Payız xəyyaları puç olmuşların fəsildir - SİRİUS

Payız xəyyaları puç olmuşların fəsildir - SİRİUS

Payızda bir tək havalar soyumur, insan ən çox sevdiklərindən uzaqlaşır, soyuyur. Sonra bəhanələr tapır. İşim vardı, vaxtım yoxdur. Hər yeni gün tanıdığımızı sandığımız insanların bir üzü çıxır ortaya. Tanıdıqca heyran olmaqdan peşman olursan.

Payızda bir tək ağacların yarpaqları tökülmür, yarpaqlar yavaş-yavaş saralır ağacda, bir çox insanın xəyallarının, arzularının qəlbində nakam qaldığı, puç olduğu kimi.

Payızda təkcə yağış yağmır. Milyonlarla insanın göz yaşları yağışa qarışır. Səbəbsizcə hər kəsin üzərinə düşür. Bəzi insanlar sevinir, bəziləri yağış yağanda kədərlənir. Bəzən də yağış sadəcə xatirələri canlandırmaq üçün yağır.

Təkcə yarpaqlar deyil xəzəl olan, insanın ümidləri də sürünür yerlərdə. İnam isə torpağa düşən yarpağın torpağın özünə qarışmasıdır.

Əynini qalın geyinən təkcə üşüyənlər deyil, ürəyi buz bağlayanlardır. Ki o ürək bir zamanlar çox isti idi. Uzaqlaşan küsənlər deyil, bir dəfəlik əlvida deyənlərdir. Gedənlər sevənlər deyil, qalmaq istəməyənlərdir.

Havalar ki soyuyur, insanın isti bir qəhvəyə, isti bir çaya ehtiyacı olur. Soyuq havada isti qəhvə sevənləri tanıyıram. Onlar bir zamanlar soyuqdan donmamaq üçün isti bir nəfəsə həsrət qalanlardır. Qalanların halını bilirəm, onlar getməyi bacarmayanlardır. Gedənlərin necə olduğundan xəbərim yoxdur.

Bəzən gedənlərə o qədər diqqət edirik ki, gələnləri görə bilmirik.

Həyat bizə yaşamaq üçün verilən ən gözəl zamandır. Kiminlə yaşadığınıza diqqət edin. Duz da bəzən şəkər kimi görünür.

Payız bir az da vaz keçmək kimidir. Diqqətlə baxsaq keçən payızla bu payız arasında çox fərq var. Biz dəyişdik. Sevdiyimiz bir çox insanlar çıxdı həyatımızdan. Bəzi dost dediklərimizdən son zərbələri alıb uzaqlaşdıq. Artıq heç kimsənin bizə bizdən daha yaxın olduğuna inanmadıq.

Əvvəllər insanların pis bir əməlində belə yaxşı bir niyyət axtarırdıq, amma indi yaxşı birinin niyyətindən belə şübhə edər olduq. Əvvəllər dünyaya sadəcə xoşbəxt olmaq üçün gəldiyimizi düşünürdük, amma indi bəzən nəfəs almaqda çətinlik çəkirik.

Bir zamanlar o sevincini yerə-göyə sığdıra bilmədiyimiz uşağı indi qaranlıq bir labirintdə yalnız görürük. Sakit qalırsan. Çünki danışsan ya yanlış anlayacaqlar, ya da doğru anlamayacaqlar.

Susmağa məcbur olanları tanıyıram. Onlar bir vaxtlar ən çox danışmağa ehtiyacı olanlardır.

Öz içində itənləri bilirəm. Onların həyatı alt-üstdür.

Özünü qətlə yetirənləri tanımıram. Görəsən onlar niyə intihar edir? Yaşamaqdan beziblər, yoxsa səssizcə getməyi seçiblər?

Ən gözəl gülənləri yaxşı tanıyıram. Onlar acılarını gizlədənlərdir. Gözlərindəki kədəri gizləməyə çalışanların gözlərinə baxın, görəcəksiniz o qırıqları, sınıqları. Ancaq kədərli olan bir göz anlayar dərdli insanın baxışlarından.

Heç ağlamayanları anlamıram. Görəsən onlar özlərini niyə bu qədər həbs edirlər?

Dərin bir ah çəkənlər... Onları ancaq səssizcə anlamaq mümkündür.

Gözləri yol çəkənləri görürəm. Onlar çox sevdiklərini itiriblər. Gecikənləri başa düşürəm. Onlar hər şeyə tələsənlərdir. Tələsənlər isə hər şeyə gecikənlərdir.

Küsənlərin könlünü alıram. Çünki onlar hələ də getmirlər. Sanki burdayam, gəlsən ikinci şansı yenə verərəm deyirlər.

Dəyişənləri çox yaxşı anlayıram. Onları dəyişənlər var. Bir insan heç nə olmadan dəyişməz. Ya kifayət qədər acı yaşayıb, ya da həyatdan yaxşı bir dərs alıb.

Gecə səhərə qədər düşünüb yata bilməyənlərin halı necə olur bilirəm. Onlar tərk edilmiş, öz yalnızlığı ilə üz-üzə qalanlardır.

Ayaqda dimdik dayananlar... Onlar içindən çökənlərdir. Aqressiv olanlar... Onlar hər zaman yanlış anlaşılanlardır. Bir balaca məsələyə belə əsəbləşənlər... Onlar hər şeyi içinə atan və heç kimlə bölüşməyənlərdir.

Artıq hiss etməyənlər... Bax onları daha yaxından tanıyıram. Onlar bir vaxtlar dəli kimi sevənlər idi.

Sevib də qovuşmayanlar... Hər kəsdən çox sevən, lakin sonda tənha qalanlardır.

Sevgiyə inanmayanlar, sevginin nə olduğunu anlamayanlardır. Hər yerə aidmiş kimi davrananları anlayıram, onlar heç yerə aid deyillər. Soyuqqanlı olanları anlayıram. Onlar hər kəsdən soyuyublar.

Bütün ömrünü boşuna keçirmiş kimi hiss edənlər... Onlar həyatının ən yanlış qərarını verərək uduzublar. Peşman olanlar... Aldığı qərarların nəticəsində yox olmuşlardır. Heç nəyin onun olmadığı halda hər şeyin onunmuş kimi davrananlar necə də axmaqdırlar. Hər şeydən şübhə edənlər... Onlar xəyanətə uğrayanlardır.

Payız əsl belə insanların sevdiyi bir fəsil ola bilər.

Bəs sən payızı yaşadın?


SİRİUS

Şərhlər (6)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    12 oktyabr 25, 16:02

    Bəli yaşadım özü də nəyi var.Hekayəniz dərin düşüncəli yazılıb.Sanki hər payızımda yaşanmışlar qələmə alınıb.Təşəkkür edirəm...

    1. SİRİUS

      @SİRİUS

      14 oktyabr 25, 15:52

      Mən sizə təşəkkür edirəm . Hər kəs payızdan sağ cixmaği bacarmır. Sizi təbrik edirəm. Bu qədər hiss edə bildiyiniz üçün . Hələ də içinizdə sevginin var olduğu üçün. 🍀🌟

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    10 sentyabr 25, 22:38

    Bəli, mən də payızı yaşamışam  təkcə havalarda yox, içimdə də. Payız məni də dəyişdi, məndən bir çox insanı aldı, bir çox xəyallarımı torpağa gömdü. Amma eyni zamanda öyrətdi ki, getməyənlər dəyərli, qalanlar qiymətlidir.Payız mənim üçün bir az da yenidən doğuluşdur  saralan yarpaqlar kimi köhnə dərdlərimi atıram, amma içimdə hələ də üşüyən xatirələrim var. Ümumən, çox xoşuma gəldi. Maraqlı alınıb, uğurlar 🤍

    1. SİRİUS

      @SİRİUS

      12 sentyabr 25, 11:34

      Bu qədər dərin izahı başa duşduyunuz ,oxuyub öz səmimi hisslərinizi bizimlə paylaşdığınız üçün çox şadam. Təşəkkür edirəm.❤️🍀

  3. SİMURQ

    @SİMURQ

    10 sentyabr 25, 19:35

    Hekayə sadəcə payızdan danışmır, insanın iç dünyasının fəsillərini göstərir. Yarpaq necə saralırsa, arzular da yavaş-yavaş sönür. Yağış təkcə göydən yağmır, gözlərdən də süzülür. Hər abzasda fərqli bir insanın taleyi var . Gülüşündə acısını gizlədən, dimdik dayansa da içindən çökən, hiss etmədiyini göstərən amma vaxtilə dəli kimi sevənlər... Mənə görə, bu yazı payızı bir fəsildən daha çox insanın həyat kitabında ən ağır səhifə kimi təqdim edir. Suala cavab olaraq isə deyə bilərəm ki,mənim üçün payız təqvimdə deyil, ruhda başlayır.Qələminizə qüvvət✨

    1. SİRİUS

      @SİRİUS

      12 sentyabr 25, 11:35

      Səmimi hisslərinizi paylaşdığınız üçün mən sizə təşəkkür edirəm ✨ 💐 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol