Qağayı
Mən sahildən öz kiçik gəmim "Qağayı" ilə ( hərçənd buna gəmi demək olarmı, bilmirəm, qayıqdan böyük, gəmidən kiçik bir su nəqliyyatı vasitəsi) yola düşəndə göyün üzü masmavi tonda idi, tək-tük pambıq kimi ağ bulut topları süzürdü. Payızın işıq saçan, amma çox da isitməyən, yandırmayan günəşi zeniti keçmiş, yavaş-yavaş qüruba doğru üz tuturdu. Əslində mən elə də peşəkar gəmi kapitanı və ya balıqçı sayılmıram. Sadəcə vaxtım olduqca stressdən azad olmaq, balıq tutmaq həvəsimi öldürmək üçün dənizə çıxıram. Bu dəfə niyəsə sahildən çox uzaqlara getmişdim özüm də fərqində olmadan. Bunu ancaq göyün üzünü qara buludlar almağa başlayanda ətrafa baxıb sahili görə bilməyəndə anladım. Bu əsnada havanın qəfil dəyişəcəyini və sərt rüzgar olacağını bilmək üçün elə də peşəkar olmaq lazım deyildi. Tələsik tilovu yığıb tutduğum bir-iki balığı da vedrədə qoyub qaçdım ki, gəmini işə salım. Təsəvvür edin nə baş verdi. Bəli, bəli, gəmi işə düşmədi. Mən də həmin o insanlardanam ki, tərsliklə üzləşəndə əlim ayağıma dolaşır vq nəticədə hər şey bir-birinə qarışır. Neçə dəfə cəhd etsəm də, motor işə düşmədi ki, düşmədi. Mənimsə motor və təmirdən zərrə qədər anlayışım yox idi. Get-gedə artan küləyin təsiri ilə dəniz yırğalanır, gəmi bir sağa, bir sola yellənirdi. Tempin artdığını çox rahat anlamaq olurdu. Tezliklə burdan getməsəm, dəniz məni Poseydonun qəbuluna aparacaq idi. Beynimdə işıq sürəti ilə ideyalar gəlib-gedir, ancaq heç biri halıma tutarlı çarə kimi görünmürdü.
Yağış yağmağa başladı. Güclü leysan... Gəmi dəlicə yırğalanır, mənsə biçarə şəklində kayutda oturub özümü Tanrının ümidinə buraxmışdım. Bütün gecəni dirigözlü, qorxu-həyəcan içində keçdi. Səhərəyaxın fırtınanın sakinlaşməsi ilə yatmişam, yaxud da özümdən getmişəm, bilmirəm. Oyananda günortadan xeyli keçmişdi. Bütün bədənim ağrıyır, başım gicəllənir, mədəmdən qəribə səslər gəlirdi. Boğazımda bir səhra quruluğu hiss edirdim. Elə o anda fırtına təlaşı ilə bütün ərzağımı açıqda qoyduğumu xatırladım. Kayutdan çıxanda ətraf tərtəmiz idi. Fırtına hər şeyi silib-süpürmüşdü. Motor yenə də işləmirdi...
Günün barmağına az qalsa da, mən nə yemək üçün bir şeylər tapa bildim, çünki tilovum, bütün ov alətlərim, tutduğum balıqlar, bir sözlə, hamısı fırtınada dənizə qərq olmuşdu, nə də ki, içməli su tapa bildim, çünki peşəkar olmadığım üçün ehtiyat su götürmək ağlıma gəlməyib. Başımın içi də gəmim kimi bomboş idi, niyəsə heç nə düşünə bilmirdim. Hərdən belə çətin anlarda insan, həqiqətən, dalana dirəndiyini, edəcək heç nə olmadığını anlayır. Tək çarə oturub gözləmək olur. Mən də çəkilib kayutun bir tərəfinə oturdum və gəmini döyəcləyən xəfif dalğaların səsinə qulaq asmağa başladım. Dəniz mənə nəsə pıçıldayırdı, ancaq mən anlamırdım. Bəlkə də, əsl dənizçi olsam, anlayardım. Güman ki, fırtına məni çox uzaqlara gətirib, ətraf göz işlədikcə uzanıb gedən mavilikdən ibarət idi, mavi dəniz, mavi səma. Bulud belə yox idi.
Birdən ağlıma qəribə və maraqlı bir fikir gəldi: gəmidən ağlayıb sahilə qədər üzmək! Dənizçilik bacarıqlarım zəif olsa da, on illik üzgüçülük təcrübəm var idi, dəfələrlə yarışlarda qalib olmuş, kilometrlərlə məsafə üzmüşdüm. Son bir, ya iki il idi üzməkdən uzaqlaşdığım, ancaq düşündüm ki, bu mənə elə də problem olmaz. Günəşə nəzərən təxmini yönümü təyin etdim. Soyunub atıldım suya. Həvəslə bir xeyli üzdüm, sanki bir anda dənizin vahiməsi məni tutdu. Dayanıb ətrafıma baxdım, gəmi ilə aramdakı kiçik məsafə gözümə sonsuzluq kimi göründü. Özümü kosmik gəmidən atlanmış, heçlikdə üzüb gedən astronavt kimi hiss elədim. Dəniz sanki məni içinə, dərinliklərinə çəkməyə başladı. Həyəcana qapıldım, tez-tələsik geri üzməyə başladım. Bədənim daş kimi ağırlaşmağa, batmağa başlayırdı, nəfəsim daralırdı. Qollarım və bütün bədənim tutulmağa başladı. Son bir neçə metrdə nəfəsimi tutub sualtı üzdüm və tam anında əlimi gəmidən asılı ipə çatdıra bildim. Nəfəsim ciyərlərimdən zorla çıxdı. Yeni doğulan uşağın yanına vurulan şillə kimi üzümə, sinəmə şillə, yumruq vurdum ki, nəfəsim gəlsin. Bir neçə dəqiqə sonra birtəhər bədənimi qaldırıb gəmiyə ata bildim.
Səhər yenicə çıxan günəşin şüaları dənizin dumduru, masmavi suyunda əks olunur, gəminin kayutunun tavanında rəqs edən ləkələr yaradırdı. Durub kayutdan çıxdım, oturub bir küncdə dənizə baxmağa başladım. Susuzluqdan bütün bədənim qurumuşdu. Su düz gözlərimin önündə idi, tonlarca, milyon tonlarca su, amma duzlu... Belə olan hallarda insanın məntiqi ilə nəfsi arasında orta əsrlərdəki kimi qanlı bir savaş başlayır. Duzlu suyun içilməz olduğunu qavrayan məntiqin qalib gələrsə, yaşayarsan, yox əgər nəfsinə yenik düşüb duzlu sudan içməyə başlasan, o zaman ölüm mələyi başının üstünü kəsdirəcək.
Artıq üçüncü gün idi ki, mən ac və susuz idim, bəlkə də, dördüncü, dəqiq bilmirəm. Artıq beynimin içində elə bir xaotik vəziyyət yaranmışdı ki, özümü ətraf-aləmdən qopmuş kimi hiss edirdim. Kayutun qapısı önündə oturmuşdum, daha doğrusu, düşüb qalmışdım. Yerimdən duracaq gücüm də yox idi. Əgər qalxa bilsəydim, güman ki, özümü dənizə atardim. Belə ac-susuz ölməkdənsə, boğularaq, ya da dəniz suyu içərək ölmək daha məntiqli görünürdü mənə. Ancaq ki, bədənim elə bil qranit lövhə kimi, tökmə polad kimi yerə yapışıb qalmışdı. Barmağımı belə tərpədə bilmirdim, nəfəs alıb-verməyim bir möcüzə idi. Günəş qürubdan qalxdıqca qaralmış və yanmış, bir dəri bir sümük olan ayaqlarıma günəş şüaları vurur, qəribə bir istilik hiss edirdim. Elə bil bədənimin təkcə gün düşən hissəsi - ayarlarım canlıdır, geri qalanı isə donmuş Qrenlandiya torpağıdır. Elə bu an ayaqlarımın üzərindən keçən bir kölgə diqqətimi çəkdi. Əvvəl elə bildim gözüm qaraldı və ya gözümə nəsə göründü aclıqdan. Güc-bəla ilə baxışlarımı yuxarı qaldıranda gördüm ki, bir qağayı qonub gəminin kənarına və mənə baxır. Bir neçə dəqiqə diqqətlə mənə baxdıqdan sonra ürəkdən bir qəhqəhə çəkib güldü.
- Deyəsən, vəziyyət heç də yaxşı deyil, hə?!
Yenidən Qağayının gülüşü eşidildi. Çaşıb qalmışdım, ya da dəli olurdum. Çünki ətrafda mən və Qağayıdan başqa heç kim, heç nə yox idi. Danışan da mən olmadığıma görə geriyə danışanın Qağayı olduğu fikri (hər nə qədər absurd fikir olsa da) qalırdı. Bəlkə də, səs beynimdə idi, içimdəki şəxsiyyət tənhalıqdan bölünmüş və mənimlə danışmaq istəyirdi. Ya da daha da dəhşətlisi - mən ölüm ayağında idim, bu da Qağayı cildində mələk idi, gəlmişdi məni aparmağa. Hansı fikrin daha kritik, absurd və qorxulu olduğunu düşünə-düşünə Qağayıya baxırdım, bütün fikirlər başımda cərəyan etsə də, səsim çıxmır, sadəcə ləpələrin pıçıltısı eşidilirdi. Qağayı məndən bir cavab ala bilməyib təkrar dilləndi:
- Səninləyəm. Deyəsən, vəziyyətin gərgindir...
- Yox...
***
Ardı var...
Şərhlər (4)