atandır? – deyə Bahar istehza və qəzəb qarışıq səslə soruşdu. – De görüm, atan sənə bu günə qədər nə edib? Gəzməyə aparıb, yoxsa sənə istədiyin bir şeyi alıb? Əksinə, sən onu gəzdirmisən. Həm də rəfiqələrinlə oyun oynamalı olduğun bir yaşda.

Eşitdiyi bütün sözlərə rəğmən yenə də özünü itirməyən Əmrah aradakı gərginliyi azaltmaq məqsədi ilə Baharın səsinin gəldiyi tərəfə çevrilib:

– Bahar, sənə nə olub? Niyə özünü belə aparırsan? Bəlkə çox yorğunsan, ona görə belə edirsən? Bəlkə işdən bir az icazə alıb istirahət edəsən, yatasan? – dedi.

– Nə!? Yatmaq!? –

Bahar hiddətlə bağırdı:

– Onsuz da bu günə qədər yatmışdım. İndi oyanmışam. Bilirsən nə vaxt? Mən işə girəndə. İşdəki rəfiqələrimin həyatlarını gördükcə mən özümə gəldim. Məsələn, həm müdirəmiz, həm də rəfiqəm olan Dilbərə əri bahalı maşın hədiyyə edib. Onlar xarici ölkəyə istirahətə gedirlər. Bəs sən!? Sən mənə nə vaxt bir şey hədiyyə etmisən, ya da ki gəzməyə aparmısan? Əksinə, həmişə mən səni aparmışam, özü də ki, utana-utana. Çünki sən bu görkəmdə mənə yaraşmırsan. Səndən nə yaxşı ər, nə də ki yaxşı ata olub. Ümumiyyətcə sən heç nəyə yaramırsan. Hətta bu oturduğun ev belə sənin deyil. Səni məscidin həyətindən tapan valideynlərinin evidir.

Baharın ortalığı sükuta qərq edən bu son sözləri Əmrahın qulağında bir əks-səda verdi. Əvvəlcə arvadının “Səni məscidin həyətindən tapan valideynlərin” sözlərinə bir məna verə bilməyən Əmraha bir az vaxt keçdikdən sonra bu sözlərin hər biri bir güllə tək öz təsirini verməyə başladı. Birdən onun qulaqları uğuldamaya başladı və elə həmin an sanki Əmrah dünyadan qopdu. Çünki onu bu dünya ilə bağlı tutan, bu dünyaya enteqrə edən eşitmə hissi sözlərin təsirindən bir anlıq yox oldu.

Anasının bu sözlərinə bir məna verə bilməyən Afət də əvvəlcə deyilənlərə inanmadı, ancaq anasının üz ifadəsindən deyilənlərin sarsıdıcı bir həqiqət olduğunu gördü.

Əmrah çətinliklə də olsa özünü toparladıqdan sonra təəccüb və heyrət dolu bir səslə:

– Necə yəni məscidin həyətindən tapılan? Başa düşmədim?

– Elə isə qulaq as. –

Ərinin vəziyyətini zərrə qədər də vecinə almayan Bahar hər şeyi soyuq bir tərzdə danışmağa başladı:

– Bir dəfə təsadüfən valideynlərinin səni necə övladlığa götürdüklərinin söhbətinə şahid oldum. Daha sonra da onlar bu həqiqəti mənə danışmaq məcburiyyətində qaldılar və xahiş etdilər ki, bunu sənə deməyim.

– Daha kim bunu bilir? – Əmrah yenə sual verdi.

– Səndən başqa hamı. – Bahar dedi.

– Afət də!?

– Xeyir. Afət də elə indicə bunu öyrənmiş oldu.

– Necə olub ki, məni bu halımla övladlığa götürüblər? – deyə Əmrah maraqla soruşdu.

– Hər halda sənə yazıqları gəlib, – Bahar quru səslə davam etdi. – Soyuq bir qış günündə atan Məhəmməd məsciddən namaz qılmaqdan qayıdanda uşaq ağlaması səsini eşidir və o tərəfə yönəlir. Karton bir qutu içərisində təzəlikcə doğulmuş bir körpəni görür, yəni səni. Onu götürüb evə gətirir. O vaxt bacılarının – Həcərin on, Aynurun da səkkiz yaşı var imiş.

– Bəs sonra?

– Nə sonra? Halına acıyıb səni övladlığa götürüblər.

– Bəs mənim valideynlərimin kim olduğunu biliblər?

– Xeyir.

– Bəs, yaxşı, bunu indi, bu an niyə mənə deyirsən? – deyə Əmrah maraq dolu səslə soruşdu.

– Çünki indi səndən ayrılmaq istəyirəm, – deyə Bahar nəhayət əsl məqsədini açıqladı. – Hə, onsuz da bilirdim ki, sən həkimə gedəsi deyilsən. Getmədən əvvəl də istədim ki, bu illər ərzində sənin mənə verdiyin o cəfaların heyfini çıxıb gedim.


– Bu günə qədər elə bilirdim ki, xoşbəxt ailəyə sahibəm. Görünür ki, buna inanan sadəcə mən olmuşam, – Əmrah təəssüflə dilləndi.

– Ata! Ana! Nə danışırsınız? Necə yəni ayrılmaq!? Məni heç düşünmürsünüz!? – deyə Afət üzünü yalvarıcı bir tərzdə valideynlərinə tutdu. Yazıq qızın göz yaşları qeyri-ixtiyari yanaqlarından aşağı süzülməyə başladı.

– Sən də mənimlə gedəcəksən, – Bahar qızına tərəf çevirilib amiranə dilləndi.

– Yox, ana! Mən atamı qoyub gedə bilmərəm, – Afət etiraz etdi.

– Nə!? Sən nə danışırsan, qızım? Deyəsən dəli olmusan. Həyatını kor bir adamla keçirmək fikrindəsən? – Bahar rişxəndlə güldü.

– Həyatımı atamla keçirmək fikrindəyəm, – Afətin cavabı qəti oldu.

– Qızım, ağlını başına yığ, – Bahar təkid etdi. – Gəl, gedək mənimlə. Sənin üçün mənim yanımda daha yaxşıdır.

– Yox, ana! Qərarım qətidir, – Afət dediyindən dönmədi.

– Bahar, bəs sən nə edəcəksən, hara gedəcəksən? – deyə Əmrah çətinliklə də olsa kəlmələri bir araya gətirərək soruşdu.

– Mən bu günə qədər səninlə yaşaya bilmədiklərimi yaşamağa gedirəm, – Baharın cavabı qəti və sərt oldu.

Aralarında keçən acı bir dialoqdan sonra, Bahar qonaq otağından yataq otağına keçdi və tələsik halda əşyalarını yığışdırmağa başladı.