Qağayı - Şahmalı Hasan (davamı)

Qağayı - Şahmalı Hasan (davamı)

- Yox?! Nə yox! Görmürəm ki, yerindən tərpənə bilmirsən. Yəqin ki bir neçə gündür ki, ac və susuz bu mavi səhrada dolaşırsan. Mənim səninlə danışmağım da sənə qəribə gəlir hər halda. Amma qorxma, düşündüyün heç bir fikir doğru deyil. Nə mən zəbaniyəm, nə də ölübsən. Hələki ölməyibsən... Mən olmasam, öləcəksən.

- .... 

Səssizlik yenidən qayıtdı. Qağayı qanadlarını açıb uçdu, harasa yox oldu. Başımı qaldırıb izləmək istədim, günəşin şüaları ox kimi gözümdən girib düz beynimə sancıldılar. 

Özümdən asılı olmadan yumulan göz qapaqlarım və öləziməkdə olan şam kimi qaranlığa qərq olan şüurumla mübariz aparmağa çalışırdım. Artıq bu andan sonra yuxuya getməklə ölümün eyni şey olacağı fikrini qəbullanmış kimiydim. Elə bu anda bir tappıltı eşitdim. Var gücümlə göz qapaqlarımı qaldırmağa çalışdım, yalnız sağ gözümü azca aralamağa müvəffəq oldum. Bir addım qabağımda bir balıq çabalayır, gah quyruğunu, gah başını gəminin taxta döşəməsinə döyürdü. Bu nə idi? Yuxu? İlluziya? Yoxsa aclıq və yorğunluğun mənə göstərdiyi göz yanılsaması? Hər halda cəhd edib bunu yoxlamalı idim. Güclə sürüb əlimi balığa atdım. Yaş və sürüşkən idi. Gözləri mənə zillənmiş, ağzını açıb-yumurdu. Mənim kimi son nəfəsdə idi. İndi kritik məqam idi, ya mən ölməli idim, ya da balıq. Seçim şansı məndə olduğu üçün, əlbəttə, balığın əleyhinə qərar verdim. Acgözlüklə çiy balığı parçalamağa başladım. Bir neçə saniyə sonra əlimdə bircə onurğa sümüyü qalmışdı, mədəmsə uzun zaman ac qalmaqdanmı, ya qidanın sevincindənmi, ağrıyıb-sızıldamağa başladı. Amma ağrısa da, aclığım yox olmuş, gözlərimə işıq gəlmişdi. Yenə o qəribə gülüş səsi eşidildi. Başımı çevirəndə dor ağacında oturam Qağayını gördüm. 

- Bu qədər aciz olduğunu bilmirdim.

- Nə?! 

- İnsanın bu qədər aciz olduğunu bilmirdim. Ulu Qanadlar sizin haqqınızda çox danışırdı bizə. Sizi güc-qüdrət sahibi ilahi varlıqlar kimi təsvir edirdilər. Guya ki siz dənizlərin, göylərin, torpağın fatehisiniz. Amma indi gördüm ki, elə deyil. Mən olmasam, sən çürüyəcəkdin. 

- Yəqin bizi o qədər də yaxşı tanımırsınız. 

- Qanadlarınız yoxdur, ancaq uçmaq istəyirsiniz. Üzgəcləriniz yoxdur, amma dənizdə üzmək istəyirsiniz. Bircə, bacardığınız torpaqda gəzməkdir. Onu da illərlə iməkləməyə-iməkləyə öyrənirsiniz. Yeriməyə başlayan kimi də hər yeri dağıdırsınız... Niyə sizi ali irq sayırlar bəs?

- .... 

Bilmirdim nə düşünüm. Qağayı ilə söhbət etməyiməmi inanım, onun haqqımızda olan düşüncələrinəmi? Ya sadəcə dəli olduğumamı? Səssizliyimdən, görünür, düşüncələrimi başa düşdü. Dedi:

- İnsanla danışmaq olmaz bizə. Amma mən uzun zamandır uyğun bir fürsət axtarırdım. Mənim Qağayı ailəmi siz insanlar məhv etdiniz. Bilmək istəyirəm niyə?

- Mən sənin ailənə heç nə etməmişəm. 

- Dənizə qara maye, tullantı gətirənlər də sənin kimi insan idi amma...

- Onlar başqa insan idi.

- Necə başqa?

- Mən deyildim! Fərqli insanlar olub onlar...

- Hamınız eyni deyilsiniz? Məncə, eynisiniz. Sənə desəm ki, məni tutub öldürsən, qanadlarıma sahib olarsan və uçub burdan xilas olarsan. Bir saniyə belə düşünmədən boğazıma ilişərsən. Eynən Dənizə atdığınız balıqları öldürdüyünü qarmaqlar kimi.

- Biz balıqları öldürmürük, yeyirik, sizin kimi. 

- Yox! Biz qidalanırıq! Siz isə öldürürsünüz! Kütləvi şəkildə...

- ... 

- Qağayılara bir insanı xilas etdiyimi desəm, dəli olduğumu düşünürlər. Eynən indi sənin özün haqqında düşüncələrin kimi. 

- Xilas edə bilərsən? 

- İstəsəm, hə.

- İstəyirsən?!

- Hə... Ancaq layiqsənmi?! Sənin xilasın Qağayılara da xilas gətirəcəkmi? 

- Həyatda hər şey qarşılıqlıdır. Sən məni xilas etsən, mən də sənə kömək edərəm. 

Qağayı yenə qanadlarını iki yana açıb başını göyə tutaraq ürəkdən güldü. Sonra heç nə demədən uçub getdi. Baş verənlərin yuxumu, halisünasiyamı olduğu artıq vecimə deyildi. Hərçənd mədəmdə əriməkdə olan balığın dadını hələ də damağımda hiss edirdim. Dəniz sakit və durğun idi. Başımı qaldırıb göyə baxdım, gömgöy səmada ara-sıra pambıq topası kimi buludlar tənbəl-tənbəl harasa gedirdi. Mənsə hələ də susuzluqla mübarizə aparırdım. Dəniz sanki gəminin gövdəsini yüngül ləpələrlə döyəcləyir və məni çağırırdı. Getməməli olduğunu bilirdim. Hətta əlimi belə suya soxmağa cəsarət etmirdim. Bədənimin hər hansı bir nöqtəsinə bircə damla dəniz suyu dəysəydi, bütün müqavimətim qırıla bilərdi. Ona görə də birtəhər sürünüb kiçik kayuta girdim. 

Axşamüstü idi, Günəş demək olar ki, üfüqdə gözdən itirdi. Günəş batan tərəfdə səma ilə dənizin qovuşduğu yer sarı, qırmızı və çəhrayı rənglərin qarışığından ibarət qəribə bir mənzərə görünürdü, elə bir hansısa məşhur bur rəssamın tablosuna baxırsan. Tam əks tərəfdə isə ağımtıl, boz, tünd-göy və qara rənglərdə buludlar topası bir-birinə qarışaraq asta-asta gəlirdi. Get-gedə gəmi yırğalanır, daha çox sağ-sola oynayırdı. Kayutun ağzına gəldim, kürəyimi söykəyib buz kimi sərin və duzlu dəniz havasını içimə çəkdim. Fırtına yaxınlaşırdı. Qəfildən göyün dərinliklərindən gələn bir damla düz üzümə çırpıldı. Niyəsə gələn tufan məni qorxutmaq əvəzinə sevindirirdi. Bu ilk damla da sanki Tanrının simama mülayim bir toxunuşu idi. Çox-çox uzaqlarda şimşək parıltısı gördüm qara buludlar topaqlarının qəlbində...

  Bir neçə dəqiqə, bəlkə də, yarım saat keçməmişdi ki, güclü leysan başladı. Dəniz gəmini, gəmi də məni dəlicə yırğalayır, tutunacaq gücüm olmadığı üçün boş çəllək kimi sağdan-sola, soldan-sağa dığırlanırdım. Birtəhər kayutun qapısına tutunub özünü çölə atdım. Yağış damlalarının güllə kimi döyəclədiyi döşəməyə sərildim. Ürəkdən gülərək qollarımı yana açdım, ağzımı da açıb yağış damlalarını acgözlüklə tutmağa çalışdım. Bu anda yuxarıdan üstünə parlaq bir işıq düşdü, gözlərim qamaşdığı üçün əlimi üzümə tutdum. Bu nə idi? Kim idi? Yoxsa ölmüşdüm və Tanrı məni hüzuruna çağırdı? Elə bu an bir səs eşitdim:

- Sağdır!

Sonrasında nə məni tutub qaldıran plaşlı adamları, nə qayığa mindirildiyimi, nə də böyük bir gəmiyə çıxarıldığımı hiss etmədən, görmədən huşumu itirdim. 

  Gözlərimi açanda kayutun dəmir tavanını gördüm. İllüminatordan masmavi səma və parlaq günəş şüaları görünürdü. Bədənim əzgin və yorğun idi, buna baxmayaraq başımı çevirəndə yanımda şüşə qabda su görən kimi vəhşi kimi atılıb qabı bir nəfəsə başıma çəkdim. Səhraya dönmüş ciyərlərimi elə bil sel basdı. Bütün suyu içib bitirində fərqinə vardım ki, yemək də varmış. Eyni vəhşi iştaha ilə yeməyi də mədəyə ötürdüm. Yenicə yeyib bitirmişdim ki, qapı açıldı, tanımadığım bir nəfər gözəl geyimli Kapitan içəri girdi. Gülümsəyərək əllərini yana açdı:

- Deyəsən, özünə gəldin. Yaxşı görünürsən...

Gəminin adı "Salvator Larus" idi - "Xilaskar Qağayı". Kapitan Klerton mənim xilas olunma əhvalatımı gəminin bortunda siqar çəkə-çəkə danışırdı:

-... Fırtına yaxınlaşırdı, biz də tam hazırlıqlı idik. Kayutun qapısı önündə siqarımın son qullabını vurub içəri girmək istəyirdim, sonra gəminin sol tərəfində bir qağayı səsi eşitdim, qəribədir, onlar fırtınalı havada uçmağı xoşlamır, dönüb baxdım, mən baxan kimi uçub uzaqlaşdı, gözdən itdi. Elə bu zaman uzaqlarda dalğaların arasında ağ bir ləkə diqqətimi çəkdi. Əvvəl gözümə nəsə göründü deyə düşündüm. Diqqətlə baxdım, yağış yağmağa başladığı üçün görmək olmurdu. Tez Stivdən (kapitan köməkçisi) durbini gətirməsini istədim. Baxanda gümanımdə yanılmadığımı gördüm. Bu balaca bir gəmi idi, yolunu azmış, ya da qəzaya uğramışdı. Fırtınada qalsa, sağ-salamat qurtula bilməyəcəkdi. Dərhal əmr verdim istiqaməti ona tərəf dəyişdik. Özüm şəxsən xilasetmə qayğına mindim və gəmiyə çatanda səni yarıhuşsuz vəziyyətdə tapdım. Tanrıya şükür ki sağ idin...

Şərhlər (4)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    02 sentyabr 25, 17:01

    Çox maraqlı yazmısınız. Qağayıyla insanın söhbəti, acizliyimiz, gücümüz hamısı çox düşündürdü məni. Xüsusən də o, ‘biz qidalanırıq, siz isə öldürürsünüz’ sözü çox təsir elədi. Axırda xilası da elə bir möcüzə kimi veribsiniz ki, sanki təsadüf yox, alın yazısıymış. Qağayı obrazı həm şahid kimi, həm də hökm verən kimi görünür. Hekayəni oxuyanda düşündüm ki, bəlkə də insanı xilas edən həmişə insan olmur, təbiətin özü olur... 

    Bu arada davamı gətirdiyiniz üçün təşəkkür edirəm. Uğurlar 🤍 

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      02 sentyabr 25, 17:31

      Təşəkkürlər xoş sözləriniz üçün. Şad oldum bəyəndiyinizə. Bəzən həyatda elə dövr olur ki, insanın beyni suallarla dolu olur. Belə suallara hərkəs özünəxas cavab axtarır. Mənsə, yazılarımda axtarır, həm də sualı oxuculara da yönəldirəm. 

  2. SİRİUS

    @SİRİUS

    02 sentyabr 25, 15:38

    Biraz həyacan macəra dolu bir hekayə idi. Fırtınalarla savaşmaq insanın öz daxilinde savaşmasina bənzəyirdi. Necə ki fırtınanı giren sadəcə kapitandır,daxilimzdəki fırtınanı da görən sadəcə özümüzük. Gəmi isə bizim yonəltdiyimiz işlərdir. Ən çətin günlərdə belə dayanmamaliyiq. Hekayə çox maraqlı idi. Uğurlar ✨

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      02 sentyabr 25, 17:33

      Çox sağ olun, rəyiniz üçün. Bəli, hekayəni rəmzi mənada da düşünmək olar. Bu sadə bir gəmi səfəri yox, insanın öz daxili aləminə səfəri kimi... Dəniz daxili aləmimiz, Qağayı isə düşüncələrimizin içindəki həmin o Xilaskar fikir ...

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol