Qırıq Körpülərin Ardınca - Simurq

Qırıq Körpülərin Ardınca - Simurq

Narın, 21 yaşında bir memar, şəhərin səs-küylü küçələrində addımlayanda göydələnlərin kölgəsi altında öz içindəki boşluğu daha aydın hiss edirdi. Memarlıq onun üçün yalnız bir peşə deyildi.Hər xətt, hər forma, hər plan ruhunu sakitləşdirən bir nəfəs, içindəki qarışıqlığın nəfis ritmi idi.Amma evdə səssizlik ağır bir yük kimi üzərində dayanırdı. Ailəsi ilə münasibətləri görünməz divarlara çarpan səslər kimi, onun sükutunu pozurdu. Hər söz havaya sovrulurdu, hər baxış gözlənilməz soyuqluğa çarpırdı. Ziya, 25 yaşında, sakit, düşüncəli və az qala görünməz bir enerji daşıyan bir adam idi. Onun dünyası Narının dünyası qədər qarışıq deyildi, amma Narının həyatına təsadüfən daxil oldu – bir memarlıq sərgisində, Narının hazırladığı modellərə baxarkən. Ziya yalnız heyranlıqla baxmırdı ,onun baxışları Narının içindəki hisləri oxumaq istəyirdi.O andan Narın hiss etdi: Ziya yalnız bir tanış deyil, ruhuna uzanan bir körpüdür. Günlər keçdi. Narın və Ziya arasında görünməz bir bağ quruldu. Hər söhbət, hər baxış, hər gülüş onları bir-birinə yaxınlaşdırırdı. Parkda uzun gəzintilər, küçədə oturub şəhəri seyr etmək, kafedə saatlarla sadə söhbətlər… Bu anlar onların ən qiymətli xatirələrinə çevrildi. Narın hiss edirdi ki, yanında olmaq yalnız qorunmaq deyil, həm də ilhamdır. Amma, bir gün hər şey dəyişdi. Narının telefonuna Ziyadan bir mesaj gəldi:

"Narahat olma,  əlaqə saxlayacağam."

Sadə, sakit olsa da bu mesaj Narının ürəyində dərin bir sükut buraxdı. İlk günlər hər zəngin səsini, hər mesajı gözləyərək keçirdi. Sonra günlər bir-birini əvəz etdi, aylar keçdi, bir il demək olar ki, Narın Ziyadan heç bir xəbər almadı.Başlarda Narın dərin narahatlıq içində idi. Hər gecə telefonu əlinə aldıqca ürəyi sürətlə döyünürdü. Hər titrəyiş onun qorxusunu artırırdı. Həər düşüncə onu yenidən sual etməyə vadar edirdi:

“Niyə getdi? Mən nə etdim? Mən onu itirdimmi, yoxsa o yalnız özünü qorumaq üçün getdi?”

Bu “niyə” sualları Narının zehnini qarışdırırdı. Ziyanın yoxluğu onun yalnızlığını artırır, hər xatirəni həm şirin, həm də acı bir yükə çevirirdi. Hər dəfə həmin xatirələr ansızın ağlına gələndə ürəyi sıxılır, nəfəsi daralırdı. İşində diqqəti dağılır, layihələri üzərində saatlarla dayanmaqla belə nəticə əldə edə bilmirdi. Özünü tənha, boşluqda itmiş hiss edirdi.Amma zamanla Narın bir sirr kəşf etdi: xatirələr artıq ona acı vermir, onun əvəzində onu gücləndirirdi. Hər ansızın gələn xatirə, hər gözəl anı yadına saldıqca, artıq kədərlənmək yerinə onlara başa çıxmağı, onları qucaqlamağı və özünü sakitləşdirməyi öyrəndi. Keçmişi qurban kimi daşımaq əvəzinə, onu öz daxili gücünə çevirməyi bacarırdı.Narın bu anlayışla yenidən işinə sarıldı. Memarlıq layihələrində hər xətt, hər detal, hər kölgə Narının içindəki qırıq körpüləri tikdiyi bir vasitəyə çevrildi. O, artıq təkcə binaları qurmaqla kifayətlənmirdi; hər plan onun ruhunu, hər forma onun hisslərini daşıyırdı. Hər layihə onun üçün həm sükut, həm də qələbə idi.Eyni zamanda Narın rəssamlığa başladı. Fırçasını götürdü, rənglərin içində xatirələri, hissləri, ümidləri və kədəri əks etdirdi. Hər tablo onun ruhunu azad etməsi, hər ton isə içindəki qarışıqlığı nizamlamaq üçün bir vasitə idi. Rəssamlıq Narın üçün yalnız sənət deyildi; daxili sükutu qorumaq, özünü ifadə etmək və gücünü kəşf etmək yoluna çevrilmişdi.Günlərin birində Narın düşündü: “Bəlkə Ziya heç vaxt qayıtmayacaq… bəlkə bu xatirələr yalnız mənə bir dərs vermək üçün var idi.” Amma hər rəng və hər xətt Narına xatırladırdı ki, o artıq güclü və sərbəstdir. Keçmişin yükü indi yaradıcılığın qanadına çevrilmişdi. Bir axşam, şəhərin işıqları altında oturarkən telefon yenidən titrədi. Bu dəfə mesajın tərzi fərqliydi:

"Səni izləyirdim… sən artıq öz körpünü qura bilmisən. Amma bil ki, mən heç vaxt getməmişəm. Hər addımında buradaydım. İndi… sən hazırsan."

Narın bir an donub qaldı. Hiss etdi ki, bu il ərzində yaşadığı hər an, hər fırça zərbəsi, hər layihə yalnız onun üçün deyil, həm də Ziyanın gizli müşahidəsi altında bir təcrübəyə çevrilmişdi.O düşündü: “Bəs niyə bütün bu müddət boyunca yalnız buraxdı? Niyə zəng etmədi, niyə xəbər vermədi?”Amma sonra anladı: Ziya onun öz gücünü kəşf etməsini istəyirdi. Onun yoxluğu yalnız bir sınaq, hər addımında verdiyi azadlıq, və onun ruhunu sərbəst buraxmaq üçün bir körpü idi.Fırçasını yavaşca kağıza qoydu, qəlbindəki bütün qorxu, sevgi, kədər və güc birləşdi. Şəhərin işıqları ona baxır, külək isə saçlarını oxşayırdı. Narın dərin nəfəs aldı, gözlərini bağladı və öz-özünə sual verdi:

"Bəzən körpülər yalnız gözlənilməz gələcəklər üçün tikilir… amma sən öz körpünü kimin üçün tikəcəksən? Bəlkə də ən vacib dərs, heç bir körpünü kimin üçün tikmədiyini anlamaqda gizlidir… sən buna hazır mısan?"

Şəhərin işıqları, küləyin sükutu və rənglərin içindəki həyat sanki cavab verdi: Narın artıq hazır idi. Artıq körpülər yalnız keçmişin yükü deyildi; onlar gələcəyin qanadları, ruhun sərbəstliyi idi... 

Şərhlər (4)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    17 sentyabr 25, 10:19

    Narının hekayəsi məni çox təsirləndirdi. Onun boşluqdan gücə doğru səyahəti elə bil ki, hər birimizin həyatında yaşadığı bir dönüş nöqtəsini xatırladır. Ziyanın yoxluğu əvvəlcə ağrı kimi gəldi, amma sonra Narına öz yolunu tapmaq üçün bir fürsət verdi. Memarlıqda və rəssamlıqda özünü ifadə etməsi  sanki yaralarını rəngə, xəttə çevirib sağaltması  çox dərin bir mesaj kimi gəldi mənə. Bəzən sevdiyimiz insanların yoxluğu bizə ən böyük dərs olur, çünki həmin anlarda öz körpümüzü tikməyi öyrənirik. Bu hadisə mənə o qədər tanış gəldi ki.. Oxuduqca hiss elədim ki, mən bu yazını yaşayıram. Narın artıq yalnız deyil, çünki öz gücünü, öz nəfəsini tapıb. Hekayə bizə xatırladır ki, bəzən ayrılıqlar bizi məhv etmək üçün yox, bizi formalaşdırmaq üçün baş verir. Hər sükut bir addım, hər ağrı bir pillə imiş. Bu hekayə insanı həm kədərləndirir, həm də gücləndirir..

    Uğurlar, qələminizə qüvvət 🤍

    1. SİMURQ

      @SİMURQ

      17 sentyabr 25, 11:23

      Narının səyahətini oxuyarkən hiss etdiklərinizi bu qədər dərin ifadə etməyiniz hekayəyə yeni bir işıq qatdı. Həqiqətən də ağrı insanı gücləndirir və öz yolunu tapmağa sövq edir. Təşəkkür edirəm bu gözəl paylaşım üçün ✨

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    17 sentyabr 25, 08:16

    Hekakayəni oxuduqca 3 hissə qapıldım.Əvvəl gözəl bir sevginin başlanğıcı sonra yarı yolda qoyub getmək sonda isə möhtəşəm mubarizənin verdiyi xoş günlərin yaşanması.Bəzən birini sevməklə deyil fədakarlıq etməklə də onu qazanmaq mümkün olur.Yaxud əksinə.Bir hissəsində atamı xatırladım.Əlaqə saxlayacam deyib də hələ də saxlamaması.Tam bir il oldu səsinə sözünə nəfəsinə baxışına həsrət qaldım.Artıq yoxluğu ilə barışmışam amma varlığını hərdən içimdə hiss edirəm.Nəisə mövzudan çıxmayım.
    Hekayəniz həmişəki kimi möhtəşəm idi. 

    Sulalınıza gəldikdə isə...Bəlkə də bu günlərdə yeni bir körpü tikirəm.Özüm üçün? Yenə də yox.Övladlarım üçün.İnşallah ki bərpa edəcəyim körpü məni məyus etməz...

    1. SİMURQ

      @SİMURQ

      17 sentyabr 25, 08:49

      Bəzən sevmək kifayət etmir, fədakarlıqla ürəyə yol açmaq mümkündür .Bunu sizin sözləriniz bir daha xatırlatdı. Atanızla bağlı xatirələriniz mənə də toxundu.Görünür, yoxluğa baxmayaraq, içinizdə barış və sevgi qalır. İnşallah ki, o körpü sizə və yaxınlarınıza yalnız xoş anlar gətirsin.Təşəkkür edirəm bu gözəl paylaşım üçün✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol