Qaranlıq adamı ( Bölüm 4) - Nurlanə Cərullaqızı

Qaranlıq adamı ( Bölüm 4) - Nurlanə Cərullaqızı


Dayıcan!

Gülizarın şaqraq səsi onu qurduğu bu xəyaldan sarsıdaraq ayıltdı.

– Əmrah, qardaşım...

Əmrahın çaşıb qaldığını görən Həcər ona səslənib əlini uzatdı.

– Axşamın xeyir, Əmrah. Bizi içəri dəvət etməyəcəksən? – dedi Murad.

Özünü nə qədər ələ almaq istəsə də, bunu bacarmayan Əmrah könülsüzcə dedi:

– Axşamınız xeyir. Buyurun, gəlin.

Əmrahın bu tövründən özlərini itirən qonaqlar sakitcə qonaq otağına tərəf yönəldilər.

– Əmrah, pis vaxta gəldik, qardaşım? – dedi Həcər, evdəki ağır havadan və qardaşının soyuq münasibətindən narahat olub.

– Əslində... nə isə, bu barədə sonra danışarıq, – Əmrah qeyri-müəyyən tərzdə dilləndi.

Qonaqlar keçib qonaq otağında əyləşdilər.

– Bura gəl görək, qalib qız! – Murad Afətə səsləndi.

– Xoş gəlmisiniz, Murad əmi, – Afət Muradın bu komplimentinə güclə də olsa gülümsədi.

– Afət, təbrik edirəm, ağıllı bacım. Uğurların bol olsun! – dedi Zəhra və Afətə sarıldı.

Mehdi gülümsəyərək dedi:

– Hamımız bilirdik ki, qalib sən olacaqsan.

– Təbriklərə görə çox sağ olun, – deyə hər nə qədər özünü şən göstərməyə çalışsa da, bacara bilməyən Afət kefsiz halda cavab verdi.

– Aynur bibinə də dedik, o da çox sevindi. Bir azdan onlar da gələcəklər, – dedi Həcər, qeyri-ixtiyari əlindəki mobil telefonun saatına baxaraq. Sonra Afətə çevrilib soruşdu:

– Qızım, bəs anan hanı? Bayaqdan onu görmürəm.

Afət bibisinin sualına cavab verə bilməyib başını aşağı saldı. Bunu hiss edən Əmrah sözə qarışdı:

– Həcər, bu barədə sonra danışarıq. Qoy Aynur da gəlsin.

– Nə olub, qardaşım? – deyə Həcər sual dolu bir səslə soruşdu.

Bu vaxt qapı döyüldü.

– Siz oturun, mən açaram. Yəqin Aynur xala gildir, – dedi Mehdi və qalxıb qapını açdı.

Gələnlər xalası Aynur, yeznəsi İlham və əkiz oğlanları Hilal ilə Bilal idilər.

– Xoş gəldiniz. Gəlin, keçin içəri, – Mehdi qonaqları salamladı.

– Xoş gördük, Mehdi. Gəlmisiniz? Ax, qabaqladınız bizi, – Aynur gülümsəyərək dedi.

Yeni qonaqlar da qonaq otağına keçdilər. Əmrah ayağa qalxaraq hamı ilə tək-tək görüşdü. Aynur ətrafa göz gəzdirib soruşdu:

– Bu günün səbəbkarı hardadır?

Afət mətbəxdən qonaq otağına gəlib yeni qonaqlarla tək-tək görüşüb salamlaşdı.

– Afət, səni təbrik edirəm, ağıllı balam. Gəl səni bir bağrıma basım, – dedi Aynur və Afəti qucaqlayıb yanağından öpdü.

– Biz də səni təbrik edirik, – dedi Bilal. Hər iki qardaş Afəti qucaqladılar.

Afət, Zəhra və Gülzar mətbəxə çay gətirməyə keçdilər.

– Əmrah qardaşım, bir az durğun görünürsən. Nəsə olub? Bahar nəsə gözümə dəymir. Atasıgildədirmi? – deyə Aynur soruşdu.

Əmrah kreslosunda bir az qurcalandıqdan sonra başını qaldıraraq kefsiz bir səs tonu ilə dedi:

– Sizlərlə bir məsələ haqqında danışmaq istəyirəm.

– Nə məsələ? – Aynurun marağı daha da artdı.

– Sözün düzü, mən də bilmirəm, – Həcər sözə qarışdı. – Bayaqdan sənin də gəlməyini gözlədi ki, nəyi isə açıqlasın.

– Əslində, mən yox, siz açıqlayacaqsınız, – Əmrah ciddi tonda dedi.

– Əmrah, bəlkə artıq mətləbə keçəsən, qardaşım, – Aynur səbirsizləşdi.

– Mən övladlığam?! – Əmrahın bu gözlənilməz sualı qarşısında özlərini itirən Həcər ilə Aynur nə deyəcəklərini bilməyib çaşqın halda bir-birinin üzünə baxdılar.

– Nə?! Bunu sənə kim deyib?! – Həcər handan-hana özünü toparlayıb, guya təəccüblənirmiş kimi soruşdu.

– Bacı, xahiş edirəm, mənə hər şeyi danışın, – dedi Əmrah yalvarıcı tonda. – Mən uşaq deyiləm. Əgər həqiqətdirsə, olduğu kimi qəbul edərəm. Nəyinki olduğu kimi qəbul etmək, hətta dünya görüşlü və ağlı başında bir adam kimi valideynlərimlə fəxr edərəm. Bəli, fəxr edərəm. Onlarla ona görə fəxr edərəm ki, mənim kimi birini övladlığa götürüblər. Sağlam birisini hər kəs övladlığa götürə bilər. Ancaq görmə məhdudiyyəti olan bir uşağı bilərəkdən övladlığa götürüb böyütmək və bu yaşıma qədər də heç nə hiss etdirməmək – bunu ancaq mələk kimi insanlar edə bilərlər. Kaş indi həyatda olsaydılar, ikisinin də əl-ayaqlarından öpüb minnətdarlığımı bildirə bilsəydim.

Bu an Əmrahın göz yaşları yanaqlarından süzülüb ağ köynəyinin üstünə düşdü.

Şərhlər (2)

Fikir Bildir

[logged]
[/logged]