində alətlər qutusu ilə tələsik gəldi. Qızın titrək baxışları hamının üzündə dolaşırdı – sanki hər kəs onun anasını xilas etməyə çalışan qəhrəman idi.Usta qapının yanına əyilib mexanizmi yoxlamağa başladı. Qonşular isə onun göstərişlərinə əməl edirdi. Metal alətlərin səsi dəhlizdə cingildəyir, hər cızıltı, hər burulma qızın ürəyini daha da sıxırdı. O isə dayanıb göz yaşları içində yalvarırdı:

Ana, səbir elə… tezliklə çıxacaqsan…

Liftin içində ana qaranlıqda divara söykənmişdi. Nəfəsi ağırlaşmışdı, sanki hər saniyə boğucu hava bir az da üstünə çökürdü. Qulaqlarına yalnız dəmirin cırıltısı, qızının ağlayan səsi gəlirdi. O isə təkrar-təkrar pıçıldayırdı:

Mən buradayam… qorxma…

Qızın bədəni titrəyirdi. Həyəcan onun bütün sinirlərini tarıma çəkmişdi. Boynunda birdən-birə sərt bir şişlik hiss etdi. Əllərini boynuna qoydu, titrək barmaqları ilə toxunub geri çəkildi. Hiss edirdi ki, qorxunun və gərginliyin təsiri ilə orqanizmi belə reaksiya verir. Dodaqları qurumuşdu, nəfəsi qısalırdı, amma geri çəkilmək istəmirdi. Sadəcə pıçıldayırdı:

Ana, dayan… sən çıxacaqsan…

Bir neçə dəqiqəlik səylərdən sonra ustanın və qonşuların cəhdləri nəticə verdi. Qapılar zəifcə aralandı. Dəmirin sürtünmə səsi qulaqda bərk bir iz buraxdı. Ana ağır addımlarla qaranlıqdan çıxdı. Üzü solğun idi, nəfəsi hələ də nizamsız gəlirdi.Qız yerində dayanmadı. Qaçaraq anasının üstünə atıldı, onu qucaqlayıb titrək səslə pıçıldadı:

İndi hər şey yaxşıdır… sən artıq buradasan…

Ana isə başını qızının çiyninə söykədi, dərin nəfəs aldı. Hələ də bədəni titrəyirdi, amma gözlərində qəribə bir minnətdarlıq vardı. Yavaşca dedi:

Mən səni incitmişəm… amma indi anlayıram ki, sənin qorxun mənimkindən daha ağır olub…

Qız göz yaşları içində cavab verə bilmədi. Sadəcə anasının əlini sıxdı. Onların ikisinin də qəlbində bu hadisə silinməz iz qoydu.Həmin gecə qız yata bilmədi. Boynundakı şiş hələ də onu narahat edirdi. Hər dəfə nəfəsi daralanda, sanki liftin havasız qaranlığı geri qayıdırdı. O düşündü: “Əgər o an qapılar açılmasaydı, əgər kömək geciksəydi, nələr baş verərdi?”Bu sual bütün gecə beynində dolaşdı. İnsan bəzən həyatın necə nazik bir ip üzərində olduğunu o anlarda anlayır. Bəzən bir dəmir qapının arxasında, bəzən bir nəfəsin çatışmazlığında, bəzən də sadəcə təsadüfün gətirdiyi bir dəqiqədə.Gecənin sükutu içində qız özünü daha dərindən tanıdı. Anladı ki, qorxu yalnız anın içində deyil, düşüncələrin labirintində gizlənir. Hər nəfəsdə keçmişin yükü, gələcəyin qorxusu, hətta sadə bir gündəlik gərginlik insanı boğur.

O öz-özünə soruşdu:

"İnsanı darısqal liftlərdə qalmaq yox, darısqal düşüncələrdə qalmaq daha çox boğur. Bəs sən öz içindəki hansı liftdən çıxa bilmirsən?"

Həmin an anladı: bəzən qapılar açılmasa da, bəzən hava çatışmasa da, əsl azadlıq içimizdəki qorxuları tanımaq və onlarla üzləşməkdən keçir... 

Şərhlər (13)

  1. Uraqan

    @Uraqan

    10 iyul 26, 17:15
    ⌖ Ana isə başını qızının çiyninə söykədi, dərin nəfəs aldı. Hələ də bədəni titrəyirdi, amma gözlərində qəribə bir minnətdarlıq vardı. Yavaşca dedi:

     Nə maraqlı cümlədir bu belə

  2. ramil

    @ramil

    28 avqust 25, 04:30

    "İnsanı darısqal liftlərdə qalmaq yox, darısqal düşüncələrdə qalmaq daha çox boğur. Bəs sən öz içindəki hansı liftdən çıxa bilmirsən?"

    İlk öncə onu bildirmək istəyirəm ki, həmişəki kimi çox gözəl bir hekayə yazmısınız. Buna görə ayrıca təbriklərimi bildirirəm.

    Hekayəylə əlaqədar fikirimə gəldikdə isə, insan düşüncələrini bir liftə, içəridə qalan şəxsi isə daima düşünən insanlara bənzətmisiniz.

    Əslində diqqətlə fikirləşsək, görərik ki, bütün bu olanlar — düşündüklərimiz, qorxularımız, bəzən sevindiklərimiz, yersiz dediyimiz bəzi sözlər və söhbət zamanı qarşı tərəfdən gələn mənfi fikirlər — bütün bunlar bizi biz etmək üçün var. Yəni qısa desək, bütün bunlar olmasa, insan heç bir şeydən nəticə çıxarmaq potensialına sahib ola bilməz. Keçmişimiz isə gələcəyimizi qurmaq üçün bizə verilən bir şansdır. Ona görə də yaşadığımız pis hadisələrə məncə sevinməliyik, çünki onlar öyrənmədə və ağlımızın inkişaf etməyində mühüm rol oynayır.

    Qısa zamanda oxumadığım hekayələrinizi də oxuyub fikirlərimi bildirəcəyəm. Bu aralar yazdığım uzun hekayəyə görə şərh yazmağa vaxt olmurdu.

    Uğurlar! 🌟

    1. SİMURQ

      @SİMURQ

      28 avqust 25, 14:44

      Dəyərli fikirləriniz üçün təşəkkür edirəm. İnsan həqiqətən də yalnız sevinclə deyil, qorxular və çətinliklərlə də formalaşır. Bəzən darısqal düşüncələr bizə boğucu görünsə də, əslində o darısqallıqdan çıxmaq üçün verdiyimiz mübarizə bizi böyüdür. Keçmişi gələcəyin qurulması üçün bir şans kimi görmək isə çox dərin yanaşmadır .Çünki hər iz, hər sınaq bizi sabahın daha möhkəm pilləsinə aparır. Ümid edirəm siz də hekayənizi istədiyiniz kimi yekunlaşdırarsınız. Uğurlar✨

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    22 avqust 25, 22:14

    Hekayəni oxuduqca orda yaşana biləcək bütün hisləri özümdə hiss etdim.Qorxunu, həyəcanı, ürək sıxıntısını...İlk öncə özümü liftdə qalan ananın yerinə qoydum.Bəlkə də onun qədər iradəli olmazdım.Qaranlıq qorxum olduğu üçün.Dar yerlərdə boğulduğum üçün.Sonra qızın yerində bir anlıq özümü təsəvvur etdim.Əzizlərimdən biri içərdə mən isə köldə.Ona nəsə bir şey olmuş olsa deyə kövrəldim.Göz görə-görə ölümünü izləmək acı verərdi.Yaxud onun orda qurtarılması üçün göstərilən səylər belə məni incidə bilərdi.Hekayəni oxuduqca belə hisslər yaşadım düşündüm.Amma sonu yaxşı sonluqla bitdiyi üçün sevindim...

    İndi də sualıarınıza cavab verim...

    Bəzən içimdəki nə olar ki... adlı bir lift var içində qərarsızlıq, qorxu və başqalarının fikirləri dayanır. Elə bil hər düyməni basıram, amma heç bir mərtəbəyə qalxmıram. Çıxa bilmirəm, çünki bu liftin qapılarını bağlayan da, açan da mən özüməm. Yavaş-yavaş öyrənirəm ki, bu qapını açmaq üçün başqasının icazəsi lazım deyil sadəcə özümə inam yetər.Və sizin də dediyiniz kimi qorxularımla üzləşmək və azadlığıma qovuşmaq olar...

    1. SİMURQ

      @SİMURQ

      22 avqust 25, 23:55

      Fikirlərinizi bu qədər dərin ifadə etməyiniz məni çox təsirləndirdi. Qorxu və qərarsızlıq içində hər düyməni basmaq, amma mərtəbəyə çatmamaq məhz içimizdəki məhdudiyyətlərin simvoludur. Sizin də dediyiniz kimi, bu liftin qapılarını açmaq üçün başqasının icazəsinə ehtiyac yoxdur.Güc və inam yalnız sizin içinizdədir. Paylaşdığınız düşüncələr hekayənin mesajını daha da canlı etdi. Şərhiniz üçün təşəkkür edirəm✨

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    22 avqust 25, 09:00

    İlk başdan deyim hər kəsə hörmətim sonsuz.Və hamının fikirlərinə hörmətlə yanaşıram.İndi burda yazdıqlarıma sizdə anlayışla qarşılayın zəhmət olmasa.Baxış sayı 61 nəfərdi amma hekayə qiymət dəyər verən bir nəfər.Anlamıram niyə həyatda həmişə belə olur.Kimə dəyər versən səni görməzdən gəlirlər.Mən sizə nəisə məcbur etmirəm.Çunki özümdə nə məxburu nədəki məcburiyyəti sevmirəm.Amma bunu deməsəm də olmaz.Ən azından hekayə bizi düşünülüb yazılıb.Zəhmət çəkilib.Bizə xoş olsun deyə hərdən musiqilər yerləşdirilir.Yəni az iş görülmür.Biraz diqqət dəyər verilmiş olsa verdiyiniz dəyərin qarşılığını qarşı tərəf özündə hiss edər daha da ruhlanar...Nəisə çox uzatdım deyəsən.Onsuz həyatın qanunu budur...

    Simurq xanım oxumadan bəyəndim.Həmişəki kimi.Bilirsiz sizin hekayələrinizi sakit bir yerdə oxumağı sevirəm.Oxuyacam fikirlərimi də bölüşəcəm...❤️

    1. SİMURQ

      @SİMURQ

      22 avqust 25, 11:33

      Çox sağ olun, düşüncəli sözləriniz və diqqətiniz üçün ❤️. Mən artıq belə hallara alışmışam. Əvvəllər sayta yeni hekayələr qoyub qarşılıq gəlmədikdə ruhdan düşürdüm, hətta hekayənin linkini hər yerdə paylaşırdım, amma yenə də dəyişiklik olmurdu. O zaman qarşılıq gözləyirdim. İndi isə sadəcə hekayəni sayta yerləşdirirəm və onun oxunub-oxunmamasından çox, az da olsa bir təsir yaratmasını önəmli hesab edir və yazılarımı necə daha çox inkişaf etdirəcəyim barədə fikirlər edinirəm.Önəmli olan sükut içində olsa belə, hekayənin insanlarda bir his oyatmasıdır. Sizin kimi diqqətli və səmimi oxucuların sözləri mənim üçün çox dəyərlidir. Hər bir şərh, hər bir fikir bir yazara ruh verir, hətta bunu ifadə etməsə belə, oxuyan hər kəsin içində bir təsir buraxır. Sizin fikirlərinizi oxumaq və bildirmək istəyiniz mənə həm ilham verir, həm də yazmağa davam etməyə səbəb olur. Hekayələrimi sakit bir yerdə oxumaq istədiyinizi bilmək isə xüsusilə xoşdur .Hər bir oxucuya, hər bir diqqətli gözə təşəkkür edirəm✨

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        22 avqust 25, 17:24

        Xoşdu Simurq xanım mən heçnə etmədim.Gördüklərimə susmaq istəmədim o qədər.Belədəki sizin bu işə olan ruhunuzdan şübhəm yoxdu.Hər şey göz önündədi.Sizi sevirəm.🌹❤️🤍 Şəxsən tanımasam da ruhunuz mənə bəs edir sizi sevməyimə😍🥰😘

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    21 avqust 25, 22:20

    Bu arada, əlavələriniz çox gözəl olub. Yenidən oxudum. Möhtəşəmdir.. Yazı haqqında fikrimi demişdim, istədim sualınıza cavab yazım.

    Ən çox ilişib qaldığım lift içimdəki “yetərincə deyiləm” düşüncəsidir. Hara getsəm, hansı uğura çatsam da, o darısqal səs içimdən pıçıldayır, “Daha artığını edə bilərdin”. Elə bil kimsə dayanmadan eyni düyməni basır və mən dəfələrlə eyni mərtəbəyə , özümə güvənmədiyim o yerə qayıdıram. Bəzən o liftin qapısını açmağa cəhd edirəm, amma özümü oradan çıxarmaq üçün hələ tam inandıra bilməmişəm…

    Sayta əlavə etdiyiniz üçün də, ayrıca təşəkkür edirəmm 🤍💐

    1. SİMURQ

      @SİMURQ

      21 avqust 25, 23:12

      Sözlərinizdə o darısqal liftin içində ilişib qalmağı, “yetərincə deyiləm” deyən səsin hər addımda yenidən qayıtmasını oxuyanda, mən də bir anlıq orada dayanıb düşündüm. Hara getsəniz, hansı uğura çatsanız da, içdən gələn o pıçıldayan səsin sizi eyni mərtəbəyə qaytarması çoxları üçün tanış bir hissdir.Hər dəfə o qapını açmağa çalışmanız, hər düyməyə basmanız , tam inam olmasa belə  artıq yetərincə cəsarət tələb edən bir hərəkətdir. Hər cəhd, hər düşüncə, hər dəfə qayıtmaq sizi bir az da irəli aparır. Bəzən çıxmaq vaxt aparır, amma hər dəfə o liftin içində dayanmaq və özünüzlə danışmaq, hətta qapını açmaq üçün kiçik addımlar atmaq, sonunda oradan çıxacağınızın xəbərçisidir.O lift yalnız bir metaforadır. İçində ilişən səslər, qorxular, “yetərincə deyiləm”lər keçicidir. Siz artıq orada dayanıb onları görürsünüz, onları sözlə ifadə edirsiniz. Bu, həm özünüzü dinləmək, həm də addım atmaq üçün böyük bir səyahətdir. Hər cəhd, hər düşüncə, hər paylaşım bir addımdır və bu addımlar sizi o qapının açıldığı yerə aparacaq.Təşəkkürlər, bəyənmənizə sevindim 🌟

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        21 avqust 25, 23:19

        Düşüncələrinizlə o qədər gözəl tamamladınız ki, sanki liftin içində tək olmadığımı hiss etdim. Bəzən bir söz, bir baxış, bir paylaşım o qaranlıqdan çıxmaq üçün lazım olan kiçik işıq olur. Sizin sözləriniz o işıq kimidir. Təşəkkür edirəm bu hissi paylaşdığınız üçün 🤍

        1. SİMURQ

          @SİMURQ

          22 avqust 25, 00:29

           Bəzən heç bir qapı açılmırmış kimi görünür, amma hər cəhd, hər kiçik hərəkət, hər nəfəs orada bir yol yaradır.Hər mərtəbədən keçərkən qaranlıq geri çəkilir, nəfəs almağa yer açılır. Bəzən sadəcə dayanmaq, hiss etmək və bir anlıq sakitlik tapmaq kifayətdir ki, yol bir az daha aydınlaşsın. Hər addım sizi irəli aparır, hər cəhd sizi bir az da yaxınlaşdırır.Oxuduğunuz, düşündüyünüz və yaşadığınız hər an, hər mərtəbə, hər kiçik addım, başqalarına da bir işıq və yol göstərir. Bəzən yalnız bir anlıq dayanmaq və davam etmək kifayətdir ki, hər şey dəyişsin.Hər kiçik hərəkət, hər düşüncə, hər addım sizi oradan çıxmağa bir addım yaxınlaşdırır. O darısqal mərtəbələr bir gün geridə qalacaq, qapılar açılacaq və nəfəs almaq daha rahat olacaq. Hər an, hər işıq və hər addım azadlığa aparan bir yolun hissəsidir. Sizi işığa çatdıran yalnızca sözlər deyil inandığınız düşüncələrdir. Fikirlərinizi paylaşdığınız üçün mən təşəkkür edirəm✨

          1. Dərya Qasımova

            @Dərya Qasımova

            22 avqust 25, 08:41

            Sözlərinizin hər sətri sanki içimdəki səssiz pillələri addım-addım keçdi... Bəzən insan özü də fərqinə varmadan darısqal mərtəbələrin içində ilişib qalır, amma bir başqasının yazdığı bir cümlə, söylədiyi bir fikir o sıxlığı bir anlıq da olsa aralayır. Siz elə bir an yaratdınız. Hər şeyin dəyişməsi bəzən yalnız bir nəfəs qədər yaxın olur  bunu xatırlatdığınız üçün çox sağ olun.🤍

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol