İçimdəki Yolçu - Simurq

İçimdəki Yolçu - Simurq

Gecənin sükutu şəhəri bürüyərkən, sükanın titrəyişi barmaqlarıma keçir, ürəyimin ritmi göstəricilər kimi sürətlənirdi. Qarşımda uzanan yol sisin içinə qərq olmuş uzun, səssiz bir tunel kimi idi. Faraların zəif işığı dumanı yarmır, sadəcə toxunurdu. Sanki bütün dünya nəfəsini saxlamış, mənim keçidimi gözləyirdi. Hər addım, hər fırlanmış təkər sükutun içində bir hekayə fısıldayırdı, amma hekayənin sətirləri yalnız mənim gözlərim üçün yazılmışdı.Sağ və solda uzanan ağaclar başlarını bir-birinə əyərək yolun sirrini qulağıma pıçıldayırdı. Hər budaq, hər kölgə gecənin nəfəsini daha da ağırlaşdırır, içimdəki sualları oyadırdı. Bu yol mənim bildiyim yollardan deyildi .Mənzilini bildiyim, amma nəyə aparacağını anlamadığım qəribə bir sükut yolu idi. Hər addımımda kölgələr dəyişir, duman bir az qalınlaşır, bir az da incəlirdi. Mənə yol göstərən işıq faraların zəif parıltısından gəlirdi, amma onu tutmaq mümkün deyildin.Sanki yolun özü nəfəs alır, mənim hər hərəkətimə cavab verirdi.Arxadan gələn faraların işığı güzgüdə yanıb-söndü. Yanımdan ötən maşın qırmızı izlər buraxaraq irəlilədi, izləri hələ də asfaltın üzərində yanıb sönürdü. İşıqlar yoxa çıxanda yol bir az da dərinləşdi. Tam o anda, dumanın dərinliyində heçlikdən çıxmış kimi bir silueti gördüm. Yolun ortasında dayanmış, addım atmayan, sadəcə var olan bir kölgə…Ayağım tormozun üzərində dondu. Zaman iki yerə bölünmüş kimi idi: dayanmaqla davam etmək arasında, qorxu ilə maraq arasında. Qulaqlarımda yalnız təkərlərin nəm asfalt üzərindəki xışıltısı eşidilirdi. İçimdə isə saysız suallar dolaşırdı:

Kim idi bu?Niyə burada dayanmışdı?Məndən qabaq ötən maşın niyə dayanmadan keçdi?Yoxsa o da mənim gördüyümü gördü və qaçdı?

Bir tərəfim:

– Keç, bu gecə yoxa çıx, – deyirdi.

Digər tərəfim isə pıçıltı kimi səslənirdi:

– Dayan, bəlkə sənin cavabların buradadır.

Sükanı bərkidib dərin nəfəs aldım. Sanki yolun sisli qoxusu ağciyərlərimə deyil, düşüncələrimə doldu. Bu yol mənə heç vaxt getmədiyim, amma həmişə içimdə daşıdığım bir keçmişi xatırladırdı. Uşaqlıqda qaçdığım xatirələr, yazmadığım cümlələr, yarımçıq qalan duyğular… hamısı bu sisin içində yığılmışdı. Hər budaqdan düşən kölgə uşaqlığımın qorxularını, hər səs isə unutduğum arzularımı xatırladırdı. Yolun kənarında səssiz dayanan hər daş sanki mənimlə danışırdı. Səssiz bir xışıltı qulaqlarımda dolaşır, mənə illərlə toxunmadığım sualları xatırladırdı.

– Dayanmaqdan qorxma, – içimdə bir səs pıçıldadı. – Bəzən yolun sonu qabaqda yox, içindədir.

Maşını kənara çəkdim. Faraların işığı sislə qarışaraq kölgəni bir az aydınlaşdırdı. Amma nə qədər yaxınlaşsam, siluet dəyişmirdi. O, nə addım atır, nə də yox olurdu. Sadəcə dayanırdı, hələ də mənə baxırdı. Hər bir kölgəsi, hər bir xətləri ilə mənim içimdəki sualları əks etdirirdi. Sanki bütün illər boyu qaçdığım cavabsız suallar bu kölgədə yığılmışdı.Birdən ürəyimdə qəribə bir istilik hiss etdim. Sanki bu kölgə mənə yad deyildi. Baxışlarımın dərinliyində tanış bir nəfəs var idi. Mən o nəfəsi illərdir axtarırdım ,amma başqa insanlarda, başqa küçələrdə. İndi isə o nəfəs yolun ortasında mənə baxırdı.Anladım ki :bu kölgə mənim öz yolçumdur.Qaçdıqca böyüyən, yaxınlaşdıqca sirrini açan, içimdə gizlənmiş yolçu.Mənim qorxularımın, arzularımın, gizlətdiyim cəsarətimin siması.İllərlə yazıya qayıtmaqdan çəkindiyim kimi, illərlə özümə baxmaqdan da qaçmışdım.O an hər şey aydınlaşdı.Bu yol uzağa aparmaq üçün deyil, məni geri , özümə qaytarmaq üçün var idi.Hər gecə yazmaq istədiyim, amma toxuna bilmədiyim cümlələr kimi, bu yol da mənə deyirdi:

“Ən uzun səfər elə içindədir.”

Maşına qayıdanda artıq qorxum yox idi.Sükanın titrəyişi indi ürəyimin ritmi ilə birləşmişdi.Duman hələ də qalın idi, amma mənim gözlərimdə yol aydın idi.Çünki içimdəki yolçu ilə tanış olmuşdum.Hər ağac, hər kölgə, hər səs mənim üçün artıq yalnız mənzərə deyildi . O mənim öz iç dünyamın əks-sədası idi.Dünyanın ən uzaq səfəri belə insanın özünə qayıdışı qədər güclü deyil.Və mən o gecə anladım: yolçuluq uzağa getmək deyil, içindəki kölgə ilə üz-üzə dayanmaqdır.Bəzi yolları yalnız ürəyin işığı ilə keçmək mümkündür.

Bəs sizcə əgər yolun ortasında öz kölgəniz dayanırsa, onu keçmək əvəzinə sarılmağa, içinizdəki sükutu qucaqlamağa cəsarətiniz varmı?

Şərhlər (6)

  1. SİRİUS

    @SİRİUS

    27 sentyabr 25, 00:48

    Hə içimidəki o qaranlıq adama sarılıram. Onun hele də davam etməsi gerekdiyini ümidin işiği ile getse aydınlığa çixacağini bilirəm. 

    Hekayə çox maraqlı idi. 

    Bir sual vermək istəyirəm sizə Simurq xanım: Bu yazdiğiniz hekayələr, məqalələr gələcəkdeki hansı kitabınızın bir hissəsidir? Bilmek isterdim. Çox maraqlı və dərin yazırsınız . Qələminizə qüvvət 💫 uğurlar 💫 

    1. SİMURQ

      @SİMURQ

      27 sentyabr 25, 07:42

      Çox təşəkkür edirəm bu dəyərli sözləriniz və dəstəyiniz üçün ✨. Hələ kitab çıxarıb-çıxarmayacağım dəqiq deyil, bunun üçün həm inkişaf, həm də zamana ehtiyacım var. Amma əgər o gün gələrsə, mütləq xəbər verəcəyəm. 

  2. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    26 sentyabr 25, 18:53

    Məndə öz kölgəmi görsəm sarılardım❤️‍🩹

    Maraqlı və düşündürücü idi.Uğurlar🌸

    1. SİMURQ

      @SİMURQ

      26 sentyabr 25, 19:51

      Oxuyub, fikir bildirdiyiniz üçün təşəkkür edirəm. Bəyənmənizə sevindim✨

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    26 sentyabr 25, 10:00

    Hekayəniz çox dərin və təsirli alınıb. Oxuduqca insan öz həyat yolunu xatırlayır. Məncə, hər birimizin içində gizli bir yolçu var. Bəzən ondan qaçırıq, bəzən isə görməzdən gəlirik. Amma həqiqətdə bizə ən çox lazım olan elə o yolçudur. Öz kölgəmizlə üzləşmək çətin olsa da, insanı azad edən də məhz budur. Çünki ən uzun və ən əsl yol insanın içindədir. Mən yolun ortasında kölgəmi görsəm, dayanar və ona sarılmağa çalışardım. Çünki o mənim qorxularımın, arzularımın və cəsarətimin simasıdır. Qaçmaqla yox, qucaqlamaqla güclü olmaq mümkündür.

    Uğurlar, çox maraqlı idi 🤍

    1. SİMURQ

      @SİMURQ

      26 sentyabr 25, 10:59

      Duyğularınızı belə səmimi ifadə etməyiniz çox düşündürücüdür. Həqiqətən də, içimizdəki yolçuya sarılmaq, qaçmaqdan daha azadlaşdırıcıdır. Kölgə ilə üz-üzə dayanmaq bəzən qorxudur, amma məhz o anda insanın həqiqi gücü görünür.Təşəkkürlər.Bəyənmənizə sevindim ✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol