Əmirah həmişəki kimi öz sevimli kreslosunda oturmuşdu. Qonaqlardan isə sadəcə Aynur ilə Həcər qalmışdı. Həm Baharın evdən getməsi, həm də illərin həqiqətinin gün işığına çıxması evdə kədərli bir abu-hava yaratmışdı. Bu havanın ağırlığını aradan qaldırmaq üçün Aynur və Həcər əllərindən gələni edirdilər.

Afətin bu gün inşa yarışmasında birinciliyi qazanması münasibətilə hər ikisi ona hədiyyələr almışdılar. Nəhayət, bibilər evdəki kədərli atmosferi yumşaltmaq üçün aldıqları hədiyyələri verməyə qərar verdilər.

İlk hədiyyəni Həcər vermək istədi və:

– Afət, qızım, gəl bura. Gör, bibin sənə nə alıb, – deyə qardaşı qızını səslədi.

Bir neçə dəqiqə idi ki, öz otağında xısın-xısın göz yaşı tökən Afət bibisinin çağırışına reaksiya verərək gözlərini silib otağından çıxdı. Qızcığaz qəlbi qırıq bir şəkildə bibilərinin yanına gəldi və güclə eşidiləcək bir səs tonu ilə dedi:

– Buyur, bibi.

– Gəl, qızım, – Həcər Afəti lap yaxına çağırdı.

Afət bibisinin önündəki kiçik masanın üstündəki parlaq hədiyyə kağızına sarılmış böyük bir qutu gördü.

– Afət, mənim ağıllı balam. Bu sənin üçündür. Sənin bu günkü nailiyyətinin mükafatıdır, – Həcər gülümsəyərək dedi və Afətin hər şeyə könülsüz yanaşdığını görüb əlavə etdi: – Gəl, hədiyyəni birlikdə açaq.

Afət kiçik masaya yaxınlaşdı və dizləri üstə çöküb yavaş-yavaş hədiyyəsini açmağa başladı. Həcər də qıza köməklik göstərir, təbəssümlə onun üzünə baxırdı.

Aynur səbirsizlik göstərərək dedi:

– Afət! Bir az tez! Maraqdan öldüm axı. Həcər bibin nə alıb sənin üçün? Görmək istəyirəm.

– Səbirli ol, bacı, – Həcər gülümsədi.

Əvvəlcə qutunun büküldüyü hədiyyə kağızı səliqə ilə açıldı. Afət qutunu görsə də, hədiyyənin nə olduğunu bilə bilmədi. Üst tərəfindəki yapışqan lent qoparıldıqdan sonra nəhayət qutunun ağzı açıldı. Qutunun içərisindən bir notbuk çıxdı.

– Bibim, mənim! Çox sağ ol! – bir anlıq hər şeyi unudan Afət sevincli halda qışqırdı. – Ana! Mənim də notbukum var!.. – qızcığaz bu kəlmədən sonra bir az tutuldu. Onun gülən üzü yenə qəmgin bir hal aldı.

Həcərlə Aynur yaranmış vəziyyət qarşısında çaşıb qaldılar. Hər ikisi də bir neçə saniyə nə edəcəklərini, nə deyəcəklərini bilmədilər. Araya çökən sakitliyi Aynur pozdu:

– Həcər bibin səni bu qədər sevindirdi. Görək, mən də səni o qədər sevindirə biləcəyəm? – deyib əlindəki qırmızı parlaq hədiyyə kağızına bükülmüş bir qutunu Afətin əlinə verdi. – Buyur, bu da mənim hədiyyəm.

Afət əlindəki hədiyyədən aldığı həzdən bir az gülümsəyib parlaq hədiyyə kağızını ehmalca açdı. İçindən çıxan mobil telefonun qutusunu da açanda qızın üzündə kədərdən əsər-əlamət qalmadı:

– Çox sağ olun! Gəlin, hər ikinizə də sarılım! – deyərək o bibilərini qucaqladı.

– Əzizlərim, sizə çox minnətdaram. Bizə bu günkü kədəri bir anlıq da olsa unutdurdunuz. Bu çətin gündə yanımızda oldunuz, – qızının sevincini birə-bir hiss edən və bir anlıq da olsa Baharın evi tərk etməsinin verdiyi hüznü unudan Əmrah minnətdarlıq ifadə edən bir səslə bacılarına müraciət etdi.

– Bundan sonra da olacaq, – deyə Həcər qətiyyətli bir səslə dedi.

– Hə, bacı-qardaş bir-birinə belə günlərdə lazımdır, – Aynur bacısının sözünə qüvvət verdi.

– Deyirəm, bəlkə bu hədiyyələrin şərəfinə çay içək? – Afət gülümsəyərək dedi.

– Həm də yemək yeyək, yaman acmışam, – Əmrah utancaq halda dedi.

– Yaxşı, gəlin gedək mətbəxə, görək nə edə bilirik, – deyib Həcər ayağa qalxdı.

Hər üçü birlikdə yemək hazırlamaq üçün mətbəxə keçdilər.

Dilbər, Könül və Bahar qonaq otağında oturub söhbət edirdilər. Birdən qapı döyüldü.

– Mən açaram, yəqin atamdır, – deyərək Könül tez gedib qapını açdı.

Gələn doğrudan da Sahib idi.

– Necə də şanslıyam. Bircəm məni qapıda qarşılayır, – Sahib gülümsəyərək dedi və əlindəki ərzaq torbasını qızına uzatdı.

Könül, Dilbər və Sahibin yeganə övladı idi. Buna görə də atası ona hər zaman "bircəm" deyə müraciət edərdi. Könül atasının bu sözlərinə həmişə olduğu kimi gülümsədi.

– Anan evdədir? – deyə Sahib qızından soruşdu.

– Hə, – Könül başını tərpətdi.

Ata-bala birlikdə otağa keçdilər.

– Bahar, xoş gəlmisən, – deyə Sahib içəri girən kimi arvadı ilə yanaşı divanda oturan Baharı görüb onu salamladı.

– Salam, Sahib qardaş. Sağ olun, siz də xoş gördük, – Bahar dedi.

– Tək gəlmisən? Bəs Əmrahla Afət hanı? – deyə Sahib ətrafına göz gəzdirib maraqla soruşdu.

Bahar susub Dilbərə baxdı. Heç nə başa düşməyən Sahib isə əynini dəyişmək üçün yataq otağına keçdi. Dilbər də ərinin arxasınca yollandı və o saatda Sahib onu sual atəşinə tutdu:

– Nə olub, Dilbər? Baharın bu saatda burda nə işi var? Niyə tək gəlib? Dəhlizdəki çamadan onundur?

Dilbər hadisəni bütün təfərrüatı ilə danışdı və sonda da ondan tanışı olan makler vasitəsilə Bahara ev tapmaqda kömək etməsini xahiş etdi.

– Yaxşı, Dilbər, – Sahib razılaşdı. – Mən o maklerlə danışaram. Münasib bir qiymətə münasib bir yer tapar.

– Yaxşı, sən paltarını dəyiş. Mən də gedim süfrəni hazırlayım, – yataq otağından çıxıb mətbəxə keçən Dilbər oradan səsləndi:

– Bacı, gəl mətbəxə.

Qonaq otağında Könüllə birlikdə oturan Bahar mətbəxə girən kimi Dilbər danışmağa başladı:

– Bahar, Sahiblə danışdım. Ev məsələsini həll olmuş bil. Səhər getməyi planlaşdırırsan?

– Bəli, Dilbər, – Bahar kəskin şəkildə dedi və əlavə etdi: – İstəyirəm, bir an əvvəl burdan gedim. Yeni bir həyat qurum.

– Bahar, bəlkə bir daha düşünəsən? Hələ ki gec deyil. Bəlkə geri dönəsən? – Dilbər son bir ümid Baharı yola gətirmək istədi.

– Yox, bacı, fikrim qətidir, – Bahar qətiyyətlə dedi. – Çoxdan etməli idim bunu.

– Yaxşı, Bahar. Qərar sənindir. Haqqında xeyirlisi olsun. İnşallah, peşman olmazsan, – Dilbər bunu deyib tələsik süfrəni hazırlamağa başladı.

Az sonra hər kəs yeməyini yeyib yatmaq üçün otağına getdi. Bahar qonaq otağında divanda salınmış yerdə uzun zaman oyaq qaldı. Bir neçə saat əvvəl sırf görmə məhdudiyyəti var deyə ərini və 15 yaşlı qızını özü kimi müvəqqəti olan dünya zövqlərini yaşamaq uğruna tərk edən Bahar sevincindən heç cür yuxuya gedə bilmir, gələcək həyatını xəyalında canlandırırdı.

O, bir an əvvəl indiki həyatı ilə vidalaşmaq istəyir, səbirsizliklə çoxdan arzusunda olduğu, lakin özü üçün xeyirli olub-olmayacağını və bu yolda hansı çətinliklərlə üzləşəcəyini düşünmədiyi yeni həyatına başlayacağı günü gözləyirdi.

Səhər saatları idi. Afətlə Əmrah bir saat idi ki, yuxudan oyanmışdılar...