– Gəl, qardaşım, indi sənə hər şeyi danışacam.

Əmrahın bu səmimi sözlərindən təsirlənən Həcər onu qucaqlayıb, sel kimi axan göz yaşlarının islatdığı yanaqlarından öpdü. Sonra isə hər şeyi olduğu kimi danışmağa başladı:

– Soyuq, şaxtalı bir qış günü idi. Həmin gün atam Babək məscidinə cümə namazına getmişdi. Aynurla mən isə xəstələndiyimiz üçün məktəbə getməmişdik. Anam da evdəydi. Birdən qapı açıldı və atam əlində karton bir qutu ilə içəri girdi. İkimiz də onun bizə hədiyyə aldığını düşündük və xəstəliyimizi unudaraq yatağımızdan qalxıb, kenquru kimi tullana-tullana qutuya tərəf getdik.

Qutunun ağzı açılanda isə heyrətdən yerimizdəcə donub qaldıq. Qutunun içində sən var idin. Köhnə ağ bir əsgiyə bükülmüşdün. Soyuqdan yanaqların qıpqırmızı olmuşdu. Heç birimiz nə olduğunu başa düşmədik. Anam da səni görəndə bizim kimi çaşıb qaldı. Sonra atam hər şeyi danışdı.

Sənin namaz qılmaqdan qayıdanda yol kənarından tapdığını dedi. Anam sənin yeni doğulduğunu dedi, çünki göbək bağın hələ də üstündə idi. Növbə ilə səni qucağımızda isitdik və yeni, tərtəmiz əsgilərlə bələdik.

Anam sənin görmə məhdudiyyətli olduğuna görə tərk edildiyini biləndə çox üzüldü və:

– Onu həkimlərə göstərərik. Əgər çarə taparlarsa nə yaxşı. Çarə tapmazlarsa da Allahın təqdiri ilə razılaşar, övladımız kimi bağrımıza basar, baxıb böyüdərik, – dedi.

Elə həmin gündə səni övladlığa götürməyə qərar verdilər və lazımlı sənədləşmələrlə bu qərarlarını rəsmiləşdirdilər.

– Hə, adını da mən qoydum, – deyə Aynur bu yerdə sözə qarışdı. – Əmrah mənim məktəbdə ibtidai sinif müəllimimin, mənə əlimdən tutub hərf yazmağı öyrədən müəllimimin adı idi.

– Hə, bir Allah şahiddi ki, – Həcər davam etdi, – atamla anam heç bir zaman səni bizdən ayırmadılar.

– Biz də səni öz qardaşımız kimi sevdik, Əmrah, – deyə Aynur bacısının sözünə qüvvət verdi.

– Bilirəm, – Əmrah kövrək halda bacılarının dediklərini təsdiqlədi.

– Sonrasını da özün bilirsən, – Həcər davam etdi. – Sənin 10 yaşın olanda atam gözlərini əməliyyat etdirmək üçün evimizi satıb səni bura, Bakıya gətirdi. Əməliyyatdan sonra da əlində qalan pulla bu evi aldı. Bu ev Zeynəb xalanın atasının evi olub, yəni Baharın babasının. Elə həmin vaxtdan da köçüb burada yaşamağa başladıq. Bax belə...

Həcər bununla da danışığını yekunlaşdırdı.

– Bəs sən bunu kimdən öyrəndin, Əmrah? – bacısının sözünü bitirdiyini görən Aynur maraqla soruşdu.

– Bahardan, – Əmrah qəmli halda cavab verdi.

– Bəs Baharın özü hanı?

– O, getdi.

– Necə yəni getdi? Bu gecə vaxtı hara gedib?

– Bilmirəm... – deyə Əmrah başını aşağı saldı. Yazıq kişinin boğazı düyümləndi və özündən ixtiyarsız göz yaşları yanaqlarından aşağı süzüldü.

Bu vaxt qapının yanında dinləməkdə olan Afət atasına yaxınlaşdı və günahkarlar kimi başını aşağı salaraq:

– Anam bizi tərk etdi... – dedi.

Qonaqların hamısı təəccüblə gah Afətə, gah da Əmraha baxdılar. Bu gözlənilməz xəbər qarşısında nə deyəcəklərini bilmədilər.

Dilbər qəsəbənin ən gözəl yerində yerləşən və villa deyiləcək qədər gözəgəlimli olan iki mərtəbəli evlərinin qonaq otağında qızı Könüllə birlikdə paltar ütüləyirdi. Birdən qapı döyüldü.

– Mən açaram, ana, – deyərək Könül iti addımlarla gedib qapını açdı.

Gələn Bahar idi.

– Salam, Könül, – Bahar qıza əlini uzatdı.

– Bahar xala! – anasının rəfiqəsi olan Baharı əlində təkərli çamadanla görüb əvvəlcə özünü itirən və nə deyəcəyini bilməyən Könül daha sonra qonağı salamlayıb içəri dəvət etdi.

– Könül, kimdi gələn? – Dilbər qızını səslədi.

– Mənəm, Dilbər, Bahar! 

Dilbər Baharın səsini eşidən kimi əlindəki işini yarımçıq qoyub yeyin addımlarla dəhlizə çıxdı. Təkərli çamadanı ilə qapının içəri tərəfində dayanan Baharı görəndə o da qızı kimi çaşıb qaldı. Bir neçə saniyə olduğu yerdə dayanıb təəccüblə Baharın üzünə baxdı.

Bunu görən Bahar:

– Salam, Dilbər. Qonaq qəbul eləyirsən? – dedi.

– Salam, Bahar. Üzürlü hesab elə, səni camadanla görəndə bir az özümü itirdim. Gəl, keç içəri.

Bahar, Könül və Dilbər qonaq otağına tərəf yönəldilər. Bahar əvvəllər bir neçə dəfə Əmrahla birgə bu evə qonaq gəlmişdi. Ona görə də özünü burada rahat hiss edirdi. Könül tez stolun üstündəki ütülənmiş paltarları yığışdırıb apardı.

Bahar iri çamadanını otağın çöl tərəfinə qoyduqdan sonra keçib divanda oturdu.

– Nə məsələdir, Bahar? Yoxsa bu vaxtda istirahətə gedirsən? – deyə onunla yanaşı oturan Dilbər təəccübünü gizlətməyə çalışaraq zarafatyana soruşdu.

Bahar susub gözü ilə Könülü işarə etdi.

– Qızım, bizə çay gətir, – deyə Dilbər Könülə tərəf dönüb dedi və qız mətbəxə keçən kimi diqqətli baxışlarını Baharın üzünə zilləyib danışmasını gözlədi.

Bahar üzündə zərrə qədər də kədər ifadəsi olmadan soyuq bir tərzdə danışmağa başladı:

– Hər şey qurtardı, bacı.

– Nə qurtardı, bacı? Başa düşmədim... – Dilbər duruxdu.

– Mən Əmrahdan ayrıldım. Evi tərk etdim, – Bahar cavab verdi.

– Nə?! Nə danışırsan, Bahar?! – Dilbərin gözləri heyrətdən böyüdü. – Siz həkimə gedəsi deyildiniz? Bəs Afət necə oldu?

– Yox... – Bahar izah etməyə başladı. – Əmrah həkimə getməkdən imtina etdiyi üçün biz mübahisə etdik. Mən də ona qarşı bütün düşündüklərimi, bu günə qədər ona deyə bilmədiklərimin hamısını üzünə dedim. Yaxşı da elədim.

Mənim üçün dünyadakı ən dəyərsiz şeydən daha dəyərsiz olan o kor məxluqa dediklərim – məhv olan həyatımın, itib gedən gəncliyimin, əlimdən alınan gələcəyimin, yarıda qalan xəyallarımın, puç olan arzularımın yanında heç nə idi. Sonra da evi tərk etdim. Afət atası ilə qalacağını dedi.

– Bəs indi nə olacaq? – eşitdiyi bu xəbər qarşısında özünü itirən Dilbər çaşqın halda dedi.

– O olacaq ki, boşanacağıq, – Baharın cavabı qəti oldu.

– Bahar, gəl mənə qulaq as, əziz bacım. Nə qədər ki gec deyil, gəl evinə geri dön. Nahaq yerə yuvanı dağıtma, – Dilbər Baharı düşdüyü yanlış fikirdən döndərməyə çalışdı. – Həmişə çətinlik çəkməyəcəksən ki. Bir azdan Afət də işləyər, sənə dayaq olar. O vaxtacan mən də sənə əlimdən gələn qədər dəstək olmağa çalışaram. Hə, nə deyirsən?

– Yox, Dilbər, – Bahar dediyindən dönmədi. – Özün bilirsən ki, sənin xətrini çox istəyirəm. Sən mənə anamdan da, əzizlərimdən də daha yaxınsan, ən çətin günlərimdə yanımda olmusan. Amma, xahiş edirəm, bu mövzuda təkid eləmə. Mən ayrılmaq istəyirəm. Qərarım qətidir. Geri qayıtmaq istəmirəm. Həyatımda daha Əmraha yer yoxdur. Afət də hələ balacadır, həyatı tam dərk etmir. Atası nə ər olub ki, nə ata olsun? Onsuz da bir gün mənim yanıma gələcək.

Əslində işimdən də ayrılmaq istəyirəm. Çünki o işi də Əmrah düzüb-qoşmuşdu. İstəmirəm ki, Əmraha borclu qalım.

Dilbər daha bir söz demədi.

– Özümə Bakıda başqa iş axtaracağam, – Bahar davam etdi. – Bu gecəlik sizdə qalacağam. Səhər tezdən də Bakıya gedəcəyəm.

– Bəs Bakıda harada qalacaqsan? Axı sənin orada heç kimim yoxdur? – bütün eşitdiklərinə hələ də inanmaqda çətinlik çəkən Dilbər canıyananlıqla soruşdu.

– Hələ ki, gücüm çata biləcək bir kirayə ev tutaram. Sonra işimdən asılı olaraq daha münasib evə keçərəm, – Bahar dedi.

– Ev tapmısan?

– Hələ yox, – Bahar başını buladı.

– Hə, mən sənə ev tapmaqda kömək edərəm, – deyə Dilbər azacıq sükutdan sonra yenidən dilləndi. – Bakıda bizim tanış bir maklerimiz var. Axşam Sahib işdən gəlsin, deyərəm, əlaqə saxlayar.

– Sağ ol, Dilbər, – Bahar gülümsədi.

Bu vaxt Könül içində 2 fincan çay və şirniyyat olan sini ilə geri qayıtdı.

Bir neçə saat keçdi..