Qonaq otağında qalan Əmrah ilə Afət baş verənlərə tam olaraq bir məna verə bilmədikləri üçün hələ də olduqları yerdə donub qalmışdılar. Afət atasının yanaqlarına süzülən yaşları görcək özünü yataq otağına atdı:

Ana, sənə birdən-birə nə oldu? Niyə belə edirsən?

Çünki, artıq bezmişəm, qızım, – Bahar kəsin səslə dilləndi. – Mən də həyatımı yaşamaq istəyirəm. On beş ilimi itirmişəm, heç olmazsa bundan sonrakı illərimi doğru-düzgün yaşayım.

Anasının artıq hər şeyə qərar verdiyini görüb danışmağın mənasız olduğunu anlayan Afət incik və qəzəb dolu bir səslə:

Yaxşı ana! Get. Məni də unut! – deyib otaqdan çıxdı.

Əmrah isə məyus halda kreslosunda oturmuşdu. Yazıq kişi o qədər fikirli idi ki, kədərli gözlərlə üzünə baxan qızının otağa qayıdıb yanında oturduğundan və boynunu qucaqladığı zaman xəbəri oldu. Bu an yataq otağının qapısı açıldı. Arvadının evdən çıxmağa hazırlaşdığını yəqin edən Əmrah ürəyindən:

Bəlkə Baharla bir daha danışım, onu fikrindən daşındırmağa çalışım, – deyə keçirdi, lakin artıq bunun faydasız olacağına qənaət yetirdiyi üçün yerindən tərpənmədi.

Nəhayət, Bahar əlində əşyalarını yığdığı təkərli çamadanla evin çıxış qapısına yaxınlaşdı və geriyə çevrilmədən nifrət dolu bir səslə:

Əlvida, kor məxluq! – dedi.

Əmrah arvadının qəlbini nizə kimi dəlib keçən bu son sözləri qarşısında susub başını aşağı saldı.

Ana! Bəsdi! Gedirsən, get! Daha atamı niyə incidirsən?! – deyə Afət ucadan çığırdı.

Bahar daha bir söz demədi və addım-addım fəlakətə doğru getdiyini bilmədən hirslə qapını çırpıb evdən çıxdı

Həcərgilin evi məktəbə beş-on dəqiqəlik bir məsafədə yerləşirdi. Həcər bütün işlərini qurtardıqdan sonra, artıq onu bir saatdır ki, gözləyən qızı Gülzarla birlikdə məktəbdən çıxdı. Gülzar kimi Həcər də bu gün çox sevincli idi. Afətin yazdığı inşa Azərbaycan üzrə birinci yerə layiq görülmüşdü. Qardaşı qızına bu gözəl xəbəri şəxsən özü vermişdi. Sonra onlar birgə məktəbin direktorunun otağına getmişdilər. Direktor və otaqdakı müəllimlər də Afəti təbrik etmiş, onunla fəxr etdiklərini demişdilər. Afət də onlara təşəkkür etmiş və bu inşada atasının əməyinin olduğunu bir daha vurğulamışdı.Bəli, doğrudan da Afətin yazdığı inşanın birinciliyə layiq görülməsi məktəb üçün çox önəmli bir hadisə idi. Çünki Təhsil Nazirliyi tərəfindən məktəbə yeni texnoloji avadanlıqlar veriləcək, bu da məktəbin təhsil səviyyəsini daha da artıracaqdı.

Görəsən indi Afət neyniyir? – deyə Gülzar yanaşı addımladığı anasından soruşdu.

Nə bilim, qızım, yəqin ki, sevinir, – Həcər başını tərpətdi.

Kim bilir, xəbəri eşidəndə Əmrah dayım da nə qədər sevinib, – Gülzar davam etdi. – Bu inşada onun da əməyi var idi axı.

Hə, – Həcər qızının sözlərini başıyla təsdiq etdi.

Ana, deyirəm, bəlkə nahardan sonra Afətgilə gedək? – Gülzar bir an dayandı.

Gedərik, qızım, – Həcər razılaşdı.

Bir də, ana, mən daha dözə bilmirəm, Zəhraya mesaj yazacam ki, nəticələr bu gün açıqlanıb, – deyərək Gülzar çantasından telefonunu çıxarıb mesaj yazmağa başladı.

Həcərin əri Murad, oğlu Mehdi və qızı Zəhra evlərinin qonaq otağında oturub çay içirdilər. Həcərin bir oğlu Fikrət isə hərbi xidmətdə idi. 44 günlük müharibə zamanı Füzuli, Qubadlı və Şuşa döyüşlərində iştirak edən Fikrət həmin döyüşlərdə göstərdiyi fəal xidmətdən dolayı ordenlərlə təltif olunmuşdu. Mehdi ilə Zəhra da Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyurdular.

Birdən Zəhranın mobil telefonunun bildiriş səsi eşidildi.

A-a-a! – deyə Zəhra qəfil yerindən sıçradı.

Nə oldu? – deyə Muradla Mehdi maraqla qızın üzünə baxdılar.

Afətim qatıldığı inşa müsabiqəsinin nəticəsi açıqlanıb! – Zəhra sevincək dedi.

Ver baxım, – Mehdi telefonu bacısından aldı. – Burada Gülzar sadəcə nəticələrin açıqlandığını yazıb, kimin qalib gəldiyini yazmayıb axı.

Yox, mən bilirəm. Mütləq Afət qalib gəlib, – Zəhra gülümsədi. – Əgər başqası qalib gəlsəydi, Gülzar bizə mesaj yazmazdı. Yəqin bizi həyəcanlandırmaq istəyir.

Mehdi ağzını açıb nəsə demək istəyirdi ki, evin qapısı açarla açıldı. Həcər ilə Gülzar qapıdan içəri girən kimi hər kəs onları müsabiqənin nəticəsi haqqında sorğu-suala tutmağa başladı.

Dayanın, səbirli olun, imkan verin bir nəfəsimizi dərək, – deyə Həcər gülümsündü.

Yaxşı, bizi bir az da intizarda saxlamaq istəyirlər, – deyə Mehdi cavab verdi.

Ana, bəlkə xəbəri Afətim özü desin, – Gülzar dedi.

Yox, belə eləməyin, deyin artıq, – deyə Zəhra guya yalvarırcasına dilləndi.

Yaxşı, yaxşı, deyirəm, – deyə Həcər keçib divanda oturdu və sevincli halda: – Afətimiz birinci oldu! – dedi. Hə, elə də bilirdim, – deyə bayaqdan susqun olan Murad nəhayət dilləndi və: – Gəlin bu axşam Afətgilə qonaq gedək. Onları təbrik edək. Bu azımsanacaq bir xəbər deyil, – deyə də əlavə etdi.

Hə, bayaq mən də bunu anama dedim, o da razılaşdı. Elə deyil, ana? – Gülzar söhbətə qoşuldu.

Hə! Nə olar, ana, gedək! – deyə Zəhra gülümsər halda anasına yaxınlaşdı.

Yaxşı, gedək, – Həcər başını tərpətdi. – Aynur xalanıza da xəbər verin, axşam Əmrahgildə olsunlar. Getməzdən əvvəl Afət üçün hədiyyə dalınca da getməliyik.

Yaxşı, – deyib hər kəs Həcərin bu fikri ilə razılaşdı və günorta yeməyindən sonra da hərə öz otağına çəkilib hazırlaşmağa başladı.

Əmrah ilə Afət evlərində Baharın gedişindən mütəəssir halda oturmuşdular. Əmrah bu günə qədər həyatında bir çox çətinliklərlə qarşılaşmış, hadisələrlə üzləşmişdi. Ancaq onların heç biri onu bu gün baş verənlər qədər sarsıtmamışdı. Yazıq kişi sözün həqiqi mənasında çaşıb qalmışdı. Bilmirdi, yenicə öyrəndiyi övladlıq olduğunamı üzülsün, yoxsa Baharın gedişinəmi.

Afətin bir neçə dəqiqə əvvəl gətirdiyi çaylar stolun üstündə soyuyub buza dönmüşdü. İndi ata ilə balanın nəinki yeyib-içməyə, hətta danışmağa belə istəkləri yox idi.

Birdən qapı döyüldü. Əmrah ürəyində: Bəlkə Bahar fikrini dəyişib geri qayıdıb, – deyə ümid edərək ayağa qalxıb qapıya tərəf getdi.